ASAN Radionun aparıcısı: “Şair-yazıçılar elə mənasız şeylərə ağlayırlar ki...” – Müsahibə

ASAN Radionun aparıcısı: “Şair-yazıçılar elə mənasız şeylərə ağlayırlar ki...” – Müsahibə
4 noyabr 2020
# 08:57

Kulis.az “Ulduzlu çərşənbəsi”nin qonağı Asan Radionun aparıcısı, aktrisa Kəmalə Mustafayevadır.

- Kəmalə, necəsən? Yadındadırsa, bundan əvvəl səndən Kulis üçün aktrisa kimi müsahibə almışdıq. Özün özünü aktrisa saymasan da Taleh Yüzbəyovun layihəsində maraqlı rolların var. Amma indi ASAN Radionun məşhur aparıcısı Kəmalə Mustafayeva kimi danışmağını istəyirik. Əvvəlcə ondan başlayaq: aparıcılıq nədir?

- Təşəkkür edirəm. Bu günlərdə hamı kimi qarışıq hisslər yaşayıram mən də. Gah sevinirəm, gah həyəcanlanıram, gah sarsılıram. Ən gözəli isə odur ki, bu yaşıma qədər heç vaxt olmadığım qədər ümidliyəm.

Özümü aktrisa saymasam da deyim ki, aparıcı olmağıma aktyor təhsilim çox kömək olub. Və hərdən mənə elə gəlir ki, aparıcı Kəmalə mənim illərlə üzərində işlədiyim bir obrazdır. Aparıcılıq nədir sualını çox ümumi cavabla təmin etmək olar. Çünki yanaşmalar, bu işlə məşğul olan fərdlər müxtəlifdir. Öz gördüyüm iş haqqında onu deyə bilərəm ki, radioda müəyyən bir zaman kəsiyində lazımlı, faydalı informasiya axınını dinləyiciyə ən yaxşı, səliqəli şəkildə ötürməyə çalışıram. Eyni zamanda da Azərbaycan dilinin daşıyıcısı olduğumu unutmuram.

- ASAN Radionun özəlliyi nədir?

- ASAN Radio dövlət xidmətləri sahəsində maarifləndirmə işini özünə prioritet seçmiş ilk radiodur. Bu radionun formalaşması üçün təcrübə ilə yanaşı həm də innovativ eksperimentlər aparırıq. Çalışırıq ki, gördüyümüz iş dünyanın ən öndəgedən media qurumlarının peşəkar standartları ilə səsləşsin. Bəzən ən xırda bir detal çox sayda dinləyici qazandıra bilir və ya bir düymə ilə sizi həmişəlik tərk edib başqa bir dalğanı seçə bilərlər. Yorucu olmamaq, balanslı davranmaq, qıcıq yaratmamaq, sevilmək, məlumatı ən rahat qəbul olunacaq şəkildə çatdırmaq üçün ən yeni tendensiyalara müraciət edirik. Necə ki, dinləyici dəyişir, radio da eyni sürətlə onun arxasınca gedir. Bu gün maraqlar çox dəyişib. İnsanlar vətəndaş olduğunu anlayır və bütün sosial, ictimai, hətta siyasi proseslərin içərisində var olmağa çalışır. ASAN Radio isə vətəndaşın radiosudur. Biz 5 il öncə bu yolu seçəndə media məkanında tək idik. Amma bu gün bizim formalaşdırdığımız standartlara müraciət edən digər TV-lər, radiolar, verilişlər var. Bu həm də qürurvericidir.

- ASAN Radioda asandırmı?

- Dinləyiciyə lap asandır. 100 fm-i seçirsən və xəbərin, məlumatın, musiqinin ən təmizi olur sənə yol yoldaşı. Biz isə bəzən 1 dəqiqəlik çarx üçün 1 gün işləyirik. 1 suala cavab tapmaq üçün 10 nəfərlə danışırıq. Xəbərdən asılı işləmək məsələsi var. Bəzən, bir neçə gün əvvəlcədən hər dəqiqəsi planlanmış efir bircə hadisəylə tamamilə başqa yön alır. Buna hazır olmaq lazımdır. Bəzən iş günü bitir və normalda evdə olmalısan, amma nəsə baş verir və artıq ASAN radionun efirində aparıcı var. Dinləyici sualına cavab tapmaq üçün gözləməməlidir. Ona maraqlı hər sahədən xəbərdar olmaq vacibdir. Xəbəri vaxtında, yerində, qədərində çatdıra bilmək lazımdır. Bilirəm sizə o qədər asan görünmədi, amma bizə asandır. Çünki artıq 5 ildir ki, bu həyat tərzinə çevrilib.

- Tez oyanmaq problem deyil ki?

- Qətiyyən. Hətta bu mənimçün nemətdir. İnsanın bioloji saatı gün bitəndə yatıb, yeni gün başlayanda oyanmaq üçün hesablanıb. Bəlkə də bununla bağlı hərənin öz həqiqəti var, amma mən həmişə gecəni qoyub, gündüz yatmağı nə doğru, nə də zövqlü hesab etmişəm. Hərdən həftəsonları guya özümə istirahət verib, bir-iki saat artıq yatmaq istəyəndə iki gün başım ağrıyır. Bir də xəbər və efir adamı hamı oyaq olanda yata bilməz.

- Oyanandan sonra dinləyiciləri oyatmaq necə?

- Bu əla bir hissdir. Düşünün, minlərlə adam sizə qulaq asa-asa gününə başlayır. Və bəlkə də onun günü elə sizdən aldığı enerjidən, məlumatdan çox asılıdır. Bu zövqdür. Buna problem demək olarmı?

- Kəmalə, ən vacib nüansa indi gəldik. Qələbədən danışmaq, qələbə müjdəsi vermək necə bir hissdir? Danış də...

- Biz müharibə dövrünün uşaqlarıyıq. Uşaqlığımız işğal tarixlərini analarımızın göz yaşları ilə əzbərləməklə keçib. Hər gedən torpaq bizdən bir parça qoparıb, rahatlığımızı, qürurumuzu, mənliyimizi yaralayıb. Qarabağda doğulmasam da, oraları görməsəm də, həmişə söz düşəndə bir tərəfim qarabağlıdır deyirəm. Əslində, 30 ildir hamımız qarabağlıyıq. Bəlkə də bu düşüncə mənim Qarabağı unutmamaq, ondan vaz keçməmək formulum olub həmişə. Və bir gün gəlir, sənin milli qürurunu təmin edən bir savaşın qalibi elan olunduğun bir xəbər gəlir və sən bu xəbəri ən az sənin qədər xoşbəxt edəcək insanlarla bölüşürsən. Bu, izahsız bir zövqdür.

- Sən niyə ağlamırsan heç? Aparıcıların çoxu qələbə xəbərini verəndə ağladı...

- Kim deyir ki, ağlamıram? Mən çox emosional adamam. Hər qələbə xəbərini eşidəndə ağlayıram da, sevincimdən qışqıraram da. Sadəcə efirdə özümü ələ alıram. Dinləyici xəbəri dəqiqliyi ilə eşitməlidir. Peşəkarlıq - nə olur olsun, efirdə nə üçün olduğunu dəqiq bilməkdir. Mənim həmin an üçün verdiyim xəbər çox aydın olmalıdır. Ona görə emosiyaların mənə mane olmasına imkan vermirəm.

- Səncə, ağlamaq qeyri-peşəkarlıq, sentimentallıq hesab oluna bilərmi?

- Yəni istəyirsiniz fikir bildirim ki, ağlayan həmkarlarım düz edib ağlayırlar, ya yox? İllərdir şairlər, yazıçılar elə mənasız şeylər üçün ağlayırlar ki... Bir az da aparıcılar ağlasın, heç nə olmaz. Qələbə olsun təki... Təki aparıcı sevincindən ağlasın... Təki qeyri-peşəkarlığımız bu olsun..

- Ümumilikdə radionun özəlliyi nədir? Heç ürəyindən keçibmi ki, səhər dururam, bəzənib-düzənirəm, gözəlliyim heç kimdən əskik də deyil, amma tamaşaçı məni görmür...

- Radionun TV-dən fərqini soruşursunuzsa, sən tək səsinlə səni eşidən üçün dünya yaratmalısan. O, sənin danışdığın hər şeyi təsəvvür etməlidir. Buna böyük söz ehtiyatı, səlis nitq, intellekt, yumor hissi və daha nələr lazımdır. Ümumiyyətlə, təcrübə göstərir ki, radio aparıcıları daha sonra televiziyaya keçəndə əziyyət çəkmirlər. Amma əksi hər zaman uğurlu alınmır. Uzunmüddətli olmasa da, mənim televiziyada da efirə çıxdığım vaxtlar olub. Amma niyəsə radioda daha rahat olub mənə. O bəzənib-düzənmək məsələsi isə əslində bildiyiniz kimi deyil. Mənim çox bəzək-düzəyə həvəsim, hətta dözümüm yoxdur. Bu mənada hər gün saç düzümü, makyaj, geyim dərdi çəkən aparıcıların səbrinə qibtə edirəm. Bu da əlavə qayğıdır. Bir də radio və televiziya aparıcılığı fərqli peşələrdir. Hərəsinin öz təyinatı var. Bir pediatr nə qədər stomatoloq olmaq haqqında xəyal qura bilərsə, mən də televiziya haqda o qədər düşünmüşəm.

- Uzun müddət radioda işləmiş mərhum şair Akif Səməd deyirdi ki, radioya qulaq asırlar, televizora sadəcə baxırlar. Səncə də radioda xəbərlər və musiqi daha təsirli alınır?

- Bəzi insanlar eşitdiklərini, bəziləri gördüklərini daha yaxşı qavrayırlar. Bunun psixologiyada geniş izahı da var. Məncə bu, fərdə bağlı seçimdir. Bir də adam eşitmək istədiyini eşidir, görmək istədiyini görür. Buna görə də TV də, radio da lazım olan vaxtda, lazım olan yerdə olanda maraq kəsb edir. Qaldı mənə, mən özüm eşitməyə o qədər həssasam ki, televizora da qulaq asıram.

- Sizi də daha çox maşında dinləyirlər?

- Ümumiyyətlə, radio daha çox maşında dinlənilir. Amma bizi dinləməyin başqa yolları da var. ASAN Radio tətbiqini telefonunuza yükləyib piyada gəzəndə və ya www.asanradio.az saytına daxil olub kompüterdə iş görə-görə də qulaq asmaq olar.

- “OyanASAN” verilişinin yeni, bir-birindən maraqlı qonaqları olur, amma nədənsə, sözlərin yazılışı ilə bağlı rubrikanız təkrar gedir. Təzə söz tapmırsız?

- ASAN Radionun formatı məlumatlandırmaq üzərində qurulduğu üçün biz materialları efirə rotasiya üsulu ilə veririk. Yəni, məlumatlar növbəli şəkildə təkrarlanır ki, daha çox dinləyicinin ondan xəbərdar olmaq imkanı olsun. Sizin yeni dediyiniz müsahibələri də gün ərzində başqa saatlarda eşitmək olur. “Ana dili” buraxılışı isə birbaşa maarifləndirici xarakter daşıyır deyə eyni sözə daha çox rast gəlmək mümkündür. Necə deyərlər, təkrar biliyin anasıdır.

- Efirdə ən çox hansı bölgəmizlə bağlı danışmaq istərdin?

- Qarabağ. Düşünürəm ki, ən yaxın zamanda bu bölgə ilə bağlı danışılacaq mövzular çox olacaq. Bu bölgənin ağrı-acısını deyil, tikilib-qurulmasını, görüləcək gözəl işləri şərh etməkdən gözəl nə ola bilər?

- Özün özünə qulaq asanda nə hiss keçirirsən?

- Əvvəllər daha çox qıcıq olurdum. Biz özümüzü daxili qulaq vasitəsilə eşitdiyimiz üçün səsimiz bizə yad gəlir. Yəni, istənilən adam öz səsini sevmir. Bu, mənim də başıma gəlib. Sonra düşündüm ki, bu səsi sevmirəmsə, onun üzərində işləyib seviləcək hala gətirməliyəm. Beləliklə, yavaş-yavaş barışdıq. Amma verilişlərimi dinləyirəm, səhvlərimi təkrarlamamağa çalışıram.

- Sonda maraqlı bir söz de, başlığa çıxaraq, aparıcı adamsan...

- İllərdir şairlər, yazıçılar elə mənasız şeylər üçün ağlayırlar ki...

- Müsahibə üçün sağ ol.

- Təşəkkür edirəm diqqətiniz üçün.

# 6264 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #