“Bir başqadır mənim məmləkətim” mahnısı ilə məşhurluq qazanan müğənninin film kimi həyatı

“Bir başqadır mənim məmləkətim” mahnısı ilə məşhurluq qazanan müğənninin film kimi həyatı
3 dekabr 2022
# 14:30

Lisey illərindəkl özfəaliyyət

Aytən Alpman 10 oktyabr 1929-cu ildə İstanbulda həkim ailəsində anadan olmuşdur. Kandilli qız liseyində oxuduğu illərdə musiqiyə dərin sevgi duyan Aytən Alpman dərslərdən imkan tapan kimi rəfiqələrini ətrafına yığıb onlar üçün bildiyi mahnıları ifa edərdi. Səsinin çox gözəl olması səbəbindən o, tezliklə bütün liseydə məşhurlaşır. Bir müddət sonra o, Kandillini Nişandaşı ilə dəyişir. Orada özü kimi musiqi həvəskarı olan İlham Gencer ilə tanış olur.

Onlar bütün boş vaxtlarını pianoda musiqilər çalıb oxuyar, radiodan fransız, italyan musiqilərinə qulaq asarlar. Ordan öyrəndikləri əcnəbi musiqiləri özləri üçün məşq edib sözlərini əzbələyirlər. Aytənin musiqi ilə belə sıx əlaqəsi olmasından ailəsi tamamilə xəbərsiz olur. Günlərin birində təşkil olunan musiqi gecəsində ailəsi ilə həmin gecəyə dəvət olunmuş Aytəni aparıcı səhnəyə dəvət edir. Aytən əzbərdən bildiyi mahnılardan birini oxuyur. Mahnı bitdikdən sonra salondakı alqış səsləri ətrafı bürüyür.

1949-cu illərin sonu 50-ci illərin başlanğıcında Türkiyədə müğənni qadın sayı olduqca az idi. Bu səbəbdən yeni yaradılmış İstanbul radiosunun rəhbərliyi İlham Gəncəri və Aytən Alpmanı işləmək üçün radioya dəvət edir. Hər həftənin üçüncü günləri on beş dəqiqəlik efir vaxtında Aytən İlhamın müşayiəti ilə iki mahnı söyləyir.

Ard-arda gələn uğurlar və evlilik....

Tezliklə onun səsi dinləyicilər tərəfindən sevilir. Və o, yenicə istifadəyə verilmiş “Dənizparkı” konsert salonunda çıxış etmək üçün dəvət alır. Səhnəyə çıxmaq üçün ailəsindən güc bəla ilə icazə alan on yeddi yaşlı Aytən tezliklə səhnədə çıxış etməyə başlayır.

Səhnədə çıxış etdiyi vaxtlar o, dövrün ən yaxşı musiqi bilicilərindən biri olan Aleks adlı müəllimdən musiqi dərsləri də almağa başlayır. İşinə ciddi və məsuliyyətlə yanaşması ona yeni uğurlar gətirir. Tezliklə o və İlham Gəncər İstanbulun ən önəmli konsert salonlarından biri olan “Karvansarayı”ndan təklif alır. İtaliya və Fransanın ən məşhur müğənnilərinin səhnə aldıqları Karvansarayda konsert vermək üçün gələn dəvət onlar üçün əsl bayram olur. Qazanılan uğurlar onların başını gicəlləndirmir. Çoxdandı bir-birlərini sevən bu iki gənc bir müddət sonra evlənirlər.

Cütlük tez bir zamanda özlərinə aid konsert salonu yaratmaq istəyirlər. Və buna da nail olurlar. Qısa vaxt ərzində onlar “Çardaq” adlı konsert salonu inşa edib öz tamaşaçılarını həmin məkana gətirə bilirlər. “Çardaq” Türkiyənin ən məşhur və səviyyəli musiqi mərkəzlərindən birinə çevrilir. Hər gecə səhnəyə çıxan məşhur qonaq sənətçilərin sayı-hesabı bilinmir. Bununla yanaşı məşhurluğu dildən-dilə gəzən konsert mərkəzinə ən gənc müğənnilər də çıxmaq üçün canfəşanlıq edirlər. Yuxu kimi davam edən bu gözəl günlər İlham Gəncərlə Aytən Alpman ayrıldıqdan sonra sona çatır. Həmin evlilikdən Aytənin bir qız, bir oğlan övladı olur.

Ayrılıqdan sonra Aytən 1963-cü ildə İsveçrədə keçirilən caz günləri festivalına qatılmaq üçün oraya gedir. Və orada caz musiqisi istiqamətində dərslər almağa başlayır. Təhsillə yanaşı o, İsveç səhnələrinə çıxıb mahnılarda söyləyir. Ella Fitscerald və Duk Ellinqton kimi məşhur müğənnilərlə tanış olur.

İsveçrədən dönüş və məyusluq...

Türkiyəyə geri qayıtdığı zaman xarici mahnılar söyləyən həmkarlarının birdən-birə türk mahnılarına keçid etməsi onu çox məyus edir. Bu səbəbdən o, İsveçdə aldığı təhsili və gördüklərini musiqi sahəsində Türkiyədə çıxdığı səhnələrdə tədqiq etməyə başlayır. Repertuarında caza və başqa xarici mahnılara yer versə də dinləyicilərinin azlığı onu kədərləndirir.

Dinləyicilərinin getdikcə azalması səbəbindən və digər musiqi dostlarının təkidi ilə o da tezliklə türckə mahnılar söyləyir və qısa zaman ərzində əvvəlki populyarlığını əldə edir.

1967-ci ildə məşhurluğunun ən yaxşı vaxtlarına doğru addımlayan Aytən həmin dövrün ən məşhur şairlərindən olan Sezen Cumhur Önalın köməkliyi ilə “Grafson” musiqi şirkəti ilə müqavilə bağlayıb ard-arda üç musiqi valı hazırlayır. “Səni unutmaq, səndən qaçmaq istəyirəm”, “Bu sənə son səslənişim”, “Haqqın yox, məni unutmağa” kimi musiqi vallarının hər üçü müğənniyə böyük şöhrət gətirir. Tezliklə “Bir başqadır mənim məmləkətim” adlı mahnı yaranır. Lakin mahnı ilk dəfə tamaşaçının diqqətini cəlb etmir. Həmin mahnının məşhurlaşması üçün illər keçir. 1974-cü ildə baş verən Kıbrıs hərəkatından sonra “Məmləkətim” mahnısı TRT tərəfindən tez-tez yayımlanır. Müğənninin mahnısı bundan sonra böyük diqqət çəkərək ikinci taleyini yaşayır.

1975-ci ildə daha bir məşhur mahnı “bir ümid” ortalığa çıxır. Bu mahnı da digər mahnılar kimi tez zamanda məşhurlaşır. 1976-cı ildə müğənninin ikinci musiqi albomu işıq üzü görür. Həmin albomda yer alan mahnıların bir çox məşhurluq qazanır. “Mən beləyəm” mahnısı isə ən çox sevilənlərdən olur.

1977-ci ildə Aytən Alpmanın çıxardığı “Niyə dünya dar gəlir insana" və “Sonuncu dəfə” musiqi albomları işıq üzü görür. Bundan sonra müğənni heç bir musiqi albomu çıxartmır.

Məni anamın yanında dəfn edin...

1995-ci ildə müğənni səs tellərində yaranan narahatlığa görə əməliyyat olunur. Elə həmin ili “Ada” musiqi şirkəti tərəfindən müğənninin ən sevilən mahnılarından ibarət diski işıq üzü görür.

Müğənni 2012-ci il aprel ayının 17-də 82 yaşında ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılır. Üç gün ərzində xəstəxanada müalicə alan sənətçi 20 aprel axşam saat 21:30 da həyatını itirir. Onun son vəsiyyəti anasının yanında dəfn olunmaq olur. Aytən Alpman onu sevənlərin ifa etdiyi “Bir başqadır mənim məmləkətim” mahnısının müşayiəti altında dəfn olunur.

Onun ölüm xəbərini alaraq xəstəxanaya gələn məşhurlar arasında keçmiş gəlini Nilgün Belgin və keçmiş həyat yoldaşı İlham Gəncər olur. İlham Gəncər onun haqqında son olaraq bu sözləri deyir:

“Dünən axşam onu ziyarət etdim. Oksigen maskası olduğu üçün alnından öpdüm. Gözlərini açdı, mənə baxdı. Ancaq taqəti olmadığı üçün heç nə deyə bilmədi. Nə mən, nə də Aytən heç bir zaman şou xatirinə çalışmadıq. O, mükəmməl bir millətçi idi. Yerinin heç kim əvəz edə bilməz.”

Hazırladı: Samirə Əşrəf



# 1859 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #