Adam özünü 25 manata görə niyə oda atsın ki?

Adam özünü 25 manata görə niyə oda atsın ki?
23 avqust 2024
# 12:46

Kulis.az Eminquey Akifin "Qonorar" adlı yeni köşəsini təqdim edir.

“Nə var e bunlar kimi yazı yazmağa, ağızlarına gələni yazırlar”

Azərbaycan xalq deyimi

Qonorar...

Açığı, əziz-giramı xalqımızın bəzi (red – insanların bir qismi) abırlı xanımları, igid ərləri qonorarın nə olduğunu bilmirlər.

Qonorar qədim yunancadan “qonor” və “ar” sözlərinin birləşməsindən əmələ gəlmiş....

Əşi, zarafat edirəm, yunanların bu söhbətdən xəbəri yoxdur. Açığı, heç xalq da xəbərdar deyil.

Yaxşı, sizsiniz də, latıncadan “honorarium” sözü mükafatlandırılmaq, təltif olunmaq mənasına gəlir. Bu, yazıçılara, rəssamlara, alimlərə, vəkillərə və başqa sənət adamlarına əməyinə görə müqavilə əsasında verilən puldur.

Əmək müqabilində mükafat!

Maaşdan daha şirindir, çünki qonorar hər gün işə təpik döymədən və bütün iş günü əsəb keçirmədən, incikliyini, hirsini, əzabını içinə atmadan, həyatı yaşamağın dadını çıxarmaqdan məhrum qalmadan qazanılan şeydir. Amma di gəl ki, bizim məmləkətin sənət adamları, daha doğrusu, ədəbiyyat adamları bu şirinlikdən məhrum qalıblar.

Yadıma gəlir, ilk dəfə “Ulduz” jurnalında şeirlərim dərc olunanda çox böyük şövqlə qonorar alacağım günü gözləmişdim. Vədə yetişəndə, mən Yazıçılar Birliyinə qədəm basanda, mühasibin yanına girəndə, o mənə pulu uzadanda o böyük şövqümdən əsər-əlamət qalmamışdı. Xanım mənə iyirmi manatı masanın üstünə qoyub çantasına girişmişdi, o an özümlə qürur duymuşdum, düşünmüşdüm ki, evə gedəndə pulu anama uzadıb “al, oğlunun şeirlərinə görə aldığı ilk qonorarıdır” deyib şeşələnəcəm, ayaqlarımı ayaqlarımın üstünə uzadıb bu sevincimlə baş-başa qalacam. Xanım çantasını xeyli qurdalayandan sonra bir manat əlli qəpiyi çıxarıb iyirmiliyin üstünə qoymuş və “götürün” demişdi. İyirmi bir manatı götürmüş, əlli qəpiyi masanın üstündə xanıma tərəf sürüşdürüb “bu qalsın, saqqız-zad alarsınız” deyib suyum süzülə-süzülə otaqdan çıxmışdım. Çıxmamışdım, qaçmışdım. Qaçmaq istəmişdim – otaqdan da, özümdən də, hüznümdən də.

Bu hüznlü qonorar hekayəmdən sonra bu məbləğdə çox qonorarlar aldım, yavaş-yavaş qonorara qarşı məndə güclü immunitet formalaşdı. Artıq iyirmi bir manatlar, iyirmi beş manatlar məni əvvəlki kimi kədərləndirmirdi. Həqiqətlə barışıb oturmuşdum. Ta ki dostumuz yazar Mirmehdi Ağaoğlu aldığı qonorardan şikayət edənə kimi.

Azərbaycanda bilinməyən dəyərlərlə və naməlum kriteriyalarla bəlli olunmuş qonorar sisteminə görə, bir yazının, yaxud bir səhifəlik şeirin maddi dəyəri iyirmi beş manatdır. Bundan çox qonorar verən adamların ətəyində namaz qılınır.

Jurnal müəllifə “heç yerdə çap olunmayan şeirlər olsun” kimi bir tələb qoyur, şair can qoyduğu, yaşadığı, içindən keçirtdiyi hisslərlə dolu şeirlərindən çap olunmayanlarını (bir şeir bəzən bir ilə, beş ilə də yazıla bilir) yığıb verir jurnala. Əvəzində isə iyirmi beş manat, yaxud da mənim kimi iyirmi bir manat əlli qəpik qonorar alır. Və o şeirlər bir başqa jurnalda “çap olunmuş şeir” olduğuna görə bir daha çap olunmur.

Sizcə də absurd deyilmi?

Bir müəllif araşdırma yazısını da bu qiymətə satır, reportajını da, müsahibəsini də.

Doqquz saat fəhləlik edən adam da günə bu qədər qonorar alır, beynini işlədib, savadından, dünyagörüşündən, yaşadıqlarından istifadə edib yazı yazan adam da. Bir sözlə, sözün fəhləliyini edir.

Əgər bir müəllif heç bir yerdə işləmirsə, gərəkdi, ayda azı 20 yazı yaza ki, minimum əməkhaqqı qədər pulu ola cibində. Təbii, təkcə qonorarla yaşamır yazanlar. Redaktə edir, korrektə edir, ön söz yazır, tərif yazır, tənqid yazır və s. Klaviatura ilə çak-çuk edir.

Amma bu beləmi olmalıdır?

Niyə illərdir hər sahədə dəyişiklik baş verdiyi halda, sənət sahəsində bircə dənə də olsun dəyişiklik yoxdur? Niyə sənət adamlarına stimulverilmir?

Qonşu Türkiyədə, yaxud da hansısa ölkədə desən ki, bizdə sənət adamları iyirmi beş manat qonorar alır, adamı hoydu-hoyduya götürərlər. Məsləhətimdir ki, risk edib bu həqiqəti xalqa deməyəsiniz, çünki onlar onların dərdindən, dolanışığından-zaddan yazmayan sənət adamlarını ciddi qəbul etmirlər. Hətta desəniz, bu iyirmi beş manatı da sizə çox görərlər. Açığı sizin üçün başqa ölkələrin yazıçılarına verilən qonorarlar barədə yazardım, amma bu əməlli-başlı araşdırma tələb edir.

Bir müəllif niyə dil biliyindən istifadə edib, gözünün suyunu qurudub, onurğasına işgəncə verib, zehnini yorğun salıb bu əziyyətə qatlanmalıdır sizin üçün? İyirmi beş manata görə? Hələ bununla belə, siz də gəlib yazarı söyəsiniz, təhqir edəsiniz ki, gündə bir müəllif çıxır göbələk kimi, bunların başı çatmır-zad yazasınız?

Bir yazar iyirmi beş manat qonorara görə ölkə əhəmiyyətli problemləri niyə qələmə alsın ki? Bir yazar iyirmi beş manat qonorara görə niyə özünü oda atsın ki? Bir yazar iyirmi beş manat qonorara görə niyə ölkəni fəth edib dünyaya çıxacaq bir hekayə yazsın ki?

Dolanışıq dərdindən, borc-kredit azarından, çörəyini xətrinə!

İyirmi beş manat...

Müəlliflər də baxır ki, adam özünü ha dağa-daşa vursa da, aldığı qonorar elə bu qədərdir, başlayır ağzına gələni yazmağa.

Bir də, bayaq qonorar sözünün mənasınız yazmışdım ha, onu özünüz də google-da tapa bilərsiniz.

Bəli, əziz xalqım, inciməyin, iyirmi beş manata görə elə maksimum ağzımıza gələni yaza bilərik.

Aldığımız qonorardan ar eləyin barı...

# 2357 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #