Xəbər verdiyimiz kimi, bu ilin fevralında 30 nəfəri professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi.
Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək, humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər. Müraciətdə deyilir:
“Hörmətli Fərəh xanım!
İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə təkrar müraciət edirik. Bu il fevral ayının 21-də 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Sizə yazılı müraciət etmişdi. Müraciətdə Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməyiniz xahiş edilirdi.
Ötən il Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətimiz 2020-ci ilin iyununda BŞİH-in kollegiya iclasında müzakirə edildi və iyul ayının 3-də Bakı Şəhər İcra Hakimiyyətində məsələ ilə bağlı tanınmış ziyalılarla görüş keçirildi. Görüşün sonunda qərara alındı ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün addımlar atılsın. Aradan 10 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.
Hörmətli Fərəh xanım!
Elə buna görə məcbur olub bu il fevral ayının 21-də Sizə müraciət etdik. Sizə ünvanlanan məktub Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Bu il martın 17-də BŞİH və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri bizimlə paytaxtın Rəsulzadə küçəsində monitorinq keçirdilər. Qeyd edək ki, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışdılar. Məlum oldu ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər.
Belə ki:
1. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununa görə (maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi, 7.1.), Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Qanunun bu tələbinə əməl edilmir. Rəsulzadə və Əziz Əliyev küçələrində dövlət dilinə etina edilməyən obyektlər 90-95%, şəxsən monitorinq keçirdiyimiz Nizami, Şərifzadə, Füzuli, Şıxəli Qurbanov, Haqverdiyev. B.Vahabzadə küçələrində, Azərbaycan və Cavid prospektlərində 70-80 faizdir.
2. ADRA nümayəndələri ticarət və digər xidmət müəssisələrinin lövhələrindəki yazıların əcnəbi dillərdə olmasını Paris Konvensiyası ilə əsaslandırmağa çalşırlar. Bu isə yanlış yanaşmadır. 2005-ci il oktyabrın 20-də Paris şəhərində qəbul edilmiş “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya, adından da göründüyü kimi, mədəni müxtəlifliyin qorunması üçün qəbul edilib və sənədin preambulasında “dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğu” xüsusi vurğulanır. Həmin sənədin “Məqsədlər və rəhbər prinsiplər” adlı fəslində (maddə 1 (h)) “dövlətlərin öz ərazilərində mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üçün uyğun hesab etdikləri siyasət və tədbirləri dəstəkləmək, qəbul etmək və həyata keçirmək kimi suveren hüquqlara malik olduqları” təsdiq edilir. Aydındır ki, heç bir konvensiya bu və ya digər dövlətə öz rəsmi dövlət dilində reklam və digər lövhələrin yazılmasını qadağan edə bilməz və etməyib.
3. Həmin Konvensiyaya qoşulan və bizə yaxın olan postsovet ölkələrində nüfuzli beynəlxalq əmtəə nişanları qorunsa da, əvvəlcə dövlət dilində və ya transliterasiya edilərək yazılır (bu barədə fotomateriallar ADRA-ya iki dəfə təqdim edilib). Amma qarşı tərəf bunu həmin ölkələrdə (Rusiya və Gürcüstan) fərqli əlifbalardan istifadə edilməsi, azərbaycanlıların isə latın qrafikası ilə olan lövhələri oxuya bilməsi ilə (!) izah etməyə çalışdılar.
4. Azərbaycanın dövlət dilinə etina edilməyən ticarət və xidmət obyektlərinin çoxunda təkcə brend və firma adları yox, xidmət növü və s. ilə bağlı digər yazıların da əcnəbi dillərdə yazılması geniş hal alıb və bu, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanunun icra edilməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mənsublarını bu pozuntuları aradan qaldırmaq üçün də tədbirlər görmür.
Hörmətli Fərəh xanım!
“Dövlət dili haqqında” qanuna etina edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması heç cür qəbul edilə bilməz. Yuxarıda sadalananlar təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.
Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Bakının küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi, eləcə də dövlət dili haqqında qanunun tələblərinə əməl edilməməsi barədə əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul etməyinizi xahiş edirik.
Hörmətlə,
1. Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor
2. Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti
3. Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri