Alim Qasımov: “Orda olmağım onlara sərf eləməz” – Müsahibə

Alim Qasımov, Xalq artisti

Alim Qasımov, Xalq artisti

13 aprel 2022
# 21:00

Kulis.az Xalq artisti Alim Qasımovla müsahibəni təqdim edir.

Nə yalan deyim, eşidəndə ki, Alim Qasımov müsahibəyə razılıq verib və bu dəqiqələrdə bizi gözləyir, özümü qəlbində ağır əməliyyat aparıb onu həyata qaytaran həkiminin qəbuluna tələsən xəstə kimi hiss elədim. O səbəbdən ki, Alimin səsi, Alimin ifası hələ yeniyetmə yaşlarımdan məni qəlbimdəki "ağır xəstəlik"lərdən dəfələrlə xilas edib, həyata qaytarıb, güc verib...

Ən ümidsiz vaxtlarımda onun səsinə söykənib ayağa qalxdığımı xatırlayıram. Ən ruhsuz vaxtlarımda onun səsinin, Davud nəfəsinin əlimdən tutub, məni özünün dediyi o Eşq Aləminə ucaltdığını yadıma salıram. Ən çarəsiz anlarımda onun ifasını yamsılayıb toxtadığımı unutmuram...

Bilirəm, eyni hissləri yaşayan təkcə mən deyiləm. Alimin səsi milyonlarla insan üçün ölüləri qiyamətdə ayıldan İsrafil suru olub. Və ondan ötrü bu görüş mənim üçün adi görüş, adi müsahibə yox, müqəddəs ziyarət mislindədir.

Və bu da o möhtəşəm kişi. Tələbələrini bir qədər əvvəl yola salıb. İndi də divanda bardaş qurub qəlyanını tüstülədir... Və mən boğazımı arıtlayıb çəkinə-çəkinə, ehtiyatla söhbətə başlayıram.

- Deyəsən, dərsdə idiniz...

- Yalandan məşq edirdik.

- Tələbələriniz çoxdur?

- Belə də. Çoxuna Fərqanə dərs keçir, mən hərdən-birdən iştirak edirəm.

- Nə qədər tələbəniz olar?

- Tələbə deyəndə ki, əsas o deyil ki, tələbə sırf yanına gəlib-getsin. Yazılar var, disklər var, televiziya lentləri var. Onlara baxıb öyrənirlər də. Vacib deyil ki, üzbəüz otursunlar. Elə tələbə də var ki, istəyir canlı olsun...

- Adətən, ustadlar bildiklərinin hamısını tələbəyə öyrətməzlər. Siz necə, bildiklərinizin hamısını öyrədirsiz, yoxsa nəyisə özünüzə saxlayırsız?

- Ola bilsin, məndə də elə şey var. Amma o eşq ki, bizə gəlir, coşanda daha heç nəyi gizlətmək olmur. Eşq gələndən sonra hər şey deyilir. Hər tələbə də öz dərəcəsinə görə ondan öyrənir.

- Müsahibələrinizdə də tez-tez dediyiniz o eşq nədir sizin üçün?

- Eşq elə eşqdir. Düzdür, onun məkanı da bilinmir, məqamı da. Amma... Bir az əvvəl biz məşq edirdik də. Bir xeyli məşq edəndən sonra görürsən ki, o ilham gəlir və o, gələndən sonra əlini nəyə vurursansa, hansı bir muğamı, hansı bir mahnını, hansı bir qəzəli götürürsənsə, elə bilirsən ki, ölçülüb-biçilib və artıq hazırdır. Bax, eşq bu cür əmələ gəlir. Şairə təb gələn kimi, bizə də eşq gəlir.

- Eşqin elmi adı yoxdur?

- İlham deyirlər də ona.

- Eşq gələndə özünüzü necə hiss edirsiz?

- Onda hər şeyi unuduram. Bizim öz dilimizdə desək, hala düşürəm. Halda ki, o eşq halıdır. Ona ilahi eşq də deyirlər. Orda adam əlçatmaz olur, canlı həyatı unudur.

- Dediyiniz o hala düşəndə nəsə fikirləşmək olur?

- Orda nə ağıla gəlsə, hamısı düz çıxır. Çox qəribə şeydir. Hamısı yerinə oturur. Çox vaxtı biz səsimizi yazırıq ki, o halımıza sonra qulaq asıb, sənətin incəliklərini öyrənək.

- Yəni qəfil olur?

- Bəli, qəfil olur, həm səsin ahəngi, həm sözün deyilişi qəfil olur.

- O vəziyyətə düşəndə psixoloji olaraq nə hiss keçirirsiz?

- Psixolojisi odur ki, aralıdan baxanda dəli kimi görünürsən, deyirlər ki, bu dəlidir.

- Ordan qayıtmaq olur? Heç olub ki, o hala düşüb demisiz ki, mən hara gəldim, necə qayıdacağam?

- Konsert vaxtı bir-iki dəfə olub, qorxmuşam ki, bu hara gedir, bunun axırı nə olacaq? Çünki qarşımda tamaşaçılar var. Ona görə də özüm-özümü nizamlamışam.

- Yəqin ki, bu eşq Allaha çatmaq cəhdidir. Buna səsin meracı deyək. Meracı hansı mərtəbəyəcən qalxmısız?

- Onu mən deyə bilmərəm, vallah, dinləyici deyə bilər.

- Məhəmməd peyğəmbər bir pərdəlik məsafəyə qədər Allahın məqamına gedib...

- O, Allahın rəsuludur. Yəqin ki, mən çox gedə bilmərəm, ola bilsin, bu canlı həyatdan ayrıla bilərəm. Bundan artığını deyə bilmərəm.

- Bu yaxınlarda prezidentin mədəniyyət xadimləri ilə görüşündə idiniz. Nə əcəb orda çıxış eləmədiz?

- Ağsaqqallar danışdılar deyə, daha mənə ehtiyac qalmadı. Nə söz verdilər, nə də özüm istədim.

- Görüşdə mədəniyyət sahəsi ilə bağlı bir çox qərarlar verildi, prezidentə istəklər ünvanlandı...

- Mənim işim oxumaqdı, musiqi ilə məşğul olmaqdır. Kim nə sual verib, onlarla maraqlanmıram. Çalışıram ki, öz işimlə məşğul olum. Booy (Bu vaxtı beş yaşlarında bir oğlan uşağı otağa daxil olur. Alim uşağı qucaqlayıb öpür). Bu da mənim adaşımdı ha. Sənə qurban olum.

Balaca ilə salamlaşıram.

- Görüş! Səndən də yazacaq e. Sənin şəklini qəzetlərə vuracaq. “Əgər olsaydı mənim siz təki bir dadrəsim” - bir dənə onu de, eşitsin.

Uşaq ürkər-ürkək təkrar edir. Əgər olsaydı mənim...

- Kimsə bilməəəz... (Alim avazla oxumağa başlayır, uşaq da təkrarlayır, heyf ki, yanımda kamera yoxdur. Yoxsa bu gözəl mənzərəni lentə alardıq) ...Sevirəm mən sizi, ey tazə cavanlar eşidin. Gül açan vaxtı çəməndə... Afərin.

- Neçə yaşı var?

- Beş.

- Adı Alimdir, hə?

- Adaşımdır də. Alim Qasımov budur, mən daha Alim Qasımov deyiləm.

- Balaca Alimə də muğam oxumağı öyrədirsiniz?

- Hə, davamçım olacaq. Allah özü nizam eləsin. Eşqi var, indidən görürəm səsini, amma necə səs olacaq, ağıllı səs olacaq, dəli səs olacaq, bilmərəm.

Balaca Alim bir gözü məndə, bir gözü babasında, yenə şikayətlənir, mızıldanır: “Getmək istəmirəm”.

- Mütləq getməlisən, kapoeyraya gedir e bu. Mütləq getməlisən e. Kapoeyra, kapoeyra (avazla oxuyur, əl-qol hərəkətləri edir). Çox enerjili uşaqdır, mənim də o gücüm qalmayıb ki, bununla oynayım. Məsləhət belə oldu ki, kapoeyraya qoyaq. Bu gün mən aparmalı idim kapoeyraya. Müsahibəyə görə qaldı.

Balaca Alim görür ki, babası onun istədiyini demir, narazı halda qucağından düşüb gəldiyi kimi də çıxıb gedir.

- Nə əcəb musiqi məktəbi yaradıb, üslubunuzu yaymırsınız?

- Onsuz da orda-burda yolumu davam edirlər. Hər oxumaqlarının içində ən gözəl sənətkarların çalarlarından istifadə edirlər.

- Sizin yolunuzu tutub gedənlər çoxdur, o heç...

- Tutub getməyən də olsun. Öz ifalarında hansı sənətkarın yaxşı nəfəsi var, onları edirlər.

- Sizin kimi yerdən otursun, trio yox, daha böyük ansambl yaratsın... Yolunuzu bu cür davam etdirən yoxdur?

- Yavaş-yavaş moda düşməkdədir. İstədin-istəmədin, sən bir yaxşı iş görürsənsə, onun davamı mütləq olur.

- Yeni muğam oxuyanlar da, adətən, stulda otururlar, ənənəvi qaydanı davam etdirirlər...

- Onlar elə oturmalıdırlar, ora çatmağa bir balaca meydan lazımdır, görüşlər lazımdır. Birdən-birə olmur ki. Yetişmək lazımdır.

- Dünyada da sizin üslubda oxuyanlar çoxdur...

- Bəli-bəli, var, İranda çoxdur, Türkiyədə çoxdur, ümumiyyətlə, Şərq ölkələrində çoxdur. Amma məktəb açmaq məsələsinə çox da fikir verməmişəm. Bilirsən, biz çox kiçik ölkəyik. İrana getsən, görərsən ki, adi xanəndədir, on nəfər tələbəsi var. Orda əhali də çoxdur. Burda isə bizim musiqi məktəblərimiz, muğam məktəblərimiz bəs edir ki, hamı orda dərs keçsin. Düzdür, gələcəkdə bəlkə oldu, hələ ki, fikir verməmişəm.

- Sosial şəbəkələrdə niyə yoxsunuz?

- Yalandan deyə bilmərəm. Birincisi, başım çıxmır. İkincisi də marağında deyiləm.

- Birinci Avropa Oyunlarının açılış mərasimində xalça üstünə oxumağınız birmənalı qarşılanmadı, sosial şəbəkədə tənqid edənlər oldu...

- Onun nəyini tənqid edəcəklər? Allah-təalaya qurban olum, mindim xalçanın üstünə, çıxdım muğamat oxudum.

- Bəs qorxmadınız ki, birdən yıxılarsınız?

- Belimi bağlamışdılar ki, birdən tros qırılıb eləsə, yıxılıb ölməyim. Onu da tənqid edirlərsə, nə deyim? Mənim orda gözüm yaşardı. Dedim ki, Allahın qüdrətidir ki, qaldırdı göyə, göydə də muğam oxudum. Mən orda yaxşı mənada çox pərişan olmuşdum, dua elədim Allaha, təşəkkürümü bildirdim.

- Namaz qılırsınız, bilirəm. Namazla çox dua edirsiniz, ya səsinizlə?

- Mənə elə gəlir ki, ilham gələndə səslə daha çox dua edirəm, nəinki namazla. Namazda elə bil ki, böyük adamın qarşısında oturub çatışmayan şeylərini istəyirsən. Amma oxuyanda eşq ki, gəlir, orda tamam başqa əhval-ruhiyyə yaranır, orda şikayət də var, eşq də var.

- Sənət adamı gərək özünü təmiz saxlasın, pis şeylərdən uzaq dursun ki, sənəti də təmiz qalsın, həqiqi olsun. Bir muğam ifaçısı kimi həmişə nələrdən qaçmısınız?

- Mən düz 40 ildir ki, pəhrizlə dolanıram. Söhbət təkcə yeməkdən getmir, hərtərəfli pəhrizlə yaşayıram. Olmaz, xalqın mənə böyük rəğbəti var, yolda salamlaşırlar, şəkil çəkdirirlər, mən də gərək bunu qoruyam. Gücümü çatdığı qədər öz tamahımla mübarizə aparmışam.

- Muğam müsabiqəsini izləyirsiniz?

- Çox yox, rastıma çıxanda baxıram.

- Niyə orda münsif deyilsiniz?

- Çünki mənim vaxtım yoxdur, mənim hövsələm yoxdur. Bir də, qorxuram mən orda özümü saxlaya bilmərəm, duraram, bir söz deyərəm, ya oxuyaram, ya bir şey edərəm, ağsaqqallar içində yaxşı çıxmaz. Mənim orda olmağım nə onlara, nə mənə sərf eləyər.

- Dəvət ediblər?

- Çox dəvət ediblər. Doğrudan da həm hövsələm, həm vaxtım yoxdur.

- Gənc muğam ifaçılarından kimləri bəyənirsiniz? Sizi heyrətləndirən səs var?

- Heyrətləndirən yox, ümidverici səslər var. Amma yetişməyə, sənətin dibinə getməyə ehtiyac görmürlər.

- Bəs biz növbəti Alim Qasımovu nə vaxt görəcəyik, o səsdən bir də nə vaxt gələcək?

- Yaxşı səslər gəlib. Yetişmək məsələsi var ki, onun üçün mühit olmalıdır. İndi gələnlər mən gördüyüm çətin məclisləri görməyiblər, çətin ustalarla yan-yana düşməyiblər.

- Deyirsiniz, həm də dinləyicidən çox şey asılıdır?

- Dinləyicidən çox şey asılıdır. Mən hər toyda altı-yeddi dəstgah oxuyurdum. Bir kənddən gəlirdilər “Şur”, o bir kənddən gəlirdilər “Çahargah”, digərindən gəlirdilər “Bayatı Şiraz” oxudurdular. Mən də dalbadal oxuyurdum. Bax, mən belə məclislər görmüşəm.

- Sizcə, ən yaxşı ifanız hansıdır?

- “Bayatı Qacar”ı, “Humayun”u, “Rahab”ı çıxmaqla, qalan muğamların hamısında mənim öz eşqim, öz həvəsim var.

- “Bayatı Qacar”ı, “Humayun”u, “Rahab”ı niyə yaxşı oxumamısız?

- Toylarda “Humayun”u çox oxumuşam. Amma “Rahab”la “Bayatı Qacar” o biri dəsgahlar kimi bizdə nizamla olmadığına görə nəsə çox sifariş də verilməyib, özüm də ona çox müraciət eləməmişəm.

- Ümumiyyətlə, elə ifanız varmı ki, deyəsiniz ən yaxşı filan konsertdə, filan məclisdə bunu oxumuşam?

- Səsimin yaxşı vaxtlarında olub. Yaxşı “Zabul” oxumuşam, yaxşı “Şur” oxumuşam, “Bayatı Şiraz” oxumuşam. Dediyim kimi, qalan muğamların hamısını yaxşı oxumuşam.

- Ən çox təzə səs yazılarınıza çox qulaq asırsınız, yoxsa köhnə?

- Təzədə də müəyyən yeniliklər var. Köhnədə də ki... Səsə özüm məəttəl qalıram... O nə səs idi mən oxuyurdum...

- Sizin yerdən oturandan sonra oxuduqlarınızı bəyənməyənlər hələ də var. Onlara haqq qazandırırsınız? Deyirlər o Alim başqa idi...

- Onlar tamaşaçıdırlar, nə istəyirlərsə, deyə bilərlər. Amma o vaxt səsim olub, indiki dövrdə həmin səsim olmasa da, sənət təcrübəm, aramlıq əmələ gəlib. Əlbəttə, cavanlıqdakı kimi qaça bilmərik. Yaş hər sahədə özünü göstərir. İndi mən saatlarla dayanmadan oxuya bilmərəm; ya ürəyim dayanar, ya beynimə qan sızar, ya da səsim davam eləməz. Amma əvvəl yarım saatlıq dəstgahı mahnı kimi oxuyurdum.

- Deyirlər, Alim klassik qaydalardan çıxır...

- Əksinə, mən əvvəl də, indi də cəhd eləmişəm ki, ancaq klassik qaydada oxuyum. Diqqətlə qulaq asan olsa, görər ki, mən ən çox keçmişə can atıram, nəinki təzəliyə.

- Onda indiki muğam qədim deyil?

- Əlbəttə, qədim deyil. Bizim indiki muğam qədimdəki oxumaqlar deyil. Mən çalışıram ki, oxumaqlarımdan qədimdəki muğamın ab-havası, ətri gəlsin.

- Bəs bu yerdən oturmaq haradan ağlınıza gəldi?

- Bunu heç özüm fikirləşmədim. Pakistanlı muğam oxuyan, rəhmətlik Nüsrət Fətəli Xanın Fransada konsertində olmuşdum. Konsertdə onun azadlığını gördüm, mənə ləzzət elədi. Bunun üstündən nə qədər keçdi, deyə bilmərəm, bizi Belçikada konsertə dəvət eləmişdilər, gəldim gördüm ki, stul qoymayıblar. Dedim, siz neynirsiniz, bilmirsiniz ki, biz stuldan otururuq? Dedilər, bu dəqiqə stul gətirərik. Onlar stul gətirənə qədər biz yerdən oturduq. Oturduq, dedim Malik (tar ifaçısı Malik Mansurov – M.A.), nə təhərdir, dedi, əla. Dedim, Elşən (kamança ifaçısı Elşən Mansurov – M.A.), nə təhərdir, dedi, əla. Alim, nə təhərdir, əla (gülür). Xoşuma gəldi, o konserti elə oturan yerdə verdik. Bundan sonra da (əlini-əlinə vurur) Bakıda, başqa yerlərdə oturub oxumağa başladıq.

- Bəs geyimləri haradan alırdınız?

- Xaricdə bizim bir menecerimiz vardı. O gördü ki, biz kostyumdayıq. Dedi, siz bu kostyumda rahatsınız? Hiss elədi ki, kostyum bizə narahatlıq yaradır. Dedi ki, bundan sonra mənim konsertlərimdə sizə nə cür rahatdırsa, o cür geyinin. Biz də onun sözü ilə kostyumdan keçdik milli geyimlərə.

- Adi vaxtlarda da, rəsmi görüşlərdə də kostyum geyinmirsiniz...

- Qalstuku mən çoxdan tullamışam. İstəyirəm sərbəst olam. Məni evdə ürəyim istəyən kimi geyinməyə bir az qoymurlar (gülür). Amma rahat olmaq istəyirəm.

- Bəs imiciniz?

- İmic-zad yoxumdur.

- Lap əvvəl bığ saxlayırdınız, sonra qırxdınız. Axır vaxtlar da saqqala keçmişdiniz, bir də araqçın. Muğam ifaçıları xarici görkəm məsələsində, adətən, mühafizəkar olurlar...

- Onu deyirsən? Araqçını başım üşüyür, ona görə qoyuram, konsertlərdə kondisioner işləyir, qrip oluram. Ona görə çarə kimi araqçın qoydum. Vallah-billah, imic söhbəti yoxdur. Mən üşüyən adamam, kefdən eləmirəm (gülür).

- Qırx ildən çoxdur xarici qastrollara gedirsiniz. Hansı xarici dili bilirsiniz?

- Heç birini.

- Bəs necə başa salırsınız?

- Əllə bilirəm hamısını. Belə başa salıram (əllərini havada oynadır). Onlar da başa düşür.

- Rusca da bilmirsiniz?

- Rusca da bir az qırıldadıram. Fərqanə ingiliscə bilir, o, yanımızda olanda kef edirik, Fərqanə olmayanda da əllə birtəhər başa salırıq.

- Heç olub ki, oxuyanda qəzəl yadınızdan çıxsın?

- Qəzəl yadımdan çıxanda, ondan əvvəlki beyti iki-üç dəfə hirsli-hirsli oxuyuram, yadıma düşdü – düşdü, düşməyəndə keçirəm o biri beytə.

- Bəs səsiniz necə, həmişə sözünüzə qulaq asıb?

- Səs sözümə qulaq asmayanda da bir Allah bilir, bir də mən bilirəm ki, nə çəkirəm. Xaricdə çox problem deyil. Başa düşürlər ki, səsdir, hər şey ola bilər. Amma Azərbaycanda çalışıram ki, o vəziyyətə düşməyim.

- Muğam oxuyanlarla dostluq edirsiniz?

- Çox oturub-durmuram, amma hamısına böyük hörmətim var. Sənətkarlar arasında, demək olar, yaxın dostum yoxdur. Mən seçməmişəm, belə əmələ gəlib.

- Sizin haqqınızda ən xoş sözü kim deyib?

- Mənim haqqımda nə deyəcəklər? Sənətim haqqında deyiblər. Konsertə bir fransız qadın gəlmişdi, dil də bilmirik, salfetkanın üstünə bir adam şəkli çəkdi, ulduz-ay şəkli çəkdi, dedi, sən bizi bu gecə ora apardın. Sonra bir qadın vardı, bizə dedi ki, ömrüm boyu klassik musiqiyə qulaq asmışam, bir dəfə gəlib sizin konsertə baxdım, ondan sonra simfonik konsertə qulaq asa bilmirəm, orkestrə qulaq asanda nə halı yaşayırdımsa, artıq sizə qulaq asanda həmin halı yaşayıram.

- Özünüz simfonik musiqiyə qulaq asırsınız?

- Belə də. Aşiqi deyiləm, amma düşəndə dinləyirəm. Adları çox da yadımda qalmayıb. Pavarottinin səsini bəyənirdim, sonra bir qadın vardı, onun da səsini bəyənirdim. Vacib deyil tanınmış olsun, yaxşı səsə, yaxşı ahəngə qulaq asırsan.

- Nə əcəb xaricə köçüb orda yaşamamısınız?

- Yaxşı ki, köçməmişəm.

- Onsuz da ilin çox vaxtı qastrollarda olursunuz.

- Allah bizi burda yetirib. Cavanlığımda qızım deyirdi ki, Türkiyəyə köçək. Deyirdim, ay qızım, Türkiyəyə Allah oranın vətəndaşlarını yetirib də, məsləhət olsaydı, orda doğulardıq. Allah məni burda dünyaya gətirib, demək, burda olub, öz sənətimlə camaatın başını qarışdırmalıyam. Gəzən şələ bağlamaz. Yaxşı ki, getməmişəm. Çünki bu eşqi, bu halı ola bilsin ki, qəribçilikdə tuta bilməzdim.

***

Deyəsən, söhbət çox uzandı, Alim də namazın vaxtını ötürdü. Odur ki, çıxhaçıxda qollarını çırmayıb, corablarını çıxarıb hazır gözləyir ki, bizi yola salandan sonra ləngimədən dəstəmazını alsın. Bu mənzərədən içimdə yaramaz bir fikir gizildəyir. İstəyirəm deyəm: “Alim, sən onsuz səsinlə həmişə ibadətdə olmusan, neynirsən...” Ancaq demirəm və Allah ilə görüşə tələsən adamı yubatmadan sağollaşıb çıxıram...

2019-cu il

# 13795 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #