Kulis.az Loğmanın "Köç" adlı yazısını təqdim edir.
Hər il avqust ayı – kəndimizin işğal günü gələndə içim göynəyir.
Körpələrimin illər sonra gözlərinin dərinliyindən özlərindən xəbərsiz boylanan oğurlanmış uşaqlıqlarının üzümə dikilən məsum kədərini bir dəvə karvanı çəkib apara bilməz.
Onların uşaq kimi boy atmaq haqlarını əllərindən aldılar.
Onların həyatlarının sonuna kimi yeri boş qalan uşaqlıqlarını yaşamaq sevincini oğurladılar, təbəssümlərini birdəfəlik çöhrələrindən sildilər.
Onları sevmək, saçlarını qoxulamaq, güldürmək səadətimi yetim qoydular.
Mənim ağac əkmək, bəsləmək, barını dərmək, bənzərsiz insan-ağac ünsiyyətini yaşamaq hüququmu qəsb elədilər.
Bu ağrını bazardan meyvə almaqla səngitmək mümkün deyil.
Böyümüş uşaqları oyuncaq almaqla uşaqlıq illərinə qaytarmaq olmur.
Ən böyük dərd odur ki, itirdiklərimizin yeri ölənəcən boş qalır.
Köç elədik.
Qohum-əqrəba mehrindən, dost-tanış ülfətindən, gözəllik heyrətindən köç elədik.
Bacıların ayaqyalın oynadığı qardaş toylarından köç elədik.
Körpə gülüşündən, ixtiyar baxışından, el alxışından köç elədik.
Min illik doğmalıqdan uzaq düşdük – körpə anasından, quşlar yuvasından ayrılan kimi.
Buz bulaqlardan isti göz yaşlarına, isti ocağımızdan soyuq məzarlara köç elədik.
Duruluğumuz, axarımız lilləndi.
Baharımız, baxarımız səhralandı, çölləndi.
Bərəkətimiz, bəhərimiz ələ gəlmədi, selləndi.
Güzəranımız gethagetdə – köç üstündə.
Köç elədik.
Xırmanımızı yel apardı.
Bəndimizi-bərəmizi sel apardı.
Haqqımızı, halalımızı fel apardı.
Cığırlarımız lələklədi, yollarımızı ot basdı.
Həyət-bacamız hənirə, arxlarımız su üzünə həsrət qaldı.
Zəmilərimiz vağanıdı, həşəm oldu, başağımız – tapdaq.
Bütövlüyümüzü, birlik-bikirliyimizi itirdik.
Xırdalandıq, pərən-pərən olduq.
Dağım-dağım dağıldıq.
Zənginliyimizdən, ağayanalığımızdan boynubüküklüyə, fağırlığa köç elədik.
İnamımızdan „lazım gəlsə...“lərə sığındıq.
Bel bağladıqlarımızdan əlimizi üzdüklərimizə pənah gətirdik.
Bu köçhaköçdə qazanan olmadı, özünə təsəlli verən, özünü dünya malı ilə ovudanlar oldu.
Dünya malı ilə yarasını keyləşdirən oldu, amma heç kim sağalda bilmədi.
Bu gün Azərbaycanın abadlaşan, gözəlləşən bütün bölgələrində, bütün şəhərlərində vicdanlı, namuslu adamların üzünə Qarabağ viranələri baxır.
Ömür köç yollarında, köç maşınlarının banında, kirayə evlərin quzulayıb tökülmüş divarları arasında keçdi.
Ömür-gün kimi yaşanmadı, köç havası üstündə keçdi.
Dalğalar üstündə vurnuxan qağayı kimi qonmağa yer axtardım.
Köçdən, köç barxanasından yurd yeri düzəltmək istədim.
Hara getdim, hara üz tutdumsa köçdüyümü, köçkünlüyümü gördüm insanların gözlərində.
Gördüm ki, uşaq vaxtı köç yolunda dəvələrin üstündə oturmuş uşaqlar kimi yavaş-yavaş ötüb keçirəm onların baxışlarından.
Ömür yaşanmağa macal tapmadı, köç elədi itkilərə.
Hər il avqust ayı – kəndimizin işğal günü gələndə ruhum inildəyir – xaraba evlərdə – külək, yiyəsiz çöllərdə ulayan yalquzaq kimi…
Qarabağ dərd deyil ki, əridəsən.
Savaş deyil ki, çürüdəsən.
Uşaq deyil ki, kiridəsən.
Qarabağ ruhumdur – köksümdən qoparılmış.
Umudlarımın budaqlarında bayquşlar ulayır.
İçim xarabadır...