Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı
22 iyun 2026
# 14:00

Bu gün Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti Bülbülün doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı ilə bağlı materialı təqdim edir.

Bülbül (Əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov) 1897-ci il iyunun 27-də Azərbaycan Respublikası Dağlıq Qarabağ vilayətinin Şuşa şəhərində – Azərbaycanın bir çox görkəmli şair və musiqiçilərinin vətənində, özünəməxsus Şərq nəfəsi və orijinal ifa tərzi olan adlı - sanlı xanəndə - muğam ustalarının yurdunda doğulub.

Elə burada – təbii konservatoriya olan Şuşada gənc xanəndənin formalaşması başlayıb.

Gənclik illərində ona verilmiş Bülbül adı sonradan onun parlaq istedadını əks etdirən artistlik təxəllüsünə çevrilib. Azərbaycan musiqisini – muğamları öyrənən, tanınmış Şuşa xanəndələri ilə ünsiyyətdə olan gənc sənətkar çox keçmədən Zaqafqaziya və Orta Asiyada məşhurlaşıb.

Gənc müğənni 1920-ci ildə Ü.Hacıbəyovun «Əsli və Kərəm» muğam operasında Kərəm rolunu ifa etmək üçün Bakıya dəvət olunub. Burada o, ilk dəfə rus opera truppasının ifasında klassik opera musiqisinə qulaq asıb və bu musiqi dünyasının sirlərinə yiyələnməyi, onu bütün incəliklərinə qədər öyrənməyi qərara alıb.

1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına – F.Polyayevin vokal sinfinə daxil olub, sonradan təhsilini professor N.İ.Speranskinin sinfində davam etdirib. 1927-ci ildə artist ilk sovet müğənniləri sırasında təhsil almaq üçün dörd il müddətinə İtaliyaya – məşhur Milan teatrına göndərilib.

1931-ci ildə İtaliyanın «Arte Nostra» jurnalında dərc edilmiş «Azərbaycan Bülbülü» adlı məqalədə dünya şöhrətli maestro Raffaele Qrani yazıb: «Bülbül müsəlman aləmindən İtaliyaya gələn ilk vokalçıdır və özünəməxsus Şərq oxumasından Avropa oxuma məktəbinə keçib. Dörd il arxada qalıb, məqsədə nail olunub. Bülbül italyan oxuma məktəbi və tədris metodikasını mənimsəyib».

O, 1933-cü ildə vokalçıların ilk Ümumittifaq müsabiqəsində iştirak edib və müsabiqənin laureatı olub.

Bülbül İtaliyadan Bakıya qayıtdıqdan sonra elmi şəkildə sübut edib ki, musiqi təhsili, musiqi intellektinin inkişafı, Qərbi Avropa və rus klassik musiqisinin öyrənilməsi milli vokal - ifaçılıq mədəniyyətinin inkişafına müsbət təsir göstərib. Nadir diapazona və gözəl səsə, parlaq texnikaya malik sənətkar «Riqoletto», «Traviata», «Toska» operalarının tamaşalarında əsas partiyaları oxuyub, gözəl obrazlar yaradıb.

Müğənni və artistin istedadına, ifaçılıq məharətinə istinadən Azərbaycanda ilk klassik operalar – R.Qliyerin «Şahsənəm»i, M.Maqomayevin «Nərgiz»i yaranır.

1938-ci ildə Moskvada Dövlət Akademik Böyük Teatrın səhnəsində Ü.Hacıbəyovun «Koroğlu» operası tamaşaya qoyulub. Azərbaycan opera sənətinin böyük xadimi özünün yüksək sənətkarlığı, gözəl və güclü səsi ilə əfsanəvi xalq qəhrəmanının ariyalarını ifa edib.

Bülbül özünün yaradıcılığı boyu Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ifaçısı və müəlliflərindən biri olub. O, Ü.Hacıbəyovun «Sənsiz» və «Sevgili canan», A.Zeynallının «Ölkəm», Niyazinin «Arzu», F.Əmirovun «Ulduz» romanslarını, «Xumar oldum», «Kəklik», «İnnabı», «Mehribanım» və bir çox başqa xalq mahnılarını təkrarolunmaz sənətkarlıqla ifa edib.

Bakıda fəaliyyət göstərən Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əsasını da Bülbül qoyub.

1936-cı ildə ona SSRİ Xalq artisti fəxri adı verilib.

Böyük müğənni və pedaqoq səxavətlə öz bilik və təcrübəsini gənc müğənni kadrlarının hazırlanmasına vermiş, vokalçıların üzə çıxarılmasında fəal iştirak edib, vokal sənəti nəzəriyyəsi, metodiki vəsaitlər, habelə mahnı ifaçılığı üzrə xüsusi vəsaitlər işləyib hazırlayıb.

O, Azərbaycanda ilk dəfə olaraq folklor nümunələrinin toplanılması və öyrənilməsi üzrə elmi-tədqiqat kabineti təşkil edib, təcrübəli xalq yaradıcılığı bilicilərini, gənc və istedadlı bəstəkarları və musiqiçiləri klassik xalq melodiyaları irsinin öyrənilməsi və onunla daimi ünsiyyətin təmin olunması məqsədilə buraya cəlb edib.

Məhz bunun nəticəsində bir çox Azərbaycan muğamları Azərbaycan və dünya musiqi sənətinin korifeylərindən Q.Qarayevin, F.Əmirovun, Niyazinin, R.Hacıyevin, S.Hacıbəyovun, S.Rüstəmovun, C.Cahangirovun, C.Hacıyevin, T.Quliyevin və bir çox başqalarının opera, balet, simfonik, kamera, instrumental və vokal əsərlərində, mahnı və romanslarında öz parlaq ifadəsini tapıb.

O, Azərbaycanda nəşr olunmuş ilk dünya klassikası və Azərbaycan xalq mahnıları toplularının redaktoru və tərtibatçısı olub.

# 631 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər