Azərbaycanda ən böyük problem qeyri-peşəkarlıqdır - Sərdar Amin

Azərbaycanda ən böyük problem qeyri-peşəkarlıqdır - Sərdar Amin
3 noyabr 2023
# 12:08

Kulis.az Sərdar Aminin "Don Kixot, Fərhad Bədəlbəyli və ağ at..." adlı yeni yazısını təqdim edir.

Azərbaycanda tənqid olunan peşə sahiblərinə, fərdlərə diqqət edin; hamısı uğurlu adamlardır. Tənqid olunası tərəfləri varmı? Bəli, çünki əksəri qeyri-peşəkardırlar. Ancaq nə kəramətdirsə, qeyri-peşəkarlıq şəraitində yalnız uğurlular tənqid olunur - qeyri-peşəkarlıq müstəvisində uğur qazanmağı bacardığına baxmayaraq.

Bəs, Azərbaycanda işini peşəkar səviyyədə görə bilən kollektivlər, peşə sahibləri, fərdlər nə qədərdir?

Etiraf edək, Azərbaycanda ən böyük problem qeyri-peşəkarlıqdır. Bu reallıqda ən çox tənqid olunan şəxs və sahələr isə populyarlıq qazananlardır.

Etiraf edim, mənim də bu istiqamətdə tənqidi yazılarım olub, lakin mətnimi qısır tənqid üzərində qurmamışam, inkişafa doğru təklifim olmadığı halda, çıxış yolu göstərə bilmədəyim təqdirdə, heç bir sahəni, fərdi tənqid etməmişəm.

Bu gün kim ağzını açır, televiziyaları, saytları, medianı aşağısəviyyəli kontent təqdim etməkdə qınayır. Məsələn, mən bir neçə dəfə Fərhad Bədəlbəylinin televiziyanı tənqid etdiyinin şahidi olmuşam. Fikrində haqlıdırmı? Bəli. Ancaq hansısa sahəni istisna şəkildə tənqid etməkdə haqlıdırmı? Əsla!

Bədəlbəyli tombul çiynindən geriyə baxsa, təkcə rektoru olduğu Musiqi Akademiyasında nəğməsini itirmiş onlarla adam görər. Akademiyanın qapısından ayağını çölə qoyan kimi addımını basmış olduğu “dədəsinin küçəsi”ndə, yəni Şəmsi Bədəlbəyli küçəsinin kənarlarındakı hansı obyektdə işlər rəvan gedir? 3 saylı Uşaq Poliklinikasında, yəni tibbdə? Yoxsa ADNSU-da, yəni təhsildə? Bəlkə, Mərkəzi Bank qızıl saat kimi işləyir, yəni maliyyə sektoru nümunədir?

Bəli, bizdə tənqid deyən kimi bu peşəkarsızlıq şəraitində özünə bir model yaradıb pul qazana bilən, məşhurluq əldə edənlərin biabır edilməsi nəzərdə tutulur. Bəlkə də, biz həmin sahələrin, həmin şəxslərin dalınca düşməliyik ki, bizə qarışıq atmosferdə uğur qazanmağın yollarından danışsınlar, nəinki güllük-gülüstanlıq ölkələrin əzbərlənmiş modellərindən mühazirə deyən adamların.

Bir az dərindən diqqət etdikdə bəlli olur ki, tənqid edənlərin əksəri müsbətə yol almaq üçün yox, diqqət çəkmək üçün qələmə sarılırlar. Çünki uğurlu sahələrin, məşhur adamların tənqidi rezonans doğurur. Ancaq nəzərə almırlar ki, bu rezonans qısırdır, bərəkətsizdir, heç müəllifin özünə də müvəqqəti dilə-dişə düşməkdən savayı nəsə qazandırmır.

Fərdi bacarıqları ilə Azərbaycanda diqqət çəkə bilən, qazandığı ilə ayağa qalxa bilən sahələri kirləmək, adamlara badalaq atmaqdansa, onların əlindən tutmaq lazımdır.

Məsələn, akademik musiqisi ilə illərdir nəinki beynəlxalq uğur qazanmayan, heç milli müstəvidə belə yetərincə auditoriya tapmayan bir ölkənin musiqiçisi öz hesabına 500 adama maaş verməyi bacaran bir qurumu – televiziyanı yerdən-yerə vurmaqdansa, təcrübə mübadiləsi aparmağa çalışmalıdır. Öz akademik çəkisindən televiziyaya bəxş etməli və onun funksionallığından nəticə çıxarmalıdır.

Əgər kimsə televiziyanı, jurnalistikanı tənqid etmək istəyirsə, Qərbin bizim kimi ölkələr üçün qurduğu tələdən – reytinq və reytinqə görə verilən reklamlar məsələsindən başlamalıdır. Bu gün media yeganə qazancını baxımlılıqdan əldə edir. Baxımlılıq səviyyəsini artıran proqramlar da məhz hər gün tənqid olunan hazırhuluqum, ailə-məişət mövzusunda hazırlanan kontentlərdir. İndi bu paradoksallıqda yeni təklifin varsa, bunu istənilən formatda dilə gətirə bilərsən, əks halda məşhərəcən susmalısan. Çünki sənin dediyin tənqidi televiziya, sayt daxilində mühafizəçidən başlamış, direktora qədər hər kəs bilir. Ancaq bu günə qədər kimsə sanballı kontentə görə mediaya 1 qəpik pul verməyib, onlarsa yüzlərlə əməkdaşı hər 30 gün sonunda maaşla təmin etməlidir.

Televiziya üzərindən mövzuya qayıtsaq, öz modelini tapmaq məcburiyyətində olan Qafqazda, xüsusən də yeni Azərbaycanda uğurluların klassik şablonlarla tənqidinin qəbul edilməz olduğunu başa düşəcəyik.

Bəyənmədiyiniz proqramların, televiziyaların uğur qazanması bizi narahat etməməlidir, bizi bəyəndiyimiz proqramların baxılmamağı narahat etməlidir. Bəyənmədiyimiz kanalları tənqid etməkdənsə, bəyəndiyimiz kanalların baxımlı olmasını təşkil etməliyik. Yoxdursa, yaratmalıyıq.

Qeyri-peşəkar mühit heç vaxt peşəkarları populyarlaşdıra bilməz. Ona görə də peşəkarlar mühiti dəyişməyə çalışmalıdır, həmin mühitin yetişdirdiyi məhsulları, şəxsləri yox. Nəticə ilə mübarizə aparmağın əhəmiyyətsiz olduğunu Servantes XVI əsrdə yazmışdı. Ona görə də, artıq Avropada nəinki Don Kixot, heç onun atı Rosinanta rast gəlməzsiniz. Bizim atalar isə deyir, eşşəyə min, ata çatana qədər. Ancaq yeni reallıq bizə onu hayqırır ki, sən eşşəyə minsən, ata heç vaxt çata bilməyəcəksən!

Odur ki, ata minək, əzizlərim. Ağ at qapımızdadır. Qafqazinfo

# 1340 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #