Ən çox ona əsəbiləşdim ki... – Aysel Əlizadəni sərt tənqid etdilər

Ən çox ona əsəbiləşdim ki... – Aysel Əlizadəni sərt tənqid etdilər
11 oktyabr 2021
# 13:20

Kulis.az gənc yazar Vüqar Babazadənin yazıçı Aysel Əlizadənin “Qadın peyğəmbər” romanı haqda yazdığı tənqidi yazını təqdim edir.

Diqqət: Bu yazıda "Spoiler" var.

Ən böyük yalan yarımhəqiqətdir.

Əvvəlcə qəhrəmanın adından başlayaq. "Qar" adı məncə (bu və bu kimi subyektiv fikirlərim olanda, zəhmət olmazsa, bundan sonra oxucu özü fikrin əvvəlinə "məncə" artırsın. Rasim Qaraca demiş: etiraz etməyə bilərsiniz, ancaq barışmamaq hər zaman sizin əlinizdədir – V.Q.) çox uğursuz tapıntıdır. Qəhrəmanın gələcəkdə sosial – Aysel xanım demiş – "yaşam"ında yaranacaq problemlər bir yana qalsın, təbiət hadisəsini, hansısa fəsli ad olaraq qoymaq çox bəlağətli, pafoslu çıxır. Yaz, yağış, palçıq icazə verək dünyada qalsın. Ədəbiyyata isə həyatın içini gətirək. Üstəlik, qarın cinsi yoxdur. Qəhrəmana isə Zeynəb, Lalə, Aygün, Aysel, X, Y, və s. adları qoymaq olardı. Ad nə qədər istəsən.

Ümumiyyətlə, əsərdəki hadisələr çox sürətlə baş verir. Bu, ədəbi cəhətdən ("ədəbi cəhət"in nə olduğunu özüm də bilmirəm – V.Q.) yaxşıdır. Yəni bir nəzəriyyə adamı kitabı oxuyanda deyər ki, müəllifin nəfəsi güclüdür. Oxucunu ordan-bura, burdan-ora atır. İstədiyi hərəkəti heç bir açıqlama vermədən qəhrəmanına elətdirir. Əlbəttə, mən nəzəriyyədə əllərimi qaldırıb, qələmimi qoyuram və təslim oluram. Amma qara adam, adi bir oxucu kimi mənə heç ləzzət eləmədi. Markesi, Borxesi, Kamal Abdullanı, Yusif Səmədoğlunu oxuyanda da özümü narahat hiss edirdim.

Allah bu magik realizmə, postmodernizmə qənim olsun!

Qəhrəmanlar şıppıltı ilə, tez-bazar ölüb, rəhmət deyilən bilinməz, görünməz bir sferaya gedirlər. 25 səhifəyə üç ölüm, üstəlik, protoqonistin ən yaxın adamları, ailəsi yazıçının qələm qurbanına çevrilir. Adamlar o qədər tez ölüb-gedirlər ki, nəinki oxucu, heç qəhrəman da bu itkilərə məyus olmağa vaxt tapmır. Yaxud qəhrəman gah bir qonşusu ilə kofe içməyə gedir, bir az sonra şəhərdən aralıda yerləşən dənizkənarı yay kompleksini ziyarət edir, ordan "pramoy" eyvanından qayığa atlayıb, sahildən uzaqlaşır, gah fəlsəfi şeylər düşünür, gah da axırda otağına qayıdıb, üzüqoylu uzanır və hönkürtü ilə ağlayır.

Yorulduq axı, Aysel xanım.

Əsərin dili sadədir, amma axıcı deyil. Türk sözlərindən çox, lap çox istifadə olunub. Müəllifə bu problemi düzəltmək üçün çoxlu Azərbaycan dilində əsərlər oxumağı tövsiyə edirəm. Bir az əlləşsəydi, hər bir sözün Azərbaycan dilində qarşılığını tapa bilərdi. Kitabdakı bütün türk sözlərinin siyahısını çıxarmışam. Mən elə-belə oxucu deyiləm e, "daskanalni" gəlmişəm.

"Çaba, quşqu, öyrətmən, öyrənci, önərir, uğraşır, şaşırdırdı, özəlliklə, bu üzdən, özəl, qavram, anlam, özgürlük, alınmaq, özləmək, sorun, çocuq, doğa, qapsamaq, gəlişmək, sorumluluq".

Kitabda xeyli ard-arda sadə cümlələr var. Ard-arda sadə cümlə yazmaq xeyli təhlükəlidir. Bu oxucu üçün nə qədər əzab-əziyyətlidirsə, yazıçı üçün də elədir. Sonu görünməyən, bitib-tükənməyən sadə cümlələri oxuduqca özümü bataqlığa düşmüş kimi hiss edirdim. Hər cümlədən sonra gözləyirdim ki, müəllif qalın bir kəndir, yaxud bir ağac budağı atıb məni xilas edəcək, amma onun əvəzinə mənim başıma ağır bir “tros” vurub, batırırdı.

Müəllif tez-tez məşhur xarici yazıçıların, klassiklərin əsərlərindən nümunə çəkir, ən azı səhifə yarım, bir səhifə həmin nümunəni izah edir. Bu nümunələrin (kitabların) hamısını qeyd edirəm.

1.Antti Tuurinin – “Çay şəhərin içindən axır”

  1. Platonov – “Kotlovan”
  2. Moyem – “Öc”
  3. Frankl – (psixonalitik) Hər şeyin mənası haqqında düşüncələri (ilahi, iki səhifə Franklın mənasız fikirlərini oxumaq, necə də əziyyətli idi. Onun "İnsanın anlam arayışı" kitabını oxumuşam, mən istəyirəm ki, müəllifin kitabını oxuyam)
  4. “Dorian Qreyin portreti”
  5. Meri Estelin (qadın hüquqlarının ilk carçısı) həyatı
  6. Rəşad Nuri Güntəkin – “Çalı quşu”

Bu, bilirsiniz nəyə oxşayır? Özünə təzə “Nol yeddi” (Vaz 21-07) alan cavan bir oğlanın güzgünün yanına Mirmövsüm ağanın (Ətağa) şəklini asmasına. Elə zənn edir ki, seyidin cəddi (oxu: məşhur yazıçıların gücü) onu bütün dərd-bəladan, qəzadan-qədərdən qoruyacaq. Halbuki, maşını düzgün sürsə, bunu ehtiyac qalmaz.

Aysel xanımı kitab sərgisində gördüm. Girəcəkdə oturub, kitablarını satdığı üçün tez-tez yanından keçir və bəzən də "nə yalan deyim sizə" hərəkətlərini müşahidə edirdim. Sosial dünyadan tanıdığın bir adamı, həqiqi, real dünyada görəndə, hələ bu Aysel xanımdırsa, istər-istəməz göz qoymaq, izləmək istəyirsən. Ağ, balaca, açılıb-qatlanan güzgüsündə tez-tez özünə baxır (Üzr istəyirəm, burda araya girməliyəm. Adı indi və bundan sonra heç vaxt yadıma düşməyəcək məşhur bir yazıçı belə deyib: Qadınların güzgüyə tez-tez baxmaqları, özlərinə çəki-düzən vermək üçün yox, həqiqi, real olub-olmadıqlarını yoxlamaq üçün etdikləri hərəkətdir) hər kəslə isti, səmimi münasibət saxlayırdı. Yorğun görünürdü. Nəsə, mən ona öz kitabımı verdim, o mənə öz kitabını verdi. Beləcə tanış olduq.

May be an image of 1 person

Müəllif həyatın əclaflığından, amansızlığından şikayət edir, insanların niyə belə olmağından haqlı olaraq gileylənir. Hətta qəhrəmanın dili ilə ən böyük arzusunu oxucuya açır. O istəyir ki, adamlar xoşbəxt olsunlar.

Dialoq qəhrəmanın səsidir, yazıçının öz fikrini dolayı yolla oxucuya ötürmək üçün ən lazımlı alətdir. Adı Qar olan bu qız, bəzən görün necə danışır:

-...Çıx zibil at, çörək al, gəziş-elə. Qoy bədəninə Günəş enerjisi dəysin. Yerlə stratosfer arasında elektrik sirkuliyasiyası deyilən bir proses var, enerji alış-verişi deyək. İnsana çox faydalıdır...

Yaxud:

- Nə yazırsan?

- İnsest haqda.

- O nədi?

- Sibliqlərin, yəni qardaş-bacının, çox yaxın qohumların cütləşməsi. İncestus latıncada günah sözündəndir. Dini fəlsəfə günahla çox uğraşıb. Məncə, dünyada bərabərlik və barış yaratmağın ən asan yolu ayrı-ayrı xalqların bir-birinə qarışmasından keçir. Ayrı soylardan olanların qovuşması daha sağlam nəsil yaradar və milli, irqi ayrı-seçkiliyin qarşısını alar. Mən bir xalqın öz-özüylə cütləşib törəməsini toplumun insesti adlandırmışam...

Özündən bir-iki faiz istifadə elədiyim, qırışları az-maz, balaca beynim, inanın Allaha, yandı. Axı heç kim, həqiqətən, həyatda belə danışmır. Şəxsən mənim belə danışan psevdointellektual dostum olsa, onunla əlaqəmi kəsərəm. İlan harda əyri gəzir-gəzsin, öz yuvasına düz girir. Kimlə nə istəyir danışsın, amma mənlə heç kim belə danışa bilməz. Həyat, onsuz da, çətindir. Bir də onu bu cür ağır, yersiz, qeyri-səmimi dialoqlarla niyə çətinləşidirirsiz? Hə? Peyğəmbər olanda nolar? Gərək elə peyğəmbər sadə cümlələr qura, fikrini açıq-aydın izah edə ki, inandıracağı adamları onu başa düşələr. Yoxsa mən başa düşmədiyim bir ideologiyaya niyə inanmalıyam?

Kitabın ən əsəbiləşdiyim hissəsi isə "snoçka"larıdır. (Altda verilən sözlərin izahı) Elə şeylərə “snoçka” verilmişdi ki, əsəbiləşməklə bərabər həm də kədərləndim.

Məsələn:

Qutab¹ – yarımdairə formasında, pideye oxşar az. yeməyi

Xingal² – Ət qıyması tökülən milli yemək

Libido³ – Freydə görə çox yaxın adama meyl

Martin – Cek Londonun – Martin İden əsəri

Görəsən, həqiqətən də, Aysel xanım nigarandır ki, onun oxucusu, qutabın, xingalın, libidonun nə olduğunu başa düşməyəcək?

Kitabda müəllifin qadın haqları probleminə toxunması, əsasən, əsərin bu istiqamətdə irəliləməsi məni narahat etmir. Əksinə, yazıçı bələd olduğu sularda üzəndə, bildiyi şeylərdən yazanda daha yaxşı, daha keyfiyyətli mətn ortaya çıxır.

Aysel xanımın da bu mövzuları bilməsi, problemlərdən yazması, həll yolu ortaya qoyması əvvəlcə bir yazıçı olaraq, daha sonra bir qadın olaraq çox yaxşı haldır. Amma ("amma"dan əvvəl deyilən bütün cümlələr lazımsızdır – Game of Thrones, Ned Stark) bir romanın içində bu cür elmi, psixoloji təhlillər aparmaq, dəlillər gətirərək nəyisə sübut etməyə çalışmaq uğursuz cəhddir.

Süjet xəttinə, qəhrəmanlara ehtiyac yox idi. Elmi məqalələr toplusu halında bu kitab daha möhtəşəm, daha cazibədar görünərdi. Adam bilmir nəyə çatdırsın. Süjeti izləyib, təbiətcə çılğın baş qəhrəmanın hərəkətlərini, yoxsa onun bizə vermək istədiyi fəlsəfi, elmi mesajları?

Ciddi bir problem var. Peyğəmbərlik iki cür verilir. Mələk nazil edilərək və yuxuda. Allahla danışıq da vəhy yolu ilə baş verir. Bizim qəhrəmanımız olan qadın peyğəmbər isə birdən-birə pəncərəni açır, gecənin içində ağ işıq görür və uzun dialoqlardan sonra peyğəmbər elan olunur. Üstəlik sizcə kim tərəfindən? Əlbəttə ki, Allahın özü tərəfindən.

Bəzən ağır fəlsəfi sualların altında ikimiz də boğulurduq. Xüsusən, Tanrı, din, varoluş söhbətlərində. Nitsşenin "Tanrı öldü" ifadəsində. Nitsşe, Marks, Sokrat, Tolstoy, İsa, Nur, Nər, Qar, Aysel Əlizadə – ilahi, error, error...

Bu, artıq bir "klişe"dir!

Aysel xanıma can sağlığı arzu edirəm. Məğrur duruşu var. Duruşunu pozmadan, yazıb-yaratsın, daha da yaxşı əsərlər ortaya qoysun. Oxuya-oxuya mən onun istedadını hiss edirdim. Yaxşı şeylər əlbəttə ki, danışılmalıdır. Buna baxmayaraq mənfi tərəflər də həmçinin. Hansısa qadın yazıçının kitabını çoxdandır əlimdə tutmurdum. Üstəlik, "kişinin səhvini səbirlə, qadının səhvini qəbirlə" deyimi olan bir ölkədə hansısa qadın yazıçının bir əsərini oxumaq çox gözəl hissdir.

Uğurlar arzu edirəm, hoşça qalın!

May be an image of 1 person, tree and sky

# 4849 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #