#

2 min manata cin çıxartdıran deputat

2 min manata cin çıxartdıran deputat
5 sentyabr 2024
# 12:15

Kulis.az Eminquey Akifin "Falçılar, fahişələr və göygöz kosalar" adlı köşəsini təqdim edir.


“İylə, qızım, iylə, Mətanət gülüdür”

Göygöz kosa

Elə bilmə ki, bu, bir filmdən replikadır və sən Həkim babanın Qanlı qayada dustaq saxlanılmasına uşaq olduğun üçün inanmısan.

Əsla!

Göygöz kosalar, mətanətlər, elşənlər, həkim babalar indi də yaşayırlar. Başqa ad, başqa libasda. Necə ki qadın həyasızlığına "feminizm", qumara "mərc oyunları", fahişəyə "seks işçisi", kişi və qadın anomalizminə "lgbt" kimi yeni adlar qoyub mədəniləşdirmiş və üst səviyyəyə gətirmişik, o cür də bu obrazlar başqa adda, başqa libasda, daha üst səviyyədə həyatlarına davam edirlər. Sadəcə, indikilər bircə güllə atmadan bu müharibənin qalibidir.

Göygöz kosaların varisləri falçılar, ektrasenslərdir.
Çox maraqlıdır ki, bunlar da öz aralarında müharibə şəraitindədirlər. Bir növ, bədiyəçilərlə meyxanaçıların mübarizəsi kimi. Əslində, ikisi də eyni işlə məşğuldur, amma özünə daha mədəni ad qoymaqla biri o birindən üstün, fərqli və leqal olduğunu düşünür. Ümumilikdə isə, falçılar da, ektrasenslər də bir bezin qırağıdırlar. Bunların arasına seyidləri də qatardım, amma bu, tamamilə ayrı yazının mövzusudur.

Hə, guya bunlar daha fövqəl insandırlar və Yer üzündə Adəm övladlarına onların keçmişindən, gələcəklərindən xəbər verməklə mükəlləfdirlər. Guya bunlar istəsələr, kiminsə bəxtini açarlar, kiminsə bəxtini bağlayarlar.

Günlərin bir günü "Space” TV-də qonaq idim. Mövzu "cəhalət, yoxsa boşluq?" idi. Veriliş əsnasında digər qonaqların falçılarla mübahisəsi yarandı. Elçin bəyin verilişindən sonra falçılar yazıçı dostumla məni çaya qonaq elədilər. Bahalı Xammerlə restoranların birinə getdik. Mən həmin gün həyatımın ən bərbad gününü yaşamışdım. Bu ölkədə "heç kim" olduğumu dərk etmək mənə necə ağır gəlmişdi, yəqin ki, uzaqgörən falçılarımız bunu görməmişdilər. Amma mən görmüşdüm ki, falçılara yüzlərlə zəng gəlir, yüzlərlə mesaj gəlir.

Falçı oğlanın "özünüzə yazığınız gəlsin, kimə lazımdı sizin yazdığınız kitab?", falçı qadının maaşımızı soruşub kinayəylə "gəlin mənim yanımda işləyin, üç qatını verərəm" deməsi yeddi qatımdan girmişdi də, çıxmışdı da. Altındakı üç maşını, dörd-beş villasını xalq, imkanlılar, vəzifədə olanlar alıbmış ona. Demişdi ki, deputatlardan biri gəlmişdi. Dedim, səndə cin var. Çıxartmalıyam. Şalvarını çək aşağı. Çəkdi. Dedim, dalına üç dənə şillə vur. Vurdu! Bir az məzələndim, cinini çıxartdım, getdi. 2000 manat da pulunu aldım.

Və bu falçıya qəfil bir sual vermişdim: "Həqiqətən də, düz yolda olduğunu düşünürsən?". Sualıma belə cavab vermişdi: “Həri, mənimlə bir oxuyan əlaçılar indi fəhlə, kuryer işləyirlər, mənə bax, geyimim, pulum, maşınım, bunları mənə Allah verib və veribsə deməli, düz yoldayam".

Prodüsseri üzünü falçıya tutub demişdi:

- Bu oğlanlar yazı-pozu adamıdılar. Gəl, belə edək. Onlar sənə şeir yazsınlar. Sən də onların kitabının çapına kömək elə.

Fərid:

- Yazsınlar. Bəyənsəm, 200 manat verərəm.

Çayı qarpıza, qarpızı paxlavaya qatan bu adamlar elə bilmişdilər ki, hamı özünü pula satır, hamı pulun görməmişidir. Susmağımızdan və süni gülüşlərimizdən anlamışdılar ki, biz o adamlardan deyilik.

O vaxt da, indi də bu adamlar at oynadırlar, o vaxt da, indi də biz kitabımızı güc-bəla ilə çap edirik, zülmlə, əziyyətlə satırıq. Heç nə dəyişməyib.

Amma mənə çox maraqlıdır ki, bu insanların gördüyü işə niyə qanuni səviyyədə cəza yoxdur? Heç bir elmi əsası olmayan, bəlkə də, çoxlarının ailəsini dağıdan bu “sənət” sahiblərinə qarşı heç bir tədbir görülmür.

İndi də daraşıblar Tiktokun canlı yayımlarına. Biri izləyicilərinə deyir ki, 1 manat 70 qəpiklik hədiyyə at, adını oxuyub iş həyatında gələcəklə bağlı məlumat verəcəm, o biri kartla fala baxır, bir başqası şamla. Amma gördükləri işin heç bir əsası yoxdur.

Yəni, doğrudanmı, fahişəliklə məşğul olmaq falçılıqla, ektrasensliklə məşğul olmaqdan daha təhlükəlidir? Yəni, həqiqətənmi, küçədə gül, limon, göyərti satmaq falçılıqdan, ektrasenslikdən daha qorxulu, daha ziyanverici işdir? Yəni, zarafatsız, psixoloji cəhətdən xəstəliyi olan adamı cinini çıxartmaq üçün yerə yıxmaq, başına oyun açmaq daha ciddi işdir, nəinki küçədə iki vedrə moruq satmaq?! TV-lər vaxtaşırı bu adamları təbliğ edirlər. Özlərini inanmayan, ciddi yanaşmayan kimi göstərirlər, bəlkə də, verilişlərində bu falçıları ələ də salırlar, amma təbliğ edirlər, əllərini çörəyə çatdırırlar.

Əgər bu adamlar cəzasız qalırsa və təbliğ edilirsə, o zaman “Bir qalanın sirri” filmini Qızıl fonddan da çıxarın, televiziyadan da. Göstərməyin də bu filmi. Bu filmin bu baş, bu düşüncə, bu qanun sistemi ilə nə əlaqəsi var?

Göygöz Kosa ilə Elşənin, Mətanətin, Həkim babanın mübarizəsində qalib fitnə, sehr, cadu deyil axı?! Axı biz öyrənmişdik ki, Elşənin kəməri onun belində ancaq kitab oxusa dayana bilər?! Axı Göygöz Kosanın sehri, cadusu filmin sonunda bir müəllimin şagirdlərinə danışdığı nağıl kimi təqdim edilmişdi?!

Necə olur ki, xalq fahişələrin yanında dincəlmək istəyəndə qanunsuz, əxlaqsızlıq, amma falçılara, ektrasenslərə gedəndə qanuni sayılır?! Necə olur ki, xalqın başqa istəkləri istək kimi nəzərə almayan TV-lər xalqın falçı, ektrasens istəyindən ikiəlli yapışır?! Deyir ki, xalq bizdən bunu istəyir, bunu göstəririk. Olmaz ki, digər şeylərdəki kimi xalqın bu istəyini də içində boğasınız?

Bəs, indi bu filmin sonu necə olacaq?

Daha neçə il cəzasız qalacaq göygöz kosalar?

Daha neçə il bu nağılları bizə həqiqət kimi sırıyacaqsınız?

Daha neçə il göygöz kosalar Simnar xanların yanında bərqərar olacaq?!

Ümumiyyətlə, bu filmin sonu olacaqmı?!


# 2123 dəfə oxunub

Oxşar xəbərlər

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

18:30 7 oktyabr 2024
 “Kamal Abdulla və postmidernizm”  monoqrafiyası çap olundu

“Kamal Abdulla və postmidernizm” monoqrafiyası çap olundu

17:44 7 oktyabr 2024
Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi

Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi

17:38 7 oktyabr 2024
ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü - Sərgimizin qüsurları

ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü - Sərgimizin qüsurları

16:00 7 oktyabr 2024
1,6 milyard sərvəti ilə ən zəngin qadın musiqiçi oldu

1,6 milyard sərvəti ilə ən zəngin qadın musiqiçi oldu

15:35 7 oktyabr 2024
Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq

Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq

14:32 7 oktyabr 2024
# # #