Dağların qəhrəmanı - Firidun Ağazadə

Dağların qəhrəmanı - Firidun Ağazadə
1 fevral 2024
# 14:36

Bu gün tərcüməçi Firidun Ağazadənin doğum günüdür. Kulis.az mütərcimi təbrik edir, onun tərcümə etdiyi, müəllifi Məhəmməd Əsəd bəy olan romandan bir parçanı təqdim edir.

“Qafqazın on iki sirri” Məhəmməd Əsəd bəyin ikinci kitabıdır. İngilis dilində ilk dəfə 1931-ci ildə çap olunmuş əsərdə müəllif öz gördüklərinə və Şərq təsəvvürlərinə əsaslanaraq Qafqazın nəhəng mənzərəsini yaradır, onun xalqları və adət-ənənələri haqqında geniş məlumat verir. Bəzən, hətta elmi dəqiqliyi iddia etməsə belə, təsirli bir dillə bu diyarın nəinki on iki sirrini, min bir sirrini açır. Tez-tez təxəyyülünün gücü ilə, qəlbinin və ruhunun cazibəsi ilə ömründən keçən günlərini canlandırır, bir vaxt uşaq kimi yaşadıqlarını, sevdiklərini səhifələrə köçürür, zəngin bədii detallarla oxucu marağını əsir edən etnoqrafik “yol xəritələri” cızır.

Bir neçə il qabaq mən beynəlxalq bestseller olan bu romanı “Qanun” nəşriyyatının sifarişi ilə dilimizə tərcümə etmişəm. Kitab olduqca böyük maraqla oxunur. Qeyd edim ki, 30-dan çox kitab tərcümə etsəm də, bu kitabı “Ən yaxşı” tərcüməm hesab edirəm.

Romandan bir fəsli oxuculara təqdim edirəm.

müəllif




Dağların qəhrəmanı

Qafqaz sadəcə əfsanəvi bir diyar deyil. Xalqların heyrətamiz qalıqları, sirli-müəmmalı əfsanə və xarabalıqlardan başqa, bu torpaq burada baş verən mühüm əhəmiyyətə malik hadisələrlə bu gün də öyünə bilər. Bütün Şərq aləmini sarsıdan siyasi və iqtisadi döyüşlər məhz buradan başlanmışdır, çar xəbərçilərinin heç vaxt vaxtında xəbər tutmadığı konspirasiya hökmləri məhz burada çıxarılırdı.

Burada, bu əngin dağlar və yaşıl vadilər arasında bir vaxt rus konspirasiyasının ən qorxulu şəxsləri görüşüb, burada çara qarşı gələcək döyüşlərin rəhbərləri və terroristlər hazırlayan təşkilatlar yaradılıb. Leninin ilk dekretləri burada çap olunub, sonra cəsur adamlar onları bu dağlardan aparıb Çar İmperiyasının hər tərəfinə yayıb. Burada generallara bomba atılıb, cəzası Sibirə sürgün olan hədələr burada səsləndirilib.

Çarın qorxunc aləti olan polis burada gücsüz idi. Qafqazlılar onlara gülür, ələ salırdılar. Polisdən qorunmaq üçün onların etibarlı yolları, vasitələri vardı, elə vasitələr ki, çardan sonra ən yüksək ranqlı adam olan canişin də bunun qarşısında aciz idi. Hər dəfə polis uzun təqibdən sonra bir inqilabçını tutur, Metex qalasına sürgün edirdi, amma hamı bilirdi ki, o, bir neçə aydan sonra sürgündən qaçacaq. Əgər inqilabçılara pul, silah yaxud kömək gərək olsaydı, onlar bilirdilər ki, haraya getmək lazımdır, təqibdən yayınmaq üçün onlara kim kömək edə bilər. Ona görə də təəccüblü deyil ki, Rusiyada ən cəsur inqilabçılar və terroristlər Qafqazda yetişirdi, birinci və ikinci inqilabları başa çatdırıb çarı devirən və beşguşəli ulduzu qələbəyə aparanlar bu dağlardan idi.

Doğrudur, çar Qafqazı tüfəng və qılınc gücünə özünə tabe etdi, bir əsr boyunca davam edən yürüşlərdən sonra insanları əsarətə, istibdada məruz qoydu, amma bu gün dağlılar arxayın ola bilərlər ki, onların həlak olmuş savaşçılarının qanı alınmışdır. Çünki bu gün həmin çar ölkəsini bir qafqazlı idarə edir, ətrafında da qafqazlılar. Qanunları onlar qoyur, böyük xalqların həyatına nəzarət edir, nəyi qadağan etmək lazımdırsa qadağan edirlər, Kremldə Qafqaz qanunlarını tətbiq edirlər, eynilə bir vaxt gürcü knyazlarının saraylarında çarın öz qanunlarını tətbiq etdiyi kimi. Rusiya Qafqazla yüz il vuruşduqdan sonra, nəhayət, Qafqaz quldurları qarşısında baş əyməyə məcbur oldu və bu torpağın idarə edilməsini onların özlərinə tapşırdı.

Həmyerliləri ilə Rusiyanı fəth edən o qafqazlı gürcünün adını yuxarıda çəkmişdik. Amma Stalin onun yeganə adı deyildi, o həm Koba idi, həm David idi, həm Nişeradze, həm Çiçikov, həm də İvanoviç idi, yalnız sonda Stalin oldu. Onun əsl adı İosif Vissarionoviç Cuqaşvilidir, Tiflis çəkməçisinin oğlu.

Bu adamın karyerası çox qəribədir. Stalin öz karyerasına Tiflis ruhani seminariyasının dindar tələbəsi kimi başlayıb. Keşiş imtahanlarına bir il qalmış, o, o vaxtlar deyildiyi kimi “sosialist bidəti” üstündə seminariyadan xaric edildi. Xaric edilən təkcə o deyildi, bir neçə tələbə yoldaşı da seminariyadan qovuldu. Seminariya, görünür, sosialistlərin yuvası idi və Leninin ən sadiq şagirdləri olan “Zaqafqaziya Aktivistləri”nin özəyini məhz Stalinin başçılığı ilə seminariyadan qovulmuş həmin keşişlər təşkil edirdi.

Bu “Zaqafqaziya Aktivistləri” qəribə adamlar idi. Onlar azsaylı xalqların nümayəndələri, əsasən də savadsız idilər, bu vəhşi xasiyyətli döyüşçülər, allah bilir, marksizmə necə gəlib çıxmışdılar. Mahiyyətcə, onların sosializmlə heç bir ümumi cəhəti yox idi. Bu adamlar, bir qayda olaraq, Qafqaz dağlı quldurları idi, şəhərlərə və onların mədəniyyətinə nifrət etdikləri kimi qızıl günbəzli kilsələrə, bəyaz saqqallı keşişlərə, İsa xaçına və çarın portretinə qarşı da ürəkləri üsyanla dolu idi. Onlar at belində şəhərlərə gəlir, sakinləri qarət edir, gözəl qızları və yağlı qoyunları oğurlayıb aparır, öz kefi üçün havaya güllə atır, yenə mavi dağlara arxasında yox olurdular, orada, qayalar üstə tonqal ətrafında oturub, şöhrətli keçmişləri haqda öz quldur nəğmələrini oxuyurdular.

Keçmiş zamanlarda, qafqazlılar hələ çara qarşı vuruşanda onlara “Ana yurdun müdafiəçiləri” deyirdilər, sonralar Məhəmməd ümməti kimi xristianlara qarşı müqəddəs müharibəyə qoşuldular, indi isə onlara (özlərinin razılığı ilə) ya “sosialistlər”, ya “marksistlər” ya da daha mühüm və daha aydın şəkildə “Zaqafqaziya Aktivistləri” deyirdilər. Onlardan qorxurdular, hər yerdə, hər zaman. Belə ki, Rusiyadakı marksist fraksiyası tez-tez “Zaqafqaziya Aktivistləri” adı ilə işlər görürdü – bu ad rəqibləri yaman qorxuya salırdı.

Stalin bu aktivistlərin dərhal rəhbəri olmadı. O, konspirasiyanın, təbliğat işinin, soyuqqanlılığın və inqilabi strategiyanın uzun, ağır məktəbini keçənlərdən birincisi idi. Stalinin inqilaba həsr etdiyi gizli fəaliyyəti hələ indi də tam açılmayıb. Amma bir şey qətidir ki, o, uzun illər gizli mətbəələrdə inqilabçıların təbliğat materiallarını hazırlamaqla məşğul olub. Uzun illər ərzində o, gizləndiyi yerdən gün işığına az-az çıxa bilirdi. Sonralar o, inqilabi ədəbiyyatın göndərilməsi kimi təhlükəli bir işi də öz öhdəsinə götürdü (bolşevik mətbuatı Qafqazda çap olunurdu) və bir neçə dəfə həbsxanadan, hətta Sibirdən, katorqadan qaçdı. Leninin o biri inqilabçılarla əlaqəsi kəsiləndən və Bolşevik Partiyası yaranandan sonra Stalinin əsl fəaliyyəti başladı, bu fəaliyyət ona “partiyanın ən amansız adamı” adını qazandırdı və inqilab dövründə onun nəhəng səlahiyyətlərinin əsasını qoydu.

1906-1907-ci illərdə Rusiyada inqilabdan sonrakı irtica öz pik həddinə çatanda Stalin öz ilk şöhrət çələngini aldı.

Lenin və Trotski o vaxt Parisdə yaşayırdı və pulsuz-parasız idilər. Partiyanın xəzinəsi tamam boş idi. Saxta əsginaslar çap etmək cəhdi alınmadı. Cavan kommunistləri yaşlı dul və varlı qadınlara evləndirmək eksperimenti də – onların var-dövlətindən partiya məqsədlərinə istifadə etmək üçün – bir-iki uğurlu cəhddən sonra boşa çıxdı. Sonuncu ideya Leninə məxsus idi. Ona görə də, İcraiyyə Komitəsi “Ex” (ekspropriasiya (ingiliscə “exproporiation”) - cəmiyyətdə bir sinif və ya ictimai qrup tərəfindən başqa sinif və ya ictimai qrupun mülkiyyətinin zorla əlindən alınması – Tər.) fəaliyyəti haqda qərar verdi. “Ex” - şəxsi mülkiyyətin müsadirə olunması demək idi. Bu qərara görə, kommunistlər banklara, şəxsi evlərə yaxud dükanlara girir, pul, daş-qaş və digər qiymətli şeyləri zorla alır ya da oğurlayır, sonra partiya fondlarına verirdilər. “Ex” üçün yaxşı işçilər tapmaq asan deyildi, hər bir kommunist oğurluğu ya da adam öldürməyi bacarmazdı. Beləliklə, bu “Ex” dedikləri Zaqafqaziya Aktivistlərinin fəaliyyətində xüsusi bir istiqamət oldu və Stalin birinci olaraq öz həmyerliləri ilə istənilən “Ex”i yerinə yetirməyə hazır olduğunu bildirdi. Odur ki, 1906, 1907 və 1908-ci illərdə Qafqazda Stalinin rəhbərliyi altında hətta insan həyatı bahasına başa gələn bir neçə cəsarətli reyd keçirildi.

Bu gün də, Tiflisin yaşlı sakinləri bu “Ex”lərin ən böyüyü – Rusiya Milli Bankının kassirinə hücum haqda danışırlar. Bu, 1907-ci ilin iyun ayının 15-də, gündüz saat 12-də baş verdi. Bankın kassiri Kurdyukov Rusiyadan göndərilmiş pulun növbəti partiyasını poçtdan gətirmişdi. Beşyüzlüklərdən ibarət bir milyon pul. Adəti üzrə, kazak qvardiyasının müşayiəti ilə pul banka gətiriləndə maşın canişin sarayının qabağından, Tiflisin (tamamilə Avropalarmış şəhərdir) gur izdihamlı küçəsindən keçirdi.

Saraya bitişik bir evin damından kimsə yük maşınına bomba atdı, eyni zamanda yoldan keçənlərdən bir neçəsi kazakları gülləboran etdi. Kazaklar, polis, küçədəkilər çaxnaşmaya düşdülər. Yaxındakı evdən cavan bir adam çıxıb yük maşınına tərəf yüyürdü. Bir neçə kazak onu gördü, amma cavan adam cəld kazaklara tərəf bir bomba da atdı, kazaklar da, atlar da yerə sərildi. Cavan adam möcüzə nəticəsində sağ qaldı. Revolverlər yenidən dilə gəldi. Cavan adam yanan maşına çatıb cavab atəşi açdı, sonra ölmüş kassirin əlindən pul kisəsini dartıb aldı, bir anın içində izsiz-tozsuz yox oldu. Bütün bu hadisələr bir neçə dəqiqə ərzində baş verdi. Tiflisin baş küçəsində əlliyə qədər adamım meyiti qaldı, Kommunist Partiyasının xəzinəsinə isə milyon rubl daxil oldu. Bu “Ex”i yerinə yetirən cavan adam Stalin idi.

Rusiyanın bütün polisi işə qoşuldu, amma nə müqəssir, nə də bir manat pul tapıldı, çünki pul yaxşı yerdə saxlanırdı - yarısı əlahəzrət canişinin divanı altında, yarısı da astronomiya professorunun döşəyinin içində. Pulun burada olmasından heç bir xəfiyyə şübhələnə bilməzdi. Sonra pul məlum yolla Parisdə Leninə çatdırıldı, Paris polisi oğurlanmış beşyüzlüklərin sayından, nömrəsindən xəbər tutmamış burada müxtəlif banklarda dəyişdirildi.

Yalnız son veksellərdən biri ələ keçdi. Vekseli banka təqdim edən adam tutuldu. O, Leninin silahdaşlarından biri, Vallak adlı kommunist idi. O, indi Litvinov kimi tanınır, Sovet İttifaqının xarici işlər naziridir.

Pul sərhəddən təzəcə keçmişdi ki, Stalin yeni bir “Ex” hazırlamağa başladı. Bir neçə həftə sonra o, Tiflislə gürcü knyazlarının yay iqamətgahı yerləşən Kaçori arasındakı əsas yolda poçt arabasına hücum edib yüz min rubl apardı. Bu zaman yeddi adamım boğazı kəsildi.

Belə “Ex”lər Rusiyanın başqa yerlərində də həyata keçirilirdi, amma Kommunist Partiyasının yaşaması daha çox Stalinin gətirdiyi pullar sayəsində mümkün oldu. Adətən, bu “Ex”lər, əlbəttə, kiminsə varlanması ilə nəticələnirdi, qənimət pullara nəzarət etmək mümkün deyildi.

Amma Stalinin ensiz alnı arxasında belə fikirlərə yer yox idi. O hər şeyi Leninə göndərirdi, son qəpiyə qədər. O, beş dəfə Sibirə sürgün olunmuşdu, hər dəfə də qazamatdan qaça bilmişdi. Onun əfsanəsi o vaxtdan başlanmışdı, o vaxtdan da ardıcıllarının sayı artmışdı, amma bunlar intellektual cəhətdən o qədər də etibarlı adamlar deyildi – lap Şərq quldurlarının başçısı kimi.

n bu başçını görmüşəm, onunla üz-üzə dayanıb, özünəməxsus və tipik Qafqaz təbəssümü oynayan xırda, qara gözlərinə baxmışam. Şərq müstəbidlərinin və diplomatlarının adətən belə gözləri olur, xüsusən, onlar daha yüksək həqiqəti əxz etdiklərini hesab edəndə, çünki bu, onları qoruyur və onlar bunun üçün döyüşürlər. Əbdül Həmidin də belə gözləri vardı və o, müasir dövrümüzdə, öldürdüyü adamların sayına görə Stalinlə müqayisə oluna bilən yeganə hökmdar idi. Stalinin uzun, əyri burnu, gur, qapqara saçları, ensiz – patogenetik dərəcədə ensiz - alnı vardı. Qədim vaxtlarda o, bir sülalənin yaradıcısı ola bilərdi. Onun həyata keçirmək istədiyi yaxud məcburən inkar etməli olduğu heç bir proqramı, heç bir ideyası yox idi. Onun yeganə intellektual inventarı mücərrəd kommunizm idi, bir də möhkəm inanırdı ki, bəşəriyyət yalnız qamçı ilə, zülmlə idarə oluna bilər. O heç vaxt axıra qədər açıq olmurdu. Başqa rus siyasətçiləri kimi heç vaxt mühacirətdə olmamışdı. Hətta polis onu təqib edəndə az qala ələ keçsin, heç vaxt ölkədən qaçıb getmirdi, Gürcüstanın ayaq dəyməmiş dağlarına çəkilir, yeni əfsanələrə rəvac verirdi. O, sadə geyinir, zahiri görkəmə az fikir verir. Heç vaxt yüksək vəzifə xahiş etmir. Bu gün, Rusiya diktatoru kimi hakimiyyətin zirvəsində olsa da, o, zahirən yalnız partiyanın baş katibidir.

O, ictimai həyatdansa şəxsi ünsiyyətində daha xoş təsir bağışlayır. Onun gürcü milliyyəti – dünyada ən dostcanlı millət – tamam yox olmayıb. Amma hətta içkili olanda da anadangəlmə rahib ciddiliyi onu heç vaxt tərk etmir. Elə bil ki, hələ də ruhani seminariyasının tələbəsidir, çevrəsində də bir vaxt ruhani olmaq istəmiş neçəsini tapmaq olar. İnqilabçılar arasında Qafqaz seminariyasının keşişləri az deyildi. Stalinin dostu, indi ticarət naziri olan erməni Mikoyan da keşiş məktəbində oxumuşdu. Stalin ətrafında özü kimilərini görmək istəyirdi, ondan ötrü ürəyi gedən qafqazlıları, özü kimi, İncili hələ də əzbər bilən ruhani tələbələri, sadə, keçmiş gözəl günlərdən, məlum qanlı-qadalı, dəli-dolu “Ex” günlərindən əfsanələr danışan vəhşi adamları.

Stalin hirslənəndə başını aşağı salıb, rəqibinə aşağıdan yuxarı baxır. Belə vaxtlarda o, ibtidai bir vəhşini xatırladır. Şübhə dolu təbəssümü yox olur, sifəti qıp-qırmızı qızarır. Qorxursan ki, bu saat nəsə dəətli bir şey baş verəcək. Stalini hirsləndirmək təhlükəlidir.

Onun zaman etibarı ilə bu qədər yaxında ikən əfsanəvi şəxsiyyət olması faktı ondan irəli gəlir ki, onda müəmmalı davranmaq istedadı var, tez-tez dəyişdiyi müxtəlif adlar altında məharətlə gizlənə bilir. Bu həm də onun nəticəsi idi ki, o, Lenin üçün “Ex”ləri yerinə yetirəndə, onunla eyni vaxtda başqa bir qafqazlı, Qafqaz cəngavərliyini özündə təcəssüm etdirən başqa bir “qəhrəman” Şərqin bütün şöhrət çələnglərini əldə edib bu dağ xalqlarının diqqətini özünə cəlb etmişdi.

Bu Qafqazlının inqilabla-zadla işi yox idi. Nə knyaz idi, nə də müdrik. O, Çeçenistanın Karaçoy kəndindən olan abrek Zəlimxan idi. (Zelimxan Quşmazukayev (Karaçoyevski) – məşhur çeçen abreki – Tər.). Dağıstanda hamının qorxduğu, məşhur quldur, ən böyük qarətçi. Bu abrek nələr etməmişdi!? Qafqazda elə bir bank yox idi ki, yarmasın, elə bir milyoner qalmamışdı ki, sərvətini qarət etməsin, bir rus zabiti ya da məmuru qalmamışdı ki, onun qabağında tir-tir əsməsin. Bu abrek öldürür və qarət edirdi, qənimətini kasıb yerlilərinin arasında bölürdü. O, knyazlara və keşişlərə baş endirir, onu tuta bilməyən rus generallarına rişxənd dolu məktublar yazırdı.

ktublarının birində o, yazırdı: “General, bilirsiz, siz məni niyə tuta bilmirsiz? Siz bədbəxt və günahkar adamsız! Atanız yəqin ki, rüşvətxor olub. Güman ki, siz özünüz də bir vaxt keşiş yanında pleyboy olmusuz. Qızınız da fahişədir, fransızların qucağından düşmür. Məni tutmaqda Allah sizə niyə kömək etsin ki?”

Bir çox illər ərzində ruslar bu cür adamlara baş qoşmur, bəzi şeyləri cavabsız qoyurdu. Nəhayət, hökumət bu müştəbeh abrekin üstünə qoşun göndərməli oldu. Qoşunun başında amansız bir general durudu. General bütün kəndi darmadağIn etdirdi, evlər viran qoydu, silahı olanı öldürdü, ailəsini ölkədən qovdu ya da həbs etdi, ona görə ki, bütün camaat abreki müdafiə edirdi.

Zelimxan bunu eşidəndə çiyinlərini təəccüblə çəkdi: “O, evləri necə dağıda bilər? Adamlar ev tikib...” Sonra oturub generala məktub yazdı: “General, mən, abrek Zelimxan, on ildir ki, quldurluq edirəm, sizin dağlarda bu on gün ərzində vurduğunuz ziyanı mən on il ərzində vurmamışam. Siz adamları niyə öldürürsüz? Siz yalnız məni öldürməlisiz. Sizə təklifim budur: siz mənim adamlarımı sakit buraxırsız, mən də sizin əsgərlərinizi rahat buraxıram. Camaatı qırmaq əvəzinə, mən sizə bir yer deyirəm, ora gəlin. Biz ikimiz oraya gəlib dueldə döyüşək, namuslu adamlara belə yaraşar”.

General çağırışı qəbul etmədi, çünki bir quldur və bandit onun rütbəsinə müqabil deyildi. Amma sonra fikirləşdi ki, banditin çağırışını qəbul etsə yaxşı olar, çünki abrek ona yazdığı məktubu bütün kəndlərə yayırdı, hamı da pıçıldaşırdı ki, general qorxur. Nəhayət, onun əslən bu dağlardan olan kazakları da deyinməyə və generalı qınamağa başladılar ki, o, centlmen kimi hərəkət etmir.

Nəhayət, general razılaşdı və onlar ikisi də uzaq bir vadidə üz-üzə gəldilər. Əlahəzrət general, bütün ordenləri almış kavaler, dvoryan, diplomat və kasıb bir kəndli oğlu olan abrek, bu dağlarda ona bərabər olan quldur, bandit. Qafqazın bütün döyüş qaydalarına uyğun baş tutan duel çox çəkmədi. Ağır yaralanmış generalı şərəf və ləyaqət meydanından apardılar. Abrek, indi bütün dağlıların düşündüyünü düşünürdü – o, Rusiyaya qalib gəlmişdir, bundan sonra onu rahat buraxacaqlar. Amma o yanılırdı. General tez sağaldı və dağlı camaatı daha da çox incitməyə başladı. Abrek buna çox qəzəbləndi. Duel döyüşündə o qalib gəlmişdi, general yox. Məğlub olmuş adam özünü belə alçaq aparmaz.

Bir gecə abrek sakitcə şəhərə enib generalın evinə gəldi, kəmərinə də bir qumbara bağlamışdı. İndi o inanırdı ki, generalın axırı çatıb. Təsadüfən bir knyaz abreki gördü və dəətlə onu tanıdı. Bu sui-qəsd baş tutsaydı, ruslar bütün sakinləri incidib işgəncə verəcək, çoxlarını öldürəcəkdilər.

Knyazın vaxtı yox idi ki, bunları birdəfəlik abrekə izah etsin. Ona görə də, o, sakitcə abrekə yaxınlaşıb qoluna toxundu. Dedi: “Bunu etməyin, qadağandır”. Bu kifayət idi. Abrek qumbaranı yenidən öz kəmərinə bağlayıb şəhərdən uzaqlaşdı. Sonralar, o, bir dağ dərəsində, açıq döyüşdə həqiqətən generalı öldürdü. Bundan sonra, o yenə də bankları qarət etməyə, varlı adamları (knyazları yox) öldürməyə başladı, öldürdükcə də allaha dua edirdi. Eşidəndə ki, bəzi adamlar çarı devirmək istəyirlər, o, uşaq kimi təəccüblənirdi. O, əfsanələrin Stalinlə tez-tez qarışıq saldığı Zelimxan inanırdı ki, çarın və knyazların itaətkar və sadiq təbəələrindən biridir. 1918-ci ildə o, kazakların və qan qisasçılarının gülləsi ilə öldürüldü.

Bu günə qədər onun haqqında nəqmələr oxuyurlar.

Qafqazda heç vaxt ondan böyük quldur olmayıb. Yalnız Stalin ona bərabər ola bilərdi. Amma bizim günlərdə Stalin belə bir şöhrətə yuxarıdan aşağı baxardı, o, Kremldən idarə etməyi üstün tutardı. Stalin, Zelimxan və bir çox başqaları... bilmək lazımdır ki, bu adamlar Qafqazı incəliklərinə qədər başa düşürdülər. Qafqazdakı kimi dünyanın heç yerində keçmişlə bu gün, rıtsar ləyaqəti və marksizm, cəngavərlik və siyasi iqtisad, gizli mətbuat və adi qətl-qarət biri-birinə çulğaşmayıb, heç yerdə inanılmaz şeylər belə sürətlə adiləşmir, adi şeylər belə tezliklə əfsanələşmir.

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
# # #