Özünü dilək ağacından asan Leyla - Orxan yazır...

Özünü dilək ağacından asan Leyla - Orxan yazır...
17 dekabr 2020
# 15:41

Kulis.az gənc yazar Orxan Kərimovun "Dilək ağacı" adlı yeni hekayəsini təqdim edir.

Gecənin səssizliyini qəfil pozan qapının çırpılması, səmadan böyük bir ulduzun yanaraq düşməsilə eyni ana təsadüf etdi. O, pilləkənləri tez-tez enir və təsbehdən dağılan muncuq misalı gözlərindən axan yaşı silməyə çalışırdı. Qeyri-ixtiyari əlini tez-tez ciblərinə salır-çıxarır, dəsmal axtarırdı ki, altı gün əvvəl alıb, hətta bir neçə dəfə cırıb atmaq istədiyi, indilərdə isə tamamilə unutduğu - əzilmiş həmin qatar biletini tapdı...

Rasionalist biri idi, elə də düşünürdü, amma bu təsadüf idimi? Qatardakı yer bu gün, yəni 2 saat sonra üçün bron edilmişdi. Bileti ovucunda bərk-bərk sıxmış, şərfini düzəldib, dayanacağa nəzər saldı. Sadəcə bir taksi var idi. Qışın oğlan çağı, gecə yarı, Bakı da olsa belə gözdən iraq yer üçün normal idi əslində, hələ gedəcəyi ünvanı beynində dəqiqləşdirməmiş birdən özünü taksidə tapdı.

- Axşamınız xeyir, bacı. Hara gedəcəyik?

- Vağzala sürün.

Cavabı verib, ovucunu açdı, bileti bir az da əzilmişdi, bacardığı qədər səliqəyə salıb, dördkünc qatlayıb paltosunun cibinə qoydu. Başını çevirib, doğulduğu, böyüdüyü küçələrə son dəfə nəzər saldı. Məktəblərinin yanından ötüb keçəndə yenidən gözlərində qurumuş yaşlar, öz-özlüyündən süzülməyə başladı. Qardaşı düşdü yadına, vaxtsız-vədəsiz gedib onu tək qoyan, tək sirdaşı, tək dostu Öməri. Ailədə, hətta həyatda onu anlayan tək insan idi Ömər. Əl-ələ məktəbə getdikləri günləri xatırladı. Qardaşının onu qoruduğu, qısqandığı, arxa-dayaq olduğu günlər düşdü yadına. Sonra yaddaşı onu daha da əvvələ apardı, ya da o yaddaşını... İnsan oğlu sevir axı, onu incidən, ağrıdan, yaralarla dolu keçmişə təkrar-təkrar qayıdıb, kədərinin içinə enməyi. Çünki bəzi insanlar sevgiylə, bəzilərisə kədərlə qidalanırlar. Bu da həyatın bölgü bərabərliyinə qalıb, kimə nə payı verəcək.

*** ...Payızın sonları idi. Bu il payızda havanın isti keçməsinə baxmayaraq, son iki gün idi ki, anidən dəyişmişdi hava şəraiti. Bütün məktəb əməllicə qış libasında idi, bircə Leyla və Ömərdən başqa. Ataları hələ qış paltarı almamışdı uşaqlara, güya vaxtı olmurdu, hər günün bəhanəsi “Sabah mütləq alacam” idi. Amma o səhər hansı səhər idisə, gəlib çatmırdı. Əslində isə ailədə də, qohum-qonşuda da hamı yaxşı bilirdi ki, qazandığı bütün pulları qarşı binadakı köhnə, 3 otaqlı evdə qurulan qumar məclislərində uduzur, ya da daha dəqiq desək balalarının ruzisini camaata yedirdirdi. Hətta arvadının dərzilikdən qazandığı pulları da zorla alıb, oyunlara yatırırdı. Ev şəraitində dərzilik edən və bütün evin dolanışığını öz çiyinlərinə götürən Əsmər də 17 yaşında tanımadan evləndiyi bu adama sırf balalarına görə dözüb oturur, uşaqlarını birtəhər saxlayırdı. Elə dərzilikdən qazandığı və xəlvət yerdə gizlətdiyi 3-5 manatla da uşaqları bir dəfə bazara aparmaq istəmişdi. Ancaq uşaqların ağızlarından qaçırmasıyla plandan xəbər tutan kişi, yenə də bütün pulu almış, hələ xəbərsiz iş tutduğuna görə də Əsmərə sərt bir sillə də vurmuşdu. Sonra da çıxıb balkona siqaret çəkib, nəsə düşünüb cəld əynini geyinib evdən çıxmışdı. Çıxarkən də bu sözləri demişdi, Əsmərə: ”Yaxşı, yaxşı, zırıldama, axşam gəlib, özüm aparacağam uşaqları”. Amma nə həmin axşam, nə də gecə gəlməmişdi evə. Uşaqlar da gecə yarısına qədər gözləyib, sabah sinif yoldaşlarını hansı bəhanəylə aldadacaqlarını düşünə-düşünə ümidsizcə yuxuya getmişdilər... Hələ bəxtləri az da olsa gətirmişdi ki, anaları dərzi idi. Uşaqlara qış üçün əlcək, şərf, papaq, yun jaketlər toxuyurdu, bircə qış üçün qalın palto və ayaqqabıları yox idi. Onu da ki..

Səhər oyandılar ki, ataları hələ də yoxdur, hazırlaşıb evdən çıxanda, Leyla köks ötürərək inişildən qalan ayaqqabılarını geyindi, ancaq elə geyindiyi kimi də çıxardı. Su keçirən və dünəndən yaş olan ayaqqabı hələ də qurumamışdı. Leyla başını qaldırıb anasına baxdı, gözləri dolan anası güya heç nə bilmirmiş kimi, Leylaya gülümsədi və ayda bir, ya iki dəfə xərclik verdiyi uşaqlara cibindən çıxarıb 50 qəpik pul verdi. Güya təsəlli etmək üçün. Amma hər zaman olduğu kimi yenə qardaşı Ömər çatmışdı köməyinə. Anasına yalan danışıb, mədəsi ağrıdığını demişdi. Bacısına da 2-ci corabı geyindirib, iki ölçü böyük olan ayaqqabısını ayağına taxaraq məktəbə yola salmışdı. Anası da göz yummuşdu bu uşaqca yalana.

***

Qəfil maşının çökəyə düşməsilə yenidən özünə, bu gününə qayıtdı. Saatına baxıb rahatlaşdı. Hələ vaxta var idi. Deyəsən hansısa radio dalğasında dindar bir kişi qonaq idi, çox gözəl səsi, nitqi olan kişi, hansısa ayələrdən və onların mənalarından danışırdı: «Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə, Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instinkt) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et».

- Çatdıq bacım, borcunuz 4 manat 60 qəpik.

- Buyurun.

- Xırdanız yox idi?

- Qalığı qalsın. Sağ olun.

- Allah razı olsun!

“Allah razı olsun! Kaş...“ Içindən bu cümləni deyə- deyə vağzala girib, kassaya yaxınlaşdı. Gülərüz bir xanımla qatarın "tərpəniş” saatını bir daha dəqiqləşdirib, hələ vaxtına 1 saat yarım olduğunu öyrənəndən sonra, son dəfə bir də qərarını düşündü. Ancaq yox qayıtmayacaqdı. Bundan tamamilə əmin olub, gözləmə zalında əyləşib telefonuna baxdı, “Şeirim” adlı bir nəfərdən 3 ismarıc, 2 zəng var idi. Başqa heç nə. Onsuz da kim yazacaqdı ki? Mesaj bölməsinə girib, sadəcə bunu yazdı: "Gəlirəm! ". Sonra telefonu cibinə qoyub, anasını düşünməyə başladı, yazığı gəldi ona. Anasının çarəsiz halı, qayğıları beynində canlandı. Ömərin o dəhşətli hadisədə, vəhşicəsinə bıçaqlanıb öldürüldüyü gecə, anası da Öməriylə birgə ölmüşdü. Ruhən və mənən. Dərd çəkməkdən, gecə gündüz ağlamaqdan, yavaş-yavaş xəstələnən qadın, normal müalicə ala bilmədiyindən daimi yataq xəstəsinə çevrilmişdi. Sırf onun üçün bir daha özünü topladı ki, qalxsın, qayıtsın evinə. Amma alınmadı, alınmazdı da... Atası qumarla bərabər içkiyə də qurşanmışdı artıq. Gedib-gəlib xəstə arvadına və qızına söyüşlər söyür, lənətlər oxuyurdu. Əvvəl arvadından aldığı tikiş pulları onu bir az yumşaltsa da, artıq yazıq qadın yataq xəstəsi olmuşdu və pul qazana bilmirdi. Leyla da məcbur qalıb eynilə anası Əsmərin illər öncə etdiyi kimi, evin bütün yükünü, anasının dərman xərclərini hər şeyi öz çiyinlərinə götürmüş, təhsilini qiyabiyə çevirib, özü də bir mağazada kassir işləməyə başlamışdı. Ancaq nə olur olsun, atasının qorxusundan üzərində pul saxlamır, ərzaq və dərmana verdiyi pullardan əlavə nə pul qalarsa, rəfiqəsində saxlayırdı...

“Namaz otağı”. Vağzalda kiçik bir otağın, qapısı üzərinə yazılmış, bu söz sataşdı Leylanın gözünə. Hələ 15-16 yaşlarında, Ömərlə birgə getdikləri mədrəsə canlandı gözlərində. Necə də böyük sevgisi, bağlılığı vardı dinə. Ana nənəsi, Həci Məryəm xanım aparmışdı onları mədrəsəyə. Aylıqlarlarını da özü verirdi. Mədrəsəyə gedəndən elə bil bir az daha yaxşılaşmışdı həyatları, ya da evdən çıxa bilirdi 2-3 saatlıq bunun özü ona yaxşı gəlirdi. Ərəb dilini çox tez öyrənir, az vaxtda bir neçə dini kitab bitirmiş, atasının razılığı olmasa da, xəlvəti olaraq namazlarını da axsatmadan qılmağa başlamışdı. Ancaq 16 yaşında özünün və qardaşının istəyilə atasından xəbərsiz hicablanması bu həvəsinin və sevgisinin qarşısına keçmiş, bu maraqlı ritualların sonunu gətirmişdi. Əvvəldən uşaqların mədrəsəyə getməyinə qarşı çıxan ata bunun mənasız olduğunu deyir, ondansa bu “yekə” uşaqların gedib işləyib, hansısa peşəyə sahib olmaqlarını istəyirdi. Elə bu düşüncəylə də Öməri 7–ci sinifdən məktəbdən çıxarıb maşın ustasının yanına şagird qoymuşdu. Riyaziyyat üzrə olimpiada üçüncüsü olan Ömərin məktəb, təhsil həyatı bununla da bitmişdi. Riyaziyyatı, dəqiq elmləri yaxşı bilən Ömər elə bu dəqiqliklə də hər axşam aldığı 2-3 manatını hesablayıb atasının ovucuna qoyurdu. Sırf qızı hicablanıb deyə anasını döyüb, sonra da qadağa qoymuşdu qızlarının dinlə maraqlanmasına, artıq mədrəsəyə də getmək olmazdı. Sadəcə bir gün qalmışdı hicabı başında. Əslində əvvəl çıxartmadı, daha doğrusu, çıxara bilmədi arzusunda olduğu, dininin buyurduğu geyimi. Düşündü ki, axşama yəqin atasının fikri dəyişər, bir söz deməz. Axı pis bir iş görmürdü. Lakin, düşündüyünün əksinə oldu, atası bu dəfə tək anasını yox uşaqları da söyüb, döyməyə başlayanda, məcbur qalan Leyla icazəsiz bağladığı hicabını çıxarmaq məcburiyyətində qaldı. Bütün gecə ağlayıb, hansısa bir dini gücün, dini obrazın atasının fikirini dəyişməsini dua etdi. Mədrəsədə öyrəndiyi bütün dini şəxsiyyətlərin adını çəkdi sübhəcən, amma... İlk dəfə o gecədən sonra köməyinə gəlməyən , dualarını qarşılamayan, atasına qarşı hicab mübarizəsində Leylanı tək qoyan Allahdan incidi, küsdü. Sonra da zamanla, Ömərin ölümü, qatillərin tapılmaması, anasının xəstəliyi, universitetdəki rəfiqələrin və mühitin təsiri, ən əsas da dini inancı deist olan Vüqarın təkidləriylə, fikirləriylə namazını da buraxdı. Hər zaman içində Allahla əlaqədə, Allahla “rabitədə” olmayışı, bu yarımçıqlıq içdən-içə incidirdi onu. Elə bilirdi ki, dünyanın ən pis, ən günahkar adamıdı. Elə bilirdi ki, o namazı yox, namaz onu atıb. Özünə layiq bilməyib...

Bütün bu həngamələr, bütün bu burulğanların içində bircə Vüqar idi təsəllisi. 4 il əvvəl Feysbuk vasitəsilə tanış olduğu, amma heç vaxt real görüşmədiyi, yarımçıq qardaş sevgisini, heç olmayan ata sevgisini verdiyi Vüqar. Vüqar Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi. Özü də şair idi. Elə bu yaxınlarda da, “Sabahlar sənsiz” adlı 70 səhifəlik bir kitabını 100 tirajla çıxartdırmışdı. Leyla heç bilmirdi Vüqarın nəyini sevir, amma onun üçün hər cür fədakarlıq edirdi. Hələ bu cür çətin şəraitdə kitabının çapı üçün ona 200 manat da pul göndərmişdi. Vüqar neçə ay idi ki, Leylanı çağırırdı, toy etməyə imkan olmasa da, gəlsə kiçik bir evdə ölənəcən xoşbəxt olacaqlarını, ikisinin də işləyib hər şeylərini düzəldəcəklərini deyirdi Leylaya. Kitabının təqdimatı olanda çox təkid eləmişdi gəlməsi üçün. Amma nə illah etdisə, qızı fikrindən döndərə bilmədi. Vüqar da bir kitab, ön səhifəsində bir not və bir bilet göndərdi. “BÜTÜN SABAHLARIMIN SƏNLƏ OLMASI DİLƏYİLƏ!”

Ondan sonra da nə zəng etmiş, nə də ismarıc yazmışdı qıza. Neçə gündən sonra elə bu gün, 1 saat əvvəl axtarmışdı onu. “Salam. Necəsən? Darıxmışam, quzum. Görüntülü danışaq?”- yazmışdı. Leyla içindən düşünürdü ki, Vüqarı, "şeirim" dediyi adam hiss edib gələcəyini. Sevdiyidi axı. Həqiqətən sevən qəlblər qarışılıqlı döyünürmüş. Atasının son vaxtlar qumarı evdə oynaması, evdə kişiləri yığıb səhərəcən qumar oynatması, içki içib söyüşlə bağıraraq danışmaqları olmasa idi, bəlkə də əsla belə hərəkət etməzdi. Anasını əsla qoyub getməzdi. Amma bu gecə, yekəqarın bir kişinin, otağa keçib, ayaq üstə zorla dura-dura, “qəşəng xanım, atanın bəxti bu gecə heç gətirmir. Bəlkə borclarından bir az ödəyəsən" deməsi, üstəlik, qıza əl-qol atması işin rəngini tamamilə dəyişmiş, neçə vaxtdı sümüyə dirənən bıçağın ucu, sümüyü də, əti də kəsib keçmişdi. Artıq bütün bunları düşünmək istəmir, daha çox qərarsızlıqdan, çarəsizlikdən doğan bu addımı və bu addımın nəticələrini düşünməyə çalışırdı. Qatarının vaxtı çatdı. Bu bir saat ona sanki 100 il kimi görünmüşdü. Ürkək addımlarla gedib əyləşdi biletdə qeyd olunan kupedə. Yanında da bir yaşlı kişiylə, həyat yoldaşı əyləşmişdi. Qulaqcığını taxıb ən sevdiyi ifaçıdan mahnı qoşub, başını söykədi çantasına. Elə qulaq asa-asa da yuxuya getdi, düşüncələr içində yatıb qaldı.

“Sen de benim kadar gerçekleri görüyorsun, beraber olamayız benim gibi biliyorsun, bir başka dünyanın insanısın yavrucağım sen kendi dünyanın toprağında uyuyorsun”...

- Oyan qızım, çatmışıq -;yorğun, xırıltılı ancaq bir o qədər də nəvaziş dolu bir səsə oyandı. Bu səs eyni kupedə yol gəldikləri həmin kişinin səsi idi. Qulaqcığı qulağını ağrıtmışdı, onu astaca çıxarıb, cibinə qoydu. Bir saat olardı ki, günəş də doğduğu üçün pəncərədən ətrafa boylandı. Şəhəri gördü. İllərdi sevdiyi adamın yaşadığı şəhəri - Gəncəni. Uyuşmuş ayaqlarını çəkə-çəkə vağzaldan çıxıb üzbəüzdəki böyük, əzəmətli ancaq qışın soyuğuna qəddi dözməyən çinarın altında gözləməyə başladı, bir tərəfi telefonu çıxarıb Vüqara zəng etməli olduğunu, digər tərəfi isə, anasının yanına qayıtmalı olduğunu deyirdi. Ancaq səhərin kəskin soyuğunu hiss etdikcə ilk tərəfə yönəldi, düşündü ki, Vüqar gözəl insandır. Əgər hər şey yolunda gedərsə, anasını o vaxt öz yanına gətirər. 4 ardıcıl zəngdən sonra Vüqar telefonu açdı:

- Vağzaldayam.

- Sən Ciddisən?

- Gecə yazdım axı gəlirəm.

- Mm.. Düşündüm, düşündüm ki... 15 dəqiqəyə ordayam.

Vüqarla heç vaxt görüşməsə də, şəkildən və video zənglərdən görmüşdü onu, uzaqdan onu görən kimi tanıdı, ancaq sanki tamam başqa cür təsəvvür edirdi Vüqarı. Daha uzun boy, daha iriyarı, həm də Vüqar axsaq olduğunu Leylaya heç vaxt deməmişdi...

- Düşündüyümdən daha gözəlsənmiş,

- Çox sağ ol, necəsən?

- Əşi, belə də, sən? Neçə günlük gəlmisən?

- Günlük? Sən məni həmişə günlük çağırırdın?

- Yaxşı, soyuqdu. Gedək evə, danışarıq.

Taksiyə əyləşdilər və Vüqar yol boyu hansısa dostundan haranınsa açarını istəyirdi.

- Bilirsən, mən səni çağıran vaxtlar hər şey başqa idi, indi hər tərəf virus, atam da təzə yoluxub, səni evə apara bilmərəm, həm də bunun üçün hazırlaşmamışıq axı, bir müddət dostumgildə qalarıq, sonra bir çarəsinə baxacağıq.

Yol üstü açarı və 70 manat pul götürüb yola düzəldilər. Taksi şəhər mərkəzindən xeyli kənarda yerləşən Imamzadə məscidi istiqamətinə hərəkət edirdi. Leyla Gəncənin füsünkar və təbii gözəlliyinə mat qalmışdı. Ömrü boyunca çox az yerlərdə olmuşdu, çox az gəzmişdi. Ən son məzun günündə bir günlük İsmayıllıya getmişdilər uşaqlarla, o biri gəzintilərini isə ümumiyyətlə xatırlamırdı. Bəzən elə bilirdi ki, Azərbaycan lap elə dünya bircə Bakıdan, ya daha dəqiq desək Razindən ibarətdir... İndi Gəncənin hündür çinarlı, səliqəli və təmiz küçələrindən keçdikcə fikiri dəyişirdi. Axırıncı döngədən də içəri burulandan sonra nəhayət gəlib evə çatdılar. 2 otaqlı, köhnə təmirli, olduqca şəraitsiz ev idi. Evin hər yeri içki şüşələri, alt paltarları və başqa ərzaq tullantıları ilə dolu idi.

- Sən bir az evə əl gəzdir, mən də bir-iki şey alıb gəlirəm.

- Necə əl gəzdirim? Heç su da gəlmir.

- Yaxşı, ilk gündən deyinmə, Moskva birdən qurulmayıb ki. Axşama nə alım?

- Fərq etmir. Amma təmiz bir şeylər tapsan çarpayı üçün gətirərsən.

- Ondan şübhən olmasın, - Vüqar göz vuraraq dedi.

Vüqar gedəndən sonra, Leyla başladı ortalığı yır-yığış etməyə, 1 saat bəlkə bir az artıq vaxt keçmişdi ki, içinə anidən dolan acıyla birdən irkildi. Köhnə, siqaret külündən yanıb saralmış, salamat yeri qalmayan divanın küncündə oturub düşünməyə başladı. "Axı mən neyləyirəm burda, bu kimsəsiz yer haradır? Mənim burada nə işim var?" İçini qəribə bir kədər və kədərlə yanaşı incə qorxu da aldı. Tez qalxıb, çantasını götürüb yola düzəlirdi ki, bir ağ maşının evə çatdığını görüb, Vüqarın gəldiyini anladı. Düşündü ki, Vüqar gəlsin oturub danışsınlar. Ya normal ailəsinə təqdim edib, vəziyyəti başa salsın, hansısa qohumugilə aparsın, ya da geriyə, Bakıya yola salsın. Elə ani zamanla bunları götür qoy edirdi ki, maşından 4 nəfər düşüb evə daxil oldu.

- Salam, bajı..

- Ə, bajı demə, lazım olar. (gülüş səsləri)

Leyla əsəbi ancaq həm də ümid dolu nəzərlərlə Vüqara baxdı. Vüqar tez başını saldı aşağı, əllərinin tərini şalvarına silib, sanki boğazında nərə sümüyü qalmış adam kimi, xırıltıyla danışmaq istədi:

- Dostlarımdı.

- Hə, hə, xanım, dostlarıyıq. (gülüş səsləri)

Ən sonda bir nəfər maşının qapısını bağlayıb, siqaret çəkə-çəkə içəri daxil oldu. Boyu hündür, saqqallı həm də çox iriyarı, 30 yaşlarında bir oğlan idi. O içəri girən kimi gülüş səsləri kəsildi.

- Nə dedin, ə?! Dostlarımdı?! Ə, küçük, nə dost?! Bizdən 3 aydı pul götürüb vermirsən, indi də şəhərdən özünə qız gətirdirsən?

- Şamo, dəli olma. Nə qız? Sevdiyim qızdı, buraxın onu getsin, atam xəstələndi, yoxsa vallah qaytaracaqdım. Biz sənlə küçəliyik ə, belə şeylərə ehtiyac yoxdur.

- "Ə" sənin, dədəndi! (Sillə vurur) Mən borcumu necə alacağımı bilirəm, pul da halal xoşun. Başlayın. Yaxındakı, İmamzadə məscidinin Azan səsinə ayıldı Leyla. Ayılandan dərhal sonra tez gözünü yumub, həyatında heç vaxt olmadığı kimi, var gücüylə sıxıb yenidən açdı. Amma.. yuxu deyildi. Otaqdakılar yarı çılpaq hırıldaşır, içirdilər. Biri də siqaretə ot doldururdu. Vüqar bir kənarda oturub, lal dimməz durmuşdu. Leyla heç nə olmamış kimi qalxdı, paltarlarını geyinib otaqdan çıxdı. Siqaretin və içkinin gətirdiyi haldan heç qızın evdən çıxdığını hiss belə etmədilər. Evdə bayaq da pis qoxu var idi, ancaq indiki qoxu tamam başqa idi, qəsavətli qoxunu duydu bayıra çıxanda... Ancaq qoxu da onunla addımlayırdı sanki, saçlarını və çiynini qoxladı, o qoxu idi. Qaranlığın qoxusu kimi gəlirdi. Bir damla da olsun yaş gəlmirdi gözündən. Yola çıxdı, məscidi gördü və ona tərəf getməyə başladı. Ayaqlarını hiss etmirdi, paltarı əzik və cırıq-cırıq idi. Ona elə gəlirdi ki, hündürmərtəbəli bir binanın uçqunu altında qalıb. Tək cismən yox, ruhən və mənən.. Məscidə girmək istəyəndə anidən qulağına dünən gecə taksidəki ayə düşdü:

«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instinkt) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et».

Bir damla yaş axdı sol gözündən. Qəribə şəkildə gülümsədi, iradəsiz olaraq. Sonra bir damla yaş daha, Öməri üçün axıtdı. Nə qədər istədisə məscidə girə bilmədi, özü də bilmirdi ki, niyə? Tanrının evinə kirli girmək istəmirdi? Yoxsa Tanrının evinə girmək istəmirdi?! Məscidin qarşısındakı krantı açıb, yuyundu sanki qüsul alırmış kimi. Ancaq öncəki qüsullarından daha fərqli. Sonra əlini cibinə atıb, anasının ona verdiyi, illərdi yanında saxladığı toxunma dəsmalı çıxarıb öpdü və yandakı, üzəri dəsmallar və lentlərlə dolu dilək ağacına asdı.

Daha sonra, çox qəribə bir soyuqqanlılıqla, hansısa dilək, ümid üçün, ya da bəlkə də hansısa doğum üçün bağlanmış bir lenti açıb, özünü, ümidlərini, duyğularını da dilək ağacından asdı.

Maya Angleonun bir sözü var; "Nə vaxt bir qadın özü üçün ayağa qalxarsa, o zaman bütün qadınlar qalxmış olar". Bəs, bir qadın özünü ümid ağacından ümid lentiylə asarsa, o zaman bütün qadınlara nə olar görəsən?!

# 3090 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #