İlkin Həsəni: “Bir toyda qazandığım TV-nin iki aylıq maaşı qədərdir”

İlkin Həsəni: “Bir toyda qazandığım TV-nin iki aylıq maaşı qədərdir”
8 aprel 2012
# 09:00
İlkin Həsənini çox adam “ATV magazin” verilişinin aparıcısı kimi tanıyır. Amma televiziyaçı olmaqla yanaşı, o həm də restoran biznesi ilə məşğul olur. Müsahibəni də işlətdiyi klub-restoranda təyin etdi. Şəhərin mərkəzindən bir az kənarda olsa da, klubu tapdıq. İçəri girəndə reper Qaraqan və müğənni Miri Yusif orada klip çəkdirirdilər. Bir azdan İlkin də gəldi. Kabinələrdən birindi söhbətimizə başladıq. İlkin bizi spirtsiz kokteylə qonaq elədi. Söhbətə başlamazdan əvvəl onun haqqında bəzi qeydlərimi yazmaq istəyirəm. Efirə çıxıb məşhurlaşan adamların əksəriyyəti bir müddətdən sonra eqoistləşirlər. Şou-biznes dili ilə desək “ulduz xəstəliyi”nə tutulurlar. Amma İlkində bu xüsusiyyət yoxdur. Elə göründüyü qədər də sadədir. İçəri girəndə əlində iPad var idi. Sosial şəbəkələrdə də aktivdir. Mümkün qədər hər kəslə əlaqə saxlamağa çalışır. Suallara cavab verir.

İlkinlə televiziya, restoran biznesi, sosial şəbəkələr, internet mövzularından danışırıq.

“Klipmeyker olmaq istəyirdim, aparıcı oldum”

- Televiziya rejissorluğu bitirdin. Amma aparıcı oldun.

- Sırf təsadüf olan bir şeydir. Atam dövlət televiziyasında işləyib. Uşaq vaxtı epizodik şeylərdə çəkilirdim. Birinci kursda operatorluqda oxudum. Sonra televiziya rejissorluğuna keçdim. Orda oxuyarkən 106 FM-ə xəbər diktorluğuna adam axtarırdılar. Bir neçə nəfər getdik. Məni seçdilər. Bir aydan sonra canlı efirə çıxdım.

- Universitetə daxil olarkən aparıcı olmaq xəyalların var idi?

- Yox. Mən əslində televiziya rejissoru olmaq istəyirdim. O vaxtlar Azərbaycanda klipmeykerlik yavaş-yavaş inkişaf etməyə başlayırdı. Mən də kliplər çəkmək istəyirdim. Universitetə girəndən sonra gördüm ki, rejissorluq təkcə klip çəkmək deyil. Orda gənclər qısametrajlı, sənədli filmlər çəkib festivallara göndərirdilər. Mən də həvəsləndim.

- İndi keyfiyyətli klip çəkən rejissorlarımız var, səncə?

- Rejissorlar var. Amma yaxşı pul verən müğənnilər azdı. Müğənnin də qazancı yoxdur. Müğənni rejissora yüz min pul versə, rejissor video-kamera əvəzinə kino-kamera, Bakıdan yox, Avropadan qrimyor gətirər, klipi çəkmək üçün Azərbaycanı yox, başqa yeri seçər. Müğənni 3-5 min pul verir. Rejissorlar da bunun müqabilində çəkir klipi.

“Televiziyaları mən də tənqid edirəm”

- Azərbaycanda kimi dindirirsən televiziyaları tənqid edir. Televiziya işçisi kimi buna münasibətin necədir?

- Tənqidləri normal qəbul edirəm. Bəzən özüm də tənqid edirəm. Azərbaycan televiziyalarını tənqid edənlər əsasən xarici kanalları izləyənlərdir. Mən özüm də yerli kanallara çox az baxıram. Bizi hər zaman Rusiya, Türkiyə kimi qonşu dövlətlərlə müqayisə edirlər. Mənə elə gəlir ki, onların arasında haqlı olanlar da var, olmayanlar da. Amma nəzərə almaq lazımdır ki, biz hələ 20 ildir müstəqilik. Yavaş-yavaş inkişaf edirik. Kanallarda yaxşı verilişlər də tapmaq olar. Bəyəniləməyən verilişlər isə, televiziyaların efiri doldurmaq məqsədilə çəkdikləridir.

- Təkcə verilişlər yox, aparıcılar da tənqid edilir. Əksəriyyətinin savadının, dünyagörüşünün, nitq qabiliyyətinin zəif olduğu söylənilir.

- Efirdə onlar özlərini çox ağıllı göstərməyə çalışırlar. Amma efirdən kənarda oturub söhbət etdikdə görürsən ki, adi terminlərdən də xəbərləri yoxdur. İntellektual səviyyəni yüksəltmək üçün minlərlə yol var. İnternet, qəzetlər, jurnallar, kitablar, sənədli filmlər və s. Şəxsən mən hər həftə azı 5-6 sənədli filmə baxıram. Hər şey haqqında öyrənməyə çalışıram.

- Bəs kitab?

- Hazırda Elçin Səfərlinin kitabın oxuyuram. Amma etiraf edim ki, kitaba ayrıca vaxt ayırmıram. Boş vaxtımda oxuyuram.

“Başa düşdüm ki, toysuz çətindir”

- Televiziya işindən başqa hansı işləri görürsən?

- Artıq bir neçə ildir ki, restoran biznesi ilə məşğul oluram. Aparıcılığa başladığım gündən bəri müxtəlif tədbirlərdə, toylarda, şənliklərdə aparıcılıq edirəm, reklam səsləndirmələrim olur. Bunlar ATV-dən kənar işlərdir.

- Toylara da gedirsən?

- 2006-cı ilə qədər getmirdim. Özümə qadağa qoymuşdum. İki səbəb var idi: birincisi, çəkinirdim, ikincisi, bu işi aşağı səviyyəli iş hesab edirdim. Heydər Əliyev Sarayına çıxandan sonra böyük auditoriya qarşısına çıxmaq həyəcanım keçdi. Amma toy həyəcanı qalmışdı. Toy bir az fərqlidir axı. Orda insanlar yeyib-içir, kefli olanları var. 2006-cı ilə kimi “Yeni ulduz”da aparıcı olanda mənə partapart toy təklifləri gəlirdi. Amma hamısından imtina edirdim. Deyirdim, mən heç vaxt toya getmərəm.

- Toya aşağı səviyyəli iş kimi baxırdın?

- Etiraf edim ki, beləydi. Amma gedəndən sonra gördüm ki, bizim bundan başqa qazanc yerimiz yoxdur. Elə olub ki, bir toydan aldığım qonorarın məbləği televiziyada iki aylıq maaşımdan çox olub.

- Ən çox nə qədər alıbsan?

- 3000 manat aldığım olub.

“Hədəfimiz cəmiyyətdəki nöqsanlardır”

- Bir də “Bozbash pictures” var.

- Biz “ATV magazin” verilişinin sonunda xarici kliplərlə bizim mahnıları sintez edirdik. Maraqla qarşılanırdı. Sonra formatı bir az genişləndirdik. Ordakı Şəmi və Şöşü personajlarının başına gələnlərdən süjetlər çəkirik.

- Hədəf nədir? Sırf güldürmək yoxsa...

- Verilişə baxıb ancaq gülənlər də var. Gülüb düşünənlər də var. İkincilər azlıq təşkil edir, təəssüf ki. Biz cəmiyyətdəki nöqsanları göstərmək istəyirik. Məsələn, bina tikənlər müştəriyə öz işlərini yalandan tərifləyir, amma bəlli olur ki, fırıldaqla məşğuldurlar.

“Azərbaycanlıların klub mədəniyyəti yoxdur”

- Həm də restoran-klub işlədirsən. Azərbaycanda insanların klub mədəniyyəti varmı? Bizdə “gecə klubu”anlayışı hələ ki, yaxşı qarşılanmır.

- Çünki səviyyəsiz barların hamısı adlarını dəyişib “klub” ediblər. O barları hamı tanıyır. Hamı bilir orda nə baş verir. Bar oldu “klub”, çayxanalar oldu “çay evi”, indi şadlıq evləri də “palas” olur. Heç çoxları bilmir “palas” nədir. Kimsə mənə deyəndə ki, ora nə yeridir? Deyirəm, klub-restorandır. Həftə sonları insanlar bura gəlir yemək yeyir, içki içir, qəlyan çəkir, dostları söhbət edir, rəqs edir, bir sözlə, əylənirlər. Elə vaxtlar olur ki, səhərə qədər musiqi səsi dayanmır. Klub mədəniyyətinə hələ çox var. Klub elə bir yerdir ki, orda rəqs edəndə çiyin-çiyinə dəyirsə, hətta ikinci birincidən üzr istəməlidir.

“Qəzet artıq lazımsızdır”

- Bütün bu işlərlə yanaşı sosial şəbəkələrdə də aktivsən.

- İlk dəfə 1995-ci ildə internetdən istifadə etmişəm. Yadımdadır, ilk baxdığım sayt Maykl Ceksonun saytı olub. İnternetə marağım həmişə çox olub. Facebook-da 2007-ci ildə aktiv oldum. 2009-cu ildə Twitterə qoşulmuşam. Artıq Facebook-da dost limitim dolub. Arada lazımsız adamları silirəm. Twitter-də Azərbaycan üzrə ən çox izlənilən 5-likdə varam. iPad-ım və “Blackberri”m var. Onların vasitəsilə daim sosial şəbəkələri izləyirəm.

- İnternetdən başqa nə məqsədlə istifadə edirsən?

- Səhər duranda mütləq xəbərləri oxuyuram internetdən.

- Bəs qəzet almırsan?

- Yox. Qəzeti lazımsız bir şey hesab edirəm artıq. Hər şey internetdə var. Hansısa qəzetdə özüm haqda nəsə yazılanda alıb oxuyuram.

“Bizdə istirahət etmək Türkiyədən və Gürcüstandan baha başa gəlir”

- Boş vaxtlarını harda keçirirsən?

- Elə öz kafemdə.

- Bəs yay tətillərini?

- Yayda dostlarımla cibimizə uyğun olaraq Türkiyəyə, Gürcüstana gedirik. Türkiyədə bir həftə 5 ulduzlu oteldə qalmaq üçün xərclənilən pul Nabranda 2 günə bəs etmir. Üstəlik, orda xidmət səviyyəsi çox yüksəkdir. Bizə dənizkənarı xidmətindən danışmaq ümumiyyətlə gülüncdür. Otellərin qiyməti isə yəqin ki, 2012-ci ilin may ayına kimi düzələr.

- Avtomobilin var. Sürücülərimizin mədəniyyəti haqda bir-iki kəlmə deyərdin.

- Azərbaycanlıların əksəriyyətinin sürücülük mədəniyyəti yoxdur. Bir də görürsən tıxacda siqnal verirlər. Axı mən necə sürə bilərəm, qalxıb göyə tullanmalıyam? Sürücülərimiz piyadalara hörmət etmir. Amma piyadalarda da az günah yoxdur.

- Spirtli içki içirsənmi?

- Arada.

- Sevdiyin yeməklər?

- Anamın bişirdiyi yarpaq dolması.

- Facebook-da arada öz çəkdiyin fotoları da görürük.

- Mən peşəkar foto kursu keçmişəm. Amma indi dijital fotoaparatla həvəskar fotolar çəkirəm.

Elmin HƏSƏNLİ
# 5468 dəfə oxunub

Oxşar xəbərlər

Şəkidə IV Beynəlxalq Teatr Festivalı  keçirilir

Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir

18:41 3 dekabr 2024
Tarkovskinin qeydləri 1,5 milyon rubla satıldı

Tarkovskinin qeydləri 1,5 milyon rubla satıldı

18:01 3 dekabr 2024
Pelageyanın azyaşlı qızına ölkədən çıxış qadağası qoyuldu

Pelageyanın azyaşlı qızına ölkədən çıxış qadağası qoyuldu

17:36 3 dekabr 2024
Qapaq, diş çöpü, divar kağızı, şərf və tale - Yazıçıların qəribə ölüm səbəbi

Qapaq, diş çöpü, divar kağızı, şərf və tale - Yazıçıların qəribə ölüm səbəbi

17:00 3 dekabr 2024
“Nəğmə də bir silahdır” kitabının təqdimatı keçirildi

“Nəğmə də bir silahdır” kitabının təqdimatı keçirildi

16:43 3 dekabr 2024
“Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” təlimi keçirildi

“Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” təlimi keçirildi

15:49 3 dekabr 2024
# # #