Sülh oyununa gətirilənlər – Şərif Ağayar yazır...

Sülh oyununa gətirilənlər – Şərif Ağayar yazır...
9 oktyabr 2020
# 12:01

Sülh istəyəni vətən xaini saymaq doğru deyil. Eyni zamanda indiki şəraitdə emosiyalarını cilovlaya bilməyib sülh çağırışına qoşulanları vətən xaini adlandıranları da başa düşməyə yüz səbəbimiz var. Lakin hadisələrə nüfuz etdikcə məsələnin bu qədər sadə olmadığını görürük.

Əvvəla, sülh çağırışı edirsən, özün et, lap imza da topla, bunun üçün səni tənqid edən olsa da heç kim linç eləməyəcək. Bizim ermənilərdən ən ciddi fərqimiz budur. Belə bir çağırışı, sülhlə manipulyasiya edən Anna Akopyan kimilərə qoşulub etməməlisən.

Bunun üçün sadə bir fakt yetərlidir: adam bir müddət öncə Azərbaycan qadınlarına sülh çağırışı üçün müraciət etdi, üstündən bir neçə ay keçməmiş səngərdən hərbi formada, əli avtomatlı fotolar paylaşdı, oğlunu Qarabağa hərbi xidmətə göndərdi.

Adam nə qədər avam olar ki, sülh kimi müqəddəs dəyəri belə simasızca qullanan bir fırıldaqçının tələsinə düşsün.

Azərbaycanda ən aqressiv zamanlarda da sülh istəyənlər olub. Hətta bunu Milli Məclisin tribunasından bəyan edənlər də. Ermənistandan fərqli olaraq bu fikrinə görə heç kəs öldürülməyib, terror qurbanı olmayıb.

İkinci və ən vacib məsələ...

Demokratik seçki ilə hakimiyyətə gəldiyi iddia olunan və ilk vaxtlar bu cür də görünən Nikol Paşinyan kreslosuna oturar-oturmaz işğalı rəsmiləşdirməyə qalxdı. Bilməyənlər üçün qeyd edim ki, Ermənistanın əli qana batmış siyasi liderləri - Koçaryan və Sarkisyan belə öz çıxışlarında faşizmi bu qədər açıq bəyan etmirdilər. Onlar deyirdilər, Qarabağda yaşayan ermənilərin öz müqəddəratını həll etmək hüququnu tanısanız, işğal olunan torpaqları geri qaytarmağa hazırıq. Yəni, dolayısı yolla münaqişə zəminində keçmiş Dağlıq Qarabağdan kənar torpaqların işğal olunduğunu etiraf edir, eyni zamanda ermənilər yaşayan ərazilərin də Azərbaycana aid olduğu faktı ilə razılaşırdılar.

Paşinyan isə... Dünyanın demokrat kimi tanıdığı “xalq nümayəndəsi” isə utanıb çəkinmədən “Qarabağ Ermənistandır, nöqtə” şüarını səsləndirdi. Bax, indi bizi təkidlə atəşkəsə dəvət edənlər o zaman Paşinyanın səhv elədiyini ona söyləməli idilər.

Əslində, Paşinyandan bir demokrat kimi öz sələflərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti sözdə də olsa etiraf etməsi, danışıqları daha yumşaq məcraya yönəltməsi gözlənilirdi. Azərbaycan prezidentinin dediyinə görə, o, əvvəl belə bir addım atacağı görüntüsünü yaradıb, bizdən iki il vaxt istəyib. Sonra isə məlum şüar, Şuşada bırcıda-bırcıda oynamaq və inauqurasiya keçirmək... Ardınca yalançı Artsaxın parlamentini tarixən Azərbaycanlılar yaşayan müqəddəs şəhərə köçürmək istəyi...

Paşinyan müharibənin başlaması üçün o qədər çalışdı ki, kənardan baxan onu demokrat liderdən çox casus hesab edə bilər...

Və əgər doğrudan da Paşinyan demokratik yolla seçilibsə, işğalçılıq siyasəti erməni xalqının mahiyyətindədir. Halbuki dünyada belə bir xalq tapmaq çox çətindir. Axı XXI əsrdə statistik çoxluq nə üçün öz gələcək səadətini və maddi-mənəvi təminatını başqa bir ölkənin ərazilərinin işğalında axtarsın ki? Axmaqdır? Demək, ya xalqı aldadıblar, ya da Paşinyan dünyaya nümayiş etdirilən kimi heç də demokratik yolla seçilməyib.

Burda başqa incə bir nüansa da diqqət yetirmək lazım gəlir. Bir var Ermənistan torpaqları, bir var Azərbaycan ərazisində ermənilər yaşayan torpaqlar, bir də var nə Ermənistana, nə ermənilərə zərrəcə aid olmayan torpaqlar... Bu saat müharibə üçüncü təsnifatdakı ərazilərdə gedir. Nə Cəbrayılda, nə Füzulidə, nə Qubadlıda, nə Laçında, nə Kəlbəcərdə erməni yaşamayıb. İstənilən normal bir erməni ilə səmimi söhbət etsək, bu işğala haqq qazandıran ciddi arqument gətirə bilməz. Heç buna çalışmaz da. Yalnız belə söyləyirlər – biz Qarabağdakı ermənilərin təhlükəsizliyi üçün atəş nöqtələrini müvəqqəti susdurmuşuq. "Atəş nöqtələri" isə keçmiş Dağlıq Qarabağın, yəni yalançı Artsaxın idda olunan ərazilərindən artıqdır.

Bu şəraitdə Azərbaycanın keçirdiyi hərbi əməliyyatların dayandırılmasını istəmək sülh çağırışı sayıla bilməz.

Bu, sülh adı altında oyuna gəlməkdir.

Müharibə ilə bağlı tarixin min-bir situasiyası var, onların heç birində münaqişəyə zərrəcə dəxli olmayan ərazilərin işğalı zamanı sülh istənilməyib, yaxud istənilənin adı sülh olmayıb. Atəşkəs olub, münaqişəni dondurmaq olub və s. Ən yaxşı halda buna biabırçı sülh, ondan da bir az yumşaq - ədalətsiz sülh deyiblər.

Bu çağırışı əraziləri 30 il işğal altında qalan ölkənin vətəndaşı edirsə, artıq bu, sözün bitdiyi yerdir.

Üstəlik, bu ölkənin işğaldakı ərazilərini geri qaytarmaq gücündə olan ordusu varsa...

Öz ölkəsini biabırçı sülhə, ən yaxşı halda ədalətsiz sülhə dəvət etmək nə deməkdir?

Biabırçılıqla, ən yaxşı halda ədalətsizliklə barışmaq insanlığın hansı lövhəsinə yazılıb?

Sülh istəyən Şuşada kabab çəkib acıq verməz.

Sülh istəyən başqa bir ölkənin ərazisini ən ali kürsülərdən öz ərazisi elan etməz.

Sülh istəyən hərbi formada, əli avtomatlı fotosessiya paylaşmaz.

Ağıllı olmalıyıq.

Sülhpərvər, pasifist mövqeyimizi belə erməni təxribatından qorumalıyıq.

Əks halda Ermənistanda bircə nəfər çıxıb Azərbaycan ərazilərinin işğal olunduğunu etiraf etsin.

Hamının bildiyi və əmin olduğu bu boyda həqiqəti yəni...

# 4216 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #