Aləmzərin aləmi - Tərlanə Yaqubqızı

Aləmzərin aləmi - Tərlanə Yaqubqızı
19 dekabr 2023
# 10:19

Kulis.az Tərlanə Yaqubqızının "Aləmzərin aləmi" yazısını təqdim edir.

Aləmzəri xatırlayanda ilk yadıma düşən onun gözləri olur. İstədim Aləmzərə zəng edib gözlərinin rəngini soruşum.Sonra yadıma düşdü ki, onun gözlərində təbiətin bütün rəngləri var, dənizin mavisi, səmanın göyü, meşənin zümrüdü, yarpaqların yaşılı, torpağın qızılı çalarları. Deyirlər, gözlər qəlbin aynasıdır. Düşündüm ki, yəqin buna görə Aləmzərin aləmi bu qədər rəngarəng, bu qədər bənzərsizdir. Onun aləmi başdan- başa poeziya ətrinə bürünüb. Bu aləmi görüb tanımayanlar öz bəxtlərindən küssünlər. Nə xoş mənə ki, Aləmzəri tanıyanlardan, duyanlardan biri də mənəm.

Bəlkə çiçək kimi, bəlkə gül kimi
Evində səninçün çiçəkləyərəm.
Qonub pəncərənə göyərçin kimi
Ruhumla qapını döyəcləyərəm.

Mən onu ötən əsrin səksəninci illərindən tanıyıram. O vaxt Bakı Mədəni- Maarif məktəbində (indiki Bakı Humanitar kolleci) oxuyurdum. Texnikum tələbələri arasında öz istedadı ilə seçilən gəncləri hamı tanıyırdı. Onlar iki nəfər idilər: Aləmzər Sadıqqızı və Fərqanə Mehdiyeva. Tədbirlərdə fəal iştirak edir, öz şeirləri ilə auditoriyanı heyran edirdilər. Yazıları mətbuatda dərc olunurdu. Əkiz bacı kimi həmişə bir yerdəydilər. İllər sonra texnikumu bitirib ayrı- ayrı universitetlərdə təhsil alsaq da həmişə onların yaradıcılığını sevə- sevə izlədim, uğurlarına sevindim, fəxr etdim ki, tələbə yoldaşlarım olublar. Həmişə də onları bir yerdə gördüm, ta ki gözəl Fərqanə bu fani dünyadan əbədiyyətə qovuşduğu günədək. Onun vaxtsız gedişi Aləmzəri də, məni də qocaltdı. O, bizim uzaqlarda qalmış gəncliyimizin bir parçası, bir yadigarı idi.
İş yerlərimiz eyni küçədə yerləşdiyindən tez - tez rastlaşırdıq. İllər sonra tədbirlərin birində onları yenə də qoşa görəndə yazacaqdım:

...Başqa dadı vardı tələbəliyin,
Mən sizi hər yerdə qoşa görürdüm.
Siz Aşıq Pəri tək gözəl məclisin,
Mən də komsomolun büro üzvüydüm.

Söhbət əsnasında yarıciddi, yarızarafat deyirdim ki, texnikumda oxuyanda sizin yanınızda şeirlərimi oxumağa utanmışam. Bu, həqiqətən belə idi. Çünki Aləmzərgil məndən yaşca böyük idilər. İndi ara qarışıb, məhzəb itib. O vaxt biz özümüzdən böyüklərin yanında söz deməyə utanırdıq. Rəhmətlik nənəm deyirdi ki, vaxt gələcək, böyüklər susacaq, kiçiklər danışacaq. Eyni fikri mən Çingiz Abdullayevin hansısa əsərində oxumuşam. Elə bir nəsil gələcək ki, robot kimi olacaqlar, hissiz- duyğusuz. Artıq deyəsən həmin zəmanəyə gəlib çatmışıq. Bu yaxınlarda Aləmzərin iştirak etdiyi verilişdə ondan yaşca kiçik olan və sanki məhz qalmaqal üçün dəvət olunan jurnalistin laqeydliklə " sizi tanımıram" deməsi qəlbimə toxundu. Özlüyümdə düşündüm ki, belə münasibətə görə kaş yaradıcılığı ilə ədəbiyyatda imzasını atmış, iyirmi üç il Azərbaycan Yazıçılar Birliyində külüng çalmış Aləmzər o verilişə getməyəydi. Çünki Aləmzərin reklama, tanınmağa ehtiyacı yoxdur.

Yazıçılar Birliyinə gedib Aləmzərlə görüşmək istədim. Dedilər, küsüb, neçə gündür işə gəlmir. Mesaj yazdım, onu görmədiyimə təəssüfləndiyimi bildirdim. Guya özlüyümdə təsəlli verdim ki, mənim də əlli yaşında evim olub və hətta bu mövzuda şeir də yazmışam:
Köçə- köçə kirayədən
İtirdim evin sayını.
Elə sənə can atdım mən,
Qurdum doğma xəyalını.

Qurban olum torpağına,
Qurban olum daşına mən.
Bu həsrətlə, bu minvalla
Çatdım əlli yaşına mən.

Yazdığı cavabdan məyus oldum: Mənim yaşım altmışı keçib e...

Məni qınamayın, elə bildim yalan deyir. Belə də yazdım: Altmış nədi? Sən mənim üçün yenə də o gənc, gözəl Aləmzərsən. Sənin evin oxucularının ürəyindədir.

Bilirəm, insan üçün ən böyük kədər ümidlərinin qırılmasıdır. Atalarımız da deyib: Çörəkdən ümid yaxşıdır. Çünki 25 ildən artıq Azərbaycan Dövlət Televiziyasında işləyən, birinci Qarabağ müharibəsində hərbi redaksiyanın əməkdaşı kimi cəbhəyə çəkilişlərə gedən, vətənpərvərlik mahnıları ilə tamaşaçı sevgisi qazanan rejissor Rövşən Nicata ev verilməyəndə biz də ailəlikcə həmin kədəri yaşamışıq. Amma həyat davam edir. (Avqustun 3- də biz, yaşı əllini keçmiş adamlar evimizin 3 yaşını qeyd etdik).

Sultanlara, padşahlara qalmayan dünya kimlərə qalacaq? Füzuli babamız neçə əsr öncə " Padşahi- mülk" qitəsində bunu yazmayıbmı?

Həmişə fikirləşmişəm, yaradıcı insanlar kövrək və həssas olurlar. Bəlkə də Aləmzəri küsdürən təkcə evsizlik yox, efirdə səslənən o acı sözdür.

Yaradıcı insanları küsdürməyin, onların ürəyinə toxunmayın!

Aləmzər öz istəyini belə ifadə edir:

Balaca bir küncün ola,
Ağlayasan, kiriyəsən.
Dərdin də duz yükü ola,
Ağladıqca əriyəsən...

...və o balaca küncü Aləmzərdən əsirgədilər...

Nə yaxşı ki, Aləmzərin öz aləmi var, bir başqa aləm, orada günəş də, ay da bir başqa işıq saçır, orada güllərin- çiçəklərin bir başqa rəngi, rayihəsi var. Onun ümidləri qırılsa, günəşi, ayı zülmətə qərq olar, gülləri- çiçəkləri solub məhv olar. Aləmzərin aləmi- Cavidi əfəndimizin dediyi ki, gözəllikdir, sevgidir. Dünyamızı gözəlləşdirən bu aləmə toxunmayın! Onsuz da özü yazdığı kim, " dərdin ən gözəlini çəkə bildikcə çəkib".

Yenə nə dolmusan bulud gözlərim,
Dərdini tökməyə yer axtarırsan.
Bezmisən dünyanın haqsızlığından
Quş kimi uçmağa yer axtarırsan.

Doğrudan, o bulud gözlərinin rəngi necədir, Aləmzər?

# 2159 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #