“Bild”in baş redaktoru: Kilsənin tavanı belə erotik şəkillərlə doludur

“Bild”in baş redaktoru: Kilsənin tavanı belə erotik şəkillərlə doludur
23 avqust 2011
# 06:00
Kulis.az Almaniyanın “Bild” qəzetinin baş redaktoru Kai Diekmannın Türkiyənin “Hürriyət” qəzetinin müxbiri, media starı Ayşə Armana verdiyi müsahibəsini təqdim edir.


Qəzetinin adı “Bild”dir. Dünyanın üçüncü ən böyük qəzetidir. Gündə 4 milyon nüsxə satılır və 12 milyon adam tərəfindən oxunur. Bu cümləni bir daha yazmaq məcburiyyətində qalmayım deyə, siz beyninizdə bir neçə dəfə təkrar edin.

Təkrar edin ki, böyüklüyünü, həcmini, gücünü və fəaliyyətini təsəvvür edə biləsiniz. 12 milyon... Təbii fəlakət kimi bir şey. Qarşısına çıxanı dağıdar, yıxar, silib-süpürər. Başqa sözlə, buna “hakimiyyət” də deyə bilərik. Qarşımda dayanan adam bu gücün sahibidir – Kai Diekmann. İlk baxışdan insanda o təəssüratı oyadırmı? Milyardların hesabatını aparan adama oxşayırmı? Əsla!

Daha çox mədəniyyət redaktoruna bənzəyir. Eynəkli, müstəqil, azad ruhlu bir adam kimi, geydiyi cinsi, sviterdən çölə çıxan köynəyi və xətli-xətli paltosuyla eynən bizim kimiydi...
Açığı, gözlərini görənə qədər belə düşünürdüm. “Yox, par-par yanan bu gözlərdə nəsə bir qeyri-adilik var” dedim. İlk baxışdan zəka görə bilirsiniz o gzzlərdə; sonra da sonsuz maraq.

Daha sonra da jurnalistika peşəsi nəyi tələb edirsə, hamısını. Söhbət əsnasında başa düşürsən ki, heç kimə o boyda imperatorluq qara qaşına, qara gözünə görə verilmir. Elə hadisələr danışır ki, adam istər-istəməz mat qalır. “Bu qədər də olmaz” deyir. Həm də öz-özünə bu sualı verir: “Almaniyanın ən çox tənqid olunan adamının başına gələnlər mənim başıma gəlsəydi, nə edərdim? Bu qədər təhqirin, atılan ləkənin öhdəsindən gələ bilərdimmi?” Kai Diekmann bütün bunların öhdəsindən gəldiyi üçün Kai Diekmann. Ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, “Bild”ə siyasəti gətirməsidir...


Nə də olsa bir tərəfim almandır. Yəqin ona görə “Hürriyet”in idarə heyəti toplantısı üçün İstanbula gələn Kai Diekmannın şərəfinə verilən şam yeməyində yanına oturdum. Ay da, cümlə çox uzun oldu. Amma stol da çox uzun idi. Ən başda Aydın Doğan oturmuşdu. Mən heç belə ziyafətlərə öyrənməmişəm. Burda məni iki təhlükə gözləyirdi: ya dil boğaza qoymaya bilərdim, ya da ağzım bağlana bilərdi. Bir də ki, uzun müddət içki içmədiyim üçün bir qədəhdən sonra sərxoş olub, hər şeyi məhv edə bilərdim. Allah tərəfi, heç biri olmadı. Çox rahat bir adamdır. Birdən-birə hər şeydən danışmağa başladıq. Sən demə, bu adam iş yoldaşına aşiq olub. Yəni, həyat yoldaşı da qəzetçidir. Evlənirlər, 4 ilə 3 uşaq düzüb-qoşurlar.

Nə vaxt istirahətə getsələr, yoldaşı hamilə olaraq geri qayıdır. Hər bir uşaq dünyaya gələndə o da doğum otağına girib. Özü də hər 3 doğum normal doğum olub. Axırıncı da artıq Diekmann rejissor olmağa qərar verib sənədli film çəkməyə başlayır, arvadı da qiyamət qoparır. Hazırda balaca uşaqları 4 aylıq, ortancıl 2 yaşında, böyükləri isə 4 yaşındadır. 1 və 2 “nömrə” üçün Kai Diekmann cavabdehdir. 4 aylıq körpəyə isə yoldaşı Katya baxmalıdır. Yəni, o, gündüzlər nəhəng bir qəzetdə minlərcə insanla əlləşir, sonra axşamlar da evdə heç ərinmədən atalıqdan da savayı dayəlik edir. “Kimin vecinədir ki, mən “Bild”in baş redaktoruyam, ya yox - bizim uşaqlar axşam ağlasa, gecə mən durmalıyam!”.

Bu mənzərə mənə çox müdhiş görünür: açığı qonaqlıqda yanımda oturan adamla doğuşdan, süd verməkdən və uşaqların yatızdırılmasından uzun-uzadı danışmaq məni çox bəxtəvər edir. Kai Diekmannla tez isinişməyimizin başqa bir səbəbi də, həyat yoldaşı oldu. Necə bir jurnalistika ilə məşğul olduğumu öyrəndikdən sonra “sən mənim arvadımın türk variantısan!” dedi. Amma onun arvadı hamamda da müsahibə götürürmüş. Mənim hələ o səviyyəyə çatmağıma var. Onun bu açıqlamasından sonra “Əladır ki!” deyib, “Mən də sizinlə yataqda müsahibə alım” deyirəm... Bir az tərəddüddən sonra, “Arvadımın hamama soxduğu adamlara həmişə yazığım gələrdi, insan necə axmaq olmalıdır ki, belə bir müsahibəyə razı olsun” deyərdim. “İndi başa düşdüm ki, bu işlər necə baş verirmiş...”

- Neçə ildir “Bild”in baş redaktorusunuz?

- 5 il tamam oldu...

- Hələ də yorulmamısınız?

- “Bild” kimi bir qəzetdə yorulmağa vaxtınız və ya şansınız olmaz...

- Nə qədər satılır?

- 3.8 milyon. Amma 12.5 milyon insan oxuyur. Avropanın ən böyük, dünyanın isə üçüncü böyük qəzetidir. O biri ikisi Yaponiyadadır. Həmin o qəzetləri ələk-vələk edirəm, başlıqlarına baxıram – amma nəyi bizdən yaxşı etdiklərini başa düşmürəm, çünki yaponca bilmirəm!

- Təyyarədəsiniz, əlinizdə də “Bild” var. Kimsə birinci səhifəsində lüt qadın şəkli olan bu rəngarəng qəzeti görür. Siz həmin qəzeti gizlədərsiniz, yoxsa qürurla “Bu qəzeti mən çıxarıram” deyərsiniz?

- Əlbəttə, qürurla hamıya göstərərəm. Onsuz da Almaniyada getdiyim hər yerdə qəzetimizin manşetləri ilə qarşılaşıram. “Bild” Almaniyada gündəm yaradan bir qəzetdir. Həqiqəti ortaya çıxaran, sirləri açıb-tökən qəzetdir.

- Aha, birbaşa reklama keçdiniz!

- Amma həqiqət belədir. Əgər bir siyasətçi işinin öhdəsindən gələ bilmirsə, bizim yazımızdan sonra siyasi karyerası başa çatır. Yəni o qədər təsirimiz güclüdür. Həm də ki, biz, bu təsiri başqa qəzetlərdən fərqli üsullarla əldə edirik. Üzümüzdən hirs yağmır, oxucularımıza həqiqətləri çatdıran zaman, həm də onları əyləndiririk.

- Daha ciddi bir qəzetin Baş redaktoru olmaq istəməzdinizmi?

- Təcrübəmdə o da var – 2 il “Bild am Sontag” adlı bir qəzetin baş redaktoru olmuşam. İntellektual oxucuları hədəf almışdıq. Amma burda işi daha çətindir, çünki 12 milyonun oxuduğu bir qəzet buraxıram. Bir-birinə bənzəyən 2 milyon insanı sevindirmək, daha asandır.

- Bəs “Bild”də intellektuallarla dava edirsinizmi?

- Əlbəttə. Sadəcə intellektuallarla deyil, hamıyla. “Bild” romantik bir qəzetdir, fitnəkar bir qəzetdir. Qütbləşmə tərəfdarıdır. Barəsində çox danışılır, müzakirələr olunur, tənqidlər səslənir. Amma bu yaxşı bir şeydir, bizim istədiyimiz şeydir. Bir də ki, intellektuallar “Bild”lə savaşırlar, amma eyni zamanda da kitablarının təqdimatının da bu qəzetdə olmasını istəyirlər...

- Bu, bir qədər ikiüzlülük deyilmi?

- Yox! Əksinə, onları haqlı hesab edirəm. Almaniyanı başa düşmək üçün, almanların əksəriyyətinin nə düşündüyünü bilməyə məcbursunuz. Deməli, istər-istəməz gündəmi bizdən izləməlisiniz. Mən həmişə bunu deyirəm ki, Almaniyada cəmi iki qəzet oxunsa bəsdir – biri “Frankfurter Allgemeine Zeitung” (FAZ) – çox mühafizəkar və hörmətə layiq bir qəzet, o biri də “Bild”...

- FAZ üçün “hörmətə layiq” ifadəsini işlətdiniz, bəs öz qəzetinizi necə təqdim edirsiniz?

- “Bild”i oxuyan zaman gülə bilərsiniz, nifrət edə bilərsiniz; qısası, laqeyd qala bilməzsiniz. Mütləq nəsə bir şey hiss edərsiniz. Maraqlı, fitnəkar, və həyəcanvericidir.

- Sizdəmi elə adamsınız, yəni bu ibarələr həm də sizi ifadə edə bilərmi?

- Deyəsən, eləyəm. İstər-istəməz insanın şəxsiyyəti qəzetinə də siraət edir. Mən də oxumaq istədiyim qəzeti çıxarmaq istədim və etdim. Yəni oxuduğum zaman əyləndiyim bir qəzet arzulayırdım. “Bild” elə bir qəzetdir.

Həm də ki, “Bild” müstəqil qəzetdir, burda nə istəsəniz edə bilərsiniz. Məsələn, bu ciddi görünən qəzetlər var ha, onlar o qədər mühafizəkardırlar ki böyük ölçülü şəkli səhifəyə yerləşdirə bilməzlər, öz qəlibləri içində boğulub qalırlar. Onlar bizim elədiyimizi eləyə bilməzlər, amma məsələn biz intellektual ola bilərik. Papa ölən zaman biz onun vəsiyyətini dərc edən ilk qəzet idik. Sonra da günlərcə Papanın ölümü ilə bağlı yazılar çap etdik. Başqa heç bir qəzet bunu etmədi...

- Birinci səhifədən qadınları çıxarsanız nə baş verər?

- “Hüriyet”dən qadınları çıxartsanız nə baş verərsə, bizdə də o olar! Mən də sizə belə bir sual verim: Qadın nəşrləri də üz qabığına qadın şəkli qoyur, niyə? Sizcə, nəyə görə kişi şəkilləri yerləşdirmirlər? Çünki təkcə kişilər yox, həm də qadınlar da qadına baxmaq istəyir...

- Bunu bildik, amma sizin birinci səhifənizdəkilər tərtəmiz erotikdir!

- Amma bu artıq həyatın bir hissədir. Əyləncə mədəniyyətinin bir parçasıdır. Reklamlara nəzər salın, seksual və erotikdilər. Moda da eləcə. Seksual və erotik olmayan nəsə var? Bilmirəm Vatikana getmisinizmi, ya yox, “Sistine” Kilsəsinin tavanı belə erotik şəkillərlə doludur. Əlbəttə qəzetdə ciddi xəbərlər olmalıdır, amma xırda zarafatlı xəbərlərin və belə şəkillərin kimə nə ziyanı var ki?!

- Jurnalistikaya necə başladınız? Qeyri-adi bir macəranızın varmı?

- Təsadüfə baxın ki, 21 il əvvəl mən jurnalist kimi “Bild”də fəaliyyətə başlamışam!

- “20 il sonra burada Baş redaktor olacağam” fikrini ağlınızdan keçiribsinizmi?

- Yox da! Heç elə xəyallarım olmayıb. Jurnalistika mənim üçün sadəcə meydan oxumaq idi.

- Necə yəni?

- Alman ordusunda xidmətdə idim. Atam vəkil olmağımı istəyirdi, mən isə əsgərliyə getmək üçün inad edirdim...

- Niyə?

- Bilmirəm, o vaxtlarda hər kəs əsgərliyə qarşı çıxırdı, silahlanmanın əleyhinə olmaq, antimilitarizm dəbdə idi. “Eləmi?!” deyib əsgərə getməyə qərar verdim, özü də 2 illiyinə! Mən elə gənc idim. Hər şeyə müxalif idim. Ona görə də, əsgərdə olarkən xeyli nizam-intizam problemlərim oldu, 12 həftəsonunun 10-da cəzalı idim. Çölə çıxmağıma icazə verilmirdi. Zabitləri dəli edirdim...

- Neyləyirdiniz ki?

- Sual verirdilərsə qəsdən səhv cavab verirdim. Şkafını bağlı saxlamağım lazım idisə, bilə-bilə açıq qoyurdum. Heç demə, şkafını açıq qoymağımla yoldaşlarımı “oğru” ittihamı ilə üz-üzə qoyurdum. Mən də oturub ərizə yazırdım: “Xahiş edirəm məni təcili olaraq başqa bir bölüyə göndərin, çünki xəbərdarlığınızdan sonra burada potensial oğrularla eyni cərgədə olduğumu başa düşürəm və bunu istəmirəm.” Bundan sonra hirslərindən partlayırdılar.

- Həmişə belə olmusunuz?

- Bəli. Bu, mənim xasiyyətimdir...

- Sistemə qarşı olmaqmı?

- Dəqiq deyə bilmərəm. Əslində əsgərlikdə məntiqli nəsə axtarmaq yersizdir, amma mən axtarırdım. Qaydaları pozmağa, ya da belə deyim, o qaydalardan uzaq keçməyə çalışırdım. Qanunu oxuyub nə qadağandır, nə deyil hamısını öyrənirdim, sonra da “qadağanı necə yola verərəm” sualına cavab axtarırdım. Məsələn, “iki əsgər əl-ələ tuta bilməz” deyə bir qadağa yox idi. Mən də zabitləri dəli etmək üçün dostlarımla əl-ələ tutub gəzirdim. Məqsədim fitnə törətmək idi. Sonra çox yaxşı bir zabitlə işlədim, məni mətbuat bölüyünə yerləşdirdi. Bilmirəm, bəlkə də canını məndən qurtarmaq istəyirdi...

- Qəzetçilik həyatınıza belə başladınız?

- Yox, bundan əvvəl təcrübəm var idi. Liseydə olanda məktəb qəzeti çıxarırdım. Ölkədəki ən böyük məktəb qəzeti idi, 36 min satılırdı. O da fitnəkar qəzet idi. Mən liseydə olanda gənclərin əksəriyyəti sol təmayüllü idi. Yəqin artıq başa düşdünüz, mən tam tərsinə, sağçı idim...

- Daima baş bəlasımı olmusunuz?

- Mən təxribatı, təhrik etməyi, provokasiyanı çox sevirəm. Bu, baş bəlası olmaqdırsa, bəli eləyəm. İndinin özündə də eləyəm. O vaxtlar sırğa taxmaq çətin məsələ idi, anam-atam belə əleyhinə idilər. Evin 50 km-liyinə qulağı sırğalı yaxınlaşmaq qadağan edilmişdi. Bəs mən neylədim?! Heç nə, əsgərlikdə də sırğalı gəzdim. Düzdür, üstünə bint yapışdırmışdım, amma hər halda çıxarmamışdım ki... Bundan əlavə, əsgərlikdə konkret saç düzümü var idi - arxası qısa, qabağı isə üzə tökülməyən stil. Amma mən telimi uzadıb arxaya doğru darayırdım. Çünki qaydalarda “üzə tökülə bilməz” yazılmışdı, “Uzatmaq qadağandır” yox. Amma o illərin ən yaddaqalan və gözəl hadisəsi əsgərlər üçün buraxdığım qəzet və jurnallar idi. Sonunda da indi işlədiyim qrup dedi ki, gel “Bild”də iki həftə bizimlə işlə, görək xoşuna gələcək?

-Yəni onlar sizi tapdılar?

- Bəli, bəli. Mənim məqsədim tarix və Alman ədəbiyyatı təhsili almaq idi. Amma onlar mənə təhsil vermək istədilər. Açığı, jurnalistika Almaniyada ən əlçatmaz təhsillərdən biridir. Hər il 2 min adam sənəd verir, amma 60 kişi qəbul olunur. Gəncsiniz, təhsil alırsınız, hələ bir də əlavə olaraq pul da verirlər. Yəni əlverişli şərtlər idi. Sonra məni parlament müxbiri kimi Bonna göndərdilər. O günə qədər Bonnda çalışan parlament müxbirlərinin ən gənci idim.

- Orda da baş bəlası oldunuzmu?

- Yox, olmadım. Amma orda da şöhrətim yayıldı. Çünki uzun saçlıydım, at quyruğu da yığırdım və balaca, yaşıl timsah şəklindəki bir saç yığanla arxadan bərkidirdim. Bu məni qeyri-adi etdi. Saçımdakı timsahı görən adam bir daha məni yadından çıxarmırdı. Məsələn, Kölün xanımı (Almaniyanın keçmiş baş naziri Helmut Kölü qəsd edir - V.Q.) məni görəndə “Aaa, Bethoven gəlib” deyirdi. Təhsilimi başa vurduqdan sonra 2 il də parlament müxbiri olaraq işlədim. Sonra oradan ayrıldım, 2 il də “Bunte” jurnalında çalışdım və nəhayətində yenidən “evimə” qayıtdım. Yavaş-yavaş irəliləməyə başladım. 10 ildə çoxlu qruplarda çalışdım, müxtəlif məsuliyyətlərin altına girdim... Kriminal xəbərlərdən tutmuş, idman, şou, iqtisadiyyata qədər hər şeydən yazdım...

- Bu qədər işin içərisində, ən çox hansı sahədə uğur əldə etdiniz?

- Əyləncəli siyasi xəbər hazırlamaqda. Amma ciddi siyasi xəbərlər də hazırlamışam. Xüsusən də müsahibələr. Məsələn, Putinlə, Yelsinlə, Qorbaçovla, Toni Bleyerlə müsahibələr və çoxlu sayda siyasi xəbərlər...

- Başqa fərqli siyasi çalışmalarınız olubmu?

- Olub. Helmut Kola bir siyasi məqsədli səhərdə siyasətdən kənar gündəlik fəaliyyətini qələmə almağımı təklif etdim. Əvvəlcə tərəddüd etdi, amma sonra mənə inandı, güvəndi. Nəticədə, solçular məndən daha da çox nifrət etdilər. Çünki Almaniyanın o zamankı Baş nazirini adiləşdirdim. 96-cı ildə Kölün memuarını yazdım. 25 həftə “Der Spiegel”də n yaxşı oxunan yazı oldu. 10 dilə tərcümə edildi. Hamının məndən danışdığı zaman, məni işdən çıxartdılar...

Ardı var...


Vüqar QURDQANLI
# 1458 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #