Bir xalqın dastanını yazan təkgözlü şair: Luiş di Kamoeş kim idi?

Bir xalqın dastanını yazan təkgözlü şair: Luiş di Kamoeş kim idi?
10 iyun 2026
# 12:30

Kulis.az görkəmli portuqal şair Luiş di Kamoeş haqqında materialı təqdim edir.

Təqribən 1524-cü ildə Lissabonda (yaxud Koimbrada) yoxsullaşmış zadəgan ailəsində doğulan Luişin gəncliyi barədə məlumatlar qeyri-müəyyəndir. Tarixi sənədlər məhdud olsa da, dəqiq olan budur ki, o, Koimbra Universitetində dövrünün ən mükəmməl humanitar təhsilini almış, antik ədəbiyyatı, fəlsəfəni, Homeri və Vergılini dərindən mənimsəmişdi. Gənc Kamoeş Lissabon sarayına qədəm qoyanda artıq parlaq zəkası, iti qələmi və fitri istedadı ilə diqqət çəkirdi. Lakin o, yalnız kitablar aləminə yaşayan zahid deyildi; qanı qaynayan, ehtiraslı, sözü üzə deyən, ədalətsizliyə dözməyən və tez-tez dava-dalaşa düşən bir cəngavər idi.

Rəvayətlərə görə, kral sarayında zadəgan xanımlardan birinə (bəziləri bunun kraliça xəttindən olan Katarina di Ataide olduğunu deyir) aşiq olması onun Lissabondan sürgün edilməsi ilə nəticələnir. Sevgisi uğrunda qılınc çəkməkdən belə çəkinməyən bu gənc şair 1547-ci ildə Şimali Afrikaya, Mərakeşə (Seuta) hərbi xidmətə yollanır. Məhz buradakı qanlı döyüşlərin birində o, sağ gözünü itirir. Sonralar bioqraflar onun haqqında belə yazacaqdılar:

"O, gəncliyinin bir gözünü müharibə tanrısı Marsa, ürəyini isə məhəbbət ilahəsi Veneraya qurban vermişdi".

Lissabona qayıtdıqdan sonra da Kamoeş durulmur. 1552-ci ildə küçə davasında saray məmurlarından birini yaralayır və aylarla zindanda yatır. Yalnız bir il sonra kralın əfvi ilə azadlığa çıxır, ancaq ağır bir şərtlə: o, dərhal Hindistana getməli və imperiyaya xidmət etməlidir. 1553-cü ildə "San-Bento" gəmisinə minən şairin bu səfəri düz 17 il davam edəcək dərbədər qürbət və yoxsulluq həyatının başlanğıcı olur. Yola düşərkən o, Roma sərkərdəsi Ssıpionun bu məşhur sözlərini təkrarlayırdı:

"Nankor vətən, sənə hətta sümüklərim də qismət olmayacaq".

Qoa şəhərində (Portuqaliyanın Hindistandakı mərkəzi) yaşayarkən o, hərbi yürüşlərdə iştirak edir, eyni zamanda, yerli məmurların korrupsiyasını, haqsızlıqlarını tənqid edən pamfletlər yazdığı üçün dəfələrlə həbs edilir, borc içində boğulur. Daha sonra o, Makaoya inzibati vəzifəyə göndərilir. Məhz Makaoda, bu gün "Kamoeş mağarası" kimi tanınan qayalıqların arasında o, özünün şah əsərini – Portuqaliyanın dəniz kəşflərindən, Vasko da Qamanın Hindistana yol tapmasından bəhs edən əzəmətli "Luziadalar" (Os Lusíadas) epik dastanını yazmağa başlayır.

1556-cı ilə aid anonim rəsm əsərində Qoa həbsxanasındakı Kamoeş

Kamoeşin həyatının ən dramatik səhnəsi bəlkə də bütün dünya ədəbiyyatı tarixinin ən təsirli kadrlarından biri Mekonq çayının deltasında (indiki Vyetnam/Kamboca sahilləri) baş verir. Makaodan Qoaya qayıdarkən onun mindiyi gəmi qəfil fırtınaya düşərək qəzaya uğrayır. Gəmi batarkən şairin qarşısında iki seçim var idi: ya qürbətdə qazandığı və onu yoxsulluqdan qurtaracaq sərvəti xilas etmək, ya da illərdir üzərində işlədiyi, hələ heç kimin oxumadığı "Luziadalar"ın əlyazmasını. Dahi şair tərəddüd etmədən əlyazmanı seçir.

Kamoeş bir əli ilə əlyazmanı suyun üzərində tutur, digər əli ilə isə amansız dalğalarla vuruşaraq sahilə çıxmağı bacarır. Lakin bu xilasın çox ağrılı və ömürlük bir qarşılığı olur: onun Çində tanış olduğu və dəlicəsinə sevdiyi gənc çinli sevgilisi Dinamene bu qəzada boğularaq ölür. Şairin sahilə çıxıb sevgilisinin cəsədini axtardığı, ancaq amansız okeanın onu geri qaytarmadığı anlar onun qəlbində sağalmaz yara açır. O, Dinamenenin ölümünə dünyanın ən gözəl, ən kədərli sonetlərindən bir neçəsini həsr edir. Sular onun sevgisini almış, amma Vətəninin dastanını ona bağışlamışdı.

Desenne tərəfindən çəkilmiş qravürdə Makao mağarasında Kamoeş, 1817

1570-ci ildə Kamoeş nəhayət ki, Lissabona qayıdır. O vaxtlar qızılın, ədviyyatın və dəbdəbənin mərkəzi olan, kəşflərlə sərxoş olmuş Lissabon küçələrində gəzən bu təkgözlü, cibində bir qəpiyi belə olmayan, cındırından cin hürkən keçmiş əsgər əslində, Portuqaliyanın ən böyük qızılını – "Luziadalar"ı özü ilə gətirmişdi. Əsər 1572-ci ildə nəşr olunur və gənc kral Dom Sebastyan şairə cüzi, özü də tez-tez gecikdirilən bir təqaüd təyin edir.

10 nəğmədən (kanto) və ottava rima (səkkizlik) formasında yazılmış "Luziadalar" Avropada böyük əks-səda yaradır. Kamoeş klassik Roma mifologiyası ilə xristian inancını, tarixi faktlarla zəngin bədii təxəyyülü birləşdirərək portuqal dilinin qüdrətini bəşəriyyətə nümayiş etdirdi. O, sadəcə qafiyə düzməmiş, imperiyanın və xalqın epik kimlik vəsiqəsini yaratmışdı. Şair təkcə epik yaradıcılığı ilə deyil, həm də fəlsəfi dərinliyi olan intim lirikası, sonetləri ilə Avropa intibahının ən parlaq simalarından birinə çevrilir.

Lakin böyük ədəbi şöhrət onu acından ölməkdən xilas etmir. Rəvayətə görə, həyatının son illərində onun Uzaq Şərqdən özü ilə gətirdiyi sadiq nökəri Lissabon küçələrində dilənərək qoca və xəstə şairə bir parça çörək tapırdı.

Kamoeşin taleyi Portuqaliyanın taleyi ilə mistik və qorxunc şəkildə bağlı idi. 1578-ci ildə Əlqəsr-əl-Kəbir döyüşündə gənc kral Sebastyan həlak olur və Portuqaliya ordusu darmadağın edilir. Bu, dənizlər hakimi olan bir imperiyanın sonunun başlanğıcı idi. İspaniya kralı II Filipp Portuqaliyanı işğal etməyə, xalqı müstəqillikdən məhrum etməyə hazırlaşırdı.

Bütün ömrünü, qanını və gəncliyini vətəninin qüdrətini tərənnüm etməyə həsr edən Kamoeş üçün bu süqutu görmək dözülməz bir işgəncə idi. O, yoxsulluq, vəba xəstəliyi və dərin mənəvi sarsıntı içində yatarkən ölümündən bir az əvvəl dostuna yazdığı məktubda bu sarsıdıcı cümlələri qeyd etmişdi:

"Bütün dünya şahid olacaq ki, mən vətənimi o qədər sevdim ki, təkcə onun uğrunda ölməyə yox, həm də onunla birlikdə ölməyə razı oldum".

1580-ci il iyunun 10-da ispan ordusunun Lissabona daxil olmasına çox az qalmış dahi Luiş di Kamoeş kimsəsizlər xəstəxanasında vəfat etdi və ortaq bir məzarda, bəlkə də kəfənsiz dəfn olundu. 1755-ci ildəki böyük Lissabon zəlzələsi isə onun onsuz da kimsəsiz olan məzarını yerlə yeksan etdi, sümükləri torpağa qarışdı.

Fransisko Auqusto Metrass - "Kamoeşin ölümü"

Lakin zaman böyük sənətkarın haqqını özünə qaytardı. Bu gün 10 iyun Kamoeşin ölüm günü bütün dünyada "Portuqaliya Günü" və "Portuqal Dili Günü" kimi böyük təntənə ilə qeyd olunur. Dənizlərin amansız fırtınalarından xilas etdiyi o tək əlyazma isə bu gün Portuqaliyanın var olmasının ən böyük sübutuna çevrilib. Kamoeş sağ gözünü döyüşlərdə itirsə də, o biri gözü ilə xalqının gələcəyini və tarixin gedişatını hamıdan aydın görməyi bacaran, ölümsüzlüyə qovuşmuş bir dahi idi.

# 28 dəfə oxunub

Oxşar xəbərlər

"Biz diplomu dəliyə verdik, yoxsa dahiyə?" - Qaudinin sirlərlə dolu həyatı

"Biz diplomu dəliyə verdik, yoxsa dahiyə?" - Qaudinin sirlərlə dolu həyatı

12:00 10 iyun 2026
77 il əvvəl götürülmüş kitab kitabxana təhvil verildi

77 il əvvəl götürülmüş kitab kitabxana təhvil verildi

11:30 10 iyun 2026
Əliağa Vahidi ölümdən qurtaran adam kim idi?

Əliağa Vahidi ölümdən qurtaran adam kim idi?

10:30 10 iyun 2026
Erməni qırğınlarından qaçan uşaq necə böyük bəstəkar oldu?

Erməni qırğınlarından qaçan uşaq necə böyük bəstəkar oldu?

10:09 10 iyun 2026
Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

17:50 9 iyun 2026
Dostoyevskinin fədakar həyat yoldaşı - Onun hansı taktikası işə yaramışdı?

Dostoyevskinin fədakar həyat yoldaşı - Onun hansı taktikası işə yaramışdı?

17:30 9 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər