Şaxta babaya məktub

Şaxta babaya məktub
27 dekabr 2019
# 15:37

Kulis.az Nihat Piriyevin “Şaxta babaya məktub” yazısını təqdim edir.

...əziz, Şaxta baba!

Əslində, mən də bilirəm ki, Şaxta babalar gerçək olmur. Amma ürəyimdə qalan o qədər söz, o qədər arzu var ki, istəmirəm inamım ölsün.

Dünən atam məktəbin qarşısında dayanıb məni gözləyirdi. Sinif yoldaşlarım onu görən kimi hamısı bir ağızdan gülməyə başladı. Atamın görkəmi, üst-başı, səliqəsiz saç düzümü və saralmış saqqalı onlar üçün həmişə lağ yeri olub. Amma mən atama görə heç nədən, heç kəsdən utanmıram. Ona görə, yanına gedib heç nəsiz onu qucaqladım. Nimdaş paltarındakı nəm, çirk qoxusu əvvəl məni diksindirsə də, qabarlı əllərini saçlarımda hiss edəndən sonra hər şey dəyişdi...

Atam hər dəfə məni qucaqlayıb öpəndən sonra uzun-uzun gözlərimə baxır. Hiss edirəm ki, o, gözlərimdə təkcə məni yox, elə bil həm də ailəmizi görür. Anamı, məni və özünü - üçümüzü bir yerdə, bir ailə kimi. Baxa-baxa özü də bilmədən göyərmiş dodaqları titrəməyə başlayır, dişlərini o qədər bir-birinə sıxır ki, onların səsini mən belə eşidirəm. Sonra əsəbdən qızarmış gözləri ilə üzümə gülümsünüb məni təkrar-təkrar öpüşlərə qərq edir. Amma kürəyimdə əsəbdən qıvrılmış barmaqlarının ağrısını bütün bədənimlə hiss edirəm. Sərt, saralmış saqqalı üzümü dalasa da, bunu ona hiss etdirmirəm. Heç evə gələndən sonra üzümü də yumuram. Çünki atamla belə görüşlərdən sonra gecələr onun üçün lap çox darıxıram. Anamdan qorxmasam, atamın həmişə əlində saxladığı cib dəsmalını alıb gecələr onu üzümə sıxıb yataram. Allah bilir o dəsmalda atamın nə qədər ağrısı, nə qədər göz yaşı yatır. Amma qorxuram.

Atamın çat-çat olmuş iri barmaqlarına baxanda hər dəfə fikirləşirəm ki, gərək anamın parfümlərindən oğurlayıb ona verim. Amma niyəsə bu hiss ondan ayrılandan sonra mənə qorxulu bir şey kimi gəlir və yaddan çıxır. Təsəllim də o olur ki, mən onun qabarlı əllərinin sığalında da xoşbəxt ola bilirəm.

Atam deyir ki, məni parkda hər gün gəzdirə bilər, amma utanır. Mən də utanmalı bir şey olmadığını deyəndə gülüb məni o ki var öpür.

Əziz, Şaxta baba! Dünən atam mənə bayram hədiyyəsi gətirməyi də unutmamışdı. Məni parkdakı oturacaqların birində oturdub önümdə dizlərini qatladı. Cibindən balaca bir siçan oyuncağını çıxarıb, əli ilə oyuncağı əlləşdirdi. Siçan o dəqiqə qəribə səslər çıxarmağa başladı, atam da sarı, nizamsız dişləri ilə başladı uğunub getməyə. Atamın belə ürəkdən gülməsini çox sevirəm. Elə bilirəm ki, həmin dəqiqə həyatda onun qədər xoşbəxt, onun qədər qayğısız kimsə yoxdur. Kaş həmişə onu belə xoşbəxt görə bilim... xoşbəxt edə bilim...

Atam deyir ki, o da siçan ilində doğulub. Bəlkə də, elə buna görə, ömrü beləcə küçələrdə, dalanlarda keçir. Yadıma gəlir, bir dəfə anamın rəfiqələrindən biri anama dedi ki, bu gün atamı parkda ağacın dibində yatan yerdə görüb. Anam da ona acıqlı-acıqlı cavab verdi ki, hə, onsuzda, onun adətidir siçan kimi orda-burda, deşiklərdə yatmaq. Anamın atama qarşı nə boyda kin saxladığını ilk dəfə onda hiss eləmişdim. Bu kin, bu nifrət o qədər güclü idi ki, məni otağımda belə qorxutmuşdu. Bəlkə də bu qorxu bir də heç vaxt bir yerdə ola bilməyəcəyimizin qorxusu idi. Nə bilim?

Atam bizim məhəllənin başına kimi məni ötürüb qayıtdı. Sağollaşanda yenə həmişəki kimi möhkəm qucaqlaşdıq. Sonra astadan qulağıma pıçıldadı ki, anana demə, mən yenə gələcəm. Mən də həmişəki kimi cavab verə bilməyib sadəcə başımı yellədim. Çünki boğazım tutulmuşdu, ağlamaq istəyirdim. İstəyirdim ki, bir yerdə heç nə olmamış kimi evə gedək. Anam da bizə mehribancasına qulluq eləsin. Axşam da bir yerdə televizora baxaq. Sonra atamın qucağında yuxuya gedim...

Küçənin sonuna çatana yaxın arxaya baxanda gördüm ki, atam gözünün yaşını silir. Sonra başını yelləyə-yelləyə küncdəki zibil qutusunu təpikləyib ağır-ağır gözdən itdi. Yəqin hara getdiyini heç özü də bilmirdi. Kaş heç arxaya baxmazdım...

Evə gələndə anam çox vaxt evdə olmur. Anamın, demək olar ki, həmişə nəsə işi olur. Ya rəfiqələri ilə, ya iş yoldaşları ilə, ya da ki, bizə tez-tez gələn o əmi ilə. Anam deyir ki, o, çox yaxşı adamdı. Mehribandı, məni də çox istəyir. Hər dəfə də bizə gələndə mənə nəsə hədiyyə alır. Mənsə, qəbul eləmirəm. Anam da hədiyyəni alıb mənim otağıma aparır. O, bunu bilərəkdən edir ki, mən o adamla təklikdə qalım, o da mənim könlümü alsın. Amma mən onu istəmirəm.

Əziz Şaxta, baba! Bunları sənə ona görə danışıram ki, məni başa düşəsən. Amma həm də fikirləşirəm ki, sən mənim arzularımı heç vaxt gerçəyə çevirə bilməzsən. Lap doğurçu Şaxta baba olsan belə...

Amma hər halda, hər il olduğu kimi bu il də bu məktubu yazmaq istədim və yazdım. Və hər il olduğu kimi məktubu yazandan sonra kimə verəcəyimi yaxud sənə necə göndərəcəyimi də bilmirəm. Amma mən inanmaq istəyirəm. Həmişə, hər dəqiqə, hər saniyə. İnanmaq istəyirəm ki, nə vaxtsa, anam atamla barışacaq, onu evə çağırıb yenə ona şans verəcək. Və mən də məktəbdə keçirdiyimiz bayram şənliyində özüm üçün üç nəfərlik yer saxlayacam. Atam, anam və özüm üçün...

Mən buna həmişə inanacam... həmişə!..

Arzumun gerçək olduğu gün isə sənin də gerçək olduğun gündür, Şaxta baba! İndi isə sağlıqla qal!

# 7039 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #