42 yaşlı Qoqolun müəmmalı ölümü

42 yaşlı Qoqolun müəmmalı ölümü
22 yanvar 2021
# 15:13

Kulis.az Vüsal Bağırlının "Nikolay Qoqolun mistika və sirlərlə dolu ölümü" adlı yazısını təqdim edir.

Bir neçə il bundan əvvəl rejissor Yeqor Baranovun dahi yazıçının həyatından bəhs edən “Qoqol. Başlanğıc” filminin premeryası olmuşdu. Filmdə yazıçının əsərlərinin süjet xətti və həyat bioqrafiyası mistik çalarlarla birləşdirilmişdi.

Süjet boyu Dikanka (“Dikanka yaxınlığında xutor axşamları”) sakinləri, su pərisi, kazaklar, mujiklər, sirli varlıqlar və digər personajlar, öz yaradıcıları, gənc yazıçı Nikolay Qoqolla üzbəüz qalırlar. Bizim təsəvvürümüzdə həmişə qəribə bığları və saç düzümü ilə asossasiya olunan dahi yazıçı, dostu xəfiyyə Quro ilə kənd qızlarının seriya qətllərini araşdırmaq məqsədi ilə əyalətə gəlir...

Lakin burada dayanaq. Hər şeyi danışıb, filmə olan tamaşaçı marağını öldürməyək.

Söhbətimiz filmin süjeti haqqında deyil, əsla. Biz dünya ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun əzab-əziyyətləri, xəstəliyi və ölüm sirri haqqında danışacağıq.

Britaniyada kral Artur milli qəhrəman hesab olunur. Xalq təsəvvürlərinə görə, o, ölməyib və vətəni xilas etmək üçün öz geri dönmə, qayıtma saatını gözləyir. Rusların bu rəvayətə uyğun qəhrəmanı isə Nikolay Qoqoldur.

Qoqol haqqında istənilən söhbət sürüşərək onun son günlərinin müzakirəsinə gəlib çıxır. Gözümüzün qarşısına onun, dini mistika ilə insan əzabını bir-birinə qarışdırmış faciəvi taleyi gəlir.

Bəs, yazıçı necə və hansı şəraitdə dünyasını dəyişdi?

1852-ci ilin 21 fevralında (4 mart) böyük rus yazıçısı Nikolay Qoqol vəfat etdi. O, bir neçə həftənin içində solaraq, 42 yaşında dünyadan köçdü. Bu dəhşətli və müəmalı ölümdən düz 169 il ötür, amma onun sirri hələ tam olaraq açılmayıb.

Letargiya yuxusu

Qoqolun dəhşətli ölümü və ya letargiya yuxusunda olarkən diri-diri basdırılması haqqında şayiələr o qədər maraq doğurur ki, o zamanlarda da, elə indinin özündə də, bəziləri bunun fakt, yaxud yalan olduğunu fərq edə bilmirlər. Əslində bu şayiələrin yaranmasında Qoqolun özünün də günahı vardır. Çünki, o xəstə olarkən tez-tez bayılır və bədəni qıc olurdu. Yazıçı diri-diri basdırılacağından ehtiyat edirdi.

Rus yazıçısı Sergey Aksakov xatırlayır: “Qoqol soyuqdan şikayətlənir, daim üşüyürdü. O, uzun çəkmə, qalın yun corablar geyirdi.

Qızınmaq üçün otaqda qaçır, ayaqlarını sobanın üstünə qoyurdu. Şübhəsiz ki, bu onun hansısa xəstəlikdən əziyyət çəkdiyini göstərirdi”.Başqa bir tanışı isə bunları yazırdı: “İşə bir bax, o, ayaq üstdə yazır, oturaraq yatır. Uzanmaq istəmir. Qorxur ki, onu ölü zənn edib basdırarlar”.

O, “Vəsiyyətnamə”sində yazırdı: “Yaddaşım, sağlam düşüncəm və ağlım başımdaykən öz axırıncı istəyimi bəyan edirəm. Məni yalnız cansız bədənimdə çürümə əlamətləri hiss edildikdən sonra dəfn edəsiniz. Biləsiniz ki, xəstəliyimin şiddətləndiyi dönəmlərdə bəzən tam hərəkətsiz oluram, nəbzim və ürək döyüntülərim hiss edilməyəcək dərəcədə yavaşıyır”

Məlumdur ki, yazıçının ölümündən 79 il keçdikdən sonra onun qəbri Danilov monastırından Novodeviçye qəbiristanlığına köçürülüb. Deyilənə görə, mərhumun bədəni tabutda ölü üçün normal olmayan vəziyyətdə yana çevirilibmiş. Tabutun daxili divarları isə kəsik-kəsik və cızılmış vəziyyətdə olub.

Bu şayiələr bir çoxlarında əminlik yaradırdı ki, Nikolay Vasilyeviç torpaq altında zülmət içərisində əzablı və dəhşətli ölümə düçar olub. Bu faktı müasir tarixçilər təkzib edir. Müəyyən məxfilik tədbirlərinin nəzərə alındığı eksqumasiya (ölümün səbəblərini müəyyən etmək və ya dəfn yerini dəyişməkdən ötrü nəşin qəbirdən çıxarılması) zamanı Qoqolun qəbri ətrafında təxminən 20-dək adam toplaşıbmış.

Bu barədə Perm akademiyasının dosenti, tarixçi Mixail Davıdov yazır: “...yazıçı V.Q. Lidin də eksqumasiya mərasiminə iştirak edib. Məhz o, təsdiq edir ki, yaxşı vəziyyətdə qalmış palıd tabutun içərisi cızıq-cızıq edilmiş, skelet isə qeyri-təbii vəziyyətdə, sanki büzüşmüş vəziyyətdə olub. Lidinin bu sözlərindən sonra Rusiyada yazıçının guya sağ olarkən basdırılması haqqında həmin dəhşətli əfsanəyə inam daha da güclənməyə başladı”.

Əslində Qoqol həyatının son aylarını ağır ruhi sarsıntı, dözülməz iztirablar içərisində keçirib. O, yaxın tanışı Yekatrina Xomyakovanın gənc yaşında vəfat etməsindən də çox sarsılmışdı. Bu dövrlərdə yazıçı yaradıcı fəaliyyəti dayandıraraq, vaxtının çoxunu dua edir, pəhriz tutmaqla keçirir. Sonra ölüm qorxusu ona o dərəcədə hakim kəsilir ki, hər kəsə, qeybdən ona tezliklə öləcəyini xəbər verən səslər eşitdiyini deyir.


Xəstəliyinin şiddətləndiyi, ağlının başdan çıxdığı və sayıqladığı dönəmlərdə Qoqol geri qaytarılması mümkün olmayan səhv edir. O, “Ölü canlar” əsərinin ikinci cildini yandırır. Belə hesab olunur ki, romanı məhv etməsini ona yaxın tanışı olan din xadimi Matvey Konstantinovski məsləhət görüb. Bu keşiş Nikolay Vasilyeviçin həyatının son dövrlərində ona böyük təsir edə bilirmiş. Din xadiminin bu cür təsir və təzyiqlərindən onun ruhi və fiziki durumu daha da pisləşir. Qoqol zəifləyir və az yatır, demək olar ki, heç nə yemir.

Onun şəxsi həkimi Tarasenkov bildirirdi ki, yazıçı ömrünün son günlərində olduqca zəifləyib və qocalıbmış. Həkim öz qeydlərində yazırdı: “Qoqolun nəbzi zəif, dili təmiz və qurudur, hərdən burnundan qan gəlir, əlləri qıc olur. Sidiyi tünd və qatıdır”

Artıq fevralın 10-da Qoqol o qədər gücdən düşür ki, evdən çıxa bilmir. Fevralın iyirmisində isə qəflətən halı o dərəcədə pisləşir ki, ətrafdakıları tanımır. Həkimlərdən ibarət konsilium qərara qəlir ki, onu qidanı azaltmaqla və zəli ilə qan almaq metodu ilə “məcburi müalicə”yə cəlb etsinlər. Həkimlərin bu həlledici səhvindən sonra Qoqol 21 fevral səhər saat 8-də vəfat edir.

Tarasenkovun yuxarıdakı qeydlərinə və konsiliumun qərarlarına müasir həkimlərin rəyi tam ziddiyyət təşkil edir:
“Əslində, qatı tünd sidik, daimi susuzluq, burun qanaması, qıcolma-xroniki civə zəhərlənməsinin simptomlarıdır. Civə isə Qoqolun mədə xəstəliyindən xilas olması üçün həkimlərin ona verdiyi “Kalomel” preparatının tərkibində olub. Kalomelin əsas xüsusiyyəti ondan ibarətdir ki, əgər o bağırsaq vasitəsilə sorulub orqanizmdən xaric edilərsə tam zərərsiz olur. Amma xəstə pəhriz saxladığına görə mədəsi boş olduğundan civə orqanizmdə yığılaraq kəskin zəhərlənmə verib. Bir tərəfdən də, ruhi sarsıntıların, əsəb gərginliyinin zəiflətdiyi bədən ölümü daha da sürətləndirib.

Ona hamı hörmət edirdi. Hətta ölümündən sonra belə. Yazıçının tanışı, rəssam Fyodr İordan yazırdı: “ O, başına dəfnə yarpağından çələng qoyulmuş vəziyyətdə uzandırılmışdı. Tabutun ağzını bağlayanda çələng götürüldü və yarpaqlarının satışından xeyli pul əldə edildi. Hər kəs özünə ondan dəyərli xatirə saxlamaq istəyirdi”.

İnsan kütləsi Moskvanın Nikitski küçəsini tam bağlamışdı. Bu zaman, izdiham axını görünməmiş həddə çatır. Məmurlar və polislər gərginlik içindədir. Üsyan? İnqilab? Yox, sadəcə Qoqolun dəfn mərasimi keçirilir.

# 1694 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #