Azərbaycanın səmadakı sülh göyərçinləri

Azərbaycanın səmadakı sülh göyərçinləri
7 yanvar 2025
# 11:44

Kulis.az Eminquey Akifin "Azərbaycanın vurulan sülh göyərçinləri" adlı yeni yazısını təqdim edir.

“Ən çətin şey hərəkət etmək qərarına gəlməkdir, qalanı əzm məsələsidir”.

Ameliya Erxart


Təkbaşına Atlantik okeanı keçən ilk qadın pilot Ameliya Erxartın gəldiyi bu qənaət çox güman ki, təyyarə sükanından yapışan hər bir pilotun həqiqətidir. Bu həqiqət adi uçuşlarda və enişlərdə yox – Yer əvəzinə, ölümlə üzbəüz qaldığın an boy verə bilər. Pilotun əzmkarlığı məhz bu məqamda üzə çıxır.

Sizcə də qəribə deyilmi, insanı ucaldan nə varsa, ucunda ya ölüm var, ya da sağalmaz yaralar?! Bəlkə də, hər dəfə belə olmur, amma əksərən belə olur. İstər müharibədə, istərsə də adi günlərdə. Təyyarəmiz qəzaya uğramasaydı, kim biləcəkdi ki, Hökümə adlı stüardessamız, İqor Kşnyakin, Aleksandr Kalyaninov adlı pilotlarımız var? Bilsəydik də, unudulacaqdı.

Amma ən qəribəsi odur ki, bu iki pilotdan biri – İqor ukraynalı, Aleksandr isə rusdur. Əslində, qəribə heç nə olmamalı idi. Adam ukraynalı, ya rus olanda nə olar?! Amma son illərin mənzərəsinə baxanda, onların milliyəti qəribələşir.

Rusiya ilə Ukrayna arasında müharibə gedir. 2014-cü ildən bu yana hər iki ölkə itki verir. Və son 3 ildə isə müharibə öz zirvəsini yaşayır. Belə bir məqamda, elə Rusiyanın Ukraynadan gələn zərbələri zərərsizləşdirdiyi anda, səmasında Azərbaycan təyyarəsi görünür. Bu təyyarəni idarə edən pilotlardan biri ukraynalı, o biri isə rusdur. Azərbaycandan kənarda bir-birinə düşmən iki xalq, Azərbaycanda isə dost, həmkar, silahdaş. İqorun soydaşları ilə Aleksandrın soydaşları bir-birini öldürən zaman onlar Azərbaycan təyyarəsini səmada saxlayırlar. Onların qəhrəmanlığına bir də bu tərəfdən baxanda, qəzanın, onların həlak olmasının, göstərdikləri əzmin mahiyyəti bir az da dəyişir.

Məsələn, rus əsilli Aleksandr Kalyanin bilsəydi ki, onun uçurtduğu təyyarəni elə öz millətindən olan adamlar vurublar, nə hisslər keçirərdi? Yaxud da, İqor Aleksandra nə deyərdi? Axı bu iki qəhrəman Azərbaycan ərazisində Rusiya-Ukrayna müharibəsinin fövqündə, dostcasına yaşayıblar.

Təyyarəmizi Rusiya sərhəddindən keçirən zaman, – hansı ki, onlara Qroznı da enməyə imkan verməyiblər – görəsən, ukraynalı İqor rusiyalı Aleksandra nə demişdi? Ümumiyyətlə, onlar bu müharibə haqqında nə düşünürdülər? Bir-biriylə döyüşən, bir-birini öldürən soydaşlarına münasibətləri necəydi? Ukrayna arağı ilə rus arağını müqayisə etmişdilərmi? Sözləri – ukraynalı qızlar gözəldir, yoxsa rus qızları? – mövzusunda çəp gəlmişdimi? Bilmirəm.

Amma bildiyim bir şey var: O təyyarə Azərbaycanın səmaya qaldırdığı sülh göyərçini idi. Təəssüf ki, İqorla Aleksandr Ukrayna-Rusiya müharibəsində iştirak etməsələr də, əslində, elə Ukrayna-Rusiya müharibəsinin qurbanı oldular.

Azərbaycanın təyyarəsi vurulsa da, adamları, fərqli millətlərdən, fərqli dinlərdən olan vətəndaşları hansısa müharibənin qurbanına çevrilsə də, yenə də səmaya sülh göyərçinlərini buraxacaq və mən inanıram, ümid edirəm ki, bir gün, nə vaxtsa, hamı bu göyərçinləri görəcək, Yer üzündəki bütün insanlar bizim ölkəmizdəki kimi mehriban, dostca, qardaşcasına yaşayacaq.

# 2492 dəfə oxunub

Oxşar xəbərlər

Hacıbaba Hüseynov - Sənət axşamı

Hacıbaba Hüseynov - Sənət axşamı

17:25 10 yanvar 2025
"Xozeyn" ləqəbli tiktoker həbs edildi

"Xozeyn" ləqəbli tiktoker həbs edildi

16:36 10 yanvar 2025
Lətifədən ailə üzvlərinə qadağa

Lətifədən ailə üzvlərinə qadağa

15:50 10 yanvar 2025
Sovet havalı, molla təfəkkürlü elm adamı - Bu da bizim akademikimiz...

Sovet havalı, molla təfəkkürlü elm adamı - Bu da bizim akademikimiz...

15:10 10 yanvar 2025
Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"

Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"

14:38 10 yanvar 2025
Direktor:  "Azər Baxşəliyev özü orqan nəqlindən imtina etdi, bununla bağlı ərizə var"

Direktor: "Azər Baxşəliyev özü orqan nəqlindən imtina etdi, bununla bağlı ərizə var"

14:05 10 yanvar 2025
#
#
# # #