“Mollanəsrəddinçilərlə bolşeviklər eyni mərkəzdən qidalanıb”

“Mollanəsrəddinçilərlə bolşeviklər eyni mərkəzdən qidalanıb”
3 avqust 2012
# 11:00
“Molla Nəsrəddin” jurnalında yazılanların bu gün də aktual olması haqqında çox danışılır. Amma bunun əksini iddia edənlər, bu illər ərzində cəmiyyətin xeyli inkişaf etdiyini söyləyənlər də var. Şair Səlim Babullaoğlu və “525-ci qəzet”in redaktoru, filoloq-tərcüməçi Seyfəddin Hüseynli Kulis.az-ın təşkil etdiyi debatda bu mövzunu dartışacaqlar. Moderator Qan Turalıdır.

- Necə hesab edirsiniz, “Molla Nəsrəddin”də dərc olunanlar bu gün üçün aktualdırmı?

Səlim Babullaoğlu:
Mən istəyirəm, rus ədəbiyyatından bir misal gətirim.Rus ədəbiyyatşünaslığında belə bir fikir var ki, Dostoyevskinin əsərləri XX əsrdə Avropada daha aktual və populyar olub, bu populyarlığın səbəbi isə müəllifin əsərlərində təsvir olunan insan münasibətlərinin Avropanın, belə deyək, açıq məkanı, cəmiyyəti üçün daha təbii, daha doğma olmasındaydı, nəinki qapalı Sovet İttifaqı üçün. Çünki Dostoyevskinin qoyduğu problemlər,onun əsərlərindəki insan münasibətləri daha çox kaptalizmin, pulun hökmran olduğu Qərb dünyasının doğurduğu münasibətlətlər, problemlərdir. Rus ədəbiyyatşünasları bu fikirdədir ki, Dostoyevski ikinci nəfəsini Rusiyada və keçmiş postsovet arealında bundan sonra qazanmalıdır. Sosializm yarı yalan, yarı doğru problemlərin qabağını almışdı. İnsani, sosial problemlər Dostoyevskinin əsərlərindəki qədər kəskin deyildi. Anologiya aparsaq, eyni şeyi “Molla Nəsrəddin”də yazılanlar, mollanəsrəddinçilərin əsərləri haqqında demək olar. “Molla Nəsrəddin” ikinci nəfəsini məhz bu illərdə qazanır. Müstəqillik illərində. Sovet dövründə bu jurnalı ərsəyə gətirənlərin yazdıqları bir qədər lokallaşmışdı. O vaxt biz problemlərə sanki muzey eksponatı kimi baxırdıq. Təxminən, “Sehirli xalat” filmində pionerlərin xana baxdıqları kimi... Ancaq bu gün o problemləri öz köynəyimizdə hiss edirik. Heç uzağa getmirəm, “Kubinka”dan çıxıb sizin redaksiyaya gələndə onlarla problem gördüm. Dedim, ey dadi-bidad bunlar Mirzə Cəlilin, Sabirin personajlarıdır. O vaxt maşını park etmək problemi olsaydı, çoxları Mirzə Cəlilin, Sabirin personajına çevrilərdilər. Metroda çıxana yol verməyən adamla “Saqqallı uşaq”dakı personajın heç bir fərqi yoxdur. Məncə, mollanəsrəddinçilərin qoyduğu çoxlu problemlər bu gün daha aktualdır. Amma başqa məsələdir ki, yazıçı kimi həyata “Molla Nəsrəddin” eynəyindən baxmaq daha doğrudur, yoxsa daha başqa aspektdən baxmaq... Bu məsələnin estetik tərəfidir, bu barədə sonra danışarıq.

Seyfəddin Hüseynli: Zahirən bizə belə gələ bilər ki, sovet dövrü “Molla Nəsrəddin”lə bizim dövr arasında dərin bir uçurum yaradıb. Əslində, diqqətlə baxsaq, görərik ki, sovet dövrü “Molla Nəsrəddin”in yarandığı zamanla indinin arasında rahat, məxməri bir keçiddir. Mirzə Cəlil Sovet hakimiyyəti illərində də xeyli problemlər görmüş və bir azca yumşaq tərzdə onları yazmışdı. Doğrudur, biz “Molla Nəsrəddin”dən sonra tamam fərqli cəmiyyətdə yaşadıq. Amma jurnalda yazılanların bütün Şərq üçün, müsəlman dünyası üçün xeyli dərəcədə aktual qaldığını deyə bilərik. Yaxın ətrafımıza baxaq: Türkiyə hansı problemləri yaşayır, İranda, Əfqanıstanda nələr baş verir... Mənəvi problemlərin həll olunmamağı, dalana dirənməyi “Molla Nəsrəddin”i hələ də aktual mövqedə saxlayır. O dövrdə biz hələ kapitalizmi düz-əməlli yaşamamışdıq, ancaq “Molla Nəsrəddin” artıq bir çox eybəcərlikləri görür, tarixin, ədəbiyyatın yaddaşına köçürürdü. Amma indi belə çıxır ki, biz kaptalizmə və yaxud ona bənzər bir quruluşa təzədən, sıfırdan başlayırıq. Başladıqca da “Molla Nəsrəddin”də yazılan problemləri yenidən yaşayırıq. Bu, özünü insana, pula, dinə, intelligensiyaya, mətbuata, təhsilə münasibətdə göstərir.

- Səlim bəy deyir ki, “Molla Nəsrəddin”in qabartdığı problemlər Sovet dövründə faktiki olaraq dondurulmuşdu. Sovet hökumətinin bu problemlərin həllinə həssaslıqla, “Molla Nəsrəddin”ə diqqətlə yanaşmasını necə izah etmək olar?


Səlim Babulloğlu:
Mollanəsrəddinçiləri yetişdirən ideoloji bazayla, mərkəzlə, məsələn fransız maarifçiləri ilə bolşeviklərin, Leninin, Marksın əlaqəsini tapmaq olar. Bu mənada onların eyni mərkəzdən qida aldıqlarını demək mümkündür. Marks deyirdi ki, onun faydalandığı üç mənbədən biri fransız maarifçiliyidir. Marks onu da deyirdi ki, tarix ardıcıl prosesdir. Bütün bunlarla yanaşı düşünmürəm ki, bolşevik hakimiyyəti “Molla Nəsrəddin”ə sahib çıxdı. Mirzə Cəlilin taleyi bu cür düşünmək üçün əsas verir. Ancaq problemlərə bir baxış, hədəflər var idi və bolşeviklər bu mənada çox mütəhərrik idilər. Əl altında nə vardısa, ondan yararlanırdılar. Bu mənada sofist idilər. Fikirləri özlərinə sərf edən tərzdə istifadə və istismar eləməkdə, pərdələməkdə usta idilər.

Seyfəddin Hüseynli: “Molla Nəsrəddin” jurnalının sonrakı aqibəti göstərdi ki, Sovet hakimiyyətinə əslində nə lazım imiş. Sovet dövründə kapitalist cəmiyyətinə məxsus neqativləri vurğulayırdılar. Amma Mirzə Cəlil, belə deyək, dilini dinc saxlamayanda, sovet quruluşunda da əvvəlki funksionallığını göstərəndə onu çap etmədilər, çıxdaş elədilər. Məlum olur ki, sadəcə ortada böyük bir siyasi məkr varmış. Sovet hakimiyyəti “Molla Nəsrəddin”i özünün xeyrinə, köhnə quruluşun ziyanına bildiyi üçün jurnala həssas yanaşdı. Sovetlər bu jurnalı təbliğat üçün vacib vasitə hesab edirdilər. Ancaq, baxın, “Molla Nəsrəddin”ə çar hökumətinin, xüsusilə də yerli dini-ruhani kəsimin münasibəti hara, Sovet dövründə cəmiyyətin və hakimiyyətin münasibəti hara. Tamam fərqlidir, belə görünür ki, birincilər daha dözümlü yanaşıblar. “Molla Nəsrəddin” kimi bir jurnal Sovet dövründə çətin yarana bilərdi. Necə ki, Mirzə Cəlil deyir: “”Molla Nəsrəddin”i zəmanə özü yaratdı”. “Molla Nəsrəddin”dən yararlanan Sovet hakimiyyət dedi ki, köhnə işlərinə görə çox sağ ol, indikinə görə isə cavab verməli olacaqsan. Belə də oldu.

- Hətta “Kommunist” qəzetində məqalə çıxmışdı ki, “Molla Nəsrəddin” xalqın deyil, redaktorun orqanıdır. Jurnalın adını da dəyişiblər.

Səlim Babullaoğlu:
Bəli, Mirzə Cəlilin boykot , təcrid siyasəti də olub. Təsadüfi deyil ki, ömrünün sonuna yaxın əlyazmalarını yandırırdı.

- Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov saytımıza verdiyi müsahibədə bildirmişdi ki, “Molla Nəsrəddin” impulsiv hadisədir. Bu fikrə münasibətiniz necədir?

Seyfəddin Hüseynli:
Belə götürəndə, Nizami müəllim düz deyir, bu, impulsdur, reaksiyadır. Amma dünyada nə impuls deyil ki?

Səlim Babullaoğlu: Hər şeyə impuls kimi baxmaq nöqteyi-nəzərincə hə, impulsdur. Bütövlükdə isə bu fikirlə razı deyiləm. 25 il impuls olmur. İmpuls ani olar, uzaqbaşı 1-2 il olar, 25 il əsrin dörddə biridir. “Molla Nəsrəddin” ciddi, bu gün də davam edən, bizim görmədiyimiz şəkildə mütəhərrik işləyən bir prosesdir.

Seyfəddin Hüseynli: Nizami müəllim o mənada haqlıdır ki, bu jurnal, bu istiqamət impuls olaraq meydana çıxıb, dövrün hadisələrinə reaksiya verib, münasibət göstərib. Özü də təkcə sosial baxımdan yox. Həm də sənətkarlıq, estetika baxımından impuls xarakteri var burada. “Molla Nəsrəddin” xəttində olanlar bir qədər də o dövrün, indiki ifadəylə desək, postmodernistləri kimi görünürlər. Amma bir məqam var: “Molla Nəsrəddin” əvvəlcə impuls idi, sonra davamlı xarakter aldı, dünyagörüşə çevrildi. Dünyanı o rakursdan, o prizmadan görüb anlamaq istəyən adamlar bu məcraya yönəldilər. İndinin özündə də bizdə dünyaya satirik planda baxan müəlliflər əsasən bu mövqeyə qayıdırlar. Bu gün bizim mətbuatda, ədəbiyyatda satirik mətnlər yazanların əksəriyyəti, lüğət bazasından tutmuş üslublarına qədər, “Molla Nəsrəddin”lə səsləşir. Deməli, impuls tədricən müəyyən bir yönə, axına çevrilib. O qədər aktiv deyil bəlkə, ancaq yenə də inersiya kimi davam edir.

Səlim Babulllaoğlu: Mən istəyirəm, bir məqamı da deyim. Tarixi şəxsiyyət kimi Molla Nəsrəddin XIV əsrdə, Konya sultanlığına aid bir şəhərdə yaşamış, şeirlər yazmış bir qazıdır. Qazı olubsa, islam hüququnu da bilib, özü də deyilənə görə, traktatları da varmış. Amma daha çox lətifələri ilə məşhurlaşıb, xalqın yaddaşında daha çox onun anekdotları qalıb. Əslində bu deqredadtiv bir şeydir, Həmidin sözü olmasın, şərtiliklə dekadansdır. Molla Nəsrəddin fenomeninin özünün satirik və ələsalma tərəfi var ki, bax, bu, mənim fikrimcə, ədəbiyyatda effekt verməyən bir şeydir. Aydınlaşdırım. Bayaq dedim, yolda gələ-gələ bəzi şeyləri görürdüm və bundan əziyyət çəkirəm, bütün normal adamlar kimi... Amma qəzəb həddini keçmək şəxsən məni qane eləmir. Əlbəttə, əgər biz düşünürüksə ki, ədəbiyyat insanı dəyişməlidir, onda insanları ələ salaraq, bir az da aşağılayaraq, yəni, bunu əsaslı bədii keyfiyyətə çevirərək təsir eləmək olmaz.. Ədəbi metod kimi, platforma kimi mollanəsrəddinçilik- satira, istehza, sarkazm, ironiya məni qıcıqlandırır. Hərçənd mən dozasında ironiya və özünəironiyanı sağlam şey hesab edirəm. “Molla Nəsrəddin”də bu, böyük dozada idi.

- Maraqlı məqamlardan biri odur ki, 60-cılar da özlərini molla nəsrəddinçilərin varisləri elan elədilər. Estetik planda bunu necə qiymətləndirirsiniz?

Səlim Babullaoğlu:
Doğrudur və həm də 60-cıların variantı yox idi. Onlar kimə söykənə bilərdilər: ya özlərindən əvvəlki ədəbi nəslə, ya da daha əvvəlkilərə. Adətən hər bir yeni nəsil özündən əvvəlki nəsilə söykənməyi, söykənsə də, bunu etiraf etməyi sevmir. Digər tərəfdən özündən əvvəlki nəsldən itələnir. 60-cılar nəsil daha xəlqi, daha yaxşı ədəbiyyata söykənməli idilər, XX əsrdə mollanəsrəddinçilərdən başqası isə yox idi.
Və onu da deyim ki, mənim üçün Novruzəli ilə Kəbirlinski qohumdur. İkisi də həyatda ikinci planda olan, zəif, uğursuz adamdır. İkisi də təssüf hissi ilə yanaşı şəfqət hissi oyadır özlərinə qarşı. Kifayət qədər paralellər tapmaq, bunu doğruluğunun lehinə daha çox arqument qoymaq olar. Ancaq 60-cılar istəsələr belə, mollanəsrəddinçilər kimi sərt ola bilməzdilər. Çünki dövr başqa idi, bu haqda girişdə dedim bir az.

Seyfəddin Hüseynli: Mollanəsrəddinçilər dövrə, mühitə ayıq, sərrast nəzərlərlə baxırdılar, bəzi müasirləri kimi eyforiyaya qapılmır, şanlı keçmişin təsəllisiylə ruhlanmırdılar. Görürdülər ki, ortada elə bir inkişaf, irəliləyiş yoxdur, əksinə, xeyli problem var, bunları da açıq yazırdılar. 60-cı illərə gələndə də mənəvi yöndə, məzmun planında bir sıra ciddi problemlər qalırdı, riyakarlar, xalturaçılar, yalançı savadlılar, qatı bürokratlar vardı. Bu, sərt bir rejimin təzahürləri idi. Anarın, Əkrəm Əylislinin əsərlərində “Molla Nəsrəddin”lə birbaşa səsləşmələr var. Yəni o xətt davam edib, ancaq formada, şəkildə dəyişikliklər var. Bir maraqlı məqam da budur ki, “Molla Nəsrəddin”nin solçuluğa meyli vardı. Pula, kapital dünyasının insanlarına, varlıların pulu qazanma və xərcləmə tərzinə münasibətdə mollanəsrəddinçilər hardasa solçu mövqedəydilər. Ancaq bu bizim anladığımız mənada siyasi solçuluq deyil. Söhbət cəmiyyətin insani hissiyyatına, ürəyinə, istəklərinə daha yaxın olmaqdan gedir. Bəzən ifratçılığın, sapmaların olduğu da faktdır. Məsələn, Əliqulu Qəmküsar axır illərdə sırf solçu mövqedən çıxış etdiyinə görəydi ki, milli dövlətə - Cümhuriyyətin özünə qarşı da çox sərt münasibət göstərmişdi. Onun “Bir hökumət tazı çıxmış, ismi Azərbaycan” misrasıyla başlayan şeirində deyilir ki, parlamanda, hökumətdə, idarəçilikdə olanların hamısı ağadır, bəydir, xandır, bircə nəfər fəhlə-kəndli, kasıb yoxdur. Bir az da bu cəhətə görə Sovet hökuməti ilkin mərhələdə mollanəsrəddinçiləri özünə yaxın bilirdi, havadar kimi görürdü. Ancaq sonra münasibət dəyişdi.

Səlim Babullaoğlu: Bir də, jurnal kimi “Molla Nəsrəddin”in yaranması, bu səhnədə mollanəsrəddinçilərinin əsərlərinin yaranmasına 1905-ci ildəki qərar şərait yaratmışdısa, 60-cılar üçün bu şəraiti “ottepel”, Xruşov mülayimləşməsi yaratmışdı. Mən bunu nə mollanəsrəddinçilərin, nə də 60-cıların ədəbi istedadlarını və fərqliliyini qətiyyən kiçiltmədən deyirəm.

Ardı var...


Anons:

- Hadinin başı əhlət daşına dəydi və gördü ki, reallıq tamam fərqlidir...

- “Molla Nəsrəddin”in abreviaturasını - “MN”i daha çox “Mənə nə” kimi anlayan biganə, təhlükəsiz adamlar var...

- 90-cı illərdəki təlatümlər satirik baxışı arxa plana atdı...

- Bir çoxları Mirzə Cəlilin, Sabirin yazdıqlarına nəzər yetirəndə özlərini pis hiss edirlər, ancaq yubiley tədbirlərinə gəlmək məcburiyyətindədirlər...
# 1948 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #