Flora Kərimovanın toyda uşağa kabab yedirtməsi FOTOLAR

Flora Kərimovanın toyda uşağa kabab yedirtməsi <span style="color:red;">FOTOLAR
15 sentyabr 2014
# 12:06

Min nəfərə bir dərd olsa, hökmən gəlib tapar məni,

Yer üzündə bir it varsa, gəlib tapıb, qapar məni.
Arzum içimdə qəribdi, sinəmdə qəm göyəribdi,
Yuxuma ilan giribdi, yəqin çalar, o mar məni.

Bakıdan yola çıxmağımın üstündən nə qədər vaxt keçdiyini fərq etmədim. Eynilə Flora Kərimovanın “Mənim, mənim” mahnısının melodiyalarını neçənci dəfə dinlədiyimi hiss etmədiyim kimi. Flora xanımın “Ayy qızım, bu mahnı mənim üçün yazılıb” deyərcəsinə, sözlərin arasında eniş-çıxışları, çıxışlarındakı tonun yetərli olmadığını düşünmüş kimi səs tizini bir oktava da yüksəldib, saxladığı yerdən üsyan edərcəsinə yenidən davam etməsi, hiss etdirmədən qulağımda guruldayann üsyanın “ehhh” vurğusu xalq artistimizin mahnını necə mənimsəyib, sahibləndiyini göstərir.

“Oxuyan” və “Sənətçi” qavramındakı nüansın qalın cizgilərlə ayrıldığı nöqtə olan Flora Kərimovaya “Sizi yoran səbəblər illərmi, yaşınızmı, yoxsa yaşadıqlarınız?” sualını verirəm, o füsunkar səsi dinləyərkən. “Ay qızım, sən “Mənim mənim” mahnısını heç dinləməmisən?” sualı ilə qarşılıq verəcəyini xəyal edərək çatıram Salyana.

Yarımçıq müsahibəm

İki nəfər Flora xanımın qoluna girib. Sənətçi maşından güclə düşür. Ayaq üstə durmağa taqəti yox idi. Həyətdə onu görmək üçün sıraya düzülmüş insanlara “salam” verib evə keçməyə çalışır.

Ayaqqabısını çıxarıb pilləkənləri qalxdı. Otağına dincəlməyə yollandı. Hamı narahat idi, Görəsən ciddi bir şey olmayıbki? Özünü yaxşı hiss etməsə də ailə dostunu övladının toyunda tək qoymaq istəməmiş, səhhəti bahasına da olsa, Bakıdan Salyana gəlmişdi. Hamı pıçıldaşır, Flora Kərimova buradadır, görəsən, təzyiqi düşüb, ya qalxıb, hə, indi ölçək, kofe verək, dincəlsin və s. səslər bir-birinə qarışıb.

Toy evinə gələn qonaqlar bu əfsanəvi xanımın yan otaqda olmasına inana bilmirdi. Bir saat keçdi və Flora xanım otağından çıxıb, qonaqların yanına gəldi. Onu öpür, qucaqlayır, “xoş gəlmisiniz” edir və diqqətlə süzürlər. Mənsə, həftələrdir baş tutmayan müsahibəmin (səhhəti ilə bağlı görüş təxirə salırdı) ardından Flora xanımla söhbətləşmək üçün Bakıdan Salyana qət etdiyim məsafəni unutmuş, gördüyüm mənzərə qarşısında yolboyu düşündüyüm sualın cavabını tapmışdım!

Qız evində çaxnaşma

Oğlan evinin gəlməyinə çox az vaxt qalır. Flora xanım qonaqlarla söhbətləşir, kimi şəkil çəkdirir, kimi onun mahnılarından danışır. Yaxınlaşıb, “Özünüzü necə hiss edirsiniz, Flora xanım” - soruşuram. “Yaxşıyam, qızım, sənin üzün mənə tanışdır”- deyir. Qısaca, müsahibə barədə vədələşdiyimizi xatırlatdım. Ayağa qalxır, mənimlə görüşür: “Qızım, səhhətim imkan vermədi ki, biz görüşək, amma sənə müsahibə verəcəyəm” - deyir.

Daha sonra müsahibəni başlamaq qərarına gəlirik. İki-üç sual verirəm. Elə bu zaman evə gələnlərin sayı çoxalıb, toyun vaxtı yaxınlaşdıqca təşviş artır, hamı Flora xanımla şəkil çəkdirməyə yaxınlaşır. Müsahibəni dayandırmaq məcburiyyətində qalırıq. Flora xanım eləcə gülümsəyir, özünü narahat hiss etsə də heç kəsi incitmək istəmir.

Oğlan evi gəlir, gözəl sənətçi bəy və gəlinə xeyir-duasını verir. Şadlıq evinə yollanırıq. Yolla gedənlər bizim maşına baxır, gözlərinə inanmayıb bir də baxırlar. “Bu ki Flora Kərimovadır” – ifadəsini üzlərindən sezmək mümkündür.

Beləcə, artıq toy mərasimindəyik. Bütün gözlər bizim masadadır, kimi şəkil çəkdirmək üçün yaxınlaşır, kimi pıçıldaşaraq keçir. Qonaqlardan tutmuş, restoran işçilərinə qədər hamı növbədə durub şəkil çəkdirir, onu öpüb qucaqlayır, kimi də qulağına nə isə pıçıldayır. Flora xanım isə yalnız gülümsəyir, arada da qayğı ilə üzünü mənə tutub “Qızım, sən heç nə yemədin”-deyir, ana nəvazişi ilə.

Bir parça kabab-çörək

Flora xanımla eyni masada oturarkən “Xalq sənətçisi”, “Xalqın sənətçisi” olmağın sözlə deyilzəhmətlə ilə qazanıldığına təəccüblə şahid oldum. Operatorlardan biri Flora xanımla nəsə danışdı. Flora xanım operatorun 8-10 yaşlı köməkçisinə (uşaq kameranın şnurunu daşıyırdı) əl edib, yanına çağırdı. Uşaq utanaraq, başı ilə yox dedi. Flora xanım əlinə bir parça çörək alıb, arasını açdı, içinə kabab qoydu. Ayağa qalxıb uşağa sarı getdi. Bu an bütün masa əhli və kənardakılar nə baş verəcəyini maraqla izləyir.

Flora xanım çörəyi uşağa uzadıb, başına sığal çəkdi və gülümsəyərək “ye” dedi. Uşaq ləzzətlə yeməyə başladı. Həmin an Flora xanımın necə böyük ürəyə sahib olduğunu anladım. Çoxumuzun bəlkə də diqqət etmədiyi, şnur daşıyan uşaq Flora xanımın diqqətindən yayınmadı. Çörəyi uşağa verib, masaya qayıdan sənətçi uzun-uzun masadakı nemətlərə baxdı və gözü dolmuş halda bir masanı seyr etdi, bir də çörəyi ləzzətlə yeyən uşağı…

Sükutu aparıcının təqdimatı pozdu: “Bu gün Azərbaycanın xalq artisti, sevilən sənətkarımız Flora xanım qonağımızdır”. Bu an Flora xanım hələ də uşağı izləyir, aparıcı yaxınlaşır və onu səhnəyə dəvət edir.

Yaşayan əfsanə səhnədə

Flora xanım həmişəki kimi, yarı zarafat, yarı ciddi bəy və gəlini təbrik edir, qonaqları salamlayır və musiqi hədiyyəsini təqdim edir. O gözəl, ecazkar səsi ilə salonu titrədir, gənclərin əhatəsində, elə onlarla birlikdə, Bakı – Salyan yolunda neçə dəfə dinlədiyimi xatırlamadığım “Min nəfərə bir dərd olsa, hökmən gəlib tapar məni, yer üzündə bir it varsa, gəlib tapıb qapar məni” mahnısını ifa edir, möhtəşəm rəqsi ilə də hamını heyrətlənir.

Sanki səhnədəki bir neçə saat əvvəl təzyiqdən əziyyət çəkib, yeriməyə halı olmayan Flora xanım deyil. Kimsəni incitmək istəməyən, mətbuata dost, sevənlərinə dəyər verən, millətini, xalqını arxa, dayaq hesab edən sənətkar! Xalqın artisti! Xalqın sənətçisi!

Canlı əfsanə, görüşənədək!

Daha baş tutmayan müsahibəmə üzülmürəm, o müsahibənin ardınca Bakıdan Salyana getdiyimə və ikinci dəfə, amma daha yaxından bu xanımla yol yoldaşı olduğuma görə sevincliyəm! Nə yaxşı ki, Flora Kərimovamız var, nə yaxşı ki bu canlı əfsanəni yaxından tanımaq imkanım oldu və nə yaxşı ki örnək səs və sənətçini tanımaq bizim nəslə qismət oldu!

Sevinc XanQızı

# 2406 dəfə oxunub

Müəllifin son yazıları

# # #