Adları yadımdan çıxan qadınlar

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

14 yanvar 2022
# 10:00

Kulis.az Rəvan Cavidin “İslam Səfərli, 59A” yazısını təqdim edir.

...Həmin o kafenin ünvanını yaddaşımın səliqəsiz qırışlarının içində itirmişdim, tapa bilmədim... Tapsaydım, ilk oradan başlayacaqdım bu məşum, məsum və məşhur şəhərin xatirələrindən danışmağa.

On səkkiz ay uzun zaman deyil bir şərqli üçün. Amma... mən də, elə sən də Şərqə üz çevirib gedəli uzun zamandır. Amma... mən də, sən də öz içimizdə çox şeyi itirdik, axtardıq, tapa bilmədik və taleyin gülərüz ağrılarına baş əydik geridə qalan beş yüz qırx səkkiz gündə.

Amma... mən də, sən də üzümüzü duzlu su ilə yuduq ki, göz yaşlarımızın tamını hiss edəndə, özümüzü aldatmağa bəhanəmiz olsun.

Vaxt elə keçdi, elə bil, asfalt üstündən bir yarış maşını təkərlərinin səsini arxasınca sürüyə-sürüyə saniyələr içində göründü, yox oldu. Necə ki biz...(!) bu gün varıq, sabah yox, sabah varıq, bəlkə də bu gün yox, dünən yox...(?)

Gəncliyimin hələ uşaqlıqdan ayılmayan vaxtları sənin darısqal küçələrin mənim yarı şıltaq, yarı müdrik, yarı sərxoş, yarı ayıq, yarı bəxtəvər, yarı bədbəxt hallarıma çox şahid olub. İndi o küçələrdə ümmət ortaqlarımız, qərbli dostlarımız və şərqli qohumlarımız ədəb-ərkanla yolları da, hasarları da mənasız sükut ilə yorur. Biz (mən və tale yoldaşlarım) isə ədəbsizcə ayaqlarımız bir-birinə dolaşa-dolaşa taa... o başdan taa... bu başa piyada gəzib ədəbiyyatdan danışdıq, danışıb öyrəndik, öyrənib böyüdük, böyüyüb peşman olduq. Adı yadımdan çıxan qadınların qucaqları ev oldu, qolları yorğan, saçları yastıq. Gözləri isə şeir yazmaq üçün mövzu.

Mən onda bilmişdim ki, əziz Bakı, sənin fahişələrin də sənin kimi üzü dənizə sarı yatıb, üzü dağlara (indi ya Yasamal, ya da maşın bazarı) tərəf səhər sübh namazı qılınmamış gedirlər. Dostlarımla ağır günlərin pəncəsindən qurtulub ağrılı günlərin tələsinə düşürdük. Bir təhər oradan da canımızı qurtarıb bu başgicəlləndirici sənətin (yazmağı nəzərdə tutmaq istəyirəm) quyusuna yıxılırdıq.

Bizi hər dəfə iplə dartıb çıxarmaq istəyirdilər, gücləri çatmırdı, sonra yolun ortasında ipi kəsirdilər. İndi bu ilk cümləsindən son cümləsinədək sentimentallıq qoxuyan mesajı o quyudan yazıram, əzizim.

"Akademiya parkı"ndan Nizami küçəsinədək qulaqlarımda 2000-lərin məşhur türk rok qruplarının üsyan edən mahnıları, əlimdə o vaxtlar qiyməti elə də baha olmayan (indi çox baha olan, amma tapılmayan) "Camel" siqareti, ayaqlarımda gəncliyin taqəti, alnımda hər güzgüyə baxanda diqqət edib oxuya bilmədiyim yazı, gözlərimdə də küləyin saçlarıma üfürdüyü (evə çatıb yata bilsəm, səhər oyanıb saçlarımı darayanda o ümidlərin hamısı köynəyimə tökülürdü, mən də elə bilirdim, kəpəkdi) ümidlər ilə piyada gedirdim.

Gedib "1984" pabda Ahmet Kayanın (mahnı deməyə dilim gəlməz) əsərlərini ucadan oxuya-oxuya pivə içib gah solçu olurdum, gah bitərəf, gah da heç kim olub masadan qalxırdım. Qalxıb qayıdırdım özümə. Özümə qayıdıb hamıdan gedirdim və sair.

Əziz Bakı!

Necə yalnızsan, necə yalqızam. Necə balacasan, necə heç kiməm. Nə qədər sənin gözdən iraq küçələrinə qaçsam da, yenə tanış kimisə tapıram. Yenə kimsə məni keçmişin labirintinə atır. Axı mən uşaqlıqdan oyun oynamağı sevməmişəm. Gələn-gedənin hissləri ilə oynamaq indi necə belə asan olmuşdu mənim üçün. Mən Allahın da yadından çıxartdığı o dağlarda əsgər olanda dostlarımı, ədəbiyyat söhbətlərini, sevgililərimi və əlbəttə, səni - küçələrini, kafelərini (ən çox da o unutduğum kafeni), pablarını, underground gecələrini, səbrsiz küləklərini, dəniz boyda gölünü, göl boyda gölməçələrini, o vaxt tək-tük, ordan-burdan baş qaldıran (indi köhnə sakinlər olan sovet tikililərini ayaqları altına alan) şüşəli hündür binalarını, makiyajı bol parklarını, insan artıqlığından əziyyət çəkən AVM-lərini, söhbətə doymayan taksi şoferlərini, tələsib həmişə gecikən, nömrələrini doğum tariximiz kimi əzbər bildiyimiz avtobusları, marketləri, supermarketləri, xırda köşkləri, heç vaxt satılmayan, satılsa da oxunulmayıb başqa məqsədlər üçün istifadə edilən qəzetlərin günün ikinci yarısına qədər qalıb saraldığı köşkləri, adamları, adamları və yenə adamları tez-tez yadıma salırdım (metrolar yadımdan çıxdı... hər dəfə belə olur).

Axır ki, gəlib çıxdım. Çox dəyişmisən, bilirəm, mən də. Əvvəllər sənin ümidin xoşbəxtliyindən çox idi, indi heç ümidin də qalmayıb, deyəsən.

Nə günlər gördük. Karantin, müharibə, yenə karantin, cəbhədən yenə şəhid xəbərləri, bahalaşma, bayramlar, toylar, yaslar... Bunları səndən daha ağır keçirdim. Havuş dağlarından yığıb gətirdiyim travmalar, əsgərlik romantikaları, sonsuzadək danışılacaq (zəhlətökən) xatirələr, o odlu-alovlu günlərin dostları məni elə çox dəyişib ki, hələ də sahilində oturub Xəzərə baxmaq üçün içimdə məsumiyyət yaranmayıb. Hələ təzəyəm sənin bu təzə küçələrində, onlara da öyrəşəcəm.

Yenə addım-addım ölçəcəyəm İçərişəhərin darısqal, doğmadan da doğma, pişikləri adamlarından çox olan küçələrini. Yenə məscid minarələrindən eşitdiyim azan səsini (çox gec-gec eşitsəm də) bir masada bohem həyatın alatoran nişanəsi olan bakalların səsinə qarışdırıb özümü atacam tanımadığım adamların səmimi görünən söhbətlərinə. Sonra xırda zalı olan, kitablarla bəzənmiş isti kafelərindən birində (nə idi o kafenin adı?) küçədən keçən adamların əl hərəkətlərinə baxıb, üzlərindəki əhvalın hansı janrda olduğunu ayırd etməyə çalışacam.

Hər şey ciddidir, hər şey monoton, hər şey gileylənmək üçün səbəb dolu. Amma ümidliyəm mən, çünki əlimdən başqa heç nə gəlmir.

Əziz Bakı! Dağların ayaqdəyməz yerlərindən elə hekayələr gətirmişəm ki sənə, dinlədikcə, oxuduqca, əslində, o qədər də maraqlı bir şəhər olmadığını başa düşəcəksən. “Bircə Bakı özünü dənizə atmaz” (hansısa şeirimdəndi, dürtdüm bura) deyirdim, elə olar, yanıldarsan məni də, səndən xoşbəxtlik umub gecələr qayğı içində gözlərini yuman adamları da. (İslam Səfərli, 59A. Yadıma düşdü)

# 2758 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #