Kulis.az Kəlbəcərə işğaldan azad edildikdən sonra ilk ayaq basan jurnalist xanım Günel Mehri ilə müsahibəni təqdim edir.
- Günel, necə oldu belə bir səfər gerçəkləşdi?
- Bir il qabaq "İctimai" televiziyanın bir layihəsində ssenarist kimi Çocuq Mərcanlıya getmişdim. Mən daşların mistik qüvvəsinə inanıram. Ordan yadigar daşlar götürdüm və sərhəddə baxıb əhd elədim ki, tezliklə Qarabağın şəhərlərindən bu daşları götürüm. Hətta o daşlar əlimdə foto da çəkdirdim.
Maraqlıdır ki, həmin vaxtdan düz bir il keçdi və mən doğrudan da işğaldan yeni azad olmuş üç rayonumuza "İctimai" televiziyanın yeni bir layihəsini reallaşdırmaq üçün ssenarist kimi ezam olundum. Çəkiliş qrupumuz Cəbrayılda, Ağdamda və Kəlbəcərdə oldu. müvafiq yerlərdən icazələr alındı. Çünki ora getmək üçün xüsusi icazə olmalıdır və demək olar ki, ancaq hərbçilər daxil ola bilir həmin əraziyə. Mən əslən Füzulidən. Və əslində öz ata yurdumu görməyi də xəyal edirdim. Lakin ssenarini elə yazmışdım ki, yolum ora düşmədi. Uşaqlıqdan, atamın diliylə desəm, Qarabağın cənnəti sayılan Kəlbəcəri görə bilmək məxsusi marağımda idi. Yəni o məkanın video-çarxını izləmişdim. Oraları nağıla bənzədirdim. Bir qələm adamı kimi elə qeyri-adi bir məkana getmək ən böyük arzum idi.
- Necə hazırlaşdın səfərə?
- Ora gedəcəyimizi bilən kəlbəcərli tanışlar elə bircə söz deyirdilər: Əynini qalın elə, donacaqsan! Ona görə, hərbi dükana gedib istilik saxlayan əsgər köynəyi, soyuqdan qoruyan qara əsgər maskası, yağışdan qoruyan plaş, bir də çox qalın bir şərf aldım. O şərf bütün Qarabağ çəkilişlərində üstümdə oldu. Ona indi "Qarabağ şərfi" deyirəm.
- Səfər necə reallaşdı?
Kəlbəcərə məhdud sayda çəkiliş heyəti buraxıldı. Bir neçə postdan keçdik və hər birində saatlarla gözlədik, adbaad yoxlandıq. Hətta bir an ümidimi üzdüm. Bildiyim bütün duaları oxudum ki, salamat gedib mənzil başına çatıb.
Orada rastlaşdığımız tanklardan və postlardan hərbiçilər maşınımıza maraqla boylanırdılar və deyirdilər ki, bu yerlərə qadın gəlib çıxmayıb. Maraqlıdır, mənim 7 nəfər yol yoldaşım vardı. Lap nağıldaki kimi: Ağbəniz və 7 qnom.
İki maşınla yola çıxmışdıq. Filmin rejissoru Ruslan Hüseyn, prodüser Tərlan İsmayılzadə, operator Samir Musayev, səs rejissoru İsmayıl Rizvanoğlu, kamera mühəndisi Sənan Kəsəmənli, iki nəfər də bələdçi...
- Həyəcan vardı?
- Hamımız həyəcanlıydıq. Bələdçilərdən başqa hamımız ilk dəfə ora ayaq basacaqdıq. Bizi qarşılayan postlarda deyilirdi ki, yollar təhlükəlidir, ehtiyatla sürün, sabah tezdən qar başlayır. Yol keçilməz olacaq. Çatdırmasanız, neçə gün orda qalacaqsınız. Deyim ki, ora ancaq "Niva" gedib çıxa bilir.
Yolun təhlükəsini, minalanmış əraziləri, orda çox yerdə şəbəkənin ümumiyyətlə tutmamasını nəzərə aldığımıza görə hər kəs doğmalarıyla doyunca danışdı. Mən narahat olmasınlar deyə doğmalarıma Kəlbəcər barədə bir kəlimə də deyə bilmədim. İstəmirdim, mənə görə sıxıntı keçirsinlər. Ancaq geri qayıtdıqda zəng edib orada olduğumu bildirdim. Desəm ki, qorxurduq, yalan olardı. Ora gedənlər hara və niyə getdiyini çox yaxşı bilirdi. İşin ucunda illərlə həsrətində olduğumuz Qarabağ vardı...
Ümumiyyətlə, mən özüm alın yazısına inanıram. Qismətdən qaçmaq olmur. Sən Bakıda da, Şəkidə də hansısa hadisəylə qarşılaşa bilərsən. Xüsusən də pandemiya vaxtı. O aşırımları fotolarda görmüşdüm, amma şəkil başqa, həyat başqa.
- Murovu aşmaq çox çətin oldu?
- Çox. Bəlkə də quru havalarda, yay vaxtı oradan keçmək bu qədər çətin olmazdı. Həyatımda keçdiyim ən çətin yol idi Murov yolu. Bir şey ki, bir tərəf sıldırım qaya, maşın sürüşür. Yol da ensiz. Digər tərəfdə də minalı ərazi. Balaca qırmızı bayraqlarda "M" hərfi yazılıb qarın üstündə. Maşını o hissəyə sıxa bilməzsən. Özü də iki maşın çox yerdən keçə bilmirdi deyə, bəzi aşırımları tankların keçməsini gözlədik.
Tanklar santimetr fərqiylə yanımızda sürüşdükcə ekstrim yaşayırdıq. Hər tərəf qar idi. Bizim kimi qar görməyən Bakı əhli üçün göydəndüşmə vəziyyət. Amma qara toxunmaq belə minaya görə təhlükəli idi deyə, cəmi bir-iki təhlükəsiz yerdə əlimiz qar gördü. Heç olmasa doyunca baxa bildik. Quru şaxta vardı, çox üşümürdüm. Vətən havası adama çox doğma gəlirmiş. Bəzi fotolarda, gödəkcəsiz və başıaçığam.
- Əsgərlərin əhvalı necə idi?
- Postlarda əsgərlər kiçik dəmir baklarda odun qalayıb qızınırdılar. Biz də düşdükcə əlimizi orda qızdırırdıq. Bir tərəfdən maraqlıydı, digər tərəfdən belə qarlı və ucqar yerlərdə hərbçilərin necə əziyyətlərə qatlaşdığını görəndə adam lap vicdan əzabı çəkirdi. Heyf ki, hərbi qaydalara görə heç birinin fotosunu çəkmək olmazdı. Onlardan bir şey soruşurdum: bilirdiniz sizə görə necə narahat idik bu 44 gündə? Dedilər, biz bu sevgini hiss edirdik. Bura gələn hədiyyələrdən, yazılan məktublardan güc alırdıq.
Mən müharibənin od-alovunu görmədim təbii ki, amma əsgərlərimizin ucqar yerlərdə nə əziyyətlər bahasına torpaqlarımızı qoruduğunu gördüm. Onların əzmini, düşmənə nifrətini və pozitiv ruhunu duydum. Bir neçə dağ aşdıq Kəlbəcərə çatanadək. Yollar demək olar keçilməz idi. Maşın sürətlə gedə bilməzdi. O dağlardan keçəndə Raquf Orucovun və Polad Həşimovun ruhlarını ehtiramla yad etdim, dualar oxudum. Hər ikisinin həyatı Murovla bağlıdır...
- Kəlbəcər necə idi?
- Ora çatanda özümüzü nağıllar aləminə, hansısa xarici tarixi filmin içinə düşmüş kimi hiss etdik. Real görünməyəcək qədər gözəl mənzərələr və uçulmuş binaların xarabalıqları... Bilirsiniz, əminəm ki, bizim xalqımız cənab prezidentin də dediyi kimi qurucu, yaradıcı xalq olduğu üçün o xarabalıqları dirçəldəcək və yəqin işğaldan sonra oranı olduğu kimi natural halıyla görmək hər kəsə nəsib olmayacaq. Və nə xoş ki, mən bu torpaqlara gəlib çıxan ilk xanım jurnalist oldum, amma kaş o tarixin heç olmazsa müəyyən hissəsi qalsaydı. Gələcək nəsillər əyani olaraq görəydi olanları, turistlər görəydi. Bunu məndən öncə də deyənlər olub, bilirəm və o şəxslərin fikrini dəstəkləyirəm.
- Günün hansı hissəsi çatdınız Kəlbəcərə?
- Hava qaralanda. Amma tam qaralana kimi qayalardakı oyuq mağaraları, təbii tunelləri, heykəltəraş əliylə oyulmuş kimi qeyri-adi naxışları izləmək imkanımız oldu. Əfsanə idi! Bizsə bu əfsanənin qəhrəmanları... Təəssüf, bizə tapşırılmışdı ki, gecə dayanmaq olmaz. Ona görə də maşını heç yerdə saxlamadan düz polis qərargahına sürdük. Yol kənarındakı yanmış erməni maşınlarını görürdük. Hətta bir yerdə təzə bir uşaq skuteri vardı, çəhrayı rəngdə. Onu görəndə lap təəccübləndik. Qayaların arasında uşaq skuteri.
- Təzə yandırılan evləri də gördünüz?
- Gördük. Yanıb uçmuşdular. Ağaclar və otlar da yanmışdı. Bir dağın üstü tamamən qaralmışdı. Minomyot atəşlərindən dağın təbiəti kül olmuşdu. Mən o yerlərə baxdıqca düşünürdüm ki, görəsən bu illər ərzində ermənilər bir şəhəri inkişaf etdirmək əvəzinə bu qədər viran qoyubsa, onda neyləyirlər bu torpaqları? Onlara lazım olmayan bir yer üçün niyə müharibə aparırlar? Bizə bu qədər müqəddəs olan torpaq onlara adi gəlirsə, nə məntiqi vardı bunca axıdılan qanın?
- Şəhərə girəndə də həyəcan vardı?
- Hədsiz. Ekstrim yaşayırdıq. Şəxsən mənim üçün həyatımda ən böyük ekstrim oldu bu səfər. Bir qarabağlı kimi o evlərə kövrəlmədən baxmaq olmurdu. Yarımçıq evlərdə nə qədər uçulmuş insan taleyi vardı. Didərgin həyatı yaşayan kəlbəcərlilərin taleyi vardı. Başa düşürəm ki, indi o torpaq bu vaxtacan əziz idi, indi isə şəhid qanıyla qarışıb müqəddəs olub.
Yol kənarında nar, yabanı alma, itburnuya rast gəlirdik. Könül istəyirdi, gedib yığasan, dadasan, özünlə Bakıya gətirəsən, amma mina təhlükəsinə görə ancaq rekvizit kimi baxıb keçirdik, yaxınlaşa bilmirdik.
- Gecəni orda qaldınız?
- İlk əvvəl Kəlbəcərdə gecələməyi planlaşdırmamışdıq. Yolun o qədər uzun və çətin olduğunu təxmin etməmişdik. Həm də yollar təhlükəli idi. Ona görə gecə Kelbəcərdə qalası olduq.
Həmin gecəni heç vaxt unutmayacam. Əsrə bərabər gecə... Polis keçmiş səsvermə məntəqəsində yerləşirdi. Birmərtəbəli kiçik tikili idi. Orda ermənilər işıq sistemini sıradan çıxarmışdılar. Ona görə generatordan istifadə olunurdu. Qaydaya görə, saat 9-dan sonra otaqda işıq sönməliydi. Polis şöbəsində bizi isti qarşıladılar. Həm də təəccüblənmişdilər. Nə yaxşı buralara qədər gəlib çıxdığımızı soruşdular. Hətta biri hardan olduğumla maraqlandı. Qarabağ deyəndə gülümsündü, dedi, yalnız bir qarabağlı qızı indi bura gələrdi. Dedim, mən öz torpağımdayam, ona görə rahatam, sizə və səfər yoldaşlarıma arxayınam.
Təəccüblü olan o idi ki, orada otaqlar isti idi, kombi sistemi vardı. Polis rəisinin səyi ilə hər şey sıfırdan qurulurdu. Mənə ayrıca otaq, bir də təzə yataq torbası verildi. Bu yataqdan adətən çöldə yatmaq üçün istifadə edirlər. Mən ilk dəfəydi belə bir kisədə yatırdım. Qafqaz əsiri kinofilmindəki Nina kimi (gülüş). Yatmaq deyəndə ki, o qərib gecənin səhərini dirigözlü açdım. Hər saat telefona baxaraq...
- Nə düşünürdünüz gecə boyu?
- 27 il öncə Füzulidən çıxan nənəmgildə keçirdiyim gecələri xatırladım. Bu yerlərin xiffətiylə dünyasını dəyişən insanları: babalarım, nənəm, xalam, dayım... Bu torpaqlara görə can qoyan şəhidləri, igidləri, məcburi köçkün həyatı yaşayan kəlbəcərliləri... Qarabağda olduğuma inanmırdım. Səhərə kimi əlisilahlı əsgərlər idarəni qorudu. Sübh tezdən günəşi Qarabağdan salamladım.Yuxusuz olsam da, xoşbəxt idim. Buz kimi suyla əl-üzümüzü yuyub sağollaşdıq. Yolumuz İstisu fontanına idi. Hərbçi bələdçimiz də bizimlə gəldi. Günəş işığında Kəlbəcər daha da cəlbedici görünürdü. Adam istəyirdi, hər yerdə dayanıb foto çəkdirsin. Təəssüf, qaranlıq düşməmiş geri qayıtmalıydıq...
- Sonra harda oldunuz?
İstisuya getdik. Çəkilişimizi orda bitirdik. Bizə dedilər, qarşıda turşusu, mərkəz istisu və digər gözəlliklər var, amma saat əqrəbləri bizi geri çağırırdı. Vaxtın tez keçməsinə heyfsilənirdim. Az qalırdım saatı saxlayım. Bir az da qalmaq istəyirdim, amma yolçu yolda gərək. Yol çayın böyründən keçirdi. Səhv etmirəmsə, Tərtər çayı idi.
Biz həmin çayın kənarı ilə irəliləyirdik. Həmin yerdən xatirə qalsın deyə daşlar götürdüm. Sonra bir məkana çatdıq. Dedilər, "Bir qalanın sirri" filminin bəzi epizodları burda çəkilib. Qayalıqların oyma mənzərəsi adamı heyrətə salırdı. Baxıb başa düşürdüm ki, ən böyük rəssam elə Tanrıdır, Kəlbəcər də onun şah əsərlərindən biridir.
- Son təəssürat kimi nə deyərdiniz?
- Bilmirəm, bir də nə vaxtsa ora getməyə imkanım olacaq, ya yox, amma onu bilirəm ki, Kəlbəcərə ilk səfərim ən unudulmazı olacaq. Bütün ilklər kimi. Mən bu yerləri sevdim. Bütün çətinliklərə rəğmən ora getməyim möhtəşəm oldu. Məncə, hər azərbaycanlı ən azı bir dəfə Kəlbəcər nağılını yaşamalıdır.