Kulis.az Mahir N. Qarayevin 24 il əvvəl qələmə aldığı “Səkkizinci ayın səkkizi” yazısını təqdim edir.
Salam, Akif İslamzadə!
Bu gün səkkizinci ayın səkkizidir. Sənin doğulduğun gündür. Dünyaya gəlişini təbrik edirəm.
Bir neçə gün öncə “Sahil” metrosunda gördüm səni. Yaxınlaşmaq istədim. Bacarmadım. Qınama məni, bir az çəkinirəm səndən. “Ruh” filmindəki iki dünyanın ayrıcında qalmış o gözəl obrazı xatırladırsan mənə. Sanki ikiləşmisən: yalan Akif, gerçək Akif.
Hansında yalansan, hansında gerçək – anışdırammıram.
İki dünyanın arasında qalmış kimi görünən Akif İslamzadə bəlkə də öz məchul ömrünü bədənsiz ruh, yaxud ruhsuz bədən kimi yaşayır.
Özünün varlığında səsi olmayan Akif İslamzadə ruhsuz bədən kimi görünür mənə, səsinin varlığında özü olmayan Akif İslamzadə – bədənsiz ruh kimi.
...Nə vaxtsa bu dünyada Akif İslamzadə adında bir sənətkar vardı: oxuyan kişilərdən deyildi, kişi oxuyanlardan idi!
Heç kəs dana bilməz: vardı!
Akif İslamzadə özü var olduğu halda bir Akif İslamzadə vardı!
İndi özünün həqiqətən var olduğunu Akif İslamzadə hər ilin səkkizinci ayının səkkizində sadəcə olaraq bir daha xatırlatmaq məcburiyyətində qalır...
Akif İslamzadə 48-ci ildə doğulub və indi Akif İslamzadənin düz 48 yaşı tamam olur.
Böyük sənətkarların 38 yaşında sönməsi barədə dünyada gerçək əfsanələr dolaşır. Və ikiləşən Akif İslamzadələrdən hansısa 38 yaşında sönüb: düz on il əvvəl – 86-cı ilin dekabrında; yaxın keçmişimizin məşhur futbolçusu İsgəndər Cavadovun toyunda son dəfə oxuyub.
Yuvarlaq rəqəmlər var, yuvarlaq olmayan rəqəmlər var. Akif İslamzadənin hazırda təbrik elədiyim 48 yaşı yuvarlaq deyil. İki dünyanın ayrıcında qalmış ömrünün il sayı isə yuvarlaqdır – 10.
Bir də var cüt rəqəmlər. 11 metrlik cərimə zərbəsi. 22 mart – Novruz; yeni gün. 8-ci ayın 8-i – Akif İslamzadənin doğulduğu gün.
Və sairə...
Və bir də: Akif İslamzadə 66-cı ildə 55-ci ildə qədəm basdığı 44 nömrəli orta məktəbi bitirib...
Və bir də : Akif İslamzadə 77-ci ildə özünün şah mahnısı – “Sarı gəlin”i ilk dəfə ifa edib...
Sözgəlişi.
Anar “Sənsiz” də etiraf edir:
“Yaz axşamı idi, narın yağış çisələyirdi, hansı evinsə açıq pəncərəsindən televizorun səsi gəlirdi. Akif İslamzadə “Sarı gəlin” oxuyurdu...
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər, sarı gəlin.
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər,
Neynim, aman, aman, sarı gəlin.
...Mənə elə gəlirdi ki, bu yağış da, bu mahnı da başqa bir həyatdan süzülüb gəlir və Akifin səsi də ömrün o tayından gələn bir səsdir...
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu, sarı gəlin.
Nolaydı, bir yol görəm
Nazlı yarin üzünü
Neynim, aman, aman sarı gəlin.
...Evə gəldim, mətbəxə keçdim, bu yaşımda bəlkə də ilk dəfə ağladım...”
Yuvarlaq olmayan illərin birində Akif İslamzadənin səsinin tutulmağından sevinən bəlkə də dünyada yeganə adam ona telefon açıb və ləzzətlə soruşub:
- Hələ ölməmisən?!
Akif İslamzadə ikiləşdiyindən bilməyib necə cavab versə doğru çıxar: “ölmüşəm” desə, ya “ölməmişəm” desə. O adam da cavab almadığı üçün indiyəcən intizar içində bərk nigarandır. Mirzə Cəlil demiş, nigarançılıq çox köpəkoğlu şeydir; o adamı nigarançılıqdan qurtaraq:
- Əzizi-mən, Akif İslamzadə ölənlər üçün ölüb, qalanlar üçün həmişə sağdır. Yəqinlikdən ötrü güzgüyə baxın, görün ölüsünüz, yoxsa diri?!
Güzgü demişkən, ortasından güzgü qoysan üst-üstə düşən rəqəmlər də olur. Akif İslamzadə deyir: özüm 48-ci ildə doğulmuşam, yeganə oğlum Ayxan 84-cü ildə; mən səkkizinci ayın səkkizindənəm, Ayxan dördüncü ayın dördündən...
...Və düz beş il qabaq – 1991-ci ildə Akif İslamzadə mənim “Mahnılarınızın gələcək taleyini necə görürsünüz?” sualımı belə cavablandırmışdı:
- Daha beş ilə zəmanət verirəm. Ondan sonra Allah kərimdir...
İndi üstündən beş il keçib. Və Akif İslamzadənin proqnozu beşqat səhv çıxıb – o mahnıların bircə gülü də solmayıb, bircə yarpağı da saralmayıb.
Əvəzində, beş ildən sonra mənim proqnozum beş dəfə beşin iyirmi beş olduğu qədər dürüst çıxıb: “Akif bəy, o mahnıların unudulmasına hələ çox var: biz bu səsə, bu nəfəsə nəsil-nəsil qulaq kəsiləcək, o mahnılara, o şərqilərə fəsil-fəsil qəribsəyəcəyik...”
Biri vardı, biri yoxdu, Akif İslamzadə adında bir oxuyan kişi vardı, xalis kişi oxuyan idi!..
Və düz beş il əvvəl Akif İslamzadədən qəfil soruşmuşdum:
- Birdən möcüzə baş versə, bax elə bu saat, bu dəqiqə səsiniz açılsa, nə oxuyardınız?
Cavab belə olmuşdu:
- “Qaragilə”...
Həmin saatda, həmin dəqiqədə möcüzə baş vermədi. Beş dəqiqədən sonra da möcüzə baş vermədi. Beş ildən sonra da. Ötən günlərimizi heç kim qaytarmadı. Ötən heç bir günümüz qayıtmadı.
Ötən günlərimizi qaytarsaydılar gələn günlərimizi həqiqətənmi qurban verərdik?
Allah bilir.
Amma Akif İslamzadə verərdi!
Düz beş il əvvəl Akif İslamzadənin şəklinin altında Ramiz Rövşənin bir beytini yazmışdım:
Nəğmələrin ən şirini
dilimin altında qaldı...
Indi o şəklə baxıram, o beytə baxıram və mənə elə gəlir ki, o misralar qəzetdəki şəklin altına yox, “Vardı” dediyim Akif İslamzadənin başdaşındakı şəklinin üzərinə yazılıb, daha doğrusu, həkk olunub. Və “var olan” Akif İslamzadə də “Ruh” filmindəki o gözəl obraz kimi hərdən-hərdən öz başdaşına baxır və içindəki “Qaragilə” hayqırtısından qəhərlənə-qəhərlənə dərindən köks ötürüb Nazim Hikmətin yanıqlı misrasını pıçıldayır:
“Ürək deyilmiş bu, bir çarıqmış camış gönündən!..”
...Salam, Akif İslamzadə!
Bu günlərdə səni “Sahil” metrosunda gördüm.
Yaxınlaşmaq istədim. Bacarmadım.
Bu gün səkkizinci ayın səkkizidir.
Bütün varlığımla diriyəm.
Ötən günlərimizi qaytarsaydılar, gələn günlərimi “uf” demədən...