#

Bacısının əlil övladının pulunu yeyənlər...

Bacısının əlil övladının pulunu yeyənlər...
16 noyabr 2022
# 16:30

Mən dünyada müxtəlif insanların eyni həyatı yaşamasına bir o qədər də inanmıram. Mənə görə hadisələr vizual olaraq bir-birlərinə bənzəyə bilər. Məsələn müxtəlif insanlar eyni formada aldadıla, xəyanətə uğraya, uğursuzluğa düçar ola bilərlər və ya əksinə bütün ömürləri boyu arzuladıqları kimi şad xürrəm həyat sürərlər. Amma bu onların oxşar və eyni taleni yaşamaları anlamına gəlmir. Niyə bu cür düşünməyim kimlər üçünsə maraqlı olarsa, deyim ki, izaha ehtiyac duymuram. Bir neçə misal çəkirəm və bununla da söhbəti bağlayaq.

İndi deyəcəyim fikri yəqin ki, daha çox uşaqlığını məcburi köçkün olaraq yaşayanlar anlayacaq. Hər zaman efirlərdə, köşə yazılarında, məişət söhbətlərində də bir cümləni bizə yeridiblər - “bütün məcburi köçkün uşaqları eyni taleni yaşadı”. Əziz dost mən öz təcrübəmə, yaşadıqlarıma dayanaraq deyirəm ki, vallah da elə deyil, billah da elə deyil.

Doxsanların ən acınacaqlı günlərində belə valideyni gedib günlərlə yardım maşınlarının arxasını kəsdirib, qarox, günəbaxan yağı üçün gözünün qarasını əridib sonra əliboş qayıdan uşaqlar var idi. Bir də var idi valideyni vəzifəsindən, olmayan nüfuzundan istifadə edib həmin yardım maşınlarındakı yetim-yesirin göz dikdiyi minimal ərzaq paylarını yağmalayıb, yeyən uşaqlar. Bu uşaqların nəyin ki, yaşadıqları həyat, heç rəngləri də oxşar deyildi. Hələ mən bir adamın cibində gəzdirdiyi onlarla çörək pulu sənədini, pensiya kağızlarını demirəm .Təsəvvür edin ki, məmur qardaş doğma bacısının əlil övladına təyin olunan əlillik pulunu illərlə basıb yeyir, bacı da hər gün qonşu alaçıqdan çıxıb rayon mərkəzinə gedən qardaşına dua edir k, sağ-salamat gedib qayıtsın bəlkə bunların da uşağına gün ağlayar.


Gəlin sizə daha da maraqlı bir əhvalat danışım. Biz məcburi köçkün düşüb, sonradan elə bir yerdə məskunlaşmışdıq ki, mən orta məktəbə getmək üçün 10 km yol getməliydim. Bu yolun da 4 km əkin sahələrindən, meşə zolaqlarından keçirdi. (Məktəb yollarım da ayrıca bir mövzudur. Qismət olarsa nə vaxtsa onu da yazaram. Yağışlı havalarda əkin sahələrini necə keçdiyimi, meşənin düz ortasında yerləşən vaqon məktəbimi sizə anladaram).

Deməli məktəbə gedib, dərsə çatmağım harada isə 3 saata çəkirdi. Evə qayıtmaq üçün də, dərsdən çıxıb bir neçə saat avtobus gözləməli olurdum. Çünki yolun bir hissəsini avtobusla gəlirdim. Kəndin düz mərkəzində kiçik bir çayxana var idi. Yayda həyətində, qışda isə darısqal balaca bir otağında oturub çay və kojiklə avtobusun gəlişini gözləmək günlük rutinlərimdən biri olmuşdu. Yəni ayrı yolum da yox idi. Ya dayanacaqda, yol kənarında 2 saata qədər gözləməli idim, ya da orada oturub yenə avtobusun gəlişini gözləməli idim.

Amma həmin çayxanada da hər daim otura bilmirdim. Səbəb də bu idi ki, məktəbin bir-iki müəllimi dərsdən sonra həmin çayxananı nərd, domino üçün məkan bilirdilər. Elə ki, çayxanada mən bunların gözünə dəydimsə baxışları sərtləşir, “dur burdan çıx” demək həddinə gəlirdi. Amma demirdilər. Sadəcə mən necə deyərlər temanı tuturdum və dinməzcə çayxananı tərk edirdim.

Günlərin birində isə həmin müəllimlərdən biri məni sinfə çağırdı. Uzun-uzadı çayxanada oturmanın mənfi yanlarından danışdı. Əl-qərəz başa sala bilmədim ki müəllim vallah orada 2 saatın ən azı 1 saatın oturanda vaxtımı yarılamış oluram. Həm də çay içib, kojik yeyib dərslərimə də baxa bilirəm. Açıq şəkildə desəm adam ya qammadı ya da alfa, betta nə bilim nə.. Son olaraq üzümə baxdı və oturma dedi.

Vəziyyət belə idi ki, əgər həmin müəllim çayxanada olarsa göydən leysan töksə belə mən ora getmirdim. Bəzən avtobusa minən də iliklərimə qədər islanmış, donmuş olurdum. Yox əgər görsəm ki müəllimin keçəl başı çayxananın giriş qapısından o tərəfə adladı bir qədər gözləyib içəri keçirdim.

Bir gün yenə baxdım, gözlədim. Müəllimi çayxana ətrafında görə bilmədim. Düşündüm ki, artıq yoxdur. Hava yağışlı olduğundan isti çay, isti otaq, yumşaq kojik yerinə düşərdi. Elə çayxananın qırıq taxtadan olan qapısını açıb içəri keçmişdim ki, gördüm mənə ədəb-ərkandan, böyük kiçik məsələlərindən dastan danışan, rəsmən gözümü qorxudan həmin müəllim məktəbin ən avara şagirdləri ilə oturub çay içir. Hətta ortada domino da var. Səhv etmirəmsə şagirdlərdən ovcunun içərisində siqaret tutanı da gözə dəyirdi. Müəllimlə göz-gözə gələndə burnunun ucundan keçəlinə qədər qızardığını gördüm. Yalan nə deyim, hərəkəti həyasızlıq olsa da utanan adama oxşayırdı. Mənə ən çox yer edən isə həmin şagirdlərin də kəndə yaxın ərazidə məskunlaşan köçkün uşaqları olması idi. (Deməli biz eyni həyatı yaşamırdıq). Müəllim yerindən qalxıb məni masaya dəvət etsə də səsimi çıxarmadan üz çevirib çölə çıxdım.

Lap sonralar öyrəndim ki, həmin şagirdlər bu səlahiyyəti əldə etmək üçün müəllimə 2 baş xoruz, hinduşka veriblər. Müəllimin 6 baş qoyunun da sürülərinə qatdıqdan sonra ortadan müəllim və şagird, böyük və kiçik, hətta qaçqın və yerli münasibətləri də götürülüb. Adamlar rəsmən domino, nərd, siqaret yoldaşına çevriliblər.

Bu həqiqətdən sonra həmin “müəllimin” bütövlükdə şəxsiyyəti gözümdən düşdümü? Əlbəttə düşdü. Daha sonralar isə bir şeyi də anladım ki, bu cəmiyyətdə mənəviyyatını, insanlıq hisslərini, peşə etikasını, əxlaqını iki hinduşkaya satan “müəllim”-lər varsa, görün din adı altında maskalanıb, beyni, ilikləri yuyulub potensial satqına, vətən düşməninə çevrilənlər nə qədərdir. Azacıq dünyəvi elmlərə yiyələnib, Avropa psixologiyasını mənimsəyib genimizi, soyumuzu dəyişmək üçün çaba göstərənlər bəs??

Xələf Xələfov

# 1336 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
Fidan Hacıyeva:  "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

Fidan Hacıyeva: "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

18:13 4 oktyabr 2024
Mazhar Alansonun qızı vəfat etdi

Mazhar Alansonun qızı vəfat etdi

17:34 4 oktyabr 2024
Aqşin Yenisey:  "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

Aqşin Yenisey: "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

16:36 4 oktyabr 2024
Kitab sərgisində "Günlərdən şeir"

Kitab sərgisində "Günlərdən şeir"

16:05 4 oktyabr 2024
# # #