Atası "xalq düşməni" kimi damğalanan, peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın

Atası "xalq düşməni" kimi damğalanan, peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın
23 iyul 2025
# 13:56

23 iyul Xalq rəssamı Maral Rəhmanzadənin doğum günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı və faəliyyəti ilə bağlı maraqlı məqamları təqdim edir.

Peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə, çağdaş milli rəngkarlıq məktəbinin formalaşmasında və inkişafında mühüm rol oynamış sənətkarlardandır.

Maral Rəhmanzadə 1916-cı ilin 23 iyul tarixində, Bakının Mərdəkan kəndində zərgərlik sənətini yaşadan bir ailədə dünyaya göz açıb. O, bacı və qardaşları ilə birgə sənət və yaradıcılıqla nəfəs alan bir evdə böyüyüb. Bu ailədə Azərbaycan incəsənətinə olan dərin bağlılıq nəsildən-nəslə ötürülür, milli ənənələr xüsusi diqqətlə qorunurdu.

1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral xanım daha sonra təhsilini Moskvanın nüfuzlu V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunda davam etdirib.

Ali təhsilini tamamladıqdan sonra “Xudojestvennaya literatura” nəşriyyatında çalışaraq Moskvada fəaliyyətə başlayıb. Lakin 1941-ci ildə ailəsinə ağır zərbə dəyib — atası "xalq düşməni" damğası ilə həbs olunub və altı ay sonra Daşkənd həbsxanasında dünyasını dəyişib. Bu hadisədən sonra Maral Rəhmanzadə Bakıya dönərək yaradıcılıq yolunu davam etdirib.

Sənətkarın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt-Rustavi” kimi əsərləri dünyanın müxtəlif guşələrində nümayiş olunub və 50-dən çox beynəlxalq sərgidə izləyicilərin rəğbətini qazanıb.

Rəssam xüsusilə qadın obrazlarını işləməyi sevirdi. Onun tablolarında milli geyimli kənd qızları canlı, şən və həyat doludur. Zərgərlik irsindən gələn estetik zövqlə Maral xanım qadın fiqurlarını incə naxışlarla, zərgərlik elementləri ilə bəzəyərək “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” kimi əsərlərində əbədiləşdirib.

Maral Rəhmanzadə kitab qrafikasında da parlaq iz qoyub. O, M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” kimi klassik ədəbi nümunələrinə çəkdiyi illüstrasiyalarla Azərbaycan təsviri sənətinə dəyərli töhfələr verib.

Səfərləri zamanı gördüklərindən ilham alaraq bir sıra ölkələrin həyat tərzini əks etdirən qravürlər ərsəyə gətirib. Onun əsərləri İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan kimi ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş etdirilib. Bundan başqa, Moskvada, Bakıda, Azərbaycanın bir sıra şəhərlərində, həmçinin Şri-Lanka (1958), Kuba (1964) və İran (1991) kimi ölkələrdə fərdi sərgiləri baş tutub.

“Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” əsərləri rəssamın ən çox tanınan və qiymətləndirilən işləri sırasındadır.

Milli təsviri sənətimizin inkişafındakı əvəzsiz xidmətlərinə görə Maral Rəhmanzadə müxtəlif orden və medallarla, o cümlədən “Şöhrət” ordeni ilə təltif olunub.

Maral Rəhmanzadə 2008-ci il martın 18-də vəfat edib.

# 1087 dəfə oxunub

Oxşar xəbərlər

Ryan Mörfinin yeni layihəsi təqdim olundu

Ryan Mörfinin yeni layihəsi təqdim olundu

18:20 23 yanvar 2026
Rüstəm Behrudinin yeni kitabının təqdimat mərasimi baş tutdu

Rüstəm Behrudinin yeni kitabının təqdimat mərasimi baş tutdu

18:09 23 yanvar 2026
Xulio İqlesiasın istintaq işi genişlənir: Keçmiş əməkdaşlardan yeni iddialar

Xulio İqlesiasın istintaq işi genişlənir: Keçmiş əməkdaşlardan yeni iddialar

17:50 23 yanvar 2026
Bəyazın “Şeylər”  sərgisi açıldı

Bəyazın “Şeylər” sərgisi açıldı

17:30 23 yanvar 2026
“Qərbi Azərbaycan aşıqlığı bu gün”  adlı konsert təşkil edildi

“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert təşkil edildi

17:07 23 yanvar 2026
Brayl əlifbasında nəşr olunmuş 19 kitabın təqdimatı baş tutdu

Brayl əlifbasında nəşr olunmuş 19 kitabın təqdimatı baş tutdu

14:23 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər