Bu yazıq tərcüməçilər

Bu yazıq tərcüməçilər
29 may 2013
# 10:57

Ən yaxşı mütaliə üsulu

Kimsə belə bir söz işlədib: «Tərcüməçilik – oxumağın ən yaxşı üsuludur».

Güman edirəm ki, bu həm də qədr-qiyməti bilinməyən, ən çətin və haqqı ən pis ödənilən peşədir.

«Traduttore traditore» - yəni, tərcüməçi xəyanətkardır.

İtalyanlarda belə bir məşhur atalar sözü var. Mənası aydındır: tərcüməçi özündən asılı olmadan müəllifin niyyətini təhrif edib ona xəyanət yapmış olur. Amma mənim ən ağıllı və ən xeyirxah fransız tərcüməçilərindən biri saydığım Moris Edqar Kuandro öz həyatından bəhs edərkən, bir sıra məhrəm fikirlərini bölüşmüşdü ki, bu fikirlər hər halda yuxarıdakı fikrin əksini sübut edir. Moriakın təbirincə, Kuandro tərcüməçinin əslində müəllifin «meymunu» olduğunu söyləmiş və bununla tərcüməçinin öz iradəsindən asılı olmayaraq müəllifin hər hansı mimika və jestini yamsılamağa məcbur kəsildiyini vurğulamaq istəmişdi.

Kuandronun özünün isə Şimali Amerikanın o zamanlar hələ adları yaxşı tanınmayan cavan nasirlərindən – Folknerdən, Dos Passodan, Heminqueydən, Steynbekdən etdiyi tərcümələr Fransaya bütöv bir yazıçılar nəslini təqdim elədi ki, müasirləri olan Avropalı həmkarlarına, o cümlədən Sartrın və Kamyunun yaradıcılığına bu yazıçıların şübhəsiz böyük təsiri oldu.

Beləliklə, Kuandro-tərcüməçi «xəyanətkar» yox, əksinə, dahi bir həmfikir çıxdı. Eləcə də bütün zamanların və bütün xalqların

ən yaxşı tərcüməçilərinin çevirdikləri əsərlərə çəkilən zəhmət bəzən görməzliyə vurulur, əvəzində tərcümələrdəki qüsurları şişirtməyə həvəslə girişirlər.

Yabançı dildə yazılmış əsəri oxuyarkən yaradıcı adamda oxuduqlarını çevirmək arzusu baş qaldırır. Bu, təəccüblü deyil, çünki mütaliədən aldığın ləzzəti musiqidən aldığın zövq kimi dostlarla bölüşmək istəyirsən. Çox güman ki, Marsel Prustun ən məhrəm və müqəddəs, fəqət həyata keçirməyə macal tapmadığı arzularından biri məhz bununla izah olunur: o, özünə qətiyyən bənzəri olmayan Con Roskini ingiliscədən çevirmək istəyirdi.

Mənim arzum isə hazırda öz vətənində çox da populyar olmayan iki yazıçının – Marlo və Sent-Ekzuperinin əsərlərini çevirmək olub: mən bu işi çevirmə prosesindən, prosesin özündən həzz almaq xətrinə görmək istəyirdim. Lakin bu məndə həvəs olaraq da qaldı. Əvəzində bir xeyli müddətdir ki, asudə olduğum nadir hallarda böyük məmnunluqla Çakomo Leopardini çevirirəm.

İnanmıram əsərinin hər hansı tərcümə variantı haçansa yazıçının tam ürəyincə olsun. Axı, hər sözdə, hər aksentdə yalnız müəllifin özünə bəlli olan sətiraltı məna gizlənir. Ona görə yaxşı olardı ki, tərcümə prosesində müəllif imkan daxilində tərcüməçi ilə bərabər özü də iştirak etsin.

Bu cür əməkdaşlığın ən parlaq nümunəsi kimi Ceyms Coysun «Uliss» romanının fransız dilinə edilən çox gözəl tərcüməsini misal göstərmək olar. İlkin «çiy» tərcümə Ogüst Moraya məxsusdur; son variantı isə o, Valeri Labro və Coysun özüylə birgə işləmişdi.

Mütəxəssislərin yekdil rəyinə görə, əsl şedevr alınıb və ola bilsin, həmin tərcümə yalnız və yalnız Antonionun portuqal dilinə etdiyi tərcümədən geri qala bilər. Həmin əsərin ispan dilindəki yeganə tərcüməsi isə, əksinə, çox keyfiyyətsiz və bərbad haldadır.

İspancaya onu sığorta eksperti olan Salas Subirat adlı bir argentinalı çevirib. Bədbəxtlikdən, həmin tərcümə də Santyaqo Ruedenin əlinə keçib və 40-cı illərin axırlarında naşir götürüb onu çap eləyib.

Güstav Çin-Abri və Filipp Nilin fransızcaya çevirdikləri Konrad romanlarının tərcümə variantlarını tarixi tərcümə baxımından xüsusi qeyd etmək olar. Polşada doğulmuş bu görkəmli yazıçının əsl adı – Teodor Konrad Kojenevskidir; atası ingilis ədəbiyyatının, o cümlədən Şekspirin tərcüməçisiydi. Konradın doğma dili polyak dili olsa da, ingilis və fransız dillərini uşaqlıqdan öyrənmişdi; hər iki dildə yazmağı bacarır və yazırdı.

Söyləyirlər ki, Konrad əsərlərini fransızcaya çevirən tərcüməçilərinin gününü qara eləyirmiş. Lakin burası da çox maraqlıdır ki, özü heç vaxt öz əsərlərinin tərcüməsinə girişməzmiş. Ümumiyyətlə, mən qəribə bir faktı müşahidə etmişəm: iki dildə yazan yazıçılar arasında öz əsərlərinin tərcüməsiylə məşğul olanlara çox nadir hallarda təsadüf edilir.

Əsərlərini iki dildə – əvvəl fransız, sonra ingilis dilində yazan məşhur irland yazıçısı, Nobel mükafatçısı Semuel Bekketin yaradıcılığı bu baxımdan daha diqqətəlayiqdir. Mahiyyətcə bunlar eyni əsərlərdir, ancaq müəllif israr edir ki, ikinci dəfə qələmə alınan variant heç də birincinin tərcüməsi deyil; yəni bunlara sadəcə tərcümə variantı kimi yanaşmaq düzgün olmaz və guya hər biri ayrı-ayrı əsərlərdir.

Bir neçə il öncə, isti bir yay günü Siciliyanın cənubundakı adaların birində tərcümə işinin sirləri ilə tanış oldum; ömrünün sonunacan mənim əsərlərimin italyancaya tərcüməsi ilə məşğul olmuş qraf Erriko Sikonya o zaman Lesama Limanın «Cənnət» romanının tərcüməsi üzərində işləyirdi.

Lima poeziyasının sadiq pərəstişkarı kimi, mən indi onun özünəməxsus nəsri – germetik romanıyla yaxından tanış olmaq fürsətini qaçırmaq istəmədim. Və gücüm yetən qədər başladım Sikonyaya kömək etməyə; mən mətni açıqlayırdım, o isə çevirirdi.

Bax, mən onda başa düşdüm ki, tərcümə həqiqətən ən səmərəli mütaliə üsuludur. Yeri gəlmişkən, biz həmin mətndə ən azı on sətir tutan qəliz bir cümləyə ilişib qalmışdıq – burda aləm bir-birinə qarışmışdı; mübtəda bir neçə dəfə öz cinsini və şəkilçisini dəyişir, söhbətin kimin barəsində getdiyindən, hadisələrin haçan və harada baş verməsindən, bir sözlə, nəyin necə olduğundan əsla baş açmaq olmurdu.

Limaya yaxından bələdçiliyimiz belə fərz etməyə imkan verirdi ki, bu pərakəndəlik şüurlu şəkildə, bilərəkdən edilib və Sikonya da problemə çevrilən bir məsələ üzərində baş

sındırırdı: tərcüməçi qrammatik əlaqənin pozulmasıyla barışmalıdırmı, yoxsa bu pərakəndəliyi nizamlayıb ciddi sistemə salmalıdır? Mənim fikrim belə idi: orijinalın bütün xüsusiyyətləri olduğu kimi saxlanılmalıdır ki, roman öz uğur və qüsurlarıyla əslində necə varsa, başqa dildə də eynən o şəkildə görünsün. Belə düşünürəm ki, bu həm də oxuculara münasibətdə bir loyallıq aktıdır.

Şəxsən məndən ötrü ən xoşagəlməz iş – bildiyim üç dildə öz əsərlərimin tərcüməsini oxumaqdır. İspancadan başqa o biri dillərin heç birində özümü tanıya bilmirəm. Düzdür, Qreqori Rabassanın ingiliscəyə çevirdiyi bir neçə kitabı oxuyarkən, etiraf edim ki, hətta mənə ispanca olan orijinalın özündən də qat-qat xoş gələn yerlərlə rastlaşdım.

Rabassanın tərcümələri belə təsir bağışlayır ki, sanki o, kitabı başdan-ayağacan əzbərləyib, sonra onu birinci sətirdən sonuncu sətrədək ingiliscə təzədən köçürüb: onun orijinala sadiqliyi hərfi tərcümədən daha mürəkkəb şeydir. Rabbasanın çevirmələrinin uğuru onunla şərtlənir ki, o heç vaxt sətiraltı qeydlərin köməyinə arxalanmır; əfsuslar ki, naşı tərcüməçilər daha çox elə məhz bu metoda üz tuturlar.

Bu baxımdan, mənim portuqal dilinə çevrilmiş bir kitabımı misal göstərmək olar. Əsərin mənası da, səslənişi də, heç şübhəsiz ki, onu çevirənin vicdanının öhdəsinə qalır. Misalçün, səhifənin altındakı qeydlərin birində astromeliya sözünə belə izah verilib: «Q.Q.Markesin uydurduğu fantastik çiçək». Halbuki bu söz elə portuqal dilinin məhsuludur, üstəlik də astromeliya çiçəyinin mövcudluğu bizim Qəraibdə hamıya bəllidir…

# 2869 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #