Şuşada keçirilən Xarıbülbül festivalında bir çox mədəniyyət xadimləri iştirak etdi. Onların arasında əslən Şuşadan olanlar da vardı. Müsahibimiz Qarabağın tanınmış ziyalısı, Şuşa adını həmişə yaşadan jurnalist, “Şuşa” nəşriyyatının direktoru Vasif Quliyevdir.
Vasif bəyə zəng edib onunla Şuşa səfəri haqqında söhbətləşmək istədiyimi deyəndə qısa bir tərəddüddən sonra razılaşdı. Vaxtı az idi. Hamı axtarırdı onu.
Məni “Azərbaycan” nəşriyyatına, iş yerinə dəvət etdi. Fotoqrafımız Nicatı tapıb onunla bərabər yollandım nəşriyyata.
Artıq çatmışdıq. Vasif bəyə zəng etdim, üçüncü mərtəbəyə qalxmalı olduğumuzu dedi. Lift işləmirdi deyə pilləkələnlərlə üçüncü mərtəbəyə qalxdıq. Bizi elə üçüncü mərtəbənin dəhlizində, otağının qapısı ağzında qarşıladı.
Salamlaşıb içəri daxil olduq. İş masası kağızlar, yazılar, qəzetlər ilə dolu idi. Qəzetlərin üstündə qələmlə yazılmış qeydlər, çap olunmuş vərəqlərdə qaralamalar...
Vaxt itirmədən ilk sualımızı verdik. Bəlli sualımızı...
- Vasif bəy, axır ki, Şuşaya getdiniz...
- Hə! Budu e, alnım yanıb istidən. Mən indiyə kimi heç vaxt Şuşada elə isti görməmişdim. Özü də may ayında. Halbuki Şuşada yay vaxtı pencəksiz gəzmək olmur.
- Yəqin, təbiətin doğmaların qayıdışına reaksiyası imiş.
- Yəqin...
- Demişdiniz, Şuşa azad olunsa, heç kədərlənmədən, gülə-gülə, rahat gedəcəksiniz Şuşaya? Bacara bildiniz?
- Bəlkə bir beş yüz adam getmişdik, hamı sevinirdi, tək məndən başqa.
- Niyə?
- Nəyə sevinəcəm? Ora gedənlərin əksəriyyəti indiyə kimi Şuşanı görməmişdilər, görəndə heyrət elədilər. Mən oraları beş barmağım kimi tanıyıram. Festivala gedən gənc, orta yaşlı sənət adamlarının 50-60 nəfərinin adını siyahıya elə mən vermişdim. Ordakılar əsgərlərimizin dırmaşdığı sıldırım qayaları görəndə inana bilmirdilər. Həqiqətən qəhrəman əsgər budur! Oranı qartaldan başqa heç bir canlı çıxa bilməzdi. Düz divardan fərqlənmirdi. Buna sevinməmək olmaz. Bu, öz yerində. Mən ona görə sevinmədim ki, Şuşanı görmək mənim üçün qeyri-adi bir şey deyildi.
Bu məqamda Vasif bəyin telefonuna zəng gəlir, üzr istəyib dəstəyi götürür. Zəng edən şəxs kimdirsə, o da Şuşa haqqında soruşur, sualları tam eşitməsəm də, Vasif bəyin cavablarından təxmin edirəm. İstəyirəm, Vasif bəyin telefondakı şəxsə danışdıqlarını da müsahibəmə əlavə edim.
- Ə, çıxanda yox e, 30 ildir söküblər də! Dağıdıblar! Elə bizim evin yeri dübbədüzdür, elə bil asfaltdır. Əşi, bizim ev cəhənnəm! Əsas tarixi abidələrə dəyməsəydilər. Tarixi abidələrin bəzilərini dağıdıblar, bəzilərini çatdıra bilməyiblər, ya niyəsə toxunmayıblar. Elə küçələr, məhəllələr var, tamam dağıdıblar, bir dənə gözəgəlimli ev varsa, onu saxlayıblar, özləri həmin gözəl evlərdə yaşayıblar. Qaçanda da fürsətləri olmayıb o evlərə nəsə eləməyə. Şamil Süleymanovun (red. – Xalq artisti) evini bərabər tapdıq, video da çəkdi ordan. Bax, məsələn, onların evi qalmışdı... Yox e, yalan danışmırlar, sadəcə göstərmək istəmirlər. Şəhərin tən yarısı demək olar, yoxdur. Müəyyən yerləri sap-salamat qalıb, bəzi yerləri yox. Vaqifin məqbərəsini televizorda da gördük də, yanıbdı, amma o məqbərənin yanında qəbiristanlığımız var idi. Əsər-əlamət yoxdu. Orada tarixi şəxsiyyətlərimizin məzarları var idi. Hə, bax belə eləyiblər...
Bu məqamda Vasif müəllimin iş telefonuna da zəng gəlir. Yenə dəstəyi qaldırır. Bu dəfə də zəng edən kimdirsə Şuşa haqqında maraqlanır. O, eyni anda iki telefona da danışır. Fotoqrafımıza işarə edirəm ki, bu maraqlı mənzərəni kadra alsın. Bir az da danışandan sonra Vasif bəy hər iki dəstəyi yerə qoyur və söhbətə davam edirik.
- Vasif bəy, ilk hara getdiniz?
- Dövlət xətti ilə getmişdik deyə bəlli bir marşrut üzrə hərəkət etdik. Səfərin xüsusi proqramı vardı, kənara çıxmaq olmazdı.
- Elə bil, səfər tam ürəyinizcə olmayıb.
- Ürəyimcə olmayıb deməyim, sadəcə, istədiyimi görə bilmədim deyə bir az pis oldum.
- Nəyi görmək istəyirdiniz?
- Şəhəri bütöv görmək istəyərdim. Dağıdılmış yerləri də yerində görmək istəyərdim. Xan qızı Natəvanın 150-170 illik bağı var idi. O qədər gözəl bağ idi ki, nəinki Şuşada, Qarabağda, dünyada o bağın tayı-bərabəri yox idi. Elə adam olmazdı, Şuşaya getsin, o bağa ayaq basmasın. Heç olmasa o bağı yerində görəydim, yenə bir az sevinərdim. Amma elə köhnə evlər vardı, dəyilməmişdi. Daha çox tarixi şəxsiyyətlərin evlərini, tarixi evləri, monumental binaları dağıdıblar. Əksəriyyətinin sadəcə bünövrəsi durur.
- Şəhər erməniləşməmişdi ki?
- Yox. İki-üç yerdə öz dillərində nəsə yazmışdılar, amma o demək deyil ki, şəhəri erməniləşdirə bilmişdilər.
- Ümumi ab-hava olaraq necə?
- Yox. Qətiyyən bacarmayıblar bunu. Şəhərə addımını atan kimi bilirsən ki, bura bizim şəhərimizdir.
- Mən bilirsiniz nəyə fikir verdim? İki il qabaq Paşinyanın yallı getdiyi Cıdır düzünün kadrları ilə bizim Xarıbülbül festivalının keçirildiyi Cıdır düzü biri-birindən çox fərqlənir. Elə bil, eyni yer deyil. Tək Cıdır düzü yox, elə Şuşanın özü də...
- Hə. O kadrlarda Paşinyanı, erməniləri görürdük deyə Şuşa bizə yad görünürdü. Amma ayaq basanda görürsən ki, yox, elə deyil. Videolardan da bunu hiss eləmək olur.
- Doğma kəndiniz Malıbəyliyə gedə bilməmək sizə pis təsir etmədi ki?
- Yüz Malıbəyli kimi kənd Şuşaya fəda olsun. Həm də, mən əslində elə qalalıyam, yəni Şuşanın düz mərkəzindənəm. Sonradan ailəmiz kəndə köçüb. Malıbəylidən olduğumu inkar etmirəm, sadəcə rahatam ki, onsuz da hamısına qayıdacağıq.
- Erməni gördünüzmü?
- Qırmızı Bazar adlanan qəsəbədən keçirdik. Ermənilər yaşayan qəsəbədir. Avtobusda pəncərənin qırağında oturmuşdum. Bir yox, bir neçə kənddən keçdik. Hər kənddə iki-üç erməni görsən, böyük şeydir. Demək olar, yox idilər. Bir kənddən keçəndə üç erməni yolun qırağında oturmuşdu. Bizim avtobusları, maşınları gördülər. Əlləri ilə guya hədələyirdilər. Özləri çox yaxşı bilirlər ki, axırları çatıb, yenə də hikkələrindən əl çəkmirlər.
- Siz ümumilikdə hadisələrin aqibətini necə görürsünüz?
- Mən 80-ci illərin sonunda da demişdim ki, müharibə olacaq. İndi yenə mənə elə gəlir ki, üçüncü dəfə də müharibə olacaq və həmin müharibə ilə ermənilər Qarabağdan tamam çıxıb gedəcək. Gedişat bunu göstərir. Rus sülhməramlılarının ora gəlməsi də formaldır.
- Yəni ermənilərin bizlə dostluq etməyə, ən azından dinc yaşamağa hazır olmadığını deyirsiniz?
- Dostluq nədir!? O sözü bir də dilinə gətirmə! Bütün millətlərlə dostluq edə bilərik, ermənidən başqa. Erməni ilə indən belə dostluq etmək ağılsızlıq olar.
- Dostluq deyəndə sülh içində yaşamağı nəzərdə tuturam.
- Mənə görə, o da mümkün deyil. 1905-ci ildə zor gücü ilə bizi barışdırdılar. 1918-ci il haqq-hesabından sonra da ruslar gəldi yenə bizi zorla barışdırdı. İndi nə SSRİ var, nə də ermənilər barışıq üçün əl yeri qoyublar. Qəbirlərimizi dağıdıblar, ölüləri məzardan çıxarıb qızıl dişlərini söküblər. Kim bunu bağışlayar? Hansı ölü yiyəsi? Heç ölü yiyəsi yox, adi adamlar, vətəndaşlar da. Mən özüm 5 il Xankəndidə oxumuşam, 3 il də orada fəhlə işləmişəm. Erməniləri o vaxtdan çox yaxşı tanıyıram. Sayları bizdən çox olanda xislətləri ortaya çıxır, bizdən az olanda görmək, hiss eləmək olmur, çünki çox hiyləgərdirlər, büruzə vermirlər.
- Sizcə, Şuşadakı atəşfəşanlığı ermənilər necə izlədi? Xüsusən də Xankəndidə yaşayan ermənilər...
- Deyir, ermənilər dəli olurmuş. Qorxudan qaçmaq istəyirlərmiş. Gözümlə görmədim, amma şok olublarmış.
- Şuşa 30 il ermənilərdə oldu. Bu 30 ildə oradan bir görkəmli şəxsləri, sənət adamı üzə çıxdı?
- İndi yox, amma əvvəl çıxmışdı. 30 il elə də böyük tarix deyil, qısa müddətdir. Həm də bu 30 ildə ermənilər Şuşada elə də çox məskunlaşıb yaşamırdılar. Burda əzəldən azərbaycanlılar yaşayıb deyə bir az ağlı olan, düşünə bilən bu şəhərin axır-əvvəl sahibinə qayıdacağını bilirdi. Tək-tük gedənlər var idi və bir də əsasən hərbiçilər öz ailələri ilə orada yaşayırdılar. Əvvəl Şuşada yaşayan ermənilər arasından az-çox sənət adamı çıxırdı.
- Sizcə niyə Şuşadan daha çox musiqiçi çıxır?
- Bax bu səhv qənaətdir. Mən 51 ildir Şuşanın tarixini öyrənirəm. 6 il hər yay Tiflis arxivlərindən material toplamışam. Azərbaycanın ilk generalı şuşalıdır. Özü də Xan Şuşinskinin babasıdır. Məhəmməd Həsən Ağa. İlk general-leytenantımız da şuşalıdır. Təxminən 60-70 generalımız Şuşadandır. İlk akademikimiz Şuşadandır. İlk professor şuşalıdır. İlk peşəkar aktyor şuşalıdır. Bir çox sahədə ilklər Şuşanındır, tək musiqidə yox.
- Gənclərə, yeni nəsilə Şuşanı daha çox sevdirmək üçün nələr edilməlidir?
- Şuşanı sevdirə bilmək üçün ilk olaraq onun tarixini yaxşı bilmək lazımdır. Bünövrəsi qoyulduğu vaxtdan bu günə kimi orada baş verən hər şeyi bilmək lazımdır. Həmçinin Şuşadan olan görkəmli şəxslərin həyatları haqqında faktlar düzgün təqdim olunmalıdır. Məsələn, bir çox mənbələrdə Üzeyir Hacıbəylinin Ağcabədidə doğulduğu deyilir, amma Üzeyir bəy elə Şuşada doğulub. İcazənizlə bununla bağlı başıma gəlmiş maraqlı bir hadisəni danışım.
- Əlbəttə, buyurun.
- 1985-ci ildə “Ulduz” jurnalının sentyabr sayı Üzeyir bəyə həsr olunacaqdı. Onda jurnalın baş redaktoru Yusif Səmədoğlu idi. Mənə də Üzeyir bəy haqqında 3 səhifəlik material hazırlamağı tapşırmışdı. Yazını yazdım, jurnalın şöbə müdiri mənə xəbər verdi ki, yazım dərc olunmayacaq. Səbəbini öyrənmək üçün Yusif bəyin yanına getdim. Soruşdum, yazımı niyə dərc etmək istəmirsiniz? Masasındakı kağızlar arasından yazımı tapdı və mənə göstərdi. Yazıda Üzeyir bəyin Şuşada doğulduğunu yazmışdım. Dedi, bütün mənbələrdə Üzeyir bəyin Ağcabədidə doğulduğu deyilir. Dedim, mən düz yazmışam. Mənə inanmadı. Həmin günün axşamı Tiflisə çıxdım. Arxivlərdən Üzeyir bəyin sənədlərini tapdım, həmin faktları möhürlü-imzalı götürüb bir gün sonra Bakıya qayıtdım. Həmin sənədi Yusif Səmədoğluna gətirdim. Özü də şok oldu. Şöbə müdirini çağırıb yanımdaca tapşırdı ki, mütləq şəkildə bu yazı üçün 3 səhifə ayrılsın və yazım dərc olunsun. Yəni bu məsələlərdə çox diqqətli olmaq lazımdı.
- Vasif bəy, sizcə necə oldu ki, Şuşa mədəniyyət mərkəzinə çevrildi?
- Birinci səbəb Şuşanın təbiətidir. Bura dünyanın fərqli yerlərindən gələn görkəmli şəxslər həmişə qayıdıb öz vətənlərində Şuşa haqqında yüksək fikirlər söyləyiblər, yazıblar. Sənə deyim, heç bir kurort Şuşaya çata bilməz. Düzdü, başqa gözəl şəhərlərimiz də var. Məsələn, Quba, Şəki, Qəbələ... Hamısı gözəldir. Amma Şuşanın tayı-bərabəri yoxdur. Çox gözəl iqlimi var. Nəmişlik, rütubət yoxdur. İkinci səbəb... O vaxt Pənahəli xan Şuşa qalasını salanda uşaq deyildi. 54 yaşı vardə. Bilirdi ki, bu şəhərdə yaşamağa adamlar gəlməlidir. Ağıllı adam idi. Şuşaya Qarabağın fərqli şəhərlərindən, Qazaxdan tutmuş Tiflisə, oradan Ərdəbilə, Təbrizə qədər ziyalıları Şuşaya gətirdi, onlar üçün şərait yaratdı. Bu da şəhərin mədəniyyət beşiyinə çevrilməsində çox böyük rol oynadı
Söhbətimizin sonuna qədər Vasif müəllimin telefonları susmurdu. Gah o bizə hörmət edib açmadı, gah da biz ona hörmətlə diktofonu saxlayıb ən vacib zəngləri cavablandırmasına şərait yaratdıq. Zəng edənlərin hamısı Şuşanı soruşurdu.
Söhbətimizin sonuna yaxın zənglər daha da intensivləşdi və mən onda anladım ki, Şuşa haqda söhbəti nə qədər uzatsan da yarımçıq qalacaq. Sağollaşıb Şuşada görüşmək diləyi ilə otaqdan çıxdıq.
Foto: Nicat Əlili