25 yaşlı oğlu özünü öldürdü, teatrdakı işindən zorla çıxarıldı, oğlunun ruhunu gördü – Məşhur aktrisanı hönkür-hönkür ağladan səbəb nə idi?

25 yaşlı oğlu özünü öldürdü, teatrdakı işindən zorla çıxarıldı, oğlunun ruhunu gördü – Məşhur aktrisanı hönkür-hönkür ağladan səbəb nə idi?
2 dekabr 2022
# 12:00

Kulis.az Gənc Tamaşaçılar teatrının aktrisası Məsumə Babayeva haqqında on maraqlı faktı təqdim edir.

Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olub.

***

1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb.

Aktrisa Azərbaycan Televiziyasında "Ürək rahatlıq sevmir" və "Deyin, Həyat haradadır?" kimi televiziya tamaşalarında modelyer və Həyat rollarına çəkilmişdir.

***

“Qovğalı kəndinin gecələri”, “Günaydın, mələyim!”, “Qocalar”, “Xəyallar gündəliyi”, “İstanbul reysi”, “Bir ovuc torpaq”, “İki ömür” filmlərinə çəkilib.

***

Teatrda işlədiyi dövrlərdə rəhmətlik aktrisa Xuraman Hacıyeva ilə yaxın dost olublar. Onlar teatra eyni vaxtda gəliblər. Onların arasını nə qədər vurmağa çalışsalar da, hər iki aktrisa dostluqlarını qoruyub saxlamağı bacarıb.

Aktrisanın ailə həyatından Ülviyyə adlı qızı, Pərvin adlı oğlu dünyaya gəlir. Yoldaşını erkən itirən aktrisa bütün ümidlərini övladlarına bağlayır. Onların yaxşı oxuması, təhsil alması üçün əlindən gələni edir. Aktrisanın qızı ailə həyatı qurandan sonra bir qızı olur. Ancaq tale elə gətirir ki, Aktrisa həm oğlu Pərvini, həm də nəvəsini itirir.

***

2009-cu ildə aktrisanın 25 yaşlı oğlu Pərvin Abbasov özünü yaşadığı evin çilçırağından asaraq intihar edir. Aktrisanın sözlərinə görə, oğlu ruhi xəstə olub, şizofreniyadan əziyyət çəkib:

“Onu həmişə qoruyurdum, amma saxlaya bilmədim. Kaş ki, mən onu tək qoymazdım, kaş inanmazdım ki, işə gedir. Həmişə deyirdi ki, 25 yaşında öləcəm. Mən ona inanmırdım ki, belə bir şey olsun. 25 yaşında belə bir hadisə baş verdi. Oğlumun özünü asmasını, yoldaşımın ölməyini əvvəlcədən bilmədim. Bəli, çox çətin günlər keçirdim. Elə anda dostların, yoldaşların bir kəlmə sözləri mənə mənəvi qida idi. Düzdür, elə insanlar oldu ki, mənim yıxılmağımı istədilər. O çətin günlərdən mən təkbaşına, özüm çıxmışam. Elə gün olub ki, özümü öldürmək də istəmişəm, amma kimsə gəlib bir anda qarşımda dayanıb. Sonra iki dəfə onun ruhunu gördüm. Bir dəfə isə evdə oturub televizora baxanda, onun qəbri fırlana-fırlana otaqdan gəlib keçdi”.

Bir müddət sonra isə aktrisanın qızı və nəvəsi yolu keçərkən onları maşın vurur. Aktrisanın nəvəsi yeddi gündən sonra dünyasını dəyişir, qızı isə sağ qalır. Qəribədir ki, Məsumə xanımın nəvəsi şəkil çəkərkən yolu keçən ana və bala rəsmi çəkir. Nənəsinə isə deyir:

“Nəvəm dedi ki, nənə, maşın gəlir, ana və mən keçirik, maşın bizi vurur. Dedim ver, mən çəkim, aldı əlimdən özü xətt elədi dedi ki, bu bizik. Yuxuda da gördüm ki, başqasını maşın vurur. Oğlum həmişə deyirdi ki, mən rəhmətə getsəm, qız da rəhmətə gedəcək. Onlar dayı bala bir-birinə bağlı idilər”.

Aktrisanın qızının birinci ailəsi dağılır. O, sonradan 2014-cü ildə ikinci dəfə ailə həyatı qurur. Bu evlilikdən onun daha bir qız övladı dünyaya gəlir.

***

Aktrisa teatrda işlədiyi müddətdə onun paxıllığını çəkənlər, ona qarşı pislik edənlər də çox olub. O, bu barədə müsahibələrinin birində deyir:

“Teatrda vaxtilə o qədər çəkişmələr olub ki, gəl görəsən. Teatra yeni gəlmişdim, elə bilirdilər ki, ağır rolları oynaya bilmərəm. Görəndə ki, işimin öhdəsindən asanlıqla gəlirəm, bu zaman paxıllıqlar başladı. Elə olub ki, rolu mənə veriblər, səhnəyə çıxmağıma dəqiqələr qalmış məni digər aktrisa itələyib, yerimdə durub. Mən də səssiz-səmirsiz gəlib otağımda ağlamışam. Vaxtilə bizi belə sıxışdırıblar. O aktrisa artıq həyatda yoxdur, rəhmətə gedib. Sonralar həmin aktrisa ilə münasibət olduğu kimi qalırdı. Amma mən o insanla ehtiyatlı davranırdım. Çünki bilirdim ki, o hər an mənə pislik edə bilər”.

Ömrünün əlli ilini Gənc Tamaşaçılar teatrına həsr edən, "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, "Sənətkar" medalı və "Tərəqqi" medalı ilə təltif edilən aktrisa 2018-ci ildə yaşı ilə əlaqədar olaraq işdən uzaqlaşdırılır. Bu barədə o, müsahibələrinin birində hönkür-hönkür ağlayaraq deyir:

“Məni o dərəcəyə çatdırdılar ki, məcbur olmuşam o ərizəni yazmağa. Hüquqşünas da, başımın üstündə dayanıb deyir yazmalısınız. Yazmasanız filan statiya ilə sizi işdən çıxardırıq. Necə yəni məni işdən çıxarırsınız? Mənim o teatrda ömrüm gedib. Mən tək deyiləm ki, mənimlə bərabər 9 nəfəri teatrdan uzaqlaşdırıblar”.

# 11350 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #