Qəbrinin üstündə kitab rəfi yaradılan Nərminin hekayəsi

Qəbrinin üstündə kitab rəfi yaradılan Nərminin hekayəsi
20 sentyabr 2021
# 11:00

Gündəm xəbərlərini vərəqləyirdim, yenə də bir-birindən kədərli xəbər başlıqları yan-yana düzülmüşdü: “Göygöldə qəza olub, xəsarət alanlar var”, “Gəncədə qadın özünü binanın üçüncü mərtəbəsindən atıb”, “Dmanisidə yenidən zəlzələ olub”, “Kanar adalarında vulkan püskürməyə başlayıb”... Və bu xəbərlərin içində APA TV-nin bir süjeti diqqətimi çəkir: “Gənc yaşda öldü, arzuladığı kitab rəfini məzarı üstündə düzəltdilər”.

Süjetə baxdım və “gənc yaşda ölən” Nərmini xatırlamağa çalışdım. O süjet və Nərminin hekayəsi mənə çox tanış gəlirdi. Yaddaşımı qurdalayıb arxivimi eşələdim, bayıra çıxıb bir siqaret yandırdım. Və yadıma düşdü...

Bu qızın taleyi ilə illər əvvəl, səhv eləmirəmsə, Bakı Kitab Yarmarkasında tanış olmuşdum. Yarmarkada stendləri dolaşa-dolaşa ağlımda yazacağım reportajın “çertyoj”unu çəkirdim. Bu vaxt gördüm ki, balaca bir stendin qabağındayam. Onda qeyri-ixtiyari əlimə bir kitab götürdüm. İndiki kimi yadımdadır. Kitabın adı beləydi: Məlahət Həsənova - “Leykoz”.

“Mənim kitabımdı. – orta yaşlı xanım mənə tərəf çevrilib gülümsündü. – Bu şəkildəki də qızımdı”.

Cümləsinin arxasında hüznlü bir sükut dayandı.

Sonra nə olsa yaxşıdır?

Sonra kədərli bir hekayə eşitdim.

Məlahət xanımın Nərmin adlı bir qızı varmış. Sağlığında 7-8 kitaba redaktorluq edibmiş. Onun vaxtsız vəfatından çox kədərlənən ailəsi qızın arzularını yerinə yetirmək üçün xatirəsinə “Nərmin yayın evi” açıblar. Leykoz xəstəliyindən əziyyət çəkən Nərmin xanım 22 yaşında dünyadan köçübmüş. Qızın məzarının yanına kitab rəfi də qoyublarmış. Nəşr elədikləri kitabı o kitab rəfinə qoyurlarmış.

“Hər həftə onun Şirvan qəbiristanlığındakı məzarını ziyarət edirik və rəfə kitablar qoyuruq. Kitablar hər dəfə azalır, biz də yenisini qoyuruq”. – bunu anası mənə demişdi.

İndi o qızın məzarının yanındakı kitab rəfindən çəkilən süjetə baxanda qəribə bir ovqata kökləndim. Uşaqlar gəlib o kitab rəfindən oxumağa kitab götürürlər. Ata-ana hər dəfə qızlarının məzarına ziyarətə gələndə əllərində kitab da gətirirlər.

Mənə bu hekayə çox təsirli gəldi. Bizim kimi kitaba ögey münasibət bildirən bir mühitdə hansı ata-ana qızının “kitab arzusu”nu onun məzar daşının yanında gerçəkləşdirmək istəyər?

Nərmin kitaba marağı olan bir gənc idi və öləndən sonra da onu kitablar tək qoymadı. Bu hekayənin ən nikbin tərəfi də budur əslində. Dünya, bizi əhatəyə alan hər şey böyük bir mətndən ibarətdir.

Nərmin də yarımçıq qalmış bir hekayədir. Kitabı sevən və bəlkə də gələcəkdə yazıçı olmaq istəyən gəncin qırılmış hekayəsi.

İndi o hekayənin davamı ata-anası yazır. Və hekayə getdikcə daha nikbin çalarlar qazanır.

O balaca Nərminin qəbrinin yanındakı kitab rəfi bəlkə bizim gözümüzü aça: oxumaq həmişə lazımdı, vacibdi.

Və kitablar da onu sevənlərin yanında olur həmişə.
Bu dünyada olmasalar belə...

# 6189 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər