140 oyuna düşmüş 140 yaşlı teatr - Elçin Əlibəyli yazır...

Elçin Əlibəyli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Elçin Əlibəyli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

6 oktyabr 2022
# 15:40

Kulis.az Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin “140 oyuna düşmüş 140 yaşlı teatr: qaçqınlıq taleyi” adlı yeni yazısını təqdim edir.

Bura mənim üçün sənət ocağı və ya klassik teatr məfhumundan çox uzaqdır. Böyüdüyüm və həyata baxışlarımı təyin etdiyim evim olub. Məni kimi qaçqınlıq acısını, yurdsuzluq güzəranını yaşayıb. Yaşı çox olduğu üçün dərdi də çoxdur, başı hər cür oyuna düşüb. İrəvan Teatrı sıradan sənət müəssisəsi deyil, İrəvan azərbaycanlılarının böyük mədəniyyətinin rəmzi, əlimizdə qalan nişanəsidir. Bəlkə də, böyük qayıdışın rəmzi də o olacaq?

Onsuz da, bu onun taleyinin bir hissəsidir!

İrəvanın qədim mədəniyyət mərkəzi olduğunu təsdiqləyən Jan Şarden qeydlərində İrəvan Sərdarının Sarayında 1673-cü ildə Novruz bayramı günündə tamaşaya baxdığını yazır. Burada mahir ifaçıların olduğunu söyləyən müəllif səhnələşdirilmiş hərəkətləri Avropanın operasına bənzədir.
1873-cü ildə Bakı şəhərində Azərbaycan milli peşəkar teatrının yaranması hadisəsi də İrəvanın mədəni həyatında təsirsiz keçmədi. El oyunları, meydan teatrı ənənələrini qoruyan irəvanlılar, şəhər aydınları burada da peşəkar teatrın yaranmasına cəhd edirdilər. Bir neçə il ərzində göstərilən səylər nəticəsiz qalırdı. Nəhayət, 1880-ci ilin 21 martında Məşədi İsmayıl özünün yazdığı pyes əsasında hazırladığı «İrəvan xanı Novruz bayramında» tamaşası göstərilir.

Uğurlu addımdan ruhlanan İrəvan şəhər gimnaziyasının şagirdləri onlara dərs deyən müəllim Məşədi İsmayılın rəhbərliyi ilə 1880-ci ilin sonlarında «Tamahkarlıq düşmən qazanır» pyesinə quruluş verirlər.

Bu faktı ikinci tamaşa barədə yazan «Psaq» (1882-ci il, 10 aprel, 7-ci say) qəzeti təsdiq edir. Yazıdan məlum olur ki, «Tamahkarlıq düşmən qazanır» tamaşası 1882-ci il aprel ayının 2-də ikinci dəfə göstəriləndə Mirzə Xəlil Hacıyev gözəl ifası ilə seçilmişdir. Baş rolun ifaçısı müəllif, yəni Məşhədi İsmayıl özü olmuşdur. Kasıbların nəfinə oynanılan tamaşanın rəğbət qazandığını qeyd edən müəllif, şagirdlərin istedadlı ifaları nəticəsində birincindən məhz 1880-ci ildə göstəriləndən uğurlu alınıb. İfaçılar barədə sözünə davam edən qəzet, Məşədi Fərəc rolunu Nəzmi, Məmmədqulunu Mirzə Xəlil Hacıyev,

Fətəli Mirzəni Rüstəmxan Abbasquluxanov, Həsəni Məhəmməd kimi həvəskar aktyorların oynadıqlarını yazır.

Açıklama yok.

Maraqlı cəhət ondadır ki, İrəvanda pərvəriş tapan teatr digər Azərbaycan şəhərlərində tamaşa hazırlayan səhnə həvəskarlarından fərqli olaraq öz işinə Mirzə Fətəli Axundzadənin komediyaları ilə deyil, yerli müəllifin pyesi ilə başlayır. İrəvanda yaranan teatr truppası vaxtaşırı tamaşalar göstərmək imkanına malik deyildi. Ancaq bununla belə bir neçə tamaşanın göstərilməsi barədə sənədlər var. 1883-cü ilin 10 martında Məşədi İsmayılın quruluşunda Rzayev adlı yerli müəllifin bir pərdəli «Könülsüz nikah» əsərinin tamaşaya qoyulması haqqında o dövrün erməni mətbuatında qısa informasiya verilib.

Firudin bəy Köçərlinin 1885-ci ildə İrəvana işləməyə gəlməsi ilə teatr həvəskarları dəstəsinin işində ciddi dirçəliş duyuldu. Firudin bəy şəhərin mədəni həyatına fəal qoşulmaqla bərabər, dəstənin gücləndirilməsi işinə başlayır. İrəvan seminariyasının müəllimi Firudin bəy 1886-cı ildə kollektivi bir araya gətirib Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan və dərviş Məstəlişah» pyesini tamaşaya qoyur. Bu barədə Firudin bəy Köçərli özü «Kəşkül» qəzetinin 20 aprel 1890-cı il sayında yazır: «1886-cı ilin aprelin 4-də darülmüəllimində elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum Mirzə Fətəli Axundzadənin «Məstəlişah» ünvanlı tərtib etdiyi komediyanı oynayıb, cümlənin diqqət və hörmətini cəlb etdilər. Komediya Türk dilində oynanıldı... Həmin tamaşadan sonra Darülmüəllimin şagirdi Rzayevin yazdığı «Könülsüz nikah» adlı bir pərdəli təfriqə oynanıldı. O, dəxi cümlənin hörmətini cəlb etdi».

Həvəskarlardan ibarət teatr dəstəsi bu dövr ərzində Firudin bəy Köçərlinin rejissorluğu ilə «Lənkəran xanının vəziri» (21.3.1888), «Könülsüz nikah» (17.2.1889. Məşədi İsmayılla birgə), «Müsyo Jordan və dərviş Məstəli şah» (04.04.1890. rejissor F.Köçərli, M.İsmayıl), «Tamahkarlıq düşmən qazanır» (10.5.1892), «Hacı Qara» (20.10.1894), Vasaq Mədətovun quruluşunda özünün «Qırt-qırt» (30.11.1893), Soltan Məcid Qənizadənin «Dursunəli və ballıbadı» (7.3.1895) pyeslərini hazırlayıb teatrsevərlərə göstərir.

Bu tamaşalar iri salonlarda deyil, darısqal binalarda, bəzən də evlərdə göstərilirdi. 1896-cı ilin 8 dekabrında Canpoladovlar qardaşlarının teatrında oynanılan «Müsyö Jordan və dərviş Məstəlişah» tamaşası böyük uğura səbəb olur. E.Ter-Qriqoryan «Nor dar» («Yeni əsr») qəzetinin 19 dekabr 1896-cı il sayında tamaşanı tərifləyərək, ifaçılardan Şəhrəbanu xanım rolunu oynayan türk gəncinin istedadlı çıxışını qeyd edir. Həmin gənc istedad 50 il İrəvan teatrında çalışmış, kollektivin həm rejissoru, həm aktyoru, həm də direktoru olmuş sənət fədaisi Yunis Nuri idi.

Görkəmli aktyor, rejissor Yunis Nuri XIX əsrin 90-cı illərində İrəvanın teatr həyatına fəal qoşuldu. İstedadlı gənc səhnədəki ilk debütündən sonra 1897-ci ildə Məşədi İsmayılla birgə Mirzə Fətəlinin «Lənkəran xanının vəziri» komediyasına quruluş verdikdən sonra «Tamahkarlıq düşmən qazanır» (1899), Nəriman Nərimanovun «Dilin bəlası» (1900), «Nadanlıq» (1902. Eynalı Sultanovla birgə), Axundzadənin «Molla İbrahimxəlil kimyagər» (1901), «Hacı Qara» (1902. F.Abdulla ilə birgə) tamaşalarını səhnələşdirdi.

Görkəmli maarifçi, yazıçı Mirzə Cəlil Məmmədquluzadə 1898-1905-ci illərdə İrəvan gimnaziyasında müəllimlik etməklə bərabər, şəhərin mədəni həyatında, həmçinin teatrın inkişafında müstəsna rol oynayır. Bu cür səylər İrəvanın teatr truppasının işini uğurlu edir, fəaliyyət dairəsini genişləndirir, onları tanıtdırır.

Məhz bu şöhrətdən xəbər tutan İrəvanın görkəmli adamlarından sayılan Pənah xan Makinski Yunis Nuriyə tamaşa hazırlamağı tapşırır. Pənah xanın təklifini qəbul edən Yunis Nuri «Qırt-qırt» vodevilini tamaşaya qoymağa icazə alır. Nəhayət gərgin əməkdən sonra tamaşa hazır olur. Tamaşanın məzmunundan xəbərdar olan Pənah xan Makinski truppanı yerli ruhanilərin qəzəbindən xilas etmək üçün tamaşanın öz sarayında və yalnız ailəsi üçün göstərilməsini təklif edir. İlk tamaşanın uğuru bütün İrəvana yayılır. Çoxları Pənah xandan xahiş etdilər ki, tamaşanın sarayın həyətində oynanılmasına icazə versin. Sadə irəvanlıların tamaşanı görməsi üçün Yunis Nuri böyük çətinliklə əsərin «Obşestvenni Klub»da oynanılmasına nail olur.

Teatr maddi, texniki çətinlikdə idi, yerli fanatiklərin təzyiqləri teatrın inkişafına mane olurdu. 1904-cü ildə Yunis Nuri iki dəfə mövhumatçılar tərəfindən ağır yaralanır. Teatr truppası İrəvan ziyalılarının, zadəganlarının, xüsusən Pənah xan Makinskinin yardımları ilə fəaliyyətini davam etdirir. Həvəskar aktyorların sırasına Hüseyn Salmanov, Məmmədağa Şahtaxtinski, Rza Şeyxzadə, Mirzə Mustafa Rəcəbov, Asəf bəy Şəfibəyov da qoşulur.
1909-cu ildə Bakıda çalışan görkəmli aktyor və rejissor Hüseyn Ərəblinskinin İrəvan qastrolu Azərbaycan teatrının həyatında böyük rol oynayır. Şəhərdə göstərilən «Nadir şah» (Nəriman Nərimanov), «Yəhudilər» (Yevgeni Çirkov), «Zorən təbib» (Jan Batist Molyer) tamaşalarındakı baş rolları Ərəblinski oynayır, digər rolları yerli aktyorlar ifa edirlər.

O dövrün aktual problemi olan qadın rollarını ifa edəcək aktrisa idi. Nəhayət, 1916-cı ildə Qəssab Əsədin qızı Tamaranı səhnəyə çıxartdı. Tamaranın «Arşın mal alan» operettasındakı Gülçöhrəsi gurultulu alqışlarla qarşılandı.

1918-ci ildə İrəvanda hökmranlıq edən daşnak irticası qondarma erməni dövləti yaradaraq, ordusuna yerli əhaliyə yalnız türk olduqları üçün divan tutmaq göstərişini verdi. Bu erməni silahlıları Azərbaycan türklərini ata-baba yurdlarından – İrəvandan, Zəngibasardan, Sürməlidən, Vedidən, Zəngəzurdan zorla qovdu. Azərbaycanlılar kimi, teatrın kollektivi Cənubi Azərbaycanın Xoy şəhərinə köçməli oldu. Teatrın Xoy şəhərində fəaliyyəti barədə dəqiq və ətraflı məlumatlar olmasa da, bir neçə tamaşanın göstərilməsi haqqında sənədlər var.

1920-ci ildə Sovet hakimiyyətinin qurulması ilə İrəvanın yerli əhalisi doğma torpağına qayıtdı. 1922-ci ildə Yunis Nuri truppanı toplayaraq teatrın fəaliyyətini bərpa etdi və teatra rəhbərliyi öz öhdəsinə götürdü. Teatrın truppasına Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Məşdi Rzayev, Əşrəf Yusifzadə, Yusif Ziya, Cəfər Əhmədov, Həbib Məmmədzadə, Hüseyn Salmanov və başqaları üzv oldular. Ermənistanda böyük hökumət postları tutan, daxili işlər komissarının müavini, İctimai təminat komissarı, «Rəncbər», «Zəngi» qəzetlərinin redaktoru işləyən Bala Əfəndiyev və partiya rəhbərlərindən olan Əkbər Rzayev özləri ilə bərabər həyat yoldaşları Fatma Əfəndiyevanı və Firəngiz Rzayevanı teatra gətirdilər. 1923-cü ildə teatrın nizamnaməsi təsdiq edildi.

Açıklama yok.

Fədakar işin nəticəsində hazırlanmış tamaşalar əvvəllər Mərkəzi Azərbaycanlılar Klubunda göstərilirdi. Sonra bu əsərlər Erməni Dövlət Teatrının və ya İnqilabi Teatrın səhnələrində tamaşaçılara çatdırılırdı. Teatr uğurlu tamaşaları və fədakar kollektivinin yorulmaz mübarizəsi nəzərə alınaraq 1928-ci ilin 15 martında Dövlət Türk Teatrosunun yaradılması haqqında qərar qəbul edildi. Əsas təşkilat işi iş Yunis Nuriyə tapşırıldı. Xeyli zəhmətli hazırlıqdan sonra İrəvan Dövlət Türk Dram Teatrı Molyerin «Zorən təbib» (17.8.1928) komediyası ilə fəaliyyətə başladı.

1938-1948-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında Əşrəf Quliyev, İsmayıl Dağıstanlı, Qafar Həqqi, Əşrəf Yusifzadə, Məmmədsadıq Nuriyev, Kamil Qubuşov, Əyyub Haqqverdiyev, Yunis Nuri, Kazım Ziya, Əli Zeynalov, Ətayə Əliyeva, Həsən Mirzəyev, İmamverdi Bağırov, Məmmədbağır Qaraxanov, Cəmil Əliyev, Abbasqulu Tağıyev, Şövkət Əliyeva, Əziz Süleymanov, Əli Şahsabahlı, A.Əlixanova, Zakir Şahbazov, Həsən Ağayev, Qəzənfər Məlikov, İbrahim Hüseynov, Naibə Əliyeva, Roza Hüseynova, Züleyxa Babayeva, Xədicə, Məmmədrza Qənizadə, Sara Əliyeva, Hüseyn Ərəboğlu, Asəf Əlixanov, Qanbay, Solmaz xanım, Əsgər Rəhimov, Gülzar Rəhimova, Midhəd Rəsulzadə, İsfəndiyar Hüseynov kimi aktyorlar çalışıblar.
Bu illərdə Yusif Ulduz «Almaz» (14.11.1934), «Aydın» (11.7.1936), «Arşın mal alan» (21.51937), «Polad qartal» (22.6.1938. Aleksandr Korneyçuk),

Aleksandr Burcalov «Həlqədə» (14.2.1939. Viktor Vaqarşov), «Müfəttiş» (17.8.1939), Kazım Ziya «Cancur Səməd» (12.2.1935. Molyer) tamaşalara quruluşlar verildi.

1935-ci ildə Yunis Nuri, Əli Zeynalov, Məmmədbağır Qaraxanov, Cəmil Əliyev, Əli Şahsabahlı “Əməkdar artist”, Baxşı Qələndərli isə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülürlər.

1928-48-ci illərdə teatr “Lenin” meydanında zirzəmilərin birində, 1935-ci ildən sonra isə İrəvan Dövlət Musiqili Komediya Teatrının binasında yerləşirdi.

1948-ci ildə Ermənistan SSR-dən azərbaycanlılar öz tarixi-etnik torpaqlarından deportasiya ediləndə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrını dördüncü səviyyəli səyyar teatra çevirdilər. Bu azmış kimi kollektivi Basarkeçər rayonunda yerləşdirdilər. 1949-cu ilin ilk aylarında ciddi maliyyə çətinliyi və laqeyd münasibət sayəsində teatr bağlanmaq məcburiyyətində qaldı. Teatrın müəyyən aktyorları xalq teatrında fəaliyyətlərini davam etdirdilər.

Teatrın ikinci doğuluşu.

20 illik fasilədən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Şıxəli Qurbanovun təkidi və yerli ziyalılardan Yunis Rzayevin, Qəşəm Aslanovun, İsrafil Məmmədovun, Əkbər Yerevanlının, Əziz Süleymanovun, Sabir Rızayevin təşəbbüsləri və müstəsna fəaliyyətləri ilə teatrın fəaliyyəti yenidən bərpa edildi.

Teatr öz pərdələrini 28 aprel 1967-ci ildə C.Cabbarlının «Sevil» dramının tamaşası ilə açdı. Nəsir Sadıqzadənin quruluş verdiyi tamaşada əsas rolları Zərnişan Fətəliyeva (Sevil), Tariyel Qasımov (Balaş), Zemfira Əliyeva (Gülüş) ifa etmişlər.

Teatra rejissor və pedaqoq Nəsir Sadıqzadə baş rejissor təyin olundu. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinin son kurs tələbələri: Vidadi Əliyev, Hacı Xəlilov, Şamil Dəmirçiyev, Ədalət Ziyadxanov, Hacı İsmayılov, Ramiz Məlikov, Sara Əliyeva, Qurban Ələkbərov, Rasim Qasımov, Nəsimi Eminov, Mərziyə Məmmədbəyli İrəvan teatrına işləməyə gəldilər. Yerli aktyorlardan Cəmil Əliyev, Abbasqulu Tağıyev, Elmira İsmayılova, Raya Qafarova, Səməd Abbasov Teatr bərpa edilən andan işləməyə başladılar. Həmçinin Naxçıvan Teatrından Tariyel Qasımov, Aydın Şahsuvarov, Zemfira Əliyeva, Gəncə Teatrından Nisə Əliyeva, Bakıdan Zərnişan Fətəliyeva, Tamilla Abdullayeva, Zemfira Sadıqova truppaya dəvət edildilər.

Burada qeyd etməliyik ki, böyük fədakarlıqla yaradıcılığını doğma teatra bağlamış şair, dramaturq Hidayət Orucov direktor kimi C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yüksəlişində, sənət uğurlarında müstəsna rol oynayır. Rəhbərlik etdiyi 16 il ərzində yeni nəsil aktyorların teatra gəlişini təmin edir, teatrı mədəniyyət hadisəsinin iştirakçısına çevirir, ədəbi mühitlə sıx əlaqəsini qurur. Bir dramaturq, şair və sayılıb-seçilən ziyalı kimi İrəvanda Azərbaycan teatrının yaşamasına çalışırdı. Bu arzu, onun həyat kredosuna çevrildi. Bütün təzyiqlərə, sıxıntılara baxmayaraq, Hidayət Orucov yolundan dönmədi və teatrı yüksəlişə doğru aparırdı. Təsadüfi deyil ki, məhz onun rəhbərliyi dövründə teatr özünün ən böyük uğurlarını qazanır, orada çalışan sənət adamları fəxri adlara, mükafatlara layiq görülür. Hidayət Orucov özünün publisistik əsərlərində teatrın çətinlikləri tam çılpaqlığı ilə təsvir edir...

1978-ci ildə İrəvan teatrının Dövlət teatrı kimi fəaliyyət göstərməsinin 50 illiyi geniş miqyasla qeyd edildi. Həmin ildə Abbasqulu Tağıyev, Şamil Dəmirçiyev Respublikanın Əməkdar artisti Hidayət Orucov isə Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görüldülər. Teatrın Bakı qastrolunun yekununda, 1978-ci ilin noyabrında Vidadi Əliyev, Tamilla Abdullayeva, Marietta Kərimova Azərbaycanın əməkdar artisti, Tofiq Ağayev Əməkdar incəsənət xadimi fəxri adları ilə təltif edilirlər.

1967-1988-ci illər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının həyatında mühüm dönüş və dirçəliş dövrü kimi dəyərləndirilməlidir. Erməni teatrları ilə sənət rəqabətinə girə biləcək tamaşaları, istedadlı, fədakar aktyorları və rejissorları ilə teatr, Azərbaycan səhnə sənətinin ən yeni dövrünün salnaməsinə şərəfli guşə əlavə etmiş oldu.

Teatr 1967-1986-cı illərdə Ərəbgir məhəlləsində yerləşən Mədəniyyət Evində, 1986-1988-ci illərdə Mirzə Fətəli Axundzadə adına şəhər məktəbinin 3-cü mərtəbəsində fəaliyyət göstərirdi. Hər iki bina teatr üçün yararsız olduğundan premyeralar əsasən H.Paronyan adına Musiqili Komediya və K.S.Stanislavski adına Rus Dram Teatrının binalarında oynanılırdı.

Teatr əsasən səyyar həyat sürürdü. Mövsümdə 4-6 dəfə azərbaycanlıların sıx yaşadığı Zəngibasar, Basarkeçər, Çəmbərək, Vedi, Amasiya, Qafan, Mehri, Qarakilsə, Hamamlı, Calaloğlu, Karvansara, Qəmərli, Barana, Əştərək, Gorus rayonlarında, həmçinin Borçalı və Azərbaycan Respublikasının digər şəhər və rayonlarında tamaşalar göstərilirdi.

İrəvan Teatrının Bakı dönəmi

1988-ci ildə azğınlaşmış ermənilər azərbaycanlılara qarşı növbəti cinayətə əl atdılar. Nəticədə azərbaycanlılar öz tarixi – etnik yurdlarından didərgin düşdü. Təbii ki, teatr da bu aqibəti yaşadı. Bakı-Lənkəran qastrollarından sonra doğma yurdlarına qayıda bilməyən truppa Bakı şəhərində fəaliyyətini davam etdirməyə başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaşatmaq naminə Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirməyə başladı.

Teatrın Bakı fəaliyyəti dövründə Bədii rəhbər kimi çalışdığı 1988-2000-ci illər ərzində teatrın yaşaması və yüksəlişi çalışan Vidadi Əliyev repertuara maraqlı, günümüzlə səsləşən əsərlərin daxil edilməsi, gənc aktyor və rejissorların kollektivə cəlb olunması çalışırdı
Tanınmış rejissor Vaqif Əsədov bu teatrda yaradıcılıq axtarışlarını davam etdirərək müxtəlif janrlı pyeslərə müraciət etdi. O, Süleyman Rəşidinin «Mənim Ərdəbilim» (20.12.1994) komediyasını, Şahin Cəbrayılovun «Sehrli alma» (15.3.1997) nağıl-pyesini, Hidayətin «Məhəbbət yaşayır hələ?!» (1.6.1998), «Durnalar qayıdanda» (1.5.2001) pyesini tamaşaya hazırladı.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 1989 –2002- ci illər Bakı dövründə rejissorlardan Vaqif İzzət «Şəppəli» (20.10.1990. İsa Muğanna), Oqtay Əliyev «Molla Nəsrədin və Əzrayıl» (28.2.1993. Şəhrabı Əliyev), Sərvər Əliyev «Tənha payız yarpağı» (13.1.1995. Akif Həsənoğlu), Oqtay Salamov «Kor döyüşü» (17.12.1997. Tüncer Cücenoğlu), Bəhram Osmanov «Yalan» (15.11.2000. Sabit Rəhman), «Əsgər anası» (28.12.2000. Ağarəhim Rəhimov), «İşıq tozu» (9.4.2002. İmir Məmmədli) Mahumənzər Hüseynova «Elə bil qorxa-qorxa» (22.6.2001. Kamal Abdulla), Yusif Əkbərov «Olacağa çarə yoxdur» (15.1.2002. Ramiz Abdullayev) tamaşalarına quruluş verirlər.

Açıklama yok.

Rejissor kimi Vidadi Əliyev həmçinin S.Rəşidinin «Allah onlara rəhmət eləsin», Aydın Haqqararın «Dəli Domrul» (15.5.1994), Şərəf Başbəyovun «Dəmir qadın» (20.4.1997), Marsel Birkye Marinye «Oğru» (9.6.1999) əsərlərinə uğurlu quruluşlar verir.

Teatr 1989-1994-cü illərdə Xırdalan Mədəniyyət evində, 1994-cü ildən isə Hüseynqulu Sarabski adına Nəsimi rayon Mədəniyyət evində fəaliyyətini davam etdirir. Nəhayət, dövlət başçısının qayğısı nəticəsində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən Mədəniyyət evi teatra verilir və onun yenidən qurulması haqqında sərəncam imzalanır.

2007-ci ildə İlham Əliyevin sərəncamı ilə İrəvan teatrının 125 illik yubileyi geniş şəkildə keçirilir. Elmira İsmayılova, Tamilla Abdullayeva, Süleyman Nəcəfov Xalq artisti, Dilarə Əliyeva, Tünzalə Əliyeva Əməkdar artist, artıq həmin dövrdə teatra rəhbərlik edən İftixar Piriyev isə Əməkdar Mədəniyyə işçisi fəxri adlarına layiq görülürlər.

İftixar Piriyev teatrın ənənələri davam etdirməsi, yeni yaradıcılıq axtarışları üçün meydanın yaranması naminə bu illər ərzində çalışır, kollektivə yeni istedadların gəlişinə nail olur. Bu illər ərzində maraqlı quruluşlar tamaşaçıların ixtiyarına verilir. Son illərin uğurlu işlərindən M.F.Axundzadənin “Mürafiə vəkilləri” (Quruluşçu rejissor Oruc Qurbanov), Sabir Şahtaxtı "Ölüm həsrəti" (Quruluşçu rejissor Nicat Mirzəzadə), İftixar “Dan yeri söküləndə” (Quruluşçu rejissor Gümrah Ömər) tamaşalarını qeyd etmək olar.

İftixar Piriyev teatrın həyatında həm dramaturq, həm də aktyor kimi də fəal əmək sərf edir. O, Heydər Əliyev (“Xilaskar” – A.Babayev, “Burdan min atlı keçdi” – Hidayət, “İşıqlı, nurlu sabah”, “Qurtuluş Dastanı” – İftixar ), Tarix (“İrəvanda xal qalmadı” – Hidayət), Birinci qonaq, Kəbleyi Muxtar və Birinci kişi (“Akvariuma xüsusi sifariş”) rollarını uğurla oynayır.

İftixarın Piriyev Ümummilli lideri Heydər Əliyevin obrazını İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində dramaturq Aqşin Babayevin “Xilaskar”,

İftixarın “Qurtuluş dastanı”, Hidayətin “Burdan min atlı keçdi” əsərlərinin tamaşalarında ustalıqla yarada bilir.

Uzun yaradıcılıq yolundan sonra öz binası olan teatrın bu il 140 yaşı tamam oldu və ölkə başçısı bu tarixə xüsusi önəm verərək, yubileyinin qeyd olunması haqqında sərəncam imzaladı.

İrəvanda azərbaycanlıların yaratdığı böyük mədəni irsin, incəsənətin canlı nümunəsi olan İrəvan Teatrı bizə tariximizi, torpaqlarımızı unutdurmağa qoymayan bir rəmzdir! Ümummilli lider 1960-80-ci illər ərzində İrəvanda bu teatrın yaşaması üçün misilsiz xidmətlər göstərirdi. Yenidən ölkəyə rəhbərlik etdiyi dönəmdə qaçqınlıq həyatı yaşayan teatrın Bakı həyatının qurulmasını təmin edərək, böyük uzaqgörənliklə torpaqlarımıza qayıdışın təməlinin qorunması üçün çalışırdı. O günə- İrəvan Teatrının İrəvan şəhərində azərbaycanlılar üçün tamaşa oynaması gününə böyük inamla bu qocaman sənət ocağının ayaqda olması üçün çalışmaq hər birimizin üçün ümdə vəzifəyə çevrilməlidir!

# 2649 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
# # #