Tehranda başıaçıq gəzən gəlin

Tehranda başıaçıq gəzən gəlin
27 avqust 2012
# 10:40
6-cı hissə

İranda yaşamaq gözlədiyimdən və ilk baxışdakı təxminlərimdən daha rahat oldu. Bəlkə ona görə ki, bu ölkədəki 5 ilə yaxın həyatımın uzun hissəsini Təbrizdə keçirdim. Dil, mədəniyyət, adət-ənənə fərqliliyi olmadığından ilk zamanlarda çətinliyim sadəcə, geyimlə bağlı olurdu. Amma insanın bütün şəraitə öyrənməsi ilə bağlı müdriklərin söylədiyi fikirləri bir daha təcrübəmdə sınaqdan keçirdim. Düzdür “alışqanlıq dövrü” heç də qısa və ağrısız keçmədi.

Bəzən hətta gülməli görünən hadisələrə obyekt olurdum. Məsələn, günlərin birində küçənin ağzından evə qədər olan məsafədə piyada hərəkət etdiyim zaman başımdakı örpəyin düşdüyünün heç fərqinə də varmamışdım. Məhəllənin baqqalı “bakılı gəlini” başı açıq küçənin tam ortasında addımlayan görəndə yəqin ki, özünü itirmişdi. Amma bununla belə cəsarətini toplayıb “xanım, rusəriniz (yəni baş örtüyü - E) düşüb” deməklə məni xəbərdar etsə də, təhər-tövrümü pozmamağımdan daha artıq həyəcanlandı. Mənim isə heç nə baş verməyibmiş kimi küçənin ortasına sərilmiş yaylığımı götürməkdən başqa əlacım qalmadı. Həm də bunu elə etdim ki, qızardığım kənardan hiss edilməsin. Hər halda bir yaylığı başda saxlaya bilməmək öyünüləsi durum deyildi. Sonradan bu da bizim lətifələr siyahısında öz yerini tutdu. Daha sonralar Təbrizdəki Göy məscidin qarşısında başıaçıq şəkil çəkdirmək həvəsinə düşdüm və etdim də. Amma yəqin ki, mənə bu addımı atmaqda cəsarət verən məscidin təmir üçün bağlanması oldu. Məsciddə aparılan təmir işlərinə rəhbərlik edən mühəndislə söhbətimizdə adam bizə xeyli gileyləndi. Göy məscidin kaşı daşlarının əntiq əşya kimi xaricə aparılaraq satılmasından, əvəzində təmirdə daşları rənglənməsindən, “islam aləminin firuzəsi” adlandırılan məscidin tarixiliyini itirmək qorxusundan və daha nələrdən...

Heç güman etməzdim ki, Təbrizdəki günlərin ardınca məni Tehran kimi bir əzab gözləyir. Tehranlılar inciməsin, bu şəhər indiyə qədər gördüyüm şəhərlər arasında heç bəyənmədiyim yeganə şəhərdir. Ona görə əzab deyirəm ki, 10 milyondan çox əhalisi olan bu şəhərdə saatlarla tıxacda qalmaq, şəhərin tozundan, çirkli havasından təsirlənməmək üçün ağzında maska ilə dolaşmaq xoşagələn deyildi. Amma necə deyərlər, başa gələn çəkilir. Mən də bu gün üzümdə az da olsa təbəssümlə, 13 il əvvəl isə yalnız kədərlə xatırladığım Tehran günlərini yaşamalı oldum.

Kirayələdiyimiz evin sahibinin Səkinə adlı gənc qızının mənə ilk sualı “müsəlmansız?” oldu. Əcnəbi gəlində bu qədər maraqlı şeyi qoyub məhz bu sualı verməsinə əsəbiləşdim. Amma sonra məlum oldu ki, məhəlləyə yad adam gəldiyinə görə başında rusəri ilə gəzən Səkinəni mənim başıaçıqlığım təəccübləndiribmiş. Və öz-özünə düşünüb ki, həyətdə ev sahibinin, onun oğlunun, gələn qonaqların, qayınatamın yanında başıaçıq gəzməyim yalnız müsəlman olmamağımdan irəli gələ bilər. Amma gənc qızın təsəllisini bir anda elə yerə vurdum ki, sonradan mənə din dərsləri keçməyi belə arzuladı. Biləndə ki, mən də onun kimi müsəlmanam, Səkinə sadəcə, deməyə söz tapmadı. İndi, üstündən 13 il keçəndən sonra hərdənbir düşünürəm ki, görəsən Səkinə məni bu günahıma görə bağışlayıbmı? Hər halda Tehran küçələrində ilk addımlarımı atanda hiss etdim ki, bu şəhər xüsusən qadınların sərbəstliyinə görə Təbrizdən çox irəlidədir. Bəs onda görəsən Səkinə mənim həyətdə başıaçıq gəzməyimə niyə təəccüblənmişdi ki?

Tehran insanı yorur. Mən onda belə düşünürdüm və indi də fikrimdən vaz keçməmişəm. Bu şəhər mənə sürgün kimi gəlirdi. Böyük şəhərdə, paytaxtda yaşamaq kimi bir çoxlarının öyündüyü məqamlar isə mənə qəribə görünürdü. Yaxşı xatırlayıram, Tehrandakı həyatımın ikinci ayında mənə küçənin başındakı qəssab mağazasından ət almaq kimi bir tapşırıq verildi. Bununla mən yaxınlıqdakı mağazalara girib-çıxmagı öyrənməli, insanlarla ünsiyyət yaratmaqla evdə təkbaşıma keçirdiyim saatların acısını çıxarmalı idim. Tapşırığı yerinə yetirməmək kimi bir imkanım olmadığımdan cəsarətimi topladım. Günortaya yemək hazırlamaq vəzifəsi qarşımda dağ kimi dayanırdı, anamın “kişilər evə gələnə qədər yemək hazır olmalıdır” nəsihətini əzbərləmişdim. İndi öyrəndiklərimi tətbiq etmək zamanı gəlmişdi və mən bu imtahandan adıma layiq çıxmalı idim. Beləcə “iki kilo ət verin” cümləsini farsca əzbərləyə-əzbərləyə qəssaba getdim. Bəxtimdən içəridə çox adam vardı və mən əzbərlədiklərimi təkrarlamaq fürsəti qazanmağıma sevindim. Dükan boşalanda isə qəssaba yaxınlaşıb dərsimi təkrarlamaqdan başqa əlacım qalmadı. Məni bu əzabdan qəssabın o an hər şeydən doğma olan səsi qurtardı:

-Xanım, nə istəyirsiz? Türki deyin.

Bu söz Tehrandakı çətin vəziyyətdə məni xilas edən bəlkə də ilk doğma söz oldu. Sonralar hər yerdə-mağazada, restoranda, məsciddə, xəstəxanada türk dilində danışıb anlaşılmamaq kimi bir problemin olmadığını öyrəndim. Və bu mənim həyatımı xeyli yüngülləşdirdi. Artıq özümü ifadə etməkdən çəkinmirdim, nahaq yerə demirlər ki, Tehranın yarısı türkdür, yarısı da türk olduğunu bilməyən türk. Məndən fərli olaraq məhəllədəki evinə ildə bir dəfə qonaq gələn yaponiyalı gəlin daha çox şanssız idi. Onun dilini heç kəs anlamırdı. Həyat yoldaşından və oğlundan başqa.

O, yəqin ki, heç qəssab dükanında da xoş sürprizlə qarşılaşa bilməzdi. Bilmirəm bundan nə dərəcədə narahat olurdu, amma məhəllədə hər dəfə onu oğlu və həyat yoldaşı ilə gedərkən görəndə çoxlarının onun arxasınca boylanması maraq obyekti olduğunu göstərirdi.

Yaponlar mühafizəkar təbiətli insanlar olduqlarına görə, yəqin ki, yapon gəlin də İranın adət-ənənəsinə ayaq uydurmaqda çətinlik çəkmirdi. Ya da ildə cəmi 10-15 gün dözməyin mümkün olduğunu düşünüb sakitləşirdi. Hər halda məhəllədəki bir çoxlarının onu yaponiyalıya yox, qıyıq gözlərinə görə əfqanlara oxşatması təsadüfi deyildi. Yapon gəlin məndən daha artıq öyrəncəli idi və bu, onun yapon olduğuna şübhə belə yaratmışdı.

Tehranda isə Əfqanıstandan gəlmiş çox sayda qaçqın vardı ki, onları ən ağır işlərdə işlədib az əmək haqqı vermək dəb olmuşdu. Tehrandan fərqli olaraq Təbriz əfqan qaçqınlarına “qucaq açmamışdı”. Sakinlər bunun səbəbini “Təbrizdə yad adam baş saxlaya bilməz” deyə açıqlayırdılar. Yəqin ki, buna səbəb Təbrizin özünəməxsus adət-ənənəsinin olması idi. Tehran isə çoxmillətli şəhər siyahısına rəhbərlik edirdi, bölgələrdən bura üz tutanların sayı ilbəil artırdı, onların çoxunu da Tehran qaynar qazan kimi içində həll edirdi...

(Ardı olacaq)
# 1662 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #