Keçmiş terrorçu: “Marks və Lenin məni inandırmışdı”

Keçmiş terrorçu: “Marks və Lenin məni inandırmışdı”
23 avqust 2011
# 14:00
Horst Mahler məşhur “Qırmızı Ordu Fraksiyası” (RAF) radikal sol terror təşkilatının bu günə kimi sağ qalmış yeganə lideridir. Ixtisasca vəkil olan Mahler 1970-ci ildə bankların soyulmasına və RAF-ın liderlərindən biri Andreas Baaderin həbsdən qaçışını təşkilinə görə həbs edilib. Yalnız Almaniyanın gələcək kansleri Gerhard Şröderin sayəsində Mahler vaxtından əvvəl azad olunub.

Sonradan vəkillik fəaliyyətini bərpa edən Mahlerin indiyə kimi ətrafında qalmaqallar səngimək bilmir.

Keçmiş terrorçuya görə, alman xalqı yoxluq təhlükəsi altındadı və başqa mədəniyyətlərin çoxluğu, xüsusən müsəlmanların sayının artması nəticəsində 50 ildən sonra ölkədə almanlar azlıqda qalacaq. Mahlerin fikrincə, Almaniya 20-30 cu illərdəki kimi eyni problem qarşısındadır: “Yırtıcı kapitalzimdən təsərrüfatı almaq və milli iqtisadiyyata yerləşdirmək lazımdır”.

Hitlerin milli sosializmin mahiyyətini təhrif etdiyini deyən Mahler bununla belə son illər nasist dünyagörüşünü təmsilçisidir, Holokostun olmadığını deyir, açıq şəkildə antisemit çıxışlar edir.

2007-ci ildə isə onun telemüsahibələrindən birində tamaşaçıları “Heil Hitler” deyərək salamlaması ölkədə qalmaqal doğurdu. Və 12 illik həbs cəzasına məhkum edilən 75 yaşlı Mahler indi dəmir barmaqlıqlar arxasındadır. Onun son müahibələrindən birini təqdim edirik.

- Cənab Mahler, siz 1968-ci ildə Frankfurt univermağını yandıran Andreas Baaderin müdafiə nitqində hakimi öz mantiyasını çixarıb inqilaba qoşulmağa çağırdız. Hakim bunu etməsə də, siz elədiz.

- Bu fəaliyyətimdə ən ziddiyətli proseslərdən biri idi. Orta sinfin iqtisadi problemlərini araşdıran hüquq firmam vardı. Amma məlum proses məni tamamilə başqa ideyalara cəlb etdi. Gudrun Ensslinə (RAF-ın liderlərindən biri, rəsmi versiyalara görə həbsxanada intihar edib-S.S.) məhkəmə prosesi zamanı qabaqcadan dedim ki, mən də mantiyamı çıxarmaq və əlimdə avtomatla inqilaba qoşulduğumu sübut etmək istərdim. Vəkillik elə bir peşədir ki, siyasi hadisələrlə yaxından əlaqəsi var. Hərçənd, indi qəbul olunan anlamda siyasətçi olmaq iqtidarında deyiləm.

- Amma sizin ideyalar heç də uzaq tarixə aid deyil.

- Hələ məktəbdə oxuyanda Marksın və təbii ki, Leninin ideyalarını oxumağa başlamışdım. Onların ideyalarının - dünya siyasətinin istiqamətinin müəyyənləşdirməsində mühüm rol oynamasını qəbul edirdim.

- Deməli, siz o adamlardansız ki, artıq məktəbdə Lenini oxumuşduz- amma yalnız Berlinin şərq hissəsində.

- Marksist ideyalarına gəlməyim demək olar ki, qrotesk idi. O zaman qurulmuş Almaniya Demokratik Respublikasında travmatık bir yaşantım vardı. Baxmayaraq ki, onda 13 yaşında idim, yəni hələ nizamnaməyə uyğin yaşım olmasa da yeni Azad Alman Gəncləri təşkilatının məktəb qrupunun (FDJ-Schulgruppe-S.S.) rəhbəri oldum. Evimizdə həmişə antikommunist əhval-ruhiyyə vardı və mən də o təsirin altında idim. Yalnız sırf opportunist düşüncədən məktəbdə təşkilatın rəhbəri oldum: mən oxumaq istəyirdim. Çünki kiçik burjua ailəsindən idim, yəni praktiki olaraq sinfi düşmən sayılırdım və bu səbəbdən məktəbdə mənə çətin idi. FDJ-rəhbərliyi isə özümü onların ixtiyarına versəm mənə hər şey üçün təminat verirdi. Onda mənə artıq aydın idi ki, praktiki olaraq satın alınmışam. Ailəm tezliklə Qərbi Berlinə mənim travmadan sağaltmaq, beynimdə yerləşmiş marksizmi təmizləmək üçün köçdü. Amma bundan heç nə çıxmadı. Marks və Lenin məni inandırmışdı. Onlar mənə yeni alman tarixində məhvə məhkum edilmiş kapitalizmin çürüntüsünü görməyə imkan verdilər. Beləcə Marks və Lenində ilişib qaldım.

- 1968-ci il hadisələri zamanı bir çıxışınızda dediz ki, inqilab zamanı qurbanların sayı yol tıxaclarındakı maşınlar kimi çox ola bilər. Bu artıq təhdid idi,yoxsa sadəcə ehtiyat üçün deyilmişdi?

- Nə təhdid idi, nə də müdriklik. Kifayət qədər istedadsız seçilmiş obrazlı ifadə idi. 1968-cı illərdə hadisələr pik nöqtəsində idi. Hadisələrin inkşafı kəskinləşdi, yeni məqsədlər müəyyənləşdi və hakimiyyət inqilab əhval-ruhiyyəsinə həlledici yanaşmağa qərar verdi. Münhendə nümayişçilərin yaxınlığında bir jurnalistin öldürülməsi tələbələri dərindən sarsıtdı. Pessimist əhval ruhiyyə hakimiyyət çevrilişinə yol aça bilərdi. Onda inandım ki, tələbələr ölkəni silkələməyi bacaracaqlar və dediyiniz ifadə burdan qaynaqlanır.

- Siz qarşıdakı 1968-ci il inqilabını nəzərdə tuturduz.

– Təbii. Bütün istiqamətlərdən eyni fikrə gəlmişdik ki, cəmiyyət başqa cür olmalıdır- və o şübhəsiz ki, səsverməylə qurulmayacaq.

- İdeyalarınız reallaşmadı. Nə vaxtsa dönüş baş verəcək?

- Müəyyənləşdirmək çətindir. Bu komadan şüurlu vəziyyətə keçidə bənzəyir. Bir situasiyanı həmişə xatırlayıram. O dövrdə əhval ruhiyyə hər gün dəyişirdi. 1967-ci ildə iyunun 1-i axşam, İran şahının Almaniyaya səfərindən bir gün əvvəl Berlinin FU-nin (Berlin Azad Universiteti-S.S.) auditoriyasında böyük bir tədbir vardı. Bahman Nirumand (uzun illərdir Almaniyada yaşayan İran yazıçısı-S.S.) İrandakı vəziyyətdən danışırdı. Həmişə belə şeylərdən uzaq olan SDS- Alman Tələbələrinin Sosialist İttfaqı tədbirdən elə təsirləndi ki, birdən-birə Vietcongun (Cənubi Vyetnam Qurtuluş Xalq Cəbhəsi-S.S.) bayrağını binanın balkonundan asmaq üçün istifadə elədi. Növbəti gün, polis tərəfindən təqib edilən bayraq tələbə qruplarının və hərəkatın bayrağına çevrildi. Bu şüurlu proses çox sürətlə baş verdi.

- Tələbələr Leninə o qədər aludə olmuşdular ki, eynilə onun kimi hərəkət edirdilər.

- Hə, elədir. O zaman onlar hesab edirdilər ki, Lenin inqilabi prosesin zərurəti haqda kifayət qədər əsaslı yazıb. Mənim fikrimcə, 1968-ci il milli tələbə inqilabı (oxucuları çaşdırmamaq üçün deyim ki, eyni dövrdə fəaliyyət göstərən alman tələbə hərəkatı ilə RAF fəqrli təşkilatlardı-S.S.) sağlam və ədalətli idi. Çünki mübarizə Vyetnam xalqına öz taleyini özü tərəfindən həll etmək haqqını müdafiə edirdi. Iki min vyetnamlı kəndlinin ölümünə səbəb olan Amerika siyasətinə və onun Qərbi Almaniya hökuməti tərəfindən dəstəklənməsinə qarşı idi. Biz istəyirdik ki, məhz Almaniya amerikan müstəmləkəçiliyinə qarşı əsas geosiyasi faktor olsun.

- 1969- cu ilin sonunda siz Romada gizlənən Andreas Baaderə və Gudrun Ensslinə baş çəkmisiz.

- Düzdür. Onlarla əlaqəm vardı, çünki onların müdafiəçisi idim və bunu könüllü edirdim, harda gizləndiklərini bilirdim. Mən o zaman Berlində müxtəlif diskussiyalarda iştirak edirdim. Belə diskussiyalardan birində Rudi Dutschke (alman marksisti- 1960-cı illər tələbə hərəkatının liderlərindən biri-S.S) əhəmiyyətli rol oynayırdı. Rudi aydın şəkildə militarist hərəkat haqda danışırdı, qurtuluş müharibəsinə səsləyirdi. Ona görə də mən bilirəm ki, Rudi heç də təqdim edildiyi kimi sırf passifist deyildi. Mən onun təmsil etdiyi mövqeni tamamilə düz hesab edirəm. Ona görə də, nə edəcəyimiz haqda müzakirələr apardıq. Amma müəyyən şeylərdə razılığa gəlməsək də, düşmən kimi ayrılmadıq.

- Romadakı razılaşma hadqa nə deyə bilərsiz .

- Orda gizlənən RAF-çıların vəziyyətini bilirdim və onlara Münhendə nüfuzlu adamlar tərəfindən verilmiş pul apardım. Andreas Baader, Gudrun Ensslin, Astrid Proll və daha bir neçə nəfər başqası ilə söhbət zamanı nə edəcəyimiz haqda danışdıq. Sonra mən hazırlıq üçün geri döndüm ki, onların Berlinə gəlməsi mümkün olsun.

- Dostoyevski „Şeytanlar“ romanında Leninin sələfi kimi məşhur olan Sergey Neçayevin obrazını yaradıb, bu siyası katexizisizmdir: „İnqilabçı ölümə məhkum insandır, onun nə şəxsi maraqları, nə biznesi, nə şəxsi hissləri, nə də şəxsi əlaqəlri var“.

-Neçayev aparıcı fiqur idi. Neçayevin simasında - məni bütün cəmiyyətdə hər şeydən çox dəhşətə gətirən bir şey ortaya çıxdı: faşizm belə qruplarda xarici təsirlərdən yox, daxildən doğur. Hərçənd təsəvvür etmək olar ki, belə qruplar nəhayətdə, nə etdiklərini qavrayaraq özləri onu idxal edir, çünki bunu normal sayır. Neçayev kimi.

- RAF-in içində də faşistləşmə vardı…

- Xalqın özünüdərkini sürətləndirmək əvəzinə terrora başlayan təşkilatda çürümə başladı. Və mübarizəsinin məqsədi ədalət, azadlıq, həmrəylik olan təşkilat siyasi rənglərlə bəzədilmiş qətllər törədən bandaya çevrildi. Qrupun bir çox üzvləri özləri öz taleyini müəyyənləşdirlər. Xəyanətdə suçlanan, amma sübutu olmayanı öldürdüər. Belə vəziyyətə ədalətli cəmiyyət quruculuğundan danışmaq olmaz. Ümumiyyətlə, terrorizm o deməkdir ki, həll olunmamış problemlər var. Əgər dövlət özünə tənqidi yanaşsa bu terrorzimlə ən effektli mübarziə olar. Amma özlərinə tənqidi yanaşmağı bacarmırlar.

- RAF-ın "Qərbi Avropada silahlı mübarizə haqda“ manifestində müharibə elan olunur. O zaman sizin doğrudan da belə hissiniz vardı ki, müharibə vəziyyətindəsiz.

- O zaman yəqin ki, emosiyalar və məslək arasında konflikt vardı. Hiss edirdik ki, bu müharibə vəziyyəti deyil. Amma inanclarımızdan dolayı əmin idik ki, bizim rol oynadığımız vətəndaş müharibəsi baş verir. Vyetnamdakı hadisələr səbəbindən özümüzü qlobal vətəndaş müharibəsindəki kimi hiss edirik. Və öz ölkəmizdə insanlığın düşməni olan Amerikaya qarşı üsyana qalxdıq.

– Kapitalizmdə cəngəllik mübarizəsini təsvir edən inqilab romantikası səfehlik deyildimi?

-Həyatımda elə mərhələ olub ki, özümə inqilabın romantik düşüncə tərzi olduğunu deyirdim. Mən bu gün o fikirdəyəm ki, partizan müharibəsinin konsepsiyası hələ gələcəkdə olacaq.

- Belə fikirləşirsiz?

- Bəli. Cəmiyyətdə baş verənlər buna apara bilər. Cəmiyyət parçalanıb, zorakılıq artır. İnanıram ki, nöqsansız, daha mükəmməl insanlar bu yolla gedəcəklər. Onlar yenidən möhkəm ideologiyalar tapacaq və iddialarını, fikirlərinı, inanaclarını, tələblərini reallaşdıracaqlar. Hərçənd, sosializm məhv oldu, amma bu o demək deyil ki, düşünmək üçün başqa səbəblər yoxdur.


Almancadan çevirdi: Sevda SULTANOVA
# 1578 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #