Taleh Yüzbəyov: “Çörək xatirinə dözəcək adam deyiləm” - Müsahibə

Taleh Yüzbəyov: “Çörək xatirinə dözəcək adam deyiləm” - Müsahibə
2 iyun 2021
# 09:00

Kulis.az kinotənqidçi Sevda Sultanovanın aktyor, rejissor və ssenarist Taleh Yüzbəyovla söhbətini təqdim edir.

- Taleh, filmlərinizdən aydındır ki, mövzu qıtlığınız yoxdur, ssenari yazmaq üçün materialınız boldur. Mövzularınız şəxsi təcrübənizə əsaslanırmı, bu hadisələrin içində necəsə olmusunuzmu, yoxsa daha çox müşahidələrinizdir?

- İncəsənət Universitetində aktyorlara öyrədilən şeylərdən biri müşahidədir. Yəni, insanları, vəziyyətləri müşahidə etmək... Mən də illərlə çəkilməmiş aktyor... müşahidə etdiyim insanlar, vəziyyətlər yığılıb içimdə qalmışdı. Ona görə, başladım xırda videolar çəkməyə ki, nə vaxtsa key, simic, sırtıq obrazını oynasaydım, belə oynayardım. Həmin gün qərara gələndə ki, mən artıq özüm çəkib oynayacam və mənə ssenarist, rejissor lazım deyil, onda oynamaq istədiyim obrazların ətrafında kiçik süjetlər qurub paylaşdım. Xoşbəxtlikdən insanların xoşuna gəldi. Amma indi əvvəlki kimi hansısa bir obrazı oynamaq arzum yoxdur. Fikir versəniz, əvvəlki obrazlarım daha fərqlidir, nəinki sonrakılar.

- Yəni, aktyor kimi gözünüzün qurdunu öldürmüsünüz.

- O da var. Baş obrazlarım monoton və passivdir. Əsasən, gücü əhvalata və digər obrazlara verirəm. Hazırda bir ssenari yazıram, ilk dəfədir, öz ssenarimdə ikinci planda oynayacam. Həm də daha trend mövzuların arxasınca getmək istəmirəm. Bir az populistlik kimi gəlir. Mənə maraqlı olan mövzuları işləmək istəyirəm. Amma əvvəlki videoların yayılması, baxılması üçün bu, çox vacib idi.

- Bu, tamaşaçı itkisinə gətirib çıxara bilərmi?

- Əslində, uzun müddətdir tamaşaçı sayı arxasınca qaçmıram. Amma sağ olsunlar, 6-7 aydan bir çəkirəm, yenə də izləyirlər.

- Bütün hallarda yenə də aktual nöqtələrə toxunursuz.

- Demək istəyirəm ki, gündəmdə nəsə hadisə olanda, ona reaksiya vermirəm. Tutaq ki, neft bahalaşdı, kiminsə porno videosu çıxdı, buna münasibət bildirək - o, yoxdur. Amma vaxtilə təzə başlayanda edirdim. Təzə başlayan bloggerlərin gündəm arxasınca getməyi təbiidir. Mən də elə edirdim. Püxtələşdikcə anladım ki, sən özün də mövzu yarada bilərsən. “Zəhər tuluğu” kimi. Yəni, bu filmdən sonra başa düşdüm ki, öz ideyanla gündəmi yarada bilərsən. Əsas odur, heç kəs məni nəyəsə məcbur eləmir ki, bunu, ya onu çək. Bu filmdən sonra baxdım ki, ən müxtəlif təbəqələrdən olan adamlar “Zəhər tuluğu”nu müzakirə edirlər.

- Sosial problemlərə maraqlı yanaşmalar edirsiniz. Misalçün, bir videoda qiymətlərin qalxmasına it kimi hürərək reaksiya verirsiz.

- Bu tapıntılar teatr təcrübəmə əsaslanır. Fərhad İsrafilovun tələbəsi olmuşam, ondan bir çox fəndlər götürmüşəm. Bəxtiyar Xanızadənin də tələbəsi olmuşam, nələrisə öyrənmişəm. Əslində, it kimi hürmək, nə qədər kobud səslənsə də, yəni, hürüb-hürüb sakitləşmək deməkdir. Müəyyən bazanın olması sənə kömək edir. Bəzən, videolarıma baxanda, birdən fərq edirəm ki, bu, filan yerdən gəlir. “Orta statistik Rasim”dəki seqvey oğrusu “Velosiped oğruları” ilə eyni mövzu olmasa da, o filmdə mənə təsir edən atanın övladının yanında pərtliyidir. Ona baxanda, kövrəldim. Atamı elə görsəydim, çox pis olardım. Həmçinin, övladımın məni bu vəziyyətdə görməsini istəməzdim. “Orta statistik Rasim”də hər şey bir tərəfə, mənim üçün ən ağrılı səhnə qapı ağzında oğlunun ataya baxmasıdır. Onsuz da ailədə atanın hörməti çox deyildi, o hadisəylə avtoritetini tamam itirdi. Sonradan başa düşdüm ki, “Velosiped oğruları”nda da məhz o səhnə məni təsirləndirmişdi. Bu cür şeylər zamanla yığılır, işləyəndə üzə çıxır. Əslində, yazı prosesində onu fikirləşmirsən, analiz edəndə anlayarsan ki, hardan gəlir mənbə.

- Kommersiya filmlərimizdə çox zaman gülüşə hesablanmış qurşaqdan aşağı ifadələr əsaslandırılmır. Siz göstərdiniz ki, buna çox getmədən də komik vəziyyət yaratmaq olar.

- Əvvəlcədən məqsədim bu idi ki, çəkdiyim filmlərdə söyüş xatirinə söyüş olmamaldır. Videolarımda söyüş də, qeyri-etik sözlər də var. Bu, o halda yaranır ki, onu başqa sözlə əvəz etmək olmur. Əvəz etmək olsa, edərəm. Bir videoda deyirəm, dayımın g.tünə babasil çıxmışdı. “Dayımın dalına” yerinə düşmür filmdə. Məqsədim söyüş söymək deyil. Bu, özü də bir qohumumun başına gələn əhvalatdır, babasilə görə həkimə gedib. Deyib, həkim qurban olum, elə bilin öz g.tünüzdür. Burda başqa söz işlətsəm, vəziyyətin təbiiliyi itir.

- Bayaq dediniz ki, “Orta statistik Rasim”də ananızın da obrazını yaratmısınız. Münasibəti necə oldu?

- Anam, əslində, çox artistik xanımdı. Məncə, həvəsi olsaydı, babamgil də icazə versəydi, yəqin, indi teatrda hegemonluq edən aktrisalardan biriydi. Evdə mənim bu sənəti seçməyimi kimsə istəmirdi. İndi görürəm, anamın xoşuna gəlir. Hətta, “Yutub”da şərhlərə cavab da yazır. Kimsə pisləyəndə, yazır ki, bacarırsan, sən çək. Anam çox acıdil, amma ürəyi təmiz adamdır. Müsahibələrimi, videolarımı izləyir. Heç vaxt çəkdiklərimə görə inciməyib.

- “Zəhər tuluğu”ndakı Adil obrazından danışaq. Ziddiyyətli obrazdır, birmənalı münasibət bildirmək çətindir, amma şəxsən sevdiyim personajdır. Bizim kinoda yeni personajlar yaradılmır. Adil isə yenidir və tamaşaçılar tərəfindən qəbul edildi, müzakirə olundu. Bu konseptin mənbəyi maraqlıdır.

- Adil obrazı 4 seriya boyu dəyişikliyə məruz qalır. Birinci seriyadakı Adillə sonuncu seriyadakı Adil eyni deyil. Acıdil adam obrazı yaratmaq istəyirdim. Özüm acıdil insan deyiləm. Bunun üçün gərək məni çox əsəbiləşdirəsən. Əslində, insanların acıdil olmağının mənfi yanlarını göstərmək istəyirdim. Sadəcə, hər şey planlaşdırdığımdan çıxıb başqa istiqamətə getdi və bəzi şeylər əlavə etdim. Elə insanlar var ki, acıdil olsa da, yaxşı insandır. Elə insanlar da var ki, acıdildir və murdardır. Mən acıdil və murdar obraz yaratmaq xəttini seçmişdim. Bir seriya nəzərdə tuturdum. Görünür, insanların belə bir qəhrəmana ehtiyacı varmış. Analiz elədim, nəticəyə gəldim ki, ola bilsin, bizim kinoda insanların ehtiyacı olduğu, oxşamaq istədiyi personajlar yaradılmır. Məsələn, mən “Ölsəm bağışla” filmindəki Yusif olmaq istəyərəm. Öz sevgisi uğrunda mübarizə aparan, xarizmatik. Başa düşdüm ki, kinoda xarizmatik obrazlar yoxdur deyə sevilir Adil. Hətta, belə bir şey baş verdi, Adil obrazından əvvəl və sonra inboxa gələn məktublardakı fərqi gördüm. Tamaşaçı bu obraza vurulmuşdu. Xüsusən, qızlar. Bəzisi yazırdı ki, Adil eynən mənəm. Bizim cəmiyyətin sözü üzə deyən, nədənsə çəkinməyən, itkilərini gözə alan qəhrəmana ehtiyacı var.

- Cəmiyyətimizdə aqressiv enerji var, vətəndaşın problemi çoxdur. İnsanlar bəzən nəyinsə xatirinə susub dözürlər. Adil isə dözmür, düşündüyünü dediyi üçün sevilir.

- İnsanın hədəfi olmayanda o, hər şeyə dözə bilir. Bəlkə də içində bir inqilab baş verir, özüylə tək qalanda filankəsi nə döyərdim, filan şeyi deyərdim deyir. Amma reallığa gələndə başqa cür olur. Mən də Adil qədər cəsarətli adam deyiləm, amma çörək xatirinə dözəcək adam da deyiləm. Mənim üçün “Zəhər tuluğu”nun ən böyük üstünlüyü onun insanlarda buraxdığı təsirdir. Bir dəfə taksidə gedirdim, nə qədər israr etdimsə, sürücü pulu götürmədi. Dedi, sən mənə çox şey öyrətmisən, “Zəhər tuluğu 3”-də o fahişə ilə söhbətindən sonra başa düşdüm ki, fərqi yoxdur, insan nə işlə məşğul olur-olsun, onu alçaltmağa haqqımız yoxdur. Əslində, həmin səhnənin də məqsədi bu idi ki, insana hörmət olunmalıdır, peşəsindən, kimliyindən asılı olmayaraq. Adilin əsas məqsədi qızı alçaltmaq idi. Amma qızın davranışından səhv etdiyini anlayır. Taksi sürücüsünün bu nəticəyə gəlməsi mənim üçün xoş idi. Bir gəncin fikrini dəyişə bilmək uğurdur artıq.

- Fahişə ilə olan səhnə cəmiyyətdə çox müzakirə olundu. Ən çox da feminsitlər, liberal kəsim tərəfindən təzyiqlərə məruz qaldınız. Reaksiyalar göstərir ki, qadın haqları ilə bağlı inkişafa nail olmaq üçün mitinq, radikal şüarlar effektli deyil, başqa forma tapılmalıdır. Demək, siz filminizlə mitinqdə şüar deyən feministdən daha çox iş görmüsünüz.

- Feminist dostlarım, tanışlarım var. Danışanda deyirəm, sizin mübarizə formanız düzgün deyil. Siz odun üstünə kürəklə gedirsiniz. Fahişəyə “seks işçisi” deməklə sən ona hörmət etmiş olmursan. Səthi baş verir hər şey. Qadını güclü olmağa çağırmaqla, aqressiv köklənməyiniz kənddə yaşayan qızı xilas etməyəcək. Kənddə yaşayan qız atasının üzünə qayıtsa, döyülən o olacaq, sizin isə bundan xəbəriniz də olmayacaq. Çünki, o, gücsüzdür. Təklif elədim, təsir imkanları daha çox kitabla, incəsənət vasitəsilə olsun. Mənim liberal düşüncəli olmağımda Svetlana Alekseyeviçin “Müharibə qadın simalı deyil” kitabının rolu oldu. Qadınlar İkinci Dünya Müharibəsində vuruşublar və sonradan haqları yeyilib. Çox pis təsir elədi mənə. Yəni, mən sənətin, ədəbiyyatın gücünə çox inanıram. “Zəhər tuluğu 3”-dən sonra məni feministlər çağırmışdılar. Hətta məni söyənlər də vardı o tədbirdə. Dedim, demirsiniz, bu problemlər var, gəlin serial edək. Mənə elə əhvalatlar danışdılar ki, şok oldum. Yəni, bu əhvalatlar mənim həyatımın periferiyasında baş verib. Onları görməmişəm, eşitməmişəm.

- Nəticə nə oldu?

- Heç nə. Dağılışdılar.

- Bir neçə dəfə sosial şəbəkələrdə linç olunmusunuz. Sonuncu, deyəsən, Yasamaldakı hadisəylə bağlı idi - polisin vətəndaşa şiddət göstərməsini nəzərdə tuturam. Linçləmə olanda necə qarşılayırsınız?

- Əslində, immunitet yaranır getdikcə. Amma əlbəttə ki, insanıq, nələrsə təsir edir. Elə insan var, yazdığını oxuyursan, artıq mahiyyətini anlayırsan, ona görə, sənin üçün əhəmiyyəti olmur. Bəzi insanların dar pəncərədən baxmasına isə təəccüblənirsən. Polis haqda postu yazmaya da bilərdim. Ən çox təsir edən polisin aqressiyası idi. Məni düşündürən odur ki, axı, niyə o kimisə vuranda, bu qədər ləzzət alır, aqressiyanın kökünü anlamaq istəyirəm. Məsələyə hər iki tərəfin nəzərindən baxmağa çalışırdım. Ümumi narazılıq o idi ki, sən konkret polisi pisləməlisən. Ağ və qara yoxdur həyatda. Həyata yalnız ağ-qara rənglərlə baxmaq banal yanaşmadır. İnsanlarda bolşevizm var: ya bizimləsən, ya bizə qarşısan! Bu, doğru mövqe deyil. Heç bir ideologiya ya tam pis, ya da tam yaxşı deyil. Hər bir ideologiyanın, baxışlar sisteminin müsbət və mənfi yanları var. Kommunizmin də, feminizmin də, liberalizmin də. Ona görə, polis döyürsə, bütün polislər pisdir - yanaşması doğru deyil. Feministlər vagina haqda şüar çıxarırsa, bütün feministlər belə düşünür yanaşması da.

- Pantomima Teatrından çıxmanız maddi səbəblərlə bağlı idi, yoxsa?

- Maddi. Halbuki, tearı çox sevirəm. Əsgərlikdə olanda ən çox darıxdığım yer teatr idi. Teatr uşaqları ilə məktublaşırdım. Əsgərlikdən xeyli ideya ilə qayıtmışdım. Həyatımda işlədiyim ən xoşbəxt yer teatr olub. Elə vəziyyət yarandı ki, məcbur idim çıxmağa. Altı ili başqa işə sərf elədim, amma düşünürəm ki, bu vacib təcrübə oldu. Həyatda hər şey sanki qanunauyğun şəkildə baş verir. Ümumi baxanda onda mənim teatrdan çıxmağımın xeyri oldu. İşlədiyim şirkətdə birinin kamerası olması, süjetlər çəkməyimiz bugünə gətirib çıxardı.

- Bugünkü hədəfiniz nədir? Keyfiyyəti yüksəltmək, yoxsa sadəcə zövq üçün çəkmək?

- 4-5 il əvvəl hədəfim mükafat almaq idi. 36 yaşımda “Oskar” alacağımı hədəfləmişdim. Hələ iki ilim var. Amma vaxt keçdikcə, yaşa dolduqca əsas hədəfim sadəcə yaxşı Azərbaycan kinosu çəkməkdir. Hilal Baydarov, Rüfət Həsənov uğur qazandı. Bu, bizə stimul verir ki, daha çox yaxşı filmlər çəkməliyik. Əsas problemimiz odur ki, filmlərimiz Azərbaycan filmləri deyil. Cəmiyyəti tanımırıq. Video çəkən uşaqlar cəmiyyəti tanıyırlar. Onların uğuru budur. Yəni, mən onların işinə baxanda, o personajı tanıyıram. Tamaşaçı filmdə özünü görməlidir. Məişətimizi universal mövzularla göstərmək lazımdır.

- Aktyor kimi brendinizi, üzünüzü yaratdınız. Xaricdə bu işlə aktyorun meneceri məşğul olur, onun tanınmaq strategiyasını qurur. Bizim şərtlərdə aktyorun özünü brendə çevirməsi üçün konkret mexanizm varmı?

- Yox. İstedadlı qrup yoldaşlarım var, onlara deyirəm ki, İnstaqram açın, sosial aktiv olun. Teatrlarda institutdan qalma fikir var ki, aktyor yüksəkdə dayanmalıdır. Yanlış yanaşmadır. Amma hər yaxşı aktyor da nəsə yazmaq qabiliyyətinə malik deyil. Sadəcə, məsləhət görürəm ki, sosial aktiv olsunlar. Yenə də konkret formula yoxdur. Aktyorluq elə sənətdir ki, kiminsə qərarından asılıdır. Mənim yazmaq, çəkmək vərdişlərim olduğundan çulumu sudan çıxardım.

- Seriallara dəvət alırsınız, yəqin.

- Təkliflər çoxdur. Seriallar, verilişlər. Seriallara çəkilmək istəmirəm. Həm çox vaxt alır, həm də özüm serial edəcəyəm. İnternet serialı. Əslində, mənim indiki halımda daha çox pul qazanmaq şansım var. Hər gələn təklifə “hə” deyərəmsə. Ancaq çox az şeyə “hə” deyirəm.

- “Yox” deməmək üçün meyarlarınız nədir?

- Reklam götürəndə şirkətə baxıram. Əsas isə odur ki, ona yaxşı ideya tapım.

- Reklam filmləriniz maraqlıdır.

- Həm pul qazanmaq istəyirdim, həm də göstərdim ki, vallah, başqa cür də çəkmək olar. Reklamlarımı Türkiyədə bir festivalda göstəriblər. Hoca deyib ki, bu uşaq kimdir, belə maraqlı şeylər edir? Demək, başqa cür də çəkmək olarmış. Digər şirkətlər də reklamlara baxdı, təkliflər gəlməyə başladı. Bir də baxdım, reklamçı olmağa başlayıram. Amma hədəfim bu deyil axı. Bu il hədəfim odur ki, serial yazım. Artıq yazılır. Və qısametrajlı film çəkəcəm. “Yox” deməklə az pul qazansam da, əsas hədəfimdən yayınmıram.

- Aktyor kimi formada qalmaq üçün işləyirsiniz?

- Aktyorluğu neçə ildir üçüncü plana atmışam. Ssenari birinci plandadır. Ona görə, videolara baxanda görürəm ki, ən zəif elə aktyorluğumdur. Eyni klişelərdən istifadə edirəm. Amma aktyor kimi rahatlığımı tapmışam. Bilirəm ki, səmimiliyə gedə bilərəm aktyor kimi. Yenə də baqajı artırmalıyam.

- Amma aktyorlarla yaxşı işləyirsiz.

- Özüm aktyor olduğuma görə, bütün enerjim onlarla işləməyə gedir. Hətta çox vaxt məndən yaxşı görünürlər ki, pis görünmürlər. Maksimum nəticəni almağa çalışıram. Montajda aktyorun bütün dubllarına baxıb ən yaxşılarını seçirəm.

- Teatrlarımızda anşlaq az olur. Necə etmək lazımdır ki, teatrın da tamaşaçısı çoxalsın.

- Teatrları özəlləşdirmək lazımdır. Uzaq hədəflərimdən biri özəl teatr açmaqdır. Dövlətin ətəyindən yapışan qurum inkişaf də bilməz. Çünki, hazır pul gəlir, maaş gəlir. Kapitalizmdə neynirlər? Sağ qalmaq üçün yaradıcı, baxılan məhsullar buraxırlar. Ona görə, teatr müstəqil olmalıdır. Bizdə buna cəhdlər var, bəzilərinin tamaşalarına da getmişəm. Ümumiyyətlə, teatrda yenilənmə, yeni baxış yoxdur. Yaradıcı mühit də yoxdur. Gələcəkdə yaradıcı adamların kafesini açmaq istəyirəm ki, yaradıcılıq söhbətləri, müzakirələri olsun. Yoxsa, ancaq hansısa tədbirlərdə, premyeralarda görüşürük. Hələ 20-ci əsrin əvvəllərində Parisdə belə kafelər vardı.

- “Zəhər tuluğu”nu böyük ekran üçün çəkməyi planlaşdırırsınız. Sizcə, internet versiyasındakı kimi uğurlu olacaqmı?

- Böyük filmdə təcrübəm yoxdur, ona görə rejissorluğu Orxan Mərdanla bərabər edəcəm. Aktyor olduğuma görə, əsas yükün mənim üzərimə düşməyini istəmirəm. Orxanın “Qaragöz” təcrübəsi var. Bu işi müəyyən stilistikada çəkdiyimdən mən də rejissor kimi qaldım. Sonuncu seriyada Adil bıçaqlansa da, ürək döyüntüləri qalır. Düşünürdüm ki, nə vaxtsa qayıdaram bu obraza. Onda bezmişdim. Orxan təklif elədi film çəkməyi. Xeyli danışdıq. Və qərara gəldik ki, internetdəki əhvalatdan maraqlı olmasa çəkmirik. Aylarla əhvalat düşündük. 20-30 əhvalatı nəzərdən keçirdik. Sonra iki əhvalatı birləşdirdik. Məncə, internetdəkindən maraqlı olacaq. Sərt toxunduğumuz mövzular var. Maraqlı aktyor ansamblı var.

- Operatorunuz kimdir?

- Operatorum İman İmanovdur. Bu, onun da böyük filmdə debütüdür. İmanın məktəbi yoxdur, necə ki, mənim rejissor kimi məktəbim yoxdur. Filmdən-filmə öyrənirik, dəst xəttimiz yaranır. Onunla işləmək ona görə mənə rahatdır. Bu, bizim “YÜZ production”un prodüseri Şaban İmkaninin də böyük kinoda ilk təcrübəsidir. Ümumiyyətlə, biz üçümüz birgə başlamışıq bu işlərə. Şaban bir qurumda yüksək vəzifədə işləyir. İman isə böyük şirkətdə “aytişnik”dir.

Fotolar: İlkin Nəbiyevindir

# 13450 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #