Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."
24 oktyabr 2025
# 16:30

Kulis.az Azər Turanın "Kür kimi doğma Əlisəmid, fələk zalım olmağa hökm edir" yazısını təqdim edir.

Sosial şəbəkələrdə bir Əlisəmid vaveylası var. Təxminən, iyirmi beş il əvvəl Əlisəmidin başına bir qəza gəlmişdi və indi baş verən ölümünü də o qəzanın əsintisi, o sarsıntının yekunu kimi anlamaq olar. Onda şair qınaq obyekti idi... Həmin günlərdə "Kür kimi doğma Əlisəmid, fələk zalım olmağa hökm edir" adlı bir məqalə yazıb, "Yeni Azərbaycan" qəzetinə - Alqış Həsənoğluna göndərdim. Sağ olsun, yazını qəzetin 23 noyabr 2000-ci il tarixli sayında dərc etdi. Əlisəmidin çətin günlərində iqtidarın baş qəzeti ona həyan olmuş, Əlisəmid də qəzetin bu münasibətindən və yazıdan məmnun qalmışdı. Və hətta həbsxanada onu ziyarətə gələn oğlu Qorqud özü ilə "Yeni Azərbaycan" qəzetinin həmin sayını gətiribmiş, "Ata, səndən yazıblar", deyə qəzeti ona uzadıb. Ardıyca da əlavə edib: "Ata, yaxşı yazıblar". Onda Əlisəmid haqqında yaxşı yazanlar, ya heç yox idi, ya da çox nadir idi.

Yazımda belə bir fikir vardı: "Əlisəmid barədə indi yox, çoxdan yazmalıydım. İndi yazıram və yazdıqca da düşünürəm, bəs uzun illərdən bəri Əlisəmidlə bağlı ürəyimdə gəzdirdiyim fikirlər hara qeyb oldu?" Oğlu ilə görüşdüyü həmin gün Əlisəmid gündəliyinə təxminən, bu məzmunda qeydlər etmişdi: "Sağ ol, Azər, amma sən bu yazını mən öləndən sonra yazmalıydın". Bütün bunları elə o illərdə "Avropa" qəzetinə verdiyi müsahibəsində oxumuşdum...

Ankaraya yola düşürdüm. Əlisəmidin qara xəbərini eşitdim və evdən çıxanda həmin yazını da, özümlə götürdüm. İndi bir Ankara gecəsində 25 il əvvəl yazdığım həmin yazıyla baş-başayam və o yazıdan bəzi parçaları bura köçürürəm:

"Əlisəmid içərisindəki böyük şairin doğuluşu ərəfəsində üç klassik şeir yazmışdı. Bu şeirlər onun taleyinin, bugünkü aqibətinin və gələcəyinin xəbərdarlıqlarıydı:

Neçə ki, fələk qarğıyır,

Hökm edir zalım olmağa,

Yüz əliqılınclı hazır

Bir bənövşə boynu vurmağa.

Neçə ki, canından bezir

Hər aşiq haqdan keçməyə,

Min əliçıraqlı gəzir

Eşq yolunda qurban getməyə.

Neçə ki, söz meydanı dar,

Umud qalır and içməyə,

Milyon əliyalın qul var

Min yol ölümdən keçməyə.

Yüz əliqılınclı hazır...

Min əliçıraqlı gəzir...

Milyon əliyalın qul var,

Neçə ki, Tanrı da dözür.

Çətini fələk qarğıyıncadır. Amma nə yazıq ki, sözün meydanı daralanda ümidi də fələyin şaxtaları vurur. Sənin içdiyin ən müqəddəs anda belə inanmırlar, inanmaq istəmirlər. Andlardan sonra isə nevrasteniya gəlir. Tək sən deyil, cəmiyyət hamısı bu gündədir.

"Bir dəfə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü. Kürəyində yük daşıyan adamlar mənə kentavrları xatırlatdı... bir də qulaqlarıma at kişnərtisi gəldi" - bu sözləri Əlisəmid "Kentavr" şeirinin epiqrafında yazır və sonra da şüuraxını kimi kentavrlar peyda olur:

Dərdin arxasınca dördnala çapan

Bədəni at, başı adam,

Bu yarıat, yarıadam,

Qaçmağı hallı adam

Hara gedir, Yaradan?

Sözünün dalında dağ kimi durub,

Hər gün bir sevdayla döyüşə gedir.

Dalına atdığı şələyə baxmır,

Xəndəyə yıxılmır, tələyə baxmır,

Özüylə söyüşə-söyüşə gedir.

At kimi yeriyir qəmin üstünə.

Çapır, dördnala çapır,

Hara gedir, qəm gətirir.

Bir gün çörək tapır,

Bir gün də tapmır...

"Mersedes" gözəllər keçir yanından,

Vaxtı yox onlara gözucu baxa.

Faytona qoşulmuş ata boylanır,

Bu yarıat, yarıadama

Ana boylanır,

Ata boylanır.

Kentavr şəhərdən baş aça bilmir,

Dəyənək qorxusu çıxmır canından.

Bu köçkün kentavr,

Qaçqın kentavr

Polisin əlindən qaça da bilmir.

Bu qovur, o qovur,

Göydə Allah qovur, yerdə bəndəsi.

Kəpənək yuxusu qaçıb gözündən,

Hələ kütə gedir onun kündəsi.

- Hara qaçırsan, Kentavr?

- Kimdən qaçırsan, Kentavr?

Başın bədənindən ayrı,

Bədənin başından ayrı,

Özün-özündən qaçırsan,

Gedirsən qəmin üstünə

Söyüşə-söyüşə.

Yaşamaqçün, ölməməkçün

Atlar örüşə gedir,

Kentavrlar-döyüşə!

...Qarabasmaya bənzəyən Kentavr gerçəkliyini özüylə birgə getdiyi yerlərə aparan Əlisəmid Kür Azərbaycanın ən yaralı şairinə çevrildi. Onun alın yazısından da bu qarabaxt sözlər oxunurdu. Əlisəmidin şeirlərində göz yaşına çevrilmiş misralar yoxdur. "Dilənçi şəhər" şeirini oxuyub bu qənaətə gəlmək olur ki, meydanı çaxnaşdıran çağdaş Azərbaycan yazısının Əlisəmid Kür müxalifliyinə nə qədər böyük ehtiyacı vardır:

Bütün dilənçiləri tanıyıram şəhərdə...

Sən ki dilənçi deyilsən, anam-bacım!

Səni bu günə salan var!

Utana-utana əl açmısan,

Gözlərin yaşarıb sənin.

Uşaq kimi dil açmışan,

Əllərin qısalıb sənin,

Bəxtinə yolçuluq düşən anam-bacım.

Üzünü gizlətmə elə.

Cibimdə sonuncu qəpiyim qalıb,

Ağlaya-ağlaya verirəm sənə, -

Sən Allah, özünü ağlatma belə.

Dərddən xəbərsizlər kefdə-damaqda...

Yanından maşınla şütüyüb keçir,

Yayın bürküsündə, cırhacırında

Halına yananlar üşüyüb keçir.

Əl açmağa qalıb sənin əlacın,

Boynunu bükmüsən yolumun üstə.

Mən səndən kasıbam, ay anam-bacım,

Özüm can verirəm qolumun üstə.

Bütün kənd dilənçi,

Şəhər dilənçi...

Nəzir qutusudu nazir qapısı.

Üzlərdə, gözlərdə nə həya, abır,

Nə Allah qorxusu,

bəndə qorxusu.

Dilənir küçələr başdan-ayağa,

Azan səsiylə də dilənir şəhər.

Yağış əvəzinə göydən pul yağa,

Yığıla küçədən bu dilənçilər.

Buradan haraya baş alıb qaçım?

Dilənçi əkilib hər qarışına.

Bir gün mən özüm də əlimi açıb

Tanrım, çıxacağam

Sənin qarşına.

Bu, Əlisəmidin şair taleyidir. Və təkcə qəzet səhifələrində, kitablarında yazdığı yox, evinə apardığı, məişətinə, həyatına daxil elədiyi taleyi. Məhz bu mənada, Əlisəmid bənzərsizdir. Ədəbi təxəllüsü canında qımıldanan Əlisəmid Kürdür! Onun zahirən məğlubedilməz görünən cismi əsl hadisənin - faciə səviyyəsinə yüksəlmiş şairliyinin qarşısında duruş gətirə bilmir. Azərbaycan poeziyası Əlisəmid Kür dövrünü yaşamalıdır. Taleyin sınaqları da kim bilir, bəlkə elə bunun üçündür.

...Nə isə olacaqdı. "Kentavr"dan sonra nə isə olmalıydı. Vağzalın yanından keçəndə gördüyü gerçəklərə qədim dünyanın mifoloji obrazları qarışıb şairi əməlli-başlı röyaya daldırmışdı. Yazı masasının arxasında isə Əlisəmid Kür vağzalın yanında gördüyü yuxunu qələmə almışdı. Fessaliya Bakı ilə qaynayıb-qarışmışdı onun şair təxəyyülündə. Dionisin şəraba həris dostları vağzalda yük daşıyırdılar. Qəmlə söyüşə-söyüşə bir Azərbaycan şairinin əsəblərinə sığınırdı bu yarıat, yarıadam məxluqlar. Şairdən çörək istəyirdilər... Və bir azdan sükut pozuldu... Əlisəmidin sükutu pozuldu..."

İndi iyirmi beş il əvvəl yazdığım bu esseni Ankarada "New Park Hotel"in 3-cü mərtəbəsindəki otağımda təkrar oxuyuram... Doğrudan da, bu yazını Əlisəmidin ölümündən sonra yazmalıymışam...

Yeri gəlmişkən, Ankaraya Anarla bağlı silsilə tədbirlərdə iştirak etmək üçün gəlmişəm. Bayaq Anar müəllimlə Əlisəmid barədə danışırdıq: "Səhiyyə Nazirliyi ilə də, Əhliman Əmiraslanovla da Əlisəmidin səhhəti ilə bağlı söhbət etmişdim. Amma xəstəlik öz işini görmüşdü. Əlisəmidi xilas etmək mümkün olmadı..." dedi.

Əlisəmid yaşca məndən böyük idi. Amma eyni institutda oxuyur, nəşriyyatın yaxınlığındakı yataqxanada eyni otaqda qalırdıq... O, beşinci kursda oxuyurdu, mən birinci kursdaydım. Xatırlayıram. 1981-ci ilin oktyabr ayıdır. Yağış ara vermir. O zaman oktyabr yağışları indiki kimi, Mətbuat prospektinə deyil, Avakyan küçəsinə yağırdı. Arazdan, Təbrizdən danışıb yorulmuşduq. Əlisəmid yatmış, mən isə oturub dərslərimi oxuyurdum. Qəfil başına qədər çəkdiyi ədyalı kənara itələyib yerindən sıçradı. Onu yatmış zənn etdiyim anlarda ədyalın altında yazdığı şeiri oxumağa başladı:

Həsrət ümidinlə qol-boyun gəzər,

Sözlü arzuların yola çıxıbsa.

Demə nigaranıq o taydan, Azər,

Qəlbinə axacaq göz yaşın sənin -

Araza baxıbsa, Kürə baxıbsa.

Və indi, üstündən ən azı qırx üç il keçəndən sonra bu təfsilatı ömrümün ən məhrəm məqamlarından biri kimi xatırlayıram.

Həmin illərdə xətrimə dəyən kim olsaydı, kimliyindın asılı olmayaraq, Əlisəmid bir göz qırpımında həmin adamı tapar, döyüb gözünün odunu alar, qorxudardı. Əlisəmidin yanında adam kür olardı, Əlisəmid kimi...

Hələ tələbəlik illərində mətbuatda şeirləri, tamaşalar barədə resenziyaları dərc olunardı. Sonra nə üçünsə Azərbaycandan kənarda həbs olundu. Ukraynada həbsxanada yatdı. Onda mən İrkutskda əsgərlikdəydim və Əlisəmidin başına gələnlərdən də xəbərsiz deyildim. O ərəfədə Xəlil Rzadan 9 iyul 1985 tarixli bir məktub aldım: "Mən dünən şəhərdə kimə rast gəlsəm, yaxşıdır? Əlisəmid Cəfəroğluya! Necə qucaqlaşdıq, aman, Tanrı! 120 gün həbs çəkib Xarkovdan qayıtmış bu şairin varlığında nə qədər gənclik, mübarizə, səmimiyyət işığı var! Evimizdə gözəl şeirlərini dinlədik. Gülür Əlisəmid... onu dustaq edənlərə və bu gülüş dustaq evində yazdığı "Poema-Gündəlik" əsərinin hər misrasında ildırım kimi şölə çəkir.

Biz öyrəşməliyik

Aysız, ulduzsuz gecələrin

qaranlığında yaşamağa da.

Bir dəniz yaşayır içərimizdə...

Biz öyrəşməliyik onun

köksümüzü döyən dalğalarına.

Pəncərəmin pərdəsi

zülmət rəngli bir əsgi...

Türkiyə radiosu Azərbaycan şairinin dustaq edilməsi haqqında veriliş vermiş və üç şeirini oxumuşdur. Böyük Rəsul Rzaya həsr etdiyi bir şeirində deyir ki, "Ölümün utana-utana gəlmişdi / Fəxri xiyabana. / Çəkinə-çəkinə, / qızara-qızara / girmişdi məzara".

Tez ayrıldıq. Salyana, atasının yanına qanadlanırdı Əlisəmid. Cibinə 25-lik basmaq istədim, götürmədi. Məğrurdu Əlisəmid. Qadını və qızı şeirlərində Ayla Ulduz kimi nur saçır".

Əlisəmid bir az da Ulutürkün əsgəriydi. Hətta Ulutürkün evində tabutun qapağını açıb şəhid Təbrizin yaralı vücudunu Xəlil Rzaya o göstərmişdi...

Bunu isə Xəlil Rza Ulutürk ona həsr etdiyi "Əlisəmidim" poemasında yazıb:

Qayalardan, ümmanlardan

güc alanım - Əlisəmidim!

Şeir üstündə ucalanım - Əlisəmidim!

...Yıxılsan da, dura bildin,

Qıra bildin kirli toru...

...Sonrakı illərdə də ayrılmadıq. Bir də görürdün başının dəstəsi ilə Neftçaladakı evimizə qonaq gəldi. Atam da onu çox istəyərdi deyə, bütün ərklərini sevərək, sevinərək qəbul edərdi. Yadımdadır, 1987-ci ildə rejissor Zaur Məhərrəmovla gəlib Kürlə Xəzərin qovuşduğu yerdə "Sübh adasında qürub" sənədli filmini çəkmişdilər... Çəkiliş günlərində bir yerdə adaya gedər, axşama qədər orda qalar, evə gecələr qayıdıb sənət söhbətləri edərdik...

Dünən gecə Ankarada başladığım bu yazını bu gün gecə Əskişəhərdə - Anadolu Universitetinin qonaq otağında davam etdirirəm. Yuxarıda xatırlatdığım rejissor Zaur Məhərrəmov da Anadolu Universitetinin müəllimi idi və iki ay bundan əvvəl elə bu şəhərdə də dünyasını dəyişdi... Əlisəmid həm də budur. Heç yerdə boşluq buraxmır; nə xatirələrdə, nə də həyatda...

"Yol" qəzetinin baş redaktoru olduğu 1991-1994-cü illərdə esselərimi çap edir, qəzetdə mənim təqdimatımla türk poeziyasından nümunələr verirdi.

İnanmazdım ki, Əlisəmid bir gün xatirəyə çevriləcək. Yoxluğu bu şəkildə yandırıb-yaxacaq. Əsl salyanlıydı; macəraları bitib-tükənməz...

"Ədəbiyyat qəzeti"nə şeirlərini sonuncu dəfə 2023-cü ildə təqdim etdi. Bir dəfə də onu 2019-cu ildə çap etmişdik... Demək olar ki, hər həftə redaksiyaya gəlir, hər dəfə görüşəndə yeni şeirlərini göndərəcəyinə söz verir, amma göndərmirdi. Elə əvvəldən az yazırdı. Heç başqa yerdə də yeni şeirlərinə təsadüf etmirdim. "Adamlar dəyişir havalar kimi" başlığıyla verdiyimiz son şeirlərindən biri Məhəmməd Hadinin qarışıq xəyallarının - "Mən bir diriyəm, etdi məni dəfn təsadüf" misrasının yeni versiyası kimi səslənirdi:

Mən büllur külqabıyam,

Hərracda satılacam

bir azdan.

Taleyi çat atmış

büllur bir şairin

çat atmış büllur külqabısı

satılacaq hərracda.

O nakam şairin

nəyi var - bölünüb,

nəyi var - satılıb

bir az aşağı,

bir az yuxarı.

...Mən büllur külqabıyam -

Məni satan qazanacaq,

məni alan sevinəcək...

Mən - şahidəm.

Əldən salsalar məni

çilik-çilik olacam.

Mən - şəhidəm!

Kül acıyam.

Yanmış əlyazmaların

kül qoxusu var canımda.

Mən büllur külqabıyam,

Məni ortaya qoyub

satacaqlar hərracda.

Bir mən satılacam,

bir də satılacaq

qəm çəkmiş şairin

toz basmış,

nəm çəkmış əlyazmaları.

Sanki Əlisəmidin bütün ağrıları həmin şeirdə preslənmişdi və bu dünyadan da elə həmin ağrılarla getdi...


14-15 oktyabr 2025

Ankara-Əskişəhər

# 208 dəfə oxunub

Oxşar xəbərlər

Ulucay Akif:  "Aygün Kazımova ilə evlənmək fikrim yoxdur..."

Ulucay Akif: "Aygün Kazımova ilə evlənmək fikrim yoxdur..."

12:28 24 oktyabr 2025
"Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər"

"Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər"

10:00 24 oktyabr 2025
Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

14:00 23 oktyabr 2025
"Biz itib-eləməmişik..." - Mirmehdi Ağaoğluna CAVAB

"Biz itib-eləməmişik..." - Mirmehdi Ağaoğluna CAVAB

10:00 22 oktyabr 2025
"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

17:00 17 oktyabr 2025
"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

12:05 16 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər