Arxeoloq: “Bu torpaqlar 13-cü əsrdən sonra Qarabağ adlanıb” – Müsahibə

Arxeoloq: “Bu torpaqlar 13-cü əsrdən sonra Qarabağ adlanıb” – Müsahibə
19 noyabr 2020
# 12:30

Kulis.az AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynovun APA-ya müsahibəsini təqdim edir.

- Bildiyimiz kimi, Ağdamı boşaldan ermənilər özləri ilə orada apardıqları arxeoloji qazıntıların nəticələrini də çıxarırlar. Ermənilərin 14 il ərzində Qarabağda ən çox arxeoloji qazıntı apardıqları ərazi də məhz bura olub. Niyə məhz Ağdam?

- Erməni arxeoloqlarının məhz Ağdamda, Şahbulaq qalası ətrafında genişmiqyaslı qazıntılara başlamalarının səbəbi uydurma Tiqranakert şəhərini axtarmaq olub. Niyə uydurma? Çünki tarixi mənbələrin heç birində Qarabağ ərazisində Tiqranakert olması ilə bağlı məlumat yoxdur. 1828-ci ildə Türkmənçay sülh müqaviləsindən sonra İran və Türkiyə ərazilərindən Qarabağa köçürülən ermənilər yerli xristian əhalinin tarixini mənimsəməklə uydurma tarixlərini Qarabağa da daşımağa başladılar. Bu üzdən XIX əsrin ikinci yarısında İrəvan yaxınlığında yerləşən Eçmiədzin kilsəsinin zirzəmisində Sebios adlı rahibə məxsus “İmperator İraklinin tarixi” adlı əsər tapıldığı elan olundu. Dərhal bu əsər İstanbula göndərilərək çap olundu. Bu əsərdə artıq Qarabağ ərazisində Tiqranakert adlı yer olmağından danışılırdı. Ümumiyyətlə, XIX əsrin ikinci yarısında belə kitablar həmin bu Eçmiədzinin zirzəmisindən göbələk kimi çıxmağa başlayırdı. Hər birində də belə bir uydurma məsələ ortaya qoyulurdu. Guya vaxtı ilə bu torpaqlarda “Böyük Ermənistan” adlı dövlət olub.

Yəni, deməyim odur ki, Tiqranakert uydurması bu gün başlamayıb, Türkmənçay müqaviləsindən sonra buna start verilib. Erməni alimlər elmi tədqiqatlarında uzun illər bir-birinə ötürülən peşəkar uydurma yaradıblar. Zərbəni də Qarabağ xanlığının ikinci qalası olan Şahbulaqdan vurublar.

- Bu arxeoloji qazıntılar bu günün, dünənin planı deyil, əsası hələ 200 il əvvəldən qoyulub?

- Bəli. Ermənilər guya Eçmiədzin kilsəsinin zirzəmisindən tapılan o əsəri çap edib dünyaya yayandan sonra hamı Tiqranakert axtarmağa başladı. Bu dövrdən uydurma şəhər onların ideologiyasında əsas yeri tutdu. Gah dedilər, Kürlə Araz qovuşan yerdədir, gah dedilər, indiki Ermənistanın ərazisindədir. Ermənilər Qarabağa tam köçüb qurtarandan sonra xaricdəki ermənilər onlara kömək etməyə başladılar. Köçkün ermənilərin mövqeyini möhkəmləndirmək üçün İranda ticarətlə məşğul olan ermənilərdən Hakop Melik Hakopyan adlı biri XIX əsrin sonlarında Qarabağın xristian əhalisinin tarixini yazdı. Kitab “Xəmsə məlikləri” adlanırdı. Bu kitabda artıq Tiqranakertin indiki Ağdam ərazisində ola biləcəyi ehtimalının əsası qoyuldu. Özünə Raffi ləqəbi götürən bu erməni Qarabağa səyahət də etdi, öz əsərini yazmaq üçün bir-bir bu yerlərdə olan abidələri gəzdi. Hətta Hakopyan Şahbulaq yaxınlığındakı Tərnöyüt kəndinə gələrək bu yerin Tiqranakertin dəyişilmiş forması olduğunu yazdı. Onlara toponomik ad oxşarlığı lazım idi deyə, Tərnöyütü tapan kimi dedilər ki, Tiqrankert elə buralardadır. Sonrakı dövrlərdə bu iddianı davam etdirdilər.

- Sovet dövründə proses necə davam elədi? Bizim alimlər bunlara qarşı qoymurdu, yoxsa susub gözləyirdilər?

- Sovet dövründə vəziyyət başqa cür oldu. 1952-ci ildə T.Yeremyan adlı erməni alim “Erməni xalqının tarixi” əsərini yazdı. Kitabda “Böyük Ermənistan” xəritəsi də var idi. Xəritədə Tiqranakert Şahbulaq yaxınlığında göstərilmişdi. Azərbaycan arxeoloqları 1958-ci ildən Ağdamın Boyəhmədli kəndinin ərazisində Gavurqala adlı yerdə qazıntı apardılar. Qazıntıda qəbir sənduqə aşkar ediləndə bütün ermənilər səs-küy qaldırmışdılar ki, Azərbaycan arxeoloqları Tiqranakerti tapdı. Sənduqənin üzərindən erməni yazısı çıxmışdı. Ermənilər bu yazını oxuyanda gördülər ki, sənduqənin üstündə Alban hökmdarı Qriqori Hamamın qardaşı dəfn olunduğu yazılıb. Bundan sonra alimlər arasında yenidən elmi mübahisələr başladı. Hətta o vaxt, Azərbaycan arxeoloqlarından da Tiqranakertin bu ərazilərdə olmasını dəstəkləyənlər də var idi.

- Sənduqənin üzərindəki yazı erməni, yəni qrabar dilində olub?

- Bəli, qrabarda olub. Bir haşiyə çıxım. Orta əsrlərdə qrabar Qriqoryan kilsəsinin rəsmi dilinə çevrilmişdi. Necə bu gün müsəlmanlar ərəb dilində ayinləri yerinə yetirirlərsə, o dövrdə də monofizit təriqətində olan və Qriqoryan kilsəsinə tabe olan kilsələrdə yazılar bu dildə yazılır, dualar bu dildə oxunurdu. Alban kilsəsi də ərəblərin Azərbaycana gəlməsindən sonra Qriqoryan kilsəsinə tabe edildiyini bilirik. Qrabar erməninin bu gün danışdığı dil deyil, erməni dili tamamilə fərqlidir. Erməni kilsəsi də, Alban kilsəsi də bu dildən istifadə edib.

- Ermənilərin Qarabağı işğalından sonra Tiqranakert istiqamətində axtarışları daha geniş vüsət aldı. Bu qazıntılar nəticəsində nələr aşkar etdilər?

- Ermənilər Ağdam ərazisini işğal edəndən sonra yenidən bu ideyalarını həyata keçirməyə davam etdilər. 2005-ci ildən Tiqranakert iddiasını rəsmiləşdirmək niyyətinə düşdülər. Çünki onlar bilirdilər ki, BMT-nin müvafiq qətnamələri var, bu qətnamələrə əsasən nə vaxtsa Qarabağdan çıxmalıdırlar. Buna görə də məqsədləri Ağdamda arxeoloji qazıntılar aparıb həmin uydurma Tiqrankerti tapmaq idi.

- Kobud şəkildə desək, elmi öz məqsədlərinə alət etdilər.

- Arxeologiya elmini konkret olaraq siyasi maraqlarına alət ediblər.

- Siz erməni arxeoloqlarının Ağdam ərazində apardıqları qazıntı prosesini virtual da olsa izləmisiniz. Ona görə soruşuram, ermənilər ordan nə tapdılar, məlumdurmu?

- 2005-ci il Ermənistanın Elmlər Akademiyasından arxeoloq Hamlet Petrosyanın başçılığı ilə əraziyə bir qrup gəldi. Onlar arxeoloji kəşfiyyat apardılar ki, Tiqranakerti harda tapaq? Yəni, onların Ağdama gələndə məqsədi o idi ki, nəyin bahasına olursa-olsun torpağın altından itmiş şəhər çıxarsınlar.

- Belə deyək, macəra filmlərində olduğu kimi, itmiş şəhər axtarışına çıxdılar?

- Bəli. Mən sizə deyim, hələ 2005-ci ildə ermənilər elan etdilər ki, şəhər yeri tapmışıq, bu Tiqranaklertdir. Hələ qazıntı aparmamış necə bilərsən ki, tapdığın şəhər qalığı Tiqranakertdir? Elmi baxımdan bu absurddur. 2006-cı ildə qazıntı işlərinə başladılar və qazıntılar 14 il ərzində, düz bu ilin avqustun 25-ə qədər davam elədi. Qazıntı nəticəsində Şahbulaqdan 1000 metr kənarda V əsrə aid bazillik kilsə çıxdı. Hansı ki, ermənilərdə həmin dövrə aid o formada kilsə yoxdur. Ordan bir az kənarda böyük şəhərin sütunları, daşdan hörülmüş özüllər çıxdı. Belə deyək, çox mükəmməl bir şəhər qalıqları çıxdı. 14 il ərzində də bütün dünya kanallarını, alimləri ora dəvət etdilər, dünyaya hay saldılar ki, Tiqrankerti tapmışıq. Sən əvvəldən onsuz da Tiqranakerti tapmaq istəyirdin. Çünki sənin uydurma bir ideologiyan vardı ki, bu ərazidə Tiqarankert olmalıdır. Heç bir arxeoloq o cür işləmir, desin ki, ərazidə bunu axtarırdım, tapdım.

- Bəs tapılan şəhər Tiqranakert deyilsə, hansı şəhərdir?

- Ermənilər Şahbulağın içərisində qanunsuz olaraq muzey yaradaraq adını da Tiqranakert Muzeyi qoydular, tapılan arxeoloji materialları da orada sərgilədilər. Ərazini də Tiqranakert qoruğu elədilər. Orda tapılan keramikalara baxsaq görərik ki, Beyləqanın Örənqala ərazisində, Bərdədə aşkar olunan keramikaların eynisidir. Bunlar deyir ki, Tiqranakert 1-ci əsrdən 14-cü əsrə kimi inkişaf edib. Necə ola bilər ki, 14 əsr inkişaf etmiş bir şəhər tarixi mənbələrin heç birinə düşməyib? Amma ordan çıxan materialların Beyləqan və Bərdə kimi qədim şəhərlərimizdən tapılan materiallarla oxşar olması o deməkdir ki, Ağdam ərazisində tapılan şəhər eyni dövlətin şəhərlərindən biridir. Sadəcə, problemimiz ondadır ki, bu günə qədər alimlərimiz müəyyən edə bilməyiblər ki, Qafqaz Albaniyasının hansı digər şəhərləri orada yerləşə bilər. Düzdür, bunun da obyektiv səbəbi olub ki, həmin ərazidə işləyə bilməmişik, bu işlər bundan sonra aparılacaq. Qafqaz Albaniyasının çox şəhəri var, lakin biz onların yerini hələ ki, bilmirik.

- Belə çıxır ki, həmin ərazidə həqiqətən böyük şəhərin qalıqları var, lakin bu, ermənilərin iddia etdikləri Tiqranakert deyil, Qafqaz Albaniyasının bizə məlum olmayan başqa bir şəhəridir?

- Bizim alimlərimizin bir çoxundan eşitmişəm ki, orda Tiqrankert ola bilməz. Aydındır ki, ola bilməz. Lakin orada çox güclü, ilk orta əsrlərə aid inkişaf etmiş şəhər yeri var. Və o ərazinin yaxınlığında Gavurqala tapılıb. Gavurqalanın da Albaniyaya aid olması sübut olunduğuna görə bu şəhərin də Albaniyanın olması düşünülür. Bu, Qafqaz Albaniyasının şəhəridir. Bu yaxında ordan bir yazılı disk də çıxdı, üzərində “Mən Allahın qulu Vaçe” yazılmışdı. Vaçe də Alban hökmdarı olub. Sadəcə, yazı qrabar dilində olduğu üçün yenə ona şübhəli yanaşıldı.

- Belə baş düşdüm ki, bizim elmimizin bir problemi də odur ki, qrabar dilinə sahiblənə bilmirik?

- Yəni, Qafqaz Albaniyasına aid kilsə Qriqoryan kilsəsinə birləşdirildikdən sonra istifadə etdiyi dil olub. Bunu qəbul etmək lazımdır. Düzdür, mətləbdən bir qədər uzaqlaşıram, amma onu deyim ki, 1970-ci ildə Azərbaycan SSR Tarix İnstitutunun bir qrup arxeoloqu Rəşid Göyüşovun rəhbərliyi ilə indiki Suqovuşan ərazisinə arxeoloji ekspedisiyaya gedir. Ekspedisiyanın məqsədi o olur ki, o vaxt Madagiz adlanan ərazidə Yegişe Arakel məbədinə gedib, kəşfiyyat aparsınlar, daşlar üzərində yazıların üzərini köçürüb, Müqəddəs Vaçaqanın qəbrini qazsınlar. Mən ekspedisiyanın hesabatını oxumuşam, bizim arxivdə var. Gedib ora çıxırlar, araşdırma aparanda məlum olur ki, ermənilər bizim ekspedisiyadan əvvəl gəlib kənar daşlarını sındırıb əsas qəbrin daşını götürüb Ermənistana aparıblar.

- Yəqin ki, qəbri sonradan geri almaq mümkün olmayıb?

- Olmayıb. Lakin Rəşid müəllim qəbri Ermənistandan gələn arxeoloqların apardığını hesabatda fakt kimi qeyd edir və bir çox yerə bu barədə məlumat verir. Qəbrin yerləşdiyi sövmənin üstündəki kitabədə qrabar dilində yazılıbmış ki, Mömin Vaçaqanın qəbri buradadır. Digər məşhur Alban kilsəsi var, Xocavənd ərazisində, Amaras kilsəsi. Sovet dövründə Azərbaycan arxeoloqları burada da belə fakt müəyyən edirlər. 1967-ci ildə ora yoxlama işləri aparmağa gedən arxeoloqlar və ekspedisiya rəhbəri Rəşid Göyüşov müəyyən edir ki, Albaniyada xristianlığı yayan ilk adamlardan biri olan Qriqorisin qəbrini hələ 1961-ci ildə Ermənistandan gələn memarlıq institutunun əməkdaşları qazıblar və materialları da aparıblar. Yəni deməyim odur ki, ermənilər artıq uzun müddətdir ki, Qafqaz Albaniyasının əsas mənbələrini yoxa çıxarmaqla məşğuldurlar.

- Qarabağda aparılan qazıntıların nəticələrindən qara bazara çıxarılanları da olur?

- Dağlıq Qarabağda aparılan istənilən arxeoloji qazıntının yalnız bir məqsədi olub - təbliğat. Özlərinin qondarma rejimlərini dünyaya göstərsinlər ki, biz artıq dövlət olmuşuq, bizim öz mədəni irsimiz var və bunu araşdırırıq. Sözsüz ki, bu zaman xarici alimlər də bunlarla əlaqəyə girmək istəyib. Xristian abidələri olduğuna görə xristian təəssübkeşləri də onlara dəstək olub. Bir faktı deyim. Şahbulaq yaxınlığında aparılan qazıntıda 2010-cu ildə erməni arxeoloqları xəbər vermişdilər ki, eramızdan əvvəl 1-ci əsrə aid Parfiya hökmdarı III Mitridata məxsus 2 ədəd sikkə tapıblar. Bu sikkələr həmin muzeydə saxlanırdı. Hər gələn qonaqlarına da fəxrlə göstərirdilər. Sikkə şəhər yerindən yox, Şahbulaqdan bir qədər aralı olan nekropoldan çıxmışdı. Amma 2018-ci ildə maraqlı bir hadisə baş verdi. Hamlet Petrosyan özü Facebook profilində hay-həşir saldı ki, sikkələr muzeydən oğurlanıb. Kimlərsə oğrudan da oğurluq ediblər. Düzü, bu sikkələrin ordan aşkar edilməsinin özü də şübhəli idi.

- Bu qanunsuz qazıntılarla bağlı əməli tədbirlər görülürmü? Bir də hazırda oradan daşınan arxeoloji materialların təxmini də olsa, siyahısı aparılıbmı?

- Biz yalnız müəyyən görüntülərdə gördüyümüz arxeoloji materiallar haqqında nəsə deyə bilərik. Məsələn, uydurma Tiqranakert Muzeyində təkcə Şahbulaqdan tapılan arxeoloji eksponatlar saxlanılmır. Şahbulaq ətrafında Boyəhmədli kurqanları olub. O kurqanlar vaxtı ilə, hələ 1987-ci ildə bizim arxeoloq, tarix elmlər doktoru, professor Hidayət Cəfərov tərəfindən aşkar edilərək ilkin qeydiyyata alınmışdı, lakin hələ tədqiqat aparılmamışdı. Ermənilər 2007-ci ildən o kurqanlardan ikisində qazıntı aparmışdılar. Həmin kurqanlardan çıxan arxeoloji materiallar da o muzeydə idi. Əgər eksponatlar artıq Ağdamdan çıxarılaraq İrəvana aparılıbsa, bir yol qalır ki, həmin arxeoloqlara cinayət işi açılmalıdır. Daha sonra materialların geri qaytarılması hüquqi yolla baş verməlidir. Mənim təklifim odur ki, müharibənin sonunda bağlanacaq hansısa müqavilədə arxeoloji qazıntıların nəticələrinin Azərbaycana qaytarılması tələbi də qoyulsun: Ağdam ərazində apardığınız arxeoloji qazıntıların nəticələrini də geri qaytarın. Bu onlara ən böyük zərbə olar. Çoxu elə bilir ki, ermənilərin uydurma Tiqrankertdən materialları qaçırmağı ilə məsələ bitəcək. Xeyr, biz o materialları geri alsaq, bu erməni ideologiyasına vurulan zərbə olacaq. Ermənilər istəyirlər ki, bu ərazilərdən çıxsalar da, dünyaya hay salsınlar ki, bizim orada Tiqranakertimiz vardı, bu da ordakı qazıntılardan olan tapıntılarımız...

- Siz deyirsiniz ki, ermənilərlə sonrakı mərhələdə bağlanacaq razılaşma sənədində arxeologiya ilə bağlı da bənd olsun?

- Çox güman, belə bir bənd olacaq, amma mən də təklif edirəm, yazılsın ki, oğurladığınız maddi-mədəni irsi də təhvil verin. Çünki ermənilər bu materialları elmi üsulla əldə etməyiblər, oğurlayıblar. Bu da cinayətdir və o qazıntıları aparan arxeoloqlar - başda Hamlet Petrosyan, Njde Yeremyan olmaqla tapılıb cəzalandırılmalıdır. Biz Arxeologiya və Etnoqrafiya İnstitutu olaraq bu barədə artıq Baş Prokurorluğa da müraciət etmişik. Azıxda və Ağdamda qazıntı aparan erməni və xarici arxeoloqların siyahısını təqdim etmişik. Arxeologiya elmi baxımından nələr etməliyik? İş orasındadır ki, ermənilər dünyaya bu şəhəri Tiqranakert kimi elan edəndə də ciddi alimlər qəbul etmirdilər. Sadəcə, ermənilərin beynəlxalq aləmdə də öz dairələri, alimləri var. Ermənilər məhz həmin alimlər hesabına Tiqranakerti elmi ədəbiyyata daxil etməyə çalışırdılar. Lakin artıq işğal bitdiyi üçün ermənilərin bir yolu qaldı ki, arxeoloji qazıntıların nəticələrini oğurlayıb aparsınlar. Onların bu materialları oğurlayıb aparmaqda məqsədləri qondarma “Böyük Ermənistan” ideologiyasını davam etdirməkdir.

- Hazırda problemli məsələlərdən biri də Kəlbəcərdə yerləşən Dadivəng-Xudavəng monastırı ilə bağlıdır. Erməni keşişlər ordan çıxmaq istəmirlər, rus sülhməramlıları da artıq orada post qurublar. Bu barədə nə deyə bilərsiniz? Bu monastırın ermənilərə nə aidiyyəti var?

- Əvvəla onu deyim ki, “Dadivəng” sözünün erməniyə aidiyyəti yoxdur. Dadi xristianlığı yaymaq üçün Qarabağa gəlmiş həvari Faddeyin şagirdidir. Özü də erməni deyil. Əfsanəyə görə, Dadi həmin yerdə basdırılıb və üzərində monastır tikilib. Əlbəttə, bunlar daha çox əfsanə xarakterli məlumatlardır. Dadivəng monastırı isə Qafqaz Albaniyasına məxsus monastırdır, 9-cu əsrə aid edilir, amma əsas hissəsi 13-cü əsrdə tikilib, Qafqaz Albaniyası ləğv edildikdən sonra isə Xaçın knyazlığı yaranıb, monastır da onlar tərəfindən inkişaf etdirilib.

- Xaçın erməni knyazlığı olmayıb?

- Xeyr, onlar özlərini alban hesab edirdilər. Xaçın knyazlığı Qafqaz Albaniyasının varisidir və onun nəslindən olan Xaçın məlikliyi də xanlıqlar dövrünə qədər gəlib çıxıb. Xaçın knyazlığının hökmdarları Qarabağda düz birinci əsrdən öz şəcərələrini qoruyub saxlayıblar. Hətta Qafqaz Albaniyasının kilsəsinə Xaçın knyazlığından seçilən nümayəndələr rəhbərlik ediblər. Onlar Qafqaz Albaniyasının ənənələrinin daşıyıcısı olublar, Dadivəng monastırı da onlara məxsus olub. Azərbaycan xalqının etnogenezində iştirak edənlərdən biri də onlardır.

- Yəni milliyyətcə erməni olmayıblar?

- Qətiyyən. Bütün ədəbiyyatlarda Xaçın knyazlarının kimlər olduğu göstərilib. Bunlar hamısı sübut olunub. Onlar özlərinə məxsus yazılarda neçə nəsil burada yaşadıqlarını göstərirlər, həmin şəcərəyə də baxanda görürsən ki, bu adamlar Qafqaz Albaniyasının knyazlarıdır. Bu knyazlığın nümayəndələri də öz daş abidələri üzərində olan yazılarda mənşələrini həmişə göstəriblər.

- Ermənilər isə Xaçın knyazlığının erməni dövləti olduğunu deyirlər.

- Yoxdan Tiqranakert yaradan ideologiya bunu da deyər. Köçkün gələn xalq özünə uydurma ideologiya da yaratmalıdır, başqa yolu yoxdur. Ermənilər özlərini bu coğrafiyada yayılmış xristianlıq dininin sahibi kimi göstərir, hər şeyi öz adlarına çıxmağa çalışırlar. Ermənilər deyirlər ki, Arsaxın qədim əhalisiyik. Halbuki Arsax sözünün erməniyə heç bir dəxli yoxdur. Ümumiyyətlə, Arsax sözündən qorxmaq da lazım deyil. Bu torpaqların adı 13-cü əsrdən sonra Qarabağ adlanıb. Amma 13-cü əsrə qədər olan mənbələrdə Arsax, Arran, Ərran adlanıb.

Bizim tarixçilər Arsax sözünün bu gün müxtəlif mənalarını verirlər. Amma Qafqaz Albaniyasının Arşakilər sülaləsi olub, Xaçın knyazları da deyirdilər ki, biz Arsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarıyıq. Arşakilər Qafqaz Albaniyasının hökmdarları idi, ilk kilsələr də elə onların dönəmində inşa edilib.

Yəni deməyim odur ki, Arsaxın və Xaçın knyazlığının ermənilərə qətiyyən aidiyyəti yoxdur. Oxucular bəlkə bunu bilmirlər, amma bütün dünya tarixçiləri Arşakiləri və Xaçın knyazlığını Qafqaz Albaniyasının hökmdarları kimi qəbul ediblər. Çünki daş kitabələrdə adları çəkilən adamlar Qarabağın yerli xristian əhalisi olan albanlardır. Ermənilər çalışırlar ki, albanların tarixini oğurlayıb onun üzərində öz tarixlərini yaratsınlar.

- Ermənilər Dadivəngdə arxeoloji qazıntı aparıblar?

- Bəli, elə həmin Hamlet Petrosyanın özü 2017-ci ildə xəbər vermişdi ki, arxeoloji qazıntı işləri aparılıb. İki ay qazıntı aparandan sonra dünyaya car çəkdilər ki, biz Dadinin qəbrini tapmışıq. Gülüncdür. Çünki Dadi əfsanəvi fiqurdur. Tarixdə belə bir adamın olması da şübhəlidir. Hətta bəzən Dadi ilə Müqəddəs Yeliseyin eyni şəxs olmasını güman edənlər də var. Ümumiyyətlə, Dadivəng monastırının ətrafında həmişə türklər yaşayıb, türk kəndləri olub, Kəlbəcərdə heç vaxt erməni olmayıb.

- Ümumilikdə, Qarabağa ərazisində nə qədər alban məbədi var, nə qədəri erməniləşdirilib, nə qədəri qalır, nə qədəri məhv olub?

- Təxmini siyahı demək çətindir. Ermənilər iddia edirlər ki, Qarabağda 200-dən çox kilsələri var. O kilsələrin hamısı Qafqaz Albaniyasına məxsus idi. Bizim siyahıda da Qafqaz Albaniyasına aid kilsələrin adı var. Amma Qarabağ meşələrində nə onların, nə də bizim siyahılarımızda olmayan abidələr çoxdur. İşğaldan sonra ora gedən arxeoloji qruplar meşənin içində elə saraylara, abidələrə rast gələcəklər ki, bu günə kimi heç biri öyrənilməyib və xaraba olaraq qalıb. Mən bunu dəqiq bilirəm. Xaçın knyazlarının nə qədər abidələri var ki, meşənin içində yoxa çıxır. Dadivəng monastırından iki-üç kilometr aralıda, meşənin içərisində Xaçın knyazlarının möhtəşəm sarayının qalıqları var. Saraydan əsər-əlamət qalmayıb, ermənilər daşın da daşıyıb özlərinə ev tikiblər. Bu abidələr erməniyə aid olmadığına görə onlar istəyirlər ki, dağılıb yox olsun. Çünki bu abidələrin tarixi-arxeoloji tərəfini düşünə bilməyiblər. Dadivəng monastırı üçün nəsə ideologiya uydurub və əhalisini onun ətrafına toplaya biliblər, amma bu abidələr üçün yalan uydura bilməyib, ona görə də həmin abidələri gizlədirlər, üzə çıxarmırlar. Çünki abidəni üzə çıxaranda onun tarixini də yazmalısan, tarixini yazanda da gedib Qafqaz Albaniyasına çıxacağını bildikləri üçün ermənilər qorxurlar.

- Dünya elmi alban məbədlərini erməni abidəsi kimi tanıyır, yoxsa sübut eləmişik ki, bunlar hamısı alban məbədləridir?

- Açıq danışaq, dünya elmi bu barədə hələ öz sözünü demir. Bizim dünya səviyyəsində elmi tədqiqatlar aparan tədqiqatçılarımız da azdır. Əgər biz Qarabağdakı alban məbədlərindən birini UNESCO-nun siyahısına sala bilsək, dünya artıq fakt qarşısında qalacaq. Elmi ədəbiyyatlarda bu abidələrin, məbədlərin Qafqaz Albaniyasına aid olması qəbul edilir, bəzən isə mübahisə obyekti olur. Bizə bunu xarici elmi dairələrdə sübut etmək lazımdır. Çünki müstəqillik qazanandan sonra o torpaqlar işğal altında qalıb, biz tədqiqat apara bilməmişik. Yalnız bundan sonra biz öz tədqiqatlarımızı apara bilərik.

- Albaniya tarixi haqqında əlimizdə olan ən vacib əsər Moisey Kalankatuklunun “Albaniya tarixi” əsəridir. Nəzərə alsaq ki, bu əsər qrabar dilindədir və ermənilərin əlindən keçərək dünyaya çatıb, o zaman onun səhihliyinə nə qədər etibar edə bilərik?

- Mən, ümumiyyətlə, erməni dilində olan tarixi əsərlərə şübhə ilə yanaşıram. Bayaq adını çəkdiyim Sebiosun əsəri kimi, bütün bu əsərlərin hamısı həmin o erməni zirzəmisindən çıxır. Erməni həmişə nə deyir? Bizim kilsədə bir mənbə var, son orta əsrlərdə hansısa rahib onun üzünü köçürüb, üzünü köçürəndə qəfildən tapdıq. Yəni bu abidələrin orijinalı yoxdur. Təəssüf ki, bu gün elmi dairələrdə həmin erməni mənbələrindən istifadə edilir. Ümumiyyətlə, erməni dilli mənbələrlə bağlı elmi ədəbiyyatlarda həmişə mübahisə var.

- Bizdə hazırda qrabar dilini bilən mütəxəssislər varmı?

- Vaxtilə Ziya Bünyadov kimi alimlərimiz var idi, Fəridə Məmmədova kimi alimimiz var, təəssüf ki, indi elə alimlərimiz azdır. Mən bildiyim qədəri ilə hazırda Azərbaycanda qrabarı oxuyub hansısa mənbəni tərcümə edən alimimiz yoxdur.

- Qafqaz Albaniyasının özünün əlifbasının olması elm aləmində nə dərəcədə təsdiqini tapıb?

- Alban əlifbası olub, vaxtı ilə Mingəçevirdən qurbangah üzərində yazı nümunələri aşkar edildi. Daha sonra bu əlifba tamamilə öyrənildi. Əlifba sistemi bəllidir. Bundan başqa Sinay yarımadasında bir kilsənin zirzəmisindən tapılan əlyazma da alban dilindədir. Qafqaz Albaniyasının özünəməxsus dilinin, əlifbasının olmasını dünya qəbul edir, hətta bununla dünya alimləri məşğul olur. Təəssüf ki, Qafqaz Albaniyasına məxsus kitablar günümüzə erməni qrabar dilində gəlib çatıb. Niyə? Çünki vaxtı ilə Alban kilsəsi öz kitablarını və dini ayinlərini qoruyurdu. Lakin Alban kilsəsi erməni kilsəsinə tabe etdirildikdən sonra bütün yazılı mətnlər Eçmiədzinə daşınır, orada məhv edilib-edilmədiyini bilmirik. Məhz Alban kilsələrindəki əlyazmalar Eçmiədzinə daşınandan bir müddət sonra Musa Kalankatuklunun, Mxitar Qoşun və başqalarının kitablarını qrabar dilində çıxardılar. Buna görə də o kitabların alban dilində qalıb-qalmadığını dəqiq bilmirik. Orijinalı ya məhv eləyiblər, ya da özlərində saxlayıblar.

- Ermənilər Şuşada da qazıntı aparıb?

- Bəli, Şuşada Yuxarı Gövhər Ağa Məscidində təmir işləri aparılmamışdan qabaq arxeoloji qazıntı aparılıb, həmin Njde Yeremyan da orada iştirak edib. Şuşanın bir neçə yerində qazıntı aparılıb. Qaladan çöldə Xankəndinə tərəf olan istiqamətdə iki kurqan qazılıb, sonra qala divarlarının altında qazıntı aparıblar, o da Şuşanın tarixini daha da qədimləşdirib ermənilərə bağlamaq məqsədi daşıyıb. Halbuki Şuşa 1750-1751-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb. Lap son dövrlərdə, təxminən iki il əvvəl isə Daşaltı mağaralarında qazıntı aparmağa başlamışdılar. Halbuki vaxtı ilə Məmmədəli Hüseynovun Azıxda olan ekspedisiyası bir müddət orda iş aparmışdı, abidələri qeydiyyata alıb, dövrünü müəyyən etmişdi, bizdə mədəniyyət abidələrinin siyahısında da qeydiyyatda idi. Lakin ermənilər iki il əvvəl dünyaya yenidən car çəkdilər ki, ibtidai insanın yaşadığı mağaralar tapmışıq və arxeoloji qazıntılara başlamışıq. Yəni Şuşa və Şuşa ətrafında da bu arxeoloji qazıntılar olub.

- Yəqin ki, müəyyən müddətdən sonra işğaldan azad edilmiş bölgələrdə arxeoloji qazıntıların aparılmasına icazə veriləcək. Bu zaman arxeoloqların əsas işi nə olacaq, nədən başlayacaqlar?

- Əvvəlcə bütün ərazidə arxeoloji abidələrin ilkin qeydiyyatı aparılmalı, onların vəziyyəti öyrənilməlidir. Bu zaman ermənilərin də xəbəri olmayan yeni abidələr ortaya çıxa bilər. İlkin olaraq ərazinin arxeoloji xəritəsi hazırlanmalıdır. Daha sonra arxeoloji ekspedisiyalar hərəsi öz dövrünə uyğun tədqiqatlarını davam etdirməli, erməninin bu günə qədər ortaya qoyduğu yalanları üzə çıxarmalıdır. Hamlet Petrosyan da bu yaxınlarda öz Facebook səhifəsində yazıb qabaqdangəlmişlik edirdi ki, bilirəm, Ağdam ərazisinə Azərbaycan arxeoloqları gələndən sonra mənim arxeoloji metodumu da səhv çıxaracaqlar. Ümumiyyətlə, Qarabağa gəlmiş bütün arxeoloqlar cinayət törətdiklərini bilirlər. Onların ən böyük qorxusu da odur ki, qazıntını elmi cəhətdən düzgün aparmadıqları ortaya çıxacaq. Onlar özlərinə lazım olan materialları saxlayıblar, lazım olmayanları məhv ediblər. Amma arxeoloq ora gəlib baxanda görəcək ki, abidənin hansı hissəsində dağıntı olub, hansı hissəsində elmi metodlarla qazıntı aparılıb, hansı hissəsində yox. Buna görə də artıq qorxuya düşüblər. Onlar nə qədər material aparsalar da, torpaqda hələ də nə qədərisə qalıb. Biz onları qazıb çıxaracaq, öz işimizi davam edəcəyik. Konkret olaraq uduzan ermənidir, yalançı ideologiyalarına son qoyuldu, uydurduqları Tiqranakerti isə bellərində apara bilmədilər. Biz orda qazıntı aparıb dünyaya sübut edəcəyik ki, ermənilər 14 ildir “Tiqranakert” deyə-deyə başınıza oyun açıblar. Onların sizə bəyan etdikləri bu şəhər doğru deyildi, uydurma idi. Dünya da görəcək ki, 14 ildir hansı yalançıların dırnaq arası elmi kəşflərinə inanıblar.

# 4064 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #