Bu ölkədə futbol olmayacaq - Cavid Musa yazır...

Bu ölkədə futbol olmayacaq - Cavid Musa yazır...
18 iyul 2022
# 13:20

Kulis.az Cavid Musanın yeni yazısını təqdim edir.

Uzaqda bir kənd var.

Yolları kələ-kötür, eniş-yoxuş, daşlı-kəsəkli, hamar bir yer yoxdur ki, uşaqlar top oynaya. Bu kənddə yoxsul bir ailədə, çəlimsiz, güvənsiz, 15 yaşlı Səməd adlı uşaq var idi.

Bütün günü məhəllədə top oynayırdı Səməd az qala topla yatıb dururdu, körpə balası kimi qucağında gəzdirirdi onu. Futbol onun həyatı idi, onunla nəfəs alırdı. Gəl ki, oynaqlarında problemi var idi Səmədin, elə bil sümükləri hələ bərkiməmişdi.

Soyuqlar düşən kimi ayaqlarında küt ağrılar başlayırdı. Yayda özünü gücsüz hiss edirdi, tez yorulurdu. Uşaqlıqdan müalicə alırdı Səməd. 15 yaşı var idi, hələ də sağalmamışdı. Atası Buludxan kişi uşaqlarına və ailəsinə qarşı çox diqqətli idi, oğlunu sağlam və gələcəkdə elm adamı kimi görmək istəyirdi.

Yenə tibbi müayinə üçün atası Səmədi rayon mərkəzi xəstəxanasına gətirir. Həkim müayinədən sonra bu səfər Bakıya Zaqulbaya sümük xəstəlikləri sanatoriyasına göndəriş yazır.

Bir neçə gün sonra Səməd Bakıya sanatoriyaya gedəcəkdi, həyəcanlı idi, sevincdən də içi daralırdı, hər şeyin bir anda olmasını istəyirdi,
axı balaca daxma evlərindən kənara çıxmamışdı heç, kəndi ilk dəfə idi tərk edəcəkdi. Səbirsizliklə gözləyirdi o günü. Filmlərdə gördüyü səhnələri xəyal edirdi, içində qəribə hisslər yaşayırdı. Sabah sübhü o başdan atası onu şəhərə aparacaqdı. Bütün gecəni gözünə yuxu getmədi Səmədin, hiss edirdi ki yeni bir sehrli həyat gözləyir onu.

Səhər təzəcə açılırdı ki, köhnə avtobusla rayondan Bakıya yola düşdülər. Qatarla indiki Koroğlu metro stansiyasından Zaqulbaya gəlirlər. Qatarda pəncərədən boylanır, sıralanmış şam ağaclarını, həyətlərdə meyvə bağlarını, Bakı evlərini seyr edirdi yol boyunca. Hey düşünürdü sanatoriya nədir, görəsən? Məni orda nə gözləyir?
Gözünü pəncərədən çəkmirdi, parlaq xəyallar qururdu. Özünü Amerika filmlərinin qəhrəmanı kimi hiss edirdi Səməd qatarla səyahəti ancaq filmlərdə görmüşdü çünki.

Qatar stansiya Zaqulbaya çatdı.

Buludxan kişi oğlunu sanatoriyaya gətirib yerləşdirdi, baş həkimə əmanət edib geri döndü. Səməd ora qədəmlərini qoyar-qoymaz uşaqlarla həmsöhbət olmağa başladı. Düşərgəyə göz gəzdirib, hər yeri kəşf etməyə çalışırdı, gördüyü hər şey ona maraqlı və qəribə gəlirdi. Binanın yan tərəfinə keçəndə gözləri inana bilmirdi, Aman Allahım bu nədir? Necə də gözəldir! Böyük bir futbol meydançası gördü. Stadionda qapıların toru asılmış, yaşıl örtüklü, ağ xətlər çəkilmiş, kənarda azarkeşlər üçün oturacaqlar düzülmüş. Səməd üçün əsl sürpriz idi bu.

O, xəyallarına gəlmişdi, burda ac-susuz qalsa belə xoşbəxt hiss edir özünü, çünki futbolu tapmışdı. İnanılmaz bir sehr, möcüzə idi onun üçün. Səməd qaranlıqdan işıqlı dünyaya qonaq gəlmişdi sanki.
Uşaqlarla tanışlıq sonrası danışacaq tək mövzusu var idi, futbol, ancaq futbol.

Gəldiyi gün günəş təzəcə batırdı ki, sanatoriyanın həyətinə 3-4 dənə ard-arda qara rəngli Mersedes markalı maşın gəldi. Uşaqların hamısı bir anda "Bəxtiyar əmi", "Bəxtiyar əmi" deyib maşının önünə qaçdılar.
Bəxtiyar əmi maşından enib, uşaqlarla görüşdü, əlini pencəyin cibinə salıb, bir paçka pul çıxarıb başladı paylamağa. Hələ kənarda dayanan Səmədi də yanına çağırdı, Səməd utanaraq geri çəkildi. O, Bəxtiyar əmini hələ tanımırdı. Düşünürdü Bəxtiyar əmi kimdir görəsən?

Sonradan öyrənmişdim Bəxtiyar əmi Bakılı idi, Mərdəkanlı. Çox varlı adam idi. Tez-tez gəlib uşaqları ziyarət edirmiş, pul verir, hədiyyələr alarmış. Belə adamı hansı uşaq sevməzdi ki!

Sabahı günü futbol olacaqdı, Səməd dünya çempionatına çıxırmış kimi həyəcanlı, səbirsiz idi. Sanki düşərgəyə müalicə üçün deyil, futbol yarışlarına gəlmişdi. Azarkeşlər stadionu doldurmuş.
Maçın başlamağını gözləyirlər. Sanatoriyada kim varsa uşaqlı-böyüklü hamı stadionda idi. Səməd üçün bura Avropa meydanına bənzəyirdi.
Maç başladı, elə ilk dəqiqələrdən Səməd topla şou göstərir, əsl futbol şousu. Topla sürətli qaçır, anında düzgün paslar verir, gələn topu ustacasına ram edir, daha nələr. Səmədi izləmək ruha dinclik verir gerçəkdən. Səməd futbolu yaradır.

Ayağının çöl tərəfi ilə uzaqdan mükəmməl bir qol vurur, qapıçı nə baş verdiyini anlamır heç, sevincindən köynəyini çıxarır, azarkeşlərə tərəf gedir, hər kəs onu maraqla seyr edirdi.

Bəxtiyar əmi də izləyir maçı. Səmədin heyrətamiz topla manevrləri, uzaq künc ötürmələri, cılız canıyla işıq kimi sürəti ağılları düşündürürdü, hər kəsi heyran buraxırdı. Oyundan sonra Bəxtiyar əmi ona yaxınlaşır, söhbət edir və ona Neftçi formasını alacağını söz verir.
Sabahı günü onu Buzovnada Xəzri futbol klubunun Gənclik stadionuna gətirir, məşqçilərə tapşırır. Səməd axşam saatlarında orda məşq etməyə başlayır, özünün sehrli futbol karyerasını qurmağa çalışırdı.

Bəxtiyar əmi uşağın istedadına məəttəl qalıb, belə bir uşağın inkişaf etməsinə kömək etmək istəyir. Bu səbəbdən Buludxan kişi ilə görüşür. Səməd istedadlı oğlandır, gələcəkdə gözəl futbolçu ola bilər, mən ona nə köməklik lazımdır göstərə bilərəm deyir.

Bəxtiyar əmi Səmədi gərəkirsə Avropa futbol məktəbinə yazdıracağını da deyir. Buludxan kişi razı deyil, düşünür ki oğlu "Pele" yoxsa "Maradona" olacaq?! Oğlunun qərarına hörmətlə yanaşır, amma məsləhət edir ki, bu ölkədə futbolu unutsun, bizim ölkədə futbol olmayıb, olmayacaq da!

Gedib öz işiylə məşğul olsun. Top oynayıb nə edəcək ki?! Təhsil alsın, oxusun gələcək qursun özünə!

Sabahı günü yenə maç var, hər keçən gün Səməd daha güclü və texnikalı top oynamağı öyrənir.

Rəqib oyunçular onunla çox sərt oynayır, çox paxıllıq edirlər. Qabağa getməyini istəmirlər.

Hələ oyunun ortasında yumruq davasını demirəm, bu nə adət idi anlamırdım, futbolda dava salırdılar bilərəkdən. Cığallıq edirdilər, Səmədi gözləri götürmürdü. Bir uşaq vəhşicəsinə cumur Səmədin üstünə. Oyunda möhkəm yıxırlar onu, ayağı sınır Səmədin. Xəstəxanaya yerləşdirilir. Cərrahi əməliyyat edilir. Futbol həyatı başlamadan bitir, sanatoriya macəraları qurtarır. Həkim bir neçə il futbol oynaya bilməyəcəyini deyir. Bəxtiyar əmi xəstəxanaya ziyarətinə gəlmişdi Səmədin.

O, deyirdi məşhur futbol ulduzu ola bilərdi Səməd!

Bəlkə, futbolumuz da inkişaf edərdi Səmədin sehrli ayaqları ilə. Buludxan kişi oğlunu sağalandan sonra kəndə aparır. O gün-bu gün Səmədi heç görmədim.

Mən Səməd ilə sanatoriyada tanış olmuşdum. Orda top oynayan uşaqlardan biri idim. O hadisə sonrası əlaqəm kəsilmişdi Səməd ilə.
Düz 17 il sonra dağ kəndinə toy məclisinə getmişdim, təsadüfən toyda gördüm Səmədi, görüşdüm, necə də xoş təsadüf idi.
Soruşdum, neynirsən? Nə işlə məşğulsan? Yenə futbol oynayırsanmı?

– Tarix müəllimi işləyirəm – dedi.

Evlidir, xoşbəxt ailəsi var. Öz taleyi ilə bağlı şikayəti yoxdur. Futbol mövzusunda isə Səməd dedi:

– Atam Buludxan kişi rəhmətə getdi. Buzovna Xəzri klubu dağıldı.

Səməd yaşa dolub, mənim də indi 33 yaşım var. Amma bizdə futbol düzəlmədi ki düzəlmədi. Rəhmətlik kişi düz deyirmiş, burda futbol olmayacaq.

# 2069 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #