20 yaşlı ana körpəsini niyə öldürdü?

20 yaşlı ana körpəsini niyə öldürdü?
12 sentyabr 2022
# 17:00

Kulis.az Ulucay Akifin “Səhv böyüdülən körpələr” adlı yeni yazısını təqdim edir.

20 yaşlı ananın 1 yaşlı oğlunu zəhərləyib öldürməsi xəbərini, yəqin, siz də eşitdiniz.

Əslində, belə bir hadisənin baş verməsində qeyri-adi heç nə yoxdur. Çünki artıq elə şeylər eşitmişik, elə hadisələr görmüşük ki, heç nəyə təəccüblənmirik, hətta deyərdim, rahatca qəbul edə bilirik. Səhv deyirəm?

Yaxşı, səhv deyirəmsə, öz adımdan danışacam. Siz təəccüblənirsiniz, mən yox. Siz dəhşətə qapılırsınız, mən yox. Belə yaxşı oldu?

Sual verə bilərsiniz ki, bəs bu hadisə səni təəccübləndirməyibsə, dəhşətə qapılmamısansa, niyə bu haqda yazı yazırsan? Ona görə yazıram ki, işim budur, buna görə mənə maaş verirlər, özü də etiraf edim, yaxşı da maaş alıram.

Amma yazını yazmaqda daha ali səbəbim var. Görürəm ki, adamlar məsələlərə adekvat reaksiya vermir, adamlar məsələlərə qərəzli fikir bildirir, adamlar qəsdən həqiqəti görməkdən və deməkdən boyun qaçırır.

Nədir o həqiqət?

Nədənsə bu cür hadisələrdə cinayəti törədən qadındırsa, insanlar məsələyə tamam fərqli yanaşırlar.

20 yaşlı ananın 1 yaşlı övladını zəhərləyərək öldürməsi xəbərinə gələn şərhlərin əksəriyyəti belədir:

“Gör yazıq hansı psixoloji vəziyyətdə imiş...”

“Caaaaaan... Bilmək olmaz niyə belə eləyib...”

“Qadınların hamiləlikdən sonra 1 il, bəzən də daha uzun müddət psixoloji vəziyyətləri yerində olmur”

“Yüz faiz məcbur qalıb, yazıq...”

Dəhşət!

Məcbur qalıb e! Adam 1 yaşlı övladını zəhərləyib öldürməyə məcbur qala bilməz. Bu nə yanaşmadır?

Psixoloji vəziyyəti ilə bağlı deyilənlərə isə, əlbəttə, haqq verirəm. Bir adam cinayət törədirsə, xüsusən də, belə dəhşətli cinayət, o adamın psixoloji durumu, təbii ki, bərbad vəziyyətdə olmalıdır. Psixoloji durumu normal olan insan niyə cinayət törətsin?

Bəs məni narahat edən nədir?

Məni narahat edən odur ki, nədən cinayəti törədən kişi olanda, ona bu cür yanaşılmır? Niyə onun psixoloji vəziyyəti müzakirə obyekti olmur? Niyə onun “yazıq” olduğu deyilmir, hamı ucdantutma təhqir edir, lənət oxuyur?

Qadının psixoloji pozuntusu ola bilər, kişinin yox?

Bu nə seksistlikdir, bu nə cinsi ayrı-seçkilikdir?

Kişi daşdır, ya dəmir?

“Feministlər”imiz isə hadisəni, ümumiyyətlə, görməzdən gəlirlər. Elə bil hər şey belə də olmalıdır. Elə bil 20 yaşlı ana 1 yaşlı övladını zəhərləməyib. Elə bil son aylarda qadınların ərlərini öldürmə halları çoxalmayıb. Niyə?

Niyə kişi qadını qətlə yetirəndə, feministlər “qadın qətlləri siyasidir” kimi boş şüarlarla başımızı xarab edirlər, amma qadın kişini öldürəndə buna reaksiya vermirlər, ya da zarafata, məzə obyektinə çevirirlər?

“Feminist”lərimizi qoydum bir qırağa, onlardan, onsuz da, ümidimi üzmüşəm, bəs normal adamlara nə olub? Feministlərin anormal adam olduğunu demək istəmədim, əsəbiləşməyin. Yəni feminist olmayan adamlar demək istədim.

Niyə normal adamlar demir ki, yazıq kişi, gör boynuna nə qədər yük qoyulubsa, dəli olub, psixologiyası pozulub.

Niyə demirlər ki, oğlan uşaqlarına ən kiçik yaşlarından “kişi ağlamaz!” kimi axmaq fikirlər aşılanır. Kişini mümkün qədər emosional hər şeydən kənarlaşdırır, ondan daş, dəmir, robot düzəldirlər. Elə bilirsiniz ki, ancaq qız uşaqlarına nəsə təlqin olunur?

Niyə evi olmayan oğlana qız verilmir? Niyə bütün maddi məsələlər oğlanların, kişilərin boynuna yüklənir? Niyə hamı “sən necə kişisən ailəni saxlaya bilmirsən?!” kimi adamı alt-üst edən cümlələrlə kişinin üstünə gəlir?

Elə bilirsiniz bunlar elə-belə məsələlərdir?

Qız uşaqlarını “sən ərə gedəcəksən”, oğlanları isə “sən arvad alacaqsan, yaxşı kişi arvadına baxar, ailəsini saxlayar” təfəkkürü ilə böyüdürlər.

Hamımızı səhv böyüdür, səhv kodlaşdırırlar.

Analar, atalar övladlarını düzgün böyütmürlər. Necə ki, özləri də düzgün böyüdülməyiblər. Və bu səhvlər zənciri qırılmadan davam edir.

Niyə valideynlər ancaq övladlarını evləndirmək haqqında düşünür?

Niyə bütün dərd-sərləri qucaqlarına nəvə almaqdır? İnanın, heç nəvə də deyil dərdləri. Heç özləri də bilmir uşaqlarından istədikləri nədir?

Niyə qız uşaqlarını “ər evinə köçəcəksən” təfəkkürü ilə böyüdürlər?

Niyə qızlarına “təhsil al, işlə, öz ayaqlarının üstündə dur, özünə ev al, heç kimin evinə sığınma ki, sonra boşananda camaatla ev davası, aliment davası etməyəsən” demirlər?

Niyə oğlan uşaqlarını elə körpəlikdən bütün duyğulardan məhrum etməyə çalışırlar? Necə yəni kişi ağlamaz? Kişi niyə ağlamasın?

Vaqif Bayatlının möhtəşəm şeirindən sitat gətirməsəm, ürəyim soyumayacaq:

“Çox nahaq deyirlər, ağlamaz kişi
Kişi də adamdır, gözü-könlü var...”

Oğlan uşaqlarını bütün duyğulardan məhrum edərək böyüdürsünüz və tək missiyasının ev almaq, evlənmək, arvad-uşaq saxlamaq olduğunu təlqin edirsiniz. Nəticədə həmin uşaqlar nəyə çevrilir?

Ancaq maddiyat dalınca qaçan robotlara...

Sonra evlənib arvad-uşağına yaxşı baxa bilməyəndə, onlara gözəl həyat təqdim etməyi bacarmayanda, bütün psixologiyaları alt-üst olur. Çünki körpəliyindən bəri üstünə yüklənən missiyanın, bütün məsuliyyətlərin öhdəsindən gələ bilmədiyini görür və psixoloji sarsıntı keçirir.

Utanmasanız yenə deyəcəksiniz “kişidir, sarsılmasın, güclü olsun!”.

Bu, cinsi ayrı-seçkilik deyil, bəs nədir?

Ölkədə işsizlik yetəri qədərdir, əksər işlərdə maaşlar çox aşağıdır, boynuna o boyda məsuliyyət yüklədiyiniz kişilər işsizdir, ya da düz-əməlli pul qazana bilmir. Bütün bunlar kişilərin psixologiyasına nə qədər zərbə vurur, xəbəriniz var? Yoxsa elə “kişidi də, canı çıxsın pul qazansın, baxsın ailəsinə” təfəkküründəsiniz?

Yadıma bir şey düşdü. Yəqin, siz də görmüşdünüz. İkinci Qarabağ müharibəsinə yollanan 18-19 yaşında bir oğlanı videoya çəkmişdilər. Oğlan sadəcə bu cümləni deyirdi:

“Mən gedirəm, əgər qayıtmayıb şəhid olsam, xahiş edirəm ki, bizim evin ipotekasını bağlasınlar”.

Həmin oğlan şəhid oldu və evlərinin ipotekası bağlanıldı.

Təsəvvür edə bilirsiniz? Yox e, başa düşürsünüz?

Gənc oğlan ölümə yollanır, həyatından məhrum olacağını bilir və bunun qarşılığında sadəcə bir şey istəyir, evlərinin ipotekasının ödənilməsini.

Bu çox dəhşətlidir.

Bu, oğlan uşaqlarının körpəlikdən necə səhv kodlaşdırıldığını, necə böyük yükün altına salındığını, necə psixoloji durumda olduğunu açıq-aşkar göstərir. Əlbəttə ki, bu cür yetişdirilən oğlanlar böyüyüb ailəsinə, uşağına bir tikə çörək apara bilməyəndə, böyük sarsıntı keçirəcək, travma alacaq. Travmalı adam da həmin əsəbini gəlib evdə arvad-uşağının üstünə tökəcək, arvadını döyəcək, öldürəcək.

Yəni ki, xanımlar, sizə bir şad xəbərim var. Narahat olmayın, kişilər heç də xoşbəxt deyil.

# 4134 dəfə oxunub

Oxşar xəbərlər

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

10:21 13 dekabr 2024
Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç

Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç

09:53 13 dekabr 2024
# # #