Bu qədər "sevgili"yə vaxt ayırmağı necə çatdırırsan? - Sevinc İbrahimzadə

Bu qədər "sevgili"yə vaxt ayırmağı necə çatdırırsan? - Sevinc İbrahimzadə
25 iyul 2024
# 10:43

Kulis.az Sevinc İbrahimzadənin yeni yazısını təqdim edir.

On səkkiz yaşım olanda artıq ikinci kurs tələbəsiydim. Nə tez getmişəm məktəbə, nə də gec, tam vaxtında – altı yaşım tamam olanda. Universitetə girmək üçün də gərək çalışasan bir az. Bunun hazırlığı var, hətta bir günə üç müəllimin yanına getməyi var. Hazırlığa niyə gedirik? Çünki məktəbdəki təhsil universitetə daxil olacaq qədər bilik vermək gücündə deyildi. Təhsilimizdəki problemlərdən danışsaq, çox uzun olar, mənim sözümün canı başqadır.

Hə, evə gəlirdim, onda da toplu testlərini yaza-yaza gözümdən yuxu ərşə qalxırdı, amma təslim olmurdum. Çalışırdım ki, məramıma, məqsədimə nail olum. Düşünə bilmirdim ki, universitetə qəbul ola bilməsəm, xüsusilə, istədiyim fakültəyə girə bilməsəm, mən neyləyəcəm? Amma bəziləri heç düşünmür, əksinə, tətbiq edir.

Söhbət 2018-2019-cu illərdən gedir. İndi beş il keçib o vaxtdan. Desəniz, beş ilə nə dəyişib? Vallah, çox şey. O vaxt telefon yox idi? Var idi. O vaxt sosial şəbəkə yox idi? Var idi. Hətta biz "çet" dövrünü də yaşamışıq. Hər sözün sonuna "az", "net" və s. yazıb sayt yaradırdılar, içində də itətök hər ağıldan, hər statusdan insan. Yəni, o dövrün də problemləri özünə görə az deyildi. Amma üstündən gəlmək olurdu sanki. Hərçənd, meşə çaqqalsız olmayan kimi, beş il və ondan əvvəl də dünya güllük-gülüstanlıq deyildi. Amma abır var idi, həya var idi, qorxu var idi. Çoxunda var idi də bunlar.

Azad böyümək, müstəqil fikirli olmaq, təbii ki, yaxşıdır. Amma azadlığın belə sərhədi olur. Deyirlər, quşlar belə göyün müəyyən hündürlüyünədək uça bilir. Deməli, var da bu azadlığın həddi-hüdudu. Gərək bunu qoruyasan. Hələ Azərbaycan kimi mental dəyərlərin möhkəm kökləri olan ölkədə doğulub yaşayırsansa.

Köhnə qaldığım məhəllələrdə xalalar oturub hər gələn-gedəni güdürdü, hələ yanlarından keçməmiş başlayırdılar "filankəsin qızıdır, oğludur" ilə başlayan cümlələr qurmağa. İndi qoca kişilər də onların missiyasına qoşulub. Deyən lazım, "ay dayı, get nərdini oyna da sən". Qeybət kişiyə yaraşmaz axı. Amma demirik. Susuruq.

Nəysə, bir gün bir qızla tanış olursan. Həyatdır da, təsadüfü var, məcburiyyəti var. Tanış olursan bir şəkildə. Soruşursan ki, neçə yaşın var? Deyir on yeddi. Soruşursan ki, oxuyursanmı bir yerdə? Deyir, kəsilmişəm. İndi nə işlə məşğulsan? Heç nə ilə.

Üzülürsən onun yerinə. Ürək-dirək, təsəlli filan deyərkən, birdən söhbətin ortasında qızın telefonuna zəng gəlir. Hiss edirsən ki, şəxsi həyatı ilə bağlıdır. Danışıb qurtarır. Özü qayıdıb deyir ki, eksimdi. Artıq "köhnə sevgilimdir" sözünu lakonikləşdirmişik axı: "ex". Bir xeyli vaxt sonra yenə nəsə olur, dil dinc durmur axı. Söhbət əsnasında biri "danışdığı" çıxır, o birisi sevgilisi çıxır, digəri görüşdüyü çıxır. Hələ bunlar bir-bir deyil ha. Şaxələnir. Ağac budağı kimi. "Danışdığı"nın içindən seç ürəyin istəyənini: a) subay, b) evli, c) boşanmış. B bəndi daha cəlbedicidir, ona daha çox vaxt ayırır. Səbəb nədir deyə özündən soruşmadım. Başqa vaxt başqa birilə söz düşəndə dedilər ki, subay qızlar evli kişi ilə danışanda içdən-içə lovğalanırlar. Çünki, kişi evindəkinə yox, qıraqdakına, məhz buna meyl salıb. "Deməli, mən ondan daha yaxşıyam, daha gözələm", kimi düşüncələr yaranır və fəxr edirlər bununla.

Ay qızım, sən bunların hamısına necə çatdırırsan? Vaxt ayırmağı yəni. On səkkiz yaşın belə olmayıb e sənin. Qanuni olaraq yetişkin belə sayılmırsan. Amma elə şeylər var ki, məndən çox bilirsən. Bil e, bil, yaxşı, tətbiq üçün tələsmədinmi bir az? Mən yazıq da örnək olmağa çalışırdım, məsləhət filan verirdim, "kəsildin, eybi yox, başqa cür edərsən, gələn il hazırlaşarsan lap", deyirdim bayaqdan. Mən sənin dərdinə yandım, sənə öz dərdinə yanmağa fürsət vermirlər ki heç. Hələ bir onu da soruşdum ki, bəs o "danışdıqların"ın sənin yaşından xəbərləri var? Var, dedi. Mən ölüm, var dedi.

O "qaqaş"ların da heç biri iyirmi beşdən aşağı deyil. Qızımız isə onlara uşaq deyir. 30+ daha maraqlı gəlir.

Bunu mən desəm, dərd yarı. Mən belə demirəm. Yaşda deyil axı məsələ, beyindədir, düşüncə tərzindədir. Müasir dedik, bağrımıza basdıq, ancaq ağını çıxartmaqdır bu.

Mən nə bacıyam, nə xalayam, nə bibiyəm. Yəni, ətrafımda uşaq yoxdur. Özüm də subayam. İndidən öz doğulmamış övladımın gələcəyi üçün narahatlıq duydum. Onun yaşayacağı, böyüyəcəyi cəmiyyət belə olacaq? Mən onu necə qoruyacam? Əlbəttə, olaq müasir. Ancaq bu müasirliyin hədlərini aşır axı sanki. Bunun sonu xəstəliyə, iyrəncliyə gedir axı. Dirəsən, intiharacan gedib çıxacaq. Necə normallaşdırırsınız?

Kimdir müqəssir? Valideyn? Yazıq valideyn nə bilsin. Hər dəqiqə düşüb dalıyca güdsün? Telefon? Vallah, mən birinci sinfə gedəndən telefonum olub. Çünki ata-ana işdə, bacı-qardaş yox. Xəbər almaq üçün məcburən mənə telefon almışdılar. Zəng gəlib, zəng gedirdi. Adı da yadımdadır – "fashion" idi. Onu da məktəbə gələndə müəlliməmə verirdim, çıxanda alırdım.

Sözümün canı o deyil ki, mən mükəmmələm, mən ağıllıyam. İndi elə bilərsiniz, özümü tərifləyirəm. Yox, mən özümdən misal çəkirəm. Mən gözünüzə soxmaq istəyirəm ki, qızın on səkkiz yaşı olmayıb və danışdığı adamlar bunu bilə-bilə əlaqəni kəsmirlər.

Sabah, birisi gün o qızın başına gələn hansısa hadisədə günahkar o qız deyil, o hələ ərgəndir. Beyni dərk etmir bəlkə də. Odur ki, onun başına ağıl qoymaq, düz yol göstərmək yerinə, istifadə edənləri qınayın. Bu cəmiyyət söyməkdə bir nömrədir. Nəsə olan kimi qadına don biçirlər. Ərinin xəyanətinə dözən qadın da, arvadına xəyanət edən ər də eyni ağıldadır. Əzizim, niyə iş işdən keçməmiş ağzınıza su alıb oturursunuz, ancaq xəbəri çıxan kimi vardan girib, yoxdan çıxırsınız? Əgər sən, ey gözəl ana, oğlunu düzgün yetişdirsən, o hansısa uşağı ovsunlamağa meylli olar? Əgər sən, ey qəşəng həyat yoldaşı, ərindən mehribanlığını, hörmətini, sevgini əsirgəməsən, o başqa qızın beynini bulandırar? Əgər sən, ay kişilikdən dəm vuran qardaş, bu gün hansısa qızın yaşındakı uşağın avamlığından istifadə etsən, bunun sabah sənin ən doğmanın başına gəlməyəcəyinə dair qarantiyan var?

Fərqində deyilsiniz, ancaq öz sonunuzu özünüz yazıb, sonra da gileylənirsiniz. Həyatın bumeranq olduğunu da unudursunuz

# 1343 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
# # #