Öz kitabının təqdimatına gəlməyən şair - Ağa Cəfərli yazır...

Öz kitabının təqdimatına gəlməyən şair - Ağa Cəfərli yazır...
1 fevral 2021
# 13:15

Kulis.az Ağa Cəfərlinin şair Alik haqqında yazısını təqdim edir.

Onun haqqında daha çox xalq yazıçımız Mövlud Süleymanlı danışıb. Həm mənə, həm də başqalarına. “Köç”, “Dəyirman”, “Yel Əhmədin bəyliyi”, “Şeytan” kimi xəzinələrin müəllifi Mövlud Süleymanlı Alik haqqında elə şövqlə danışırdı ki, düzü mən təəccübləndim.

Məndə belə təəssürat vardı ki, heç kimin heç kimin kitabını oxumadığı bu zamanada qocaman yazıçılarımız ümumiyyətlə gəncləri oxumur, onların yaradıcılığını, yanaşmasını ciddiyyə və nəzərə almırlar. Amma Mövlud müəllim Alikdən həvəslə danışırdı, çox istedadlı olduğunu xüsusilə və dəfələrlə vurğulayırdı.

Deyirdi, “email” vasitəsilə yazışmalarımız var, o yazışmaların hamısı bir yerdə ayrıca bir əsərdir. Təəccübləndim, amma o vaxt çox təəssüf ki, maraqlanmadım, görüm, bu Alik hansı məzhəbə qulluq edir. Sonra Alik haqqında Şərifdən eşitdim. Daha doğrusu Şərif onun bir misrasını dost məclislərində tez-tez deyirdi: “Elə bir adam gəlməlidir ki, onu öpmək, yox qoxulamaq istəyəsən”. Heyrətlənmişdim, çünki bu hiss mənə tanış idi.

Günlərin birində xaricdən 10 ildir görmədiyim bir doğmam gəlmiş, biz görüşəndə məni qucaqlayaraq öpməmiş, məhz qoxulamışdı.

Bu ədəbi-tənqidi məqalə deyil, ona görə Alik Əlioğlu ilə bağlı bir təəssüratımı da bölüşüm.

Deməli, Azərbaycan Yaradıcılıq Fondu çox gözəl bir layihə həyata keçirmişdi. Fəridənin, İkinci Mahmudun, Ömər Xəyyamın, Alikin kitablarını çıxarmışdı. Kitabın yaxşı bir təqdimat mərasimi oldu, sayılıb-seçilən ədiblərin, şairlərin, yazıçıların iştirakı ilə. Və çox maraqlı məqamlardan biri o oldu ki, Alik öz kitab təqdimatına gəlməmişdi. Mən də tamamilə haqlı olaraq düşünürdüm ki, öz kitab təqdimatına gəlməyən adamdan nə gözləmək olar ki...

Sonralar aydın oldu ki, əslində bu gənc ədəbi mühitdən tamamilə uzaqlaşıb. Onda Alikin ağıllı adam olmağı təəssüratı yarandı məndə. Dava-dalaş, deyingənlik, dalca danışma, paxıllıq mühitindən uzaqlaşmış adam vəziyyəti qiymətləndirməyi bacaran, içi təlatümlə dolu biri olmalı idi. Sonralar Aliklə tanış oldum və gördüm ki, təkcə “öz kitab təqdimatında iştirak etməyən adamdan nə gözləmək olar ki” zənnimdə yanılmışam.

Bir dəfə redaktoru olduğum saytda Alikin atasına həsr etdiyi şeiri vermişdim. Ədəbi mühitin tanınan simalarından, çox istedadlı şairlərdən biri mənə yazdı ki, bu şeirdə nə var ki, sadə bir şeirdir də. O bəyə dediklərimi bura da yazmaq istəyirəm. Bəli, məsələ məhz sadəlikdədir. Futbolda və şahmatda belə bir fikir var: ən çətini sadə və gözəl oynamaqdır. Sadəlik və möhtəşəmliyin ahənginə kinodan da misal gətirmək olar. Dahi rejissor Andrey Tarkovskinin mesajla dolu, mistik, simvollarla zəngin bir neçə filmi var: “Stalker”, “Ayna”, “Qurban”, “Andrey Rublyev”. Amma bu unikal film hadisələri bir yana, Tarkovskinin “İvanın uşaqlığı”nı sevən çoxlu insanlar var. O insanlar məhz sadəliyi və möhtəşəmliyi seçdiklərinə görə İvanın yanındadırlar. Yaxud “Tokio hekayəsi” adlı filmin çox sadə süjetində dərin mətləblər gizlənib və buna görə də dünyanın ən yaxşı filmlərindən sayılır. Eyni sözləri “Cənnət sineması” və Əsgər Fərhadinin “Ayrılıq” filmi haqqında da demək olar.

Ədəbi nümunələr içərisində də sadə, amma dünya ədəbiyyatının şedevrləri hesab oluna biləcək həddindən artıq çox əsərlər var. Çox uzağa getməyək, elə “Qoca və dəniz” nəyə desən deyər. Magik realizmin ən bəxtəvər bəndəsi Markesin “Polkovnikə məktub yoxdur” əsəri də sadəliyin və gözəlliyin inanılmaz vəhdətidir. Sadəlik və gözəllikdən danışanda təbii Çexovu da unutmamalıyıq. Biz bəlkə də bu istiqamətdə ən yaxşı mətnlər, “Qaraca qız” və “Can nənə, bir nağıl”dedir. Və bu gün pazar, bizi güneşe çıkardılar.

Aliki bu insanlarla müqayisə etmirəm, amma onun atasına həsr etdiyi şeir də beləcə sadə və gözəl, ürəyi titrədən, bəlkə də dağ çəkəndir. Bu şeirdə bir roman yükü var və bu yükü çiyinlərinə götürüb ağır tərpənişlə yola çıxmaq olar.

Bilmirəm, bəlkə Alik bir gün o yola çıxacaq. Alikin başqa şeirləri də belədir, sadə, amma dərin müşahidələr var, yaralar, ağrılar var, özü də bu yaralar heç cürə sağalana, Alik də düzələnə oxşamır. Hə, Alik, kimsə gəlməlidir, günlər uzanır və heç kəs gəlmir, geriyə baxmaq dəhşətdir.

Bayram deyil, seyran deyil, Alik haqqında düşündüklərimi niyə qələmə aldım? Youtube-da gəzişirdim, birdən Alikin maşın layihəsi qarşıma çıxdı, o həm də youtuberdir axı. Hə, Alik qarşıma çıxdı və yaman darıxdım, sağ olan, olmayan bütün dostlarımız, yoldaşlarımız üçün.

Alik, olar, ağlayım?

# 2076 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #