Anası dilənçi bilib ona çörək verdi, puldan ötrü vağzallarda qarmon çaldı, müəmmalı şəkildə öldü - Nüsrət Kəsəmənlidən maraqlı faktlar

Anası dilənçi bilib ona çörək verdi, puldan ötrü vağzallarda qarmon çaldı, müəmmalı şəkildə öldü - Nüsrət Kəsəmənlidən maraqlı faktlar
15 oktyabr 2022
# 21:00

Bu gün tanınmış şair Nüsrət Kəsəmənlinin anım günüdür. Kulis.az bu münasibətlə şair haqqında maraqlı faktları təqdim edir.


Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonunda anadan olub. Uşaqlıq illəri çox ağır keçib. Hələ körpə olanda valideynləri ayrılıb. Atası başqa qadınla ailə qurub, anası isə başqa kişiyə ərə gedib. Nüsrət ata nənəsinin himayəsində böyüyüb.

***

Kasıblıq, ağır şərait, qayğılar, ehtiyaclar onun həyat və tərbiyəsinə təsirsiz ötüşmür. Balaca vaxtından ailəyə maddi kömək göstərmək üçün işləmək məcburiyyətində qalıb və beləcə, təhsildən uzaqlaşır. Günü vağzalda, küçədə qarmon çalıb, pul qazanmaqla keçir, stansiyada qatarlarda xırda alver edir. Günlərin birində qatarda bir qadın onu görüb, ac olduğunu hiss edib ona çörək verir. Bir müddət sonra isə anası Nüsrəti görmək istəyir. Onları görüşdürərkən oğlunu görən qadın huşunu itirib yıxılır. Məlum olur ki, qatarda Nüsrətə çörək verən qadın elə doğma anası imiş.

Yeddinci sinifdən sonra məktəbdən uzaqlaşıb. Gününün böyük hissəsi küçələrdə, vağzallarda keçdiyindən tez-tez dava edirmiş. Hətta bu davaların axırı bıçaqlanmaya qədər gedib çıxıb. Nəhayət günün birində o, iradəsini toplayıb, özündən üç yaş kiçik uşaqlarla yenidən təhsilini davam etdirir.

***

Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunub və bir neçə il orada təhsil alıb. Ordudan qayıtdıqdan sonra sənədlərini geri alıb və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Amma onun aktyor kimi fəaliyyətini əks etdirən faktlar var. Xalq teatrının səhnəsində Şeyx Nəsrullah rolunu ifa edib. Əbdül Mahmudovun lentə aldığı "Doğma sahillər" filmində isə iranlı generalın obrazını yaradıb. Şeyx Əbdül danışır ki, moskvalı kino mütəxəssisləri onun ifasına heyran olublar, onun peşəkar aktyor olmadığını eşidəndə inanmayıblar. Onu "Özbəkfilm"in istehsalı olan "Şirəli və Aypəri" filmində Şirvanşah roluna dəvət ediblər. Ssenariyə görə, şah taxtdan enib gözəl bir qızı qarşılamağa getməliymiş. Nüsrət buna etiraz edib, deyib ki, şah heç vaxt taxtdan enib bir qızı qarşılamağa getməz. Əslində, məntiqlə düz də edib. Onun təkidi ilə ssenaridə dəyişiklik olub, qız şahın taxtına yaxınlaşıb və hüzurunda təzim edib.

Nüsrət Kəsəmənli bir çox şeirlər həsr etdiyi Sevda adlı qızı sevib. Onlar universitet illərində tanış olublar. Varlı və ziyalı ailənin qızı olub. Amma çox dözümsüz, qısqanc qadın olub. Sonralar Sevda Nüsrət haqqında bu sözləri deyib: “Mən Nüsrətlə ailə qursaydım, xoşbəxt olmayacaqdım. Bir tərəfdən istədiyimə nail olacaqdım, ikinci bir tərəfdən Nüsrəti kəşf etdikcə, öyrəndikcə, onunla rahat yaşaya bilməyəcəkdim”. Universitet illərində Sevdaya hər kəs Nüsrətin Sevdası deyirmiş. Lakin, onlar bir-birlərini nə qədər böyük məhəbbətlə sevsələr də, qovuşa bilməyiblər. Deyilənlərə görə Nüsrətə sevdiyi qızı kasıb olduğuna görə, evi olmadığı üçün verməyiblər. Sonralar Nüsrət Sevdanın yaşadığı binadan ev alıb və bu evi həyat yoldaşına hədiyyə edib.

***

Gələcək həyat yoldaşı Rəhilə xanımla universitetdə təsadüfən qarşılaşıb. Rəhilə xanım laborant işləyirmiş. Çox ciddi adam olduğundan şair ona yaxınlaşmağa ürək etməyib. Bir şeir yazıb və dostundan xahiş edib ki, həmin şeiri makinada yazmaq üçün xoşladığı xanıma versin. Rəhilə xanım şeiri makinada yazıb və çox bəyəndiyindən bir nüsxəsini də özündə saxlayıb. Sonra elə həmin o dostu onları tanış edib və deyib ki, makinada yazıb bəyəndiyin şeirin müəllifi bu oğlandır. Beləcə, aralarında münasibət yaranıb, amma Rəhilə xanımın anası gələn elçiləri geri qaytarıb, deyib mən şairə qız verən deyiləm. Şairlər hərdəmxəyal olur. Söhbət rəhmətlik Nəsir İmanquliyevə çatıb və Nəsir müəllim elçi gedəndən sonra qızın anası razılıq verib. Nüsrətin toyunu da Nəsir müəllim edib.

Ümumiyyətlə, Nəsir müəllimin Nüsrət Kəsəmənlinin həyatında çox böyük rolu olduğu deyilir. Nüsrət universitetdə oxuyarkən yataqxanada yer ala bilməyib və hələ havalar xoş olduğundan gecələr Sabir bağında skamyada yatırmış. Bir gün polis onu avara, tüfeyli biri kimi tutub polis bölməsinə aparmaq istəyib. Lakin, onun tələbə olduğunu, jurnalistikada oxuduğunu öyrəndikdən sonra onu Nəsir İmanquliyevin yanına aparıb. Nəsir müəllim məsələni öyrəndikdən sonra Nüsrətə yataqxanada yer düzəldib, onu "Bakı" ("Baku") axşam qəzetlərində işə götürüb. Sonralar şairin ev almasına da xeyli köməklik edib.

***

Nüsrət Kəsəmənli Rəhilə xanıma özünün böyük sevgisi barədə danışıb. Onların toy günündə Sevda “Səadət sarayı”nın qapısının ağzında dayanıb, içəri keçməyib. Nüsrət Sevdanı görsə də həmin an bu haqda həyat yoldaşına heç nə deyə bilməyib. Yalnız toydan sonra bu barədə ona deyə bilib. Sonralar Sevda da ailə həyatı qurur. Bu xəbəri eşidən şair Sevda üçün “Dünən toyun idi” şeirini yazır. Lakin, Sevda ailə qursa da, xoşbəxt ola bilmir. İlk sevgisini itirdiyinə görə bir yerdə qərar tuta bilmir. Yoldaşından ayrılır. Bir müddət sonra isə çox ağır xəstəliyə tutulur. Bu barədə xəbəri isə Nüsrətə həyat yoldaşı deyir.

Müsahibələrinin birində Rəhilə xanım deyir: Sevdanın xəstəliyini iş yoldaşımdan eşitdim. Gəldim Nüsrətə də dedim. Əlavə etdim ki, get yanına. Sevdanın Nüsrətin heç nəyinə ehtiyacı yox idi, bircə quru təsəlliyə möhtac idi. Ömrünün son günləri idi, rahat yaşamağını istəyirdim. O Nüsrətin əsəri idi. Hətta deyərdim ki, Sevda onun şah əsəri idi. Poeziyasının 80 faizi onunla bağlı olub. Bu günə qədər də Sevdanın şəkli bizim evimizdədir. Həmin şəkli Nüsrət özü hələ Sevdanıln sağlığında gətirib mənə göstərdi və masanın üzərinə qoydu”.

***

1983-cü ilin dekabr ayında isə Sevda dünyasını dəyişir. Sevda rəhmətə getdiyi günün gecəsi isə Nüsrət qəribə bir yuxu görür. Rəhilə xanım deyir ki, Nüsrət yuxunu mənə danışdı, sonra işə getdi. Getdiyi ilə də qayıtdığı bir oldu. Mənə dedi ki, “Sevda rəhmətə getdi”. Yaxşı ki, Nüsrət Sevda xəstə yatanda onun yanına getdi. Buna görə çox rahatam. Səhv etmirəmsə, fevral ayının 25-də Sevdanın ad günüdür. O gün həmişə Nüsrətlə onun qəbrinin üstünə gedib, ziyarət edirdik. Nüsrət “Bir sevda ağlayır içimdə mənim” şeirini də ona yazmışdı”.

Bir dəfə şair yolda gedəndə Hüseyn Arifi görür, maşını saxlayıb deyir ki, Hüseyn qağa, qulluğunda hazıram, hara deyirsən səni aparım. Hüseyn Arif oturur maşına və kimisə axtardığını söyləyir. Nüsrət onu dediyi kimi bir neçə ünvana aparır, amma axtardıqları adamı tapa bilmirlər. Sonunda Hüseyn Ariflə birlikdə Yazıçılar Birliyinə gedirlər. Nüsrət isə aşağıda gözləyir, Hüseyn qağa xeyli yubanır. Axırda qayıdır, amma onun yanından düz keçib gedir. Nüsrət maşından enib onu yolundan saxlayır. Hüseyn Arif artıq bir qədər kefli imiş. Sən demə, axtardığı adamı tapıb, oturub bir az konyak-zad içiblər. Hüseyn Arif nüsrətə baxıb gülümsəyərək deyir: "Ay Nüsrət, xeyir ola, bu gün elə hara gedirəm, qarşıma çıxırsan. Sənin işin-gücün yoxdur?!".

Sabir Rüstəmxanlı ilə çox yaxın dost olublar. Müsahibələrinin birində Sabir müəllim deyir:

“Bir gün oğlum zəng vurub dedi ki, Nüsrət əmi qəzaya düşüb, ölüb. Heç nə düşünmədən telefonu alıb Nüsrətin nömrəsini yığdım. Cavab verdi. Dedim, sağsan? Güldü, dedi, sağ olmasam necə cavab verərəm? Dedim, düş evin qabağına, gəlirəm. Görüşdük. Məlum oldu ki, qatar maşınını vurub, xeyli sürüyüb, təsadüfən sağ qalıb. Dedim, gedək sağ qalmağını qeyd edək. Kənd yeməkləri istədi, “Qəbələ” restoranına getdik. Bir az kefimizi düzəldəndən sonra, dedi, tabutumun üstündə nə deyəcəkdinsə, de, sağkən eşidim. Mən də zarafata salıb bu çıxışı tost kimi dedim”.

1998-ci ildə şairin oğlu Araz Kəsəmənli qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq həbs olunur. Bu hadisə Nüsrət Kəsəmənliyə pis təsir edir. “Köhnə evə vida” şeirində oğlunun başına gələn bu hadisədən bəhs edir. Şair dünyasını dəyişən günə qədər oğlundan nigaran qalır. O, vəfat edəndə oğlu hələ həbsdə olur.

***

Bir dəfə gözəllik yarışmasında Nüsrət müəllimə kimsə deyir ki, sizin qızınız olsa, onun səhnəyə çıxmasını istərdinizmi? Nüsrət müəllim hirslənib adamın üstünə gedir və onu vurur. Efiri yarıda kəsib, onu sakitləşdirməli olurlar.

Həddindən artıq ailəcanlı adam olub. Oğlu Rəşad uşaq vaxtı xəstələnəndə Nüsrət müəllim oturub zülüm-zülüm ağlayıb. Bir dəfə isə oğlu əsgərlikdə olanda ayağı yaralanır. Evə gələndə görür ki, atası qapının yanında dayanıb və ona tərəf baxıb ağlayır.

***

2003-cü ilin oktyabrında şairin böyrəklərində problemlər yaranır. Müalicə olunmaq üçün onu Təbrizə aparırlar. Altı ay orada müalicə alır, vəziyyəti yaxşılaşmağa doğru gedir. Lakin, bir müddət sonra atdığı dərmanların təsirindən mədəsində problem yaranır, daxili qanaxma başlayır və gözlənilmədən Nüsrət Kəsəmənli 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edir. Onun ölümünü iki gün həyat yoldaşından gizlədirlər. Rəhilə xanım Bakıya gedən maşında məxmərə bükülmüş tabutu görəndə həyat yoldaşının vəfat etdiyini bilir. İnsanlar uzun müddət onun ölümünün müəmmalı olduğunu düşünür. O cür qamətli, sağlam insanın ölümünə inanmırlar.

# 30752 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #