Xristofor Kolumbun qaniçən davamçıları FAKT

Xristofor Kolumbun qaniçən davamçıları <span style="color:red;">FAKT
3 sentyabr 2014
# 14:25

XV-XVI əsrlərdə avropalılar bir sıra səbəblərdən yeni ərazilərin kəşfinə başladılar. Böyük coğrafi kəşflər adlanan bu prosesin qollarından biri də Xristofor Kolumbun kəşfi idi. İspan kralını çətinliklə razı salan Kolumb səyahətini reallaşdıra bildi. Qızıl hərisliyi naminə yola çıxan bu ekspedisiya dünyaya indinin özündə də böyük nailiyyət hesab olunan yeniliklər bəxş etdi. Amma əslində bu, aysberqin görünən tərəfi idi.

Bəs bu kəşflər naminə qurban verilənlər?

Coşqun axar sularla əhatə olunmuş bərəkətli torpaqlarda təbiəti məhv etməyən, ondan faydalanmağı öyrənən, silah və müharibəni tanımayan insanlar yaşayırdı.

Ekspedisiya Baham adaları sahilinə yan alanda yerli xalq olan aravaklar gələnləri qarşılamaq üçün kəndlərindən çıxıb sahilə endilər. Böyük gəmini daha yaxından görmək üçün üzərək, heyətə yaxınlaşdılar. Kolumb və əsgərləri əllərində qılınc sahilə çıxdılar, aravaklar isə onları qarşılamaq üçün qaçırdılar. Sonralar Kolumb gündəliyində aborigenlərlə bağlı yazırdı: “Onlar əllərində tutuquşu, pambıq və nizə yanımıza gəldilər, onların müqabilində muncuq və şahin zınqırovları almaq istəyirdilər. Sahib olduqları hər şeyi böyük həvəslə dəyişirdilər. Qəddi-qamətli və yaraşıqlı idilər. Silah haqqında məlumatları yox idi. Çünki onlara qılıncımı göstərəndə qılıncın sapı əvəzinə tiyəsindən tutaraq əllərini kəsdilər. Dəmirləri yox idi və nizələri qamışdan düzəldilmişdi. Onlardan yaxşı qul olar. Əlli nəfər ilə onları çox rahat şəkildə əsarətə sala və onlara istədiyimiz hər şeyi etdirə bilərik“.

Reymond Miranda adlı ibtidai sinif şagirdi “Xristofor Kolumbun Səyahəti“ kitabının naşirinə belə məktub yazmışdı: “Əziz redaktor, kitabınızı bəyənmədim. Çünki hindularla bağlı həqiqət olmayan bəzi şeylər deyirsiniz... 69-cu səhifədə yazdıqlarınızı da bəyənmədim, orada Kolumbun hinduları İspaniyaya dəvət etdiyi yazılıb, əslində isə Kolumb onları oğurladı!”

Amerika qitəsində yaşayan digər aborigenlər kimi onlar üçün də qonaqpərvərlik və mübadilə əhəmiyyətli idi. Aravakların qonaqpərvərliyinə baxmayaraq, Qərbi Avropa mədəniyyətinin Amerikaya göndərdiyi ilk elçi olan Kolumb sərvət marağında idi. O, adaya gələn kimi qızılın yerini öyrənmək məqsədilə aravaklardan bəzilərini ələ keçirdi.

Kolumb gündəliyində yerli amerikalılardan saygılı bir heyranlıqla söz açır: “Bu yerlilər dünyanın ən yaxşı, ən alicənab insanlarıdır. Pisliyin nə olduğunu bilmirlər, oğurlamırlar, öldürmürlər ”.

Kolumb İspaniya şahı Ferdinand və onun xanımı İzabellaya yazırdı:

“Bu diyarın əmiri gəminin sınma xəbərini eşidən kimi öz adamlarını dəniz kənarına topladı. Lazım olan şeylərin hamısını qayıqlarda dəniz sahilinə gətirib bir yerə topladılar. Onun səyi və zəhməti sayəsində, qardaşları, qohumları ilə birlikdə şeylərin sahilə çıxarılması, onların mühafizəsi elə icra edildi ki, hətta İspaniyanın özündə bizə belə kömək edilmədi. Bütün şeyləri öz imarətinin yaxınlığında toplayıb gecə-gündüz mühafizə üçün silahlı keşikçilər təyin etdi. Arası kəsilmədən öz dost və qohumlarını mənim yanıma göndərib nəvaziş və mehribanlıq etməklə bərabər hər növ köməklik vəd edirdi. Sizi inandırıram, adını çəkdiyim şah yaxşı, xoş rəftara layiqdir. Bu şəxsin hakimiyyətində altında yaşayanların təbiətində insanlığa yaraşan mehribanlıq və məhəbbət nişanələri vardır. Çılpaq olmalarına baxmayaraq, daxilən səxavətli, qonaqpərvər, ləyaqətlidirlər. And olsun o əlahəzrətə ki, bu tayfa insanlıqda hamıdan yüksək, ölkələri isə dünyanın başqa ölkələrindən daha gözəldir“.

İspaniyadakı ağalarından birinə yazdığı növbəti məktubda Kolumb yerliləri tanıtmaq üçün belə deyir: “Son dərəcə sadə, dürüst və əliaçıq insanlardır. Hər şeylərini verməyə hazırdırlar. Başqalarına olan sevgiləri özlərinə olandan daha çoxdu“.

Amma Kolumb bunu da yazır :

“Bunlardan çox yaxşı xidmətçi olar”.

Avropalılar qızıl əldə edə bilmədilər, amma qazanc gətirəcək başqa yol tapdılar: qul ticarəti! Zorla gəmilərə mindirilən qızıldərililərin çoxu yolda soyuqdan və xəstəlikdən öldü.

Kolumb qısa zamanda məlumat çatdırmaq üçün İspaniyaya dönməli olduğundan heyətin bir hissəsini burda qoyub geri dönməli idi. Bu məqsədlə yerlilərin iştirakı ilə istehkam tikildi. Yeni insanları qoruyucu kimi qəbul edən yerlilər toplarla təchiz olunmuş bu qalanın onların əsarətinin başlanğıcı olduğunu dərk etmirdi.

Tədricən hindular ispanların sərvət üçün bu əraziyə gəlməsini anlamağa və zülmə etiraz etməyə başladılar. Amma Kolumb sakinlərin hücuma keçməsinə imkan vermədi. Gecə ikən onları top və tüfəng atəşinə tutdu. Qaçanlarsa qılıncdan keçirildi, bir hissəsi də əsir alındı.

Amerikalı tarixçi Samuel Eliot yazırdı:

“1492-ci ildə qızıldərililərin yox edilməsi siyasəti və o siyasətin uyğunlaşması Kolumb tərəfindən başladı. Çağdaş bir etnoloqa görə 1492-ci ildə 300 min olan əhalinin üçdə biri 1494-1496-cı illər arasında öldürüldü. 1508-ci ildə sağ qalan yerlilərin sayı 60 min idi “.

1548-ci ildə ispanların Oviedo adlı tarixçisi adada yaşayan qızıldərililərin sayının 500-ə bərabər olmasından şübhəli idi.

Bartolome de Las Casas - yerli xalqa xristianlığı aşılamaq üçün Amerikaya getmiş missionerdir (Xristofor Kolumbun yaxın dostlarından birisinin oğludur).

Casas ispanların yerlilərə etdiyi vəhşiliklərdən dəhşətə gəlmişdi. Bu səbəbdən gördüklərini yazmaq qərarına gəlir. Eyni zamanda, krala müraciət edərək vəhşilikləri dayandırmasına dair əmr etməsi üçün yalvarırdı:

“Qüdrətli hökmdarım, bu qədər böyük krallıqların, bu geniş, yeni dünyanın yıxılmasını, orada edilən pislikləri (insanların bu tipli pisliklər edə biləcəyi xəyal belə edilməzdi) düşünürəm. Tanrı bu torpaqları Kastilla krallarına bəxş etdi, idarə etmələri, dəyişdirmələri və maddi-mənəvi ümid aşılamaları üçün onlara əmanət etdi. 50 ildən artıqdır ki, bu torpaqlarda yaşayıram və zülmlərə şahidlik edirəm.

İspanlar bu ərazilərə günlərlə ac qalan vəhşi qurdlar, aslanlar kimi girdilər. 40 ildən bəri və bu gün də onları parçalara ayırır, öldürür, narahat edir, acı və sıxıntı verirlər.

Qəribə, yeni, çoxnövlü, indiyə qədər nə oxunmuş, nə eşidilmiş, nə də görülmüş bir zülmlə onları yox edirlər. Reallıq ondan ibarətdir ki, İspaniya adalarına ilk daxil olduğumuzda 3 milyon yerli vardı, bu gün isə sayları 200-dən artıq deyil. İspanlar bütün xalqı həmin adaya apararaq öldürdülər. Kuba, Yamayka və San Xuan adalarına yaxın 30-dan artıq ada boşaldıldı.”

40 il boyunca qadın, kişi, uşaq, bir sözlə 12 milyondan artıq insan xristianların iyrənc zorakılıqları üzündən öldü. Bu rəqəm realdır, həqiqətdir.

Onlar yerliləri iki başlıca üsulla yer üzündən silib atmaq istəyirdilər. Birincisi, haqsız, zorakı müharibələr etmək idi. Digəri isə, içində olduğu sıxıntılardan qurtulmaq istəyən hər kəsi öldürməkdi (burada kişilər nəzərdə tutulur, çünki müharibələrdə adətən qadınlar və gənclər sağ buraxılırdı).

Xristianlar kəndlərə daxil olur, uşaq, yaşlı, hamilə qadın –fərqinə varmadan onların qarınlarını deşir, parçalayırdılar. Kimin tək bıçaq zərbəsi ilə bir insanı ortadan ayıracağı və ya tək mizraq atışıyla başını kəsəcəyi, ya da bağırsaqlarını ortaya tökəcəyi üzərinə bəhsə girirdilər.

İsa Peyğəmbər və 12 həvarisinə xeyir-dua vermək üçün uzun dar ağacları qururdular. 13 adamlıq qruplar şəklində adamları bağlayıb diri-diri yandırırdılar. Sağ buraxmaq istədikləri hər kəsin əllərini kəsirdilər. Nüfuzlu adamları dirəklərə bağlayır, altında ocaq qalayırdılar.

...Bəzi xristianlar mərhəmətə gələrək öldürülməmələri üçün uşaqları atlarının tərkinə alırdılar. Bir başqası isə arxadan gəlib mizrağıyla uşağı dəlirdi. Bir başqası uşaq yerdə olanda qılıncı ilə qıçlarını kəsirdi.

Bu insanlara edilən soyqırımı anlatmağa səhifələr yetməz.

Qadınlara ot və nə olduğu bəlli olmayan məhsullardan qida verilirdi. Bu səbəbdən qadınların südü quruyur, uşaqlar tez ölürdü. Ər-arvadı bir-birindən ayırıb başqa yerlərə göndərdikləri üçün nəsil artırma dayandı. Aclıqdan kişilər mədənlərdə, qadınlar da fermalarda öldülər. Onlardan daim yük heyvanı kimi istifadə etdilər. Zülmlərə dözə bilməyən ailələr özlərini asırdı”.

Hazırladı: Röyalə Məmmədova

# 3663 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #