Kulis.az bu günlərdə təsis edilən “Mücrü” uşaq jurnalının baş redaktoru, tanınmış şair-yazar Sevinc Elsevərlə müsahibəni təqdim edir.
- Sevinc, karantini nece keçirirsən? Nəylə məşğulsan?
- “Evdəqal”maqla məşğulam. Qaydalara əməl etməyə çalışıram. Başımı sosial şəbəkələrdə, kitabla, yazı-pozu ilə qatıram. Bütün qəlbimlə karantinin bitməyini, əvvəlki həyatımıza geri dönməyimizi arzulayıram.
- Koronavirus paniki yaşadınmı? İndi durum necədir?
- İrandan çox pis xəbərlər gəlirdi. Bizə də sirr deyildi ki, ölkəmizdən çoxlu adamlar İrana müalicəyə, ya ziyarətə gedir. Üstəlik İrandan da qonaqlar gəlir şəhərimizə. Zatən hadisələr hələ Çində başlayanda, xəbərlərdə deyilirdi ki, Çində tələbələrimiz var, onların evakuasiya olunması lazım idi. Biz “elm uzaq Çində də olsa, dalınca gedən” o tələbələr üçün narahat olurduq. Ancaq özümüzün də eyni qorxuları yaşaya biləcəyimiz ağlımıza gəlmirdi. Hər halda Çin kifayət qədər uzaqda idi. Fikirləşirdik ki, dünyada hər il belə epidemiyalar yayılır. Quş qripi vardı, Donuz qripi, Ebola və s. Heç birində bu qədər ciddi narahatlığımız olmamışdı. Həmişə dedi-qodu olurdu ki, guya bizdə də var, gizlədirlər. Ancaq heç vaxt ölkəmizdə həmin xəstəliklərə tutulub ölən adamları tanımırdıq. Başlanğıcda adamları da məhz bu çaşdırdı. Adamlar bir-birinə deyirdilər: quş qripi də var idi, donuz qripi də, nə oldu, indi nə ola?! Mənim həyəcanım, qorxularım qonşu İranda virusun yayıldığı xəbərini eşitdiyimdə başladı. Uşaqlarım məktəblidir, onlar üçün narahat oldum. Əgər virus ölkəyə gəlsə, birinci məktəblilər risk altına düşəcəkdi. Elə o vaxtlarda “Kulis”də də məktəblərin bağlanması üçün çağırış eləmişdim.
Təbii ki, hələ də qorxu var. Kifayət qədər ehtiyatlı olmağa çalışırıq. Çünki bəla hələ ölkəmizin içindədir. Sabah vəziyyətin necə olacağını heç kim bilmir.
- Pandemiya haqda proqnozun və gözləntilərin nədir?
- Elm adamları vaksinin hələ gec hazır olacağı barədə danışırlar. Zatən vaksin mövzusundakı söhbətlər ümidverici deyil. Virus tez-tez mutasiyaya uğrayır.
Hər kəs əlbəttə ki, bu vəziyyətdən bir nəticə çıxardacaq. Ümumiyyətlə, bu cür hadisələr baş verəndə, insanların maraqlı cəhətləri kəşf olunur. Nə qədər maraqlı əhvalatın şahidi olduq. İtalyanların balkonlara çıxıb uzun çubuqların uclarına keçirdikləri qədəhləri toqquşdurmaları nə gözəl səhnə idi, məsələn. Yaxud çalıb-oxumaları. Karantin günlərində evdə qalan insanların bir çox yaradıcı meylləri çıxdı ortaya. İndi o nümunələr bu günlərdən xatirə kimi qalacaq. Mən iki şey öyrəndim bu epidemiyadan sonra: İnsan başına nə gəlir gəlsin, yumor hissini itirməməli, ümidli olmalıdır. İkincisi, bir-birinə tutunaraq ayaqda durmağı bacarmalıdır.
- Yeni jurnal açdınız. Sən də baş redaktor oldun. Necə yarandı jurnal?
- “Mücrü ” nəşriyyatı yeni açılan günlərdə dostları təbrik etməyə getmişdim. Nəşriyyatın rəhbəri Müşfiq Xan yerli yazarların kitablarını çap eləyirdi. Mənə dedi ki, nəsr kitabın varsa, göndər. Onda uşaqlar üçün jurnal çıxarda bilsək, lap yaxşı olardı deyə təklifə təkliflə cavab verdim. Müşfiq bəy də düşündü, jurnalın çap olunmasına qərar verdi.
- Nələr planlaşdırırsınız?
- Uşaq ədəbiyyatı üçün yeni bir meydan yaransın istəyirik. Təkcə uşaq yazarları üçün yox, həm də yaradıcı uşaqlar üçün. Məqsədimiz uşaqları maarifləndirməklə yanaşı, onları mütaliəyə və yaradıcılığa həvəsləndirməkdir. Yaradıcı uşaqları arayıb-axtaracağıq. Bir növ istedad sorağında gəzəcəyik. Həm də uşaqları yerli və xarici müəlliflərin mətnləri ilə tanış etmək, onlara dünyanın hər yerindən maraqlı xəbərləri çatdırmaq istəyirik.
- Uşaq ədəbiyyatının vəziyyəti haqda nə deyə bilərsən?
- Uşaq ədəbiyyatı da ümumi ədəbiyyatın problemlərini yaşayır. Orda kitabların çapı ilə bağlı, satışı ilə bağlı problemlər var. Uşaq ədəbiyyatı ilə bağlı məsələ hətta daha çətindir. Uşaq yazarı həm uşağın özünün xoşuna gələn mətnlər yazmalıdır, həm uşağın valideynlərini qane eləməlidir. Valideynlər çox vaxt şəkilli kitablar almaq istəyirlər. Belə kitablar da kiçik nəşriyyatlar və aztirajlı kitablar çap etdirən kasıb yazıçılar üçün baha başa gəlir. Ancaq mən özüm həmişə çalışmışam ki, içində mətn çox olan jurnalı, kitabı seçim.
Sən yaxşı bir mətn yazırsan, amma uşaq kitabının pulunu valideyn verir. Valideyn zövqdən məhrumdursa, o, ancaq uşaqlıqda özünün adını eşitdiyi müəllifləri tanıyır, onların adları ilə də “Oxu” kitabında tanış olub, yeni kitablara şübhə ilə yanaşır. Uşaq ədəbiyyatının yaxşı təbliğata ehtiyacı var.
- Ümumi ədəbi mühit "edəqal"an bir yazarın gözünə necə görünür?
- Mən onsuz da illərlə “evdəqalan” bir yazaram. Ona görə mənimçün xüsusi bir dəyişiklik yoxdur. Zatən ədəbi mühit özü virtuallaşıb. Artıq o köhnə canlı ədəbi mühit yoxdur. Biz yığışıb canlı mübahisələr edirdik, çay-çörək süfrəsində deyib-gülürdük və s. İndi yazıçılar kitab təqdimatdan-təqdimata görüşürlər. Bu baxımdan tədbirlərə getmək mənimçün dostları görmək fürsətidir. Karantinin tezliklə bitməyini, bu müddətdə çap olunan kitabların təqdimatlarını gözləyirəm səbirsizliklə. Dostlar boş oturmayıblar, nə qədər yazar bu müddətdə kitab hazırlayıb.
- Həyat yoldaşınız Elsevər də yazardır. Amma o, çoxdandır yazmırdı. Özünü, belə deyək, sizə və uşaqlarına daha çox həsr etmişdi. İndi o da yeni bir kitab hazırlayıb. Elsevərin ədəbiyyata qayıtmasına sevinərsiniz hər halda.
- Karantin müddətində Elsevərin şeirlərini topladım. “Yazı lövhəsi” adlı kitab tezliklə “Mücrü” nəşriyyatında işıq üzü görəcək. Özünü güclə razı salmışam. Çox maraqlı şeirləri var. Onun şeirlərindən siz də xəbərdarsınız. Mənim üçün böyük sevinc oldu. Ədəbi mühitdən uzaq düşməsində, nadirən yazmağında bir az da özümü günahkar bilirdim. Əslində, heç kimdən gizli deyil səbəbi. Hamı bilir ki, “ədəbiyyat qarın doyurmur, olsa –olsa çay içirir”...
- Müəlliminiz olmuş professor Aydın Dadaşovun bir tezisi vardı: yaradıcı qadının boşana bilməmək problemi! Sizcə, ailəli qadın üçün ədəbiyyatda yürümək niyə çətin olur? Əvvəlki cəsarətdən ailə qurandan sonra çəkilən və bunu açıq etiraf edən bir imza olaraq nə deyərdiniz bu haqda?
- Aydın Dadaşov elə deyir, guya kişi boşana bilir? (gülür). Bizim ölkədə boşanmaq böyük problemdir. Kişisənsə, alimenti hardan alıb verəsən? Qadınsansa, alimentlə necə uşaq saxlayasan? Evi necə böləsən? Kim harda yaşasın? Qadın gedib kimin yerini dar eləsin? Problemlər saymaqla bitmir. Hələ bunun mental tərəflərini o yana qoyuram.
Təkcə ədəbiyyatda yürümək çətin olmur qadın üçün. Bu yaxınlarda qızımla söhbət eləyirdim. Siniflərindəki bir uşaqdan danışırdı. Dedi, atası həkimdir, anası isə həkimliyi bitirib, amma atası işləməyə qoymayıb. Təsəvvür edin, uşaq fərəhlə deyirmiş ki, anam da həkimdir, əslində, ancaq atam onu işləməyə qoymayıb. Mən başa düşdüm ki, yüz faiz tələbə olanda seviblər bir-birini, evləniblər, sonra həkim oğlan həkim qızı işləməyə qoymayıb. Dövləti bir həkimdən məhrum eləyib. İlin-günün bu vaxtında bu faktı eşidib nə düşünəsən? (gülür). Müxtəlif sahələrdə təhsil alan, çalışan qadınlar bu problemlə üzləşirlər. Təsəvvür edin, biz də evlənəndən sonra Elsevər deyəydi ki, daha mətbuatda yazıların, şəkillərin çıxmır, vəssalam, ya ədəbiyyat, ya ailəmiz. Onda biz sizinlə oturub danışmazdıq. Mən belə problem yaşamadım. Əksinə, bizdə Elsevər mətbuatdan, ədəbiyyatdan uzaqlaşdı. Maliyyə məsələlərinə görə, əlbəttə, tam başqa səbəbdən. Mən də uşaqlara görə işləmədim, daha doğrusu, həmişə evdən çalışdım.
Əvvəlki cəsarət barədə danışanda nəyi nəzərdə tutduğunu bilirəm. Ancaq mən bu gün istədiyim mətni yazıram. İstədiyim şəkildə. Məncə, yaşla əlaqəlidir. Gənclikdə adam dəcəl olur. Mən də bir xeyli dəcəllik eləmişəm yazılarımda. Peşman deyiləm də. 20 yaşında gənc qız başqa cür düşünür, yazır, 40 yaşında qadın başqa cür. Bu, olduqca normaldır.
- “Kino+2 qəzeti dövrünün dostlarından kimlərlə əlaqəniz var? Deyəsən, o dəstə də hamısı kimi dağıldı və günün reallığından xilas ola bilməyən münasibətlərin aqibətini yaşadı.
- “Kino+”çular hamısı bu gün müəyyən sahələrdə parlaq işlər görürlər. Möhtəşəm komanda idi, bu günə qədər də yaddaşlarda qalıb. Baş redaktorumuz Şərif Ağayar idi. Həmişə dost olmuşuq, indi də dostuq. Mən tələbə müxbir idim, baş redaktora töhmət yazırdım, redaksiyanın divarına yapışdırırdım. Əla dostluq münasibətlərimiz var idi, cibimiz boş idi, amma ürəyimiz arzularla dolu idi, dəhşət həvəsli idik. Uşaqlar hərəsi bir yanda olsalar da, bu gün də bir-birləri ilə dostluq bağları var. Biz yenə bir-birimizi çox istəyir, hörmət eləyirik: Aygün Aslanlı, Fehruz Şamıyev, Aliyə Dadaşova, İntiqam Hacılı, Elsevər...
Bir neçəsi ilə əlaqələrim qırılıb. Ancaq mən onları hələ də köhnə dostlar kimi çox istəyirəm. Ətlərini yesəm də, sümüklərini atmaram. Əminəm ki, onlar da belə düşünür.
- Sevinc adında çoxlu xanım var ədəbiyyatda. Bu sizi narahat edib heç?
- Narahat etməyib, qətiyyən. Sevinc adını çox sevirəm. Atama ən çox buna görə minnətdaram ki, adımı Sevinc qoyub. Sevinc adında sevdiyi qız varmış... Anam əvvəllər qıcıq olurdu. Dostlarım hələ Sevinc adından doğan yeni adlar qoyublar mənə: biri Sevincək deyir, biri Sevin deyir, o biri Seviş deyir (gülür).
Özü də çox müasir, təmiz türk dilindədir bu ad, ilk dəfə sovet dövründə qoyulub. Təsəvvür elə, illərlə doğulan qızlara Qızbəs, Gülbəs, Qızyetər, Qıztamam, Kifayət, Bəsdi adları qoyurlar. Qəfildən Sevinc, Gülüş, Sevil kimi adlar qoymağa başlayırlar. Təbii ki, sovet dövrünün gender təbliğatından irəli gəlirdi. O dövrdə çox sevilən ad idi. Xüsusən, 70-80-ci illərdə doğulan qız uşaqlarına bu ad çox qoyulurdu. Ona görə də ədəbiyyatda da Sevinc adında qadın imzaların bol olmağı normaldır.
Hərdən səhv salırlar. Jurnalistikada çalışanda da səhv salırdılar. Bir dəfə tanınmış bir yazıçıdan müsahibə almağa getmişdim, mənə dedi ki, elə o günləri sənə müsahibə vermədim. Mat qaldım. Soruşdu ki, Sevinc Mürvətqızı deyilsən?
Bir dəfə də bir müsabiqədə yer tutmuşdum. Götürüb Sevinc Çılğına zəng ediblər. Sonra nömrəmi tapıb gülə-gülə bunu danışıblar.
Tərslikdən uşaq ədəbiyyatında da bir Sevincimiz var. Son vaxtlar Sevinc Nuruqızı ilə qarışdırırlar. Belə hallar tez-tez baş verir, yaxşıca gülümsəyirik. Bir dəfə məktəblərdən birinə uşaqlarla görüşə Sevinc Nuruqızı ilə bir yerdə çağırmışdılar. Orda axır ki, “ikinizi də bir yerdə gördük, indi bildik ki, hansı Sevinc hansınızsız” dedilər.