Aslan Quliyevdən Sevda Sultanovaya ETİRAZ

Aslan Quliyevdən Sevda Sultanovaya ETİRAZ
10 iyul 2014
# 16:58

Bu yazını yazmaqda məqsədiniz, məramınız nədir, bununla bizim bu başı bəlalı millətə nəyi aşılamaq, nəyi təbliğ eləmək istəyirsiniz, o mənə çatmadı. Necə yəni, indi ağsaqqallarımızın üzünə ağmı olaq, avtobuslarda, metroda özümüzdən yaşlılara yer verməyəkmi? Ya da yer verəndə onlardan şəxsiyyət vəsiqələrini, cavanlıqlarında kimlərəsə pislik eləyib-eləmədiklərinimi soruşaq? Deyək, adam, de görüm, keçmişdə kiminsə həyatını zəhərləyibsənmi, kiməsə quyu qazıbsanmı, həm də neçə metr dərinliyində quyu qazıbsan? Cavab verə bilməsələr, ya dərin quyu qazdıqlarını desələr, bir sözlə keçmişlərinin şübhəli olduqlarını hiss eləsək, «Hörmətli ağsaqqal, sənə yer vermək istəyirdim, amma keçmişində əmma varmış və buna görə də vaz keçdim. Zəhmət çək, ayaq üstə dur»mu deyək?

Sizə elə gəlmirmi son vaxtlar əksər yazarlarımız «aşığın mahnısı qurtaranda dalay-dalay oxuyar» prinsipinə köklənib. İctimai nəqliyyatda yaşlılara yer verilməsi haqda heç bilirsiniz nə qədər yazılar yazılıb? Ay, belə oldu, ay, qoca başımın üstündə durdu, ay, oğlan məni zorla yerində oturtdu, ay, qadın məni düşməncəsinə süzürdü! Sənə yer verdi, pislikmi elədi? Bir anlığa düşünün, avropalı gəlib bizim metromuzda yol gedir. Onun üçün gənclərin qocalara yer verməsi maraqlı olar, ya elə onlardakı kimi, on səkkiz-iyirmi yaşlı bir cavanın qıçını-qıçının üstə aşırıb oturması? Avropalını təqlid eləməklə siz onda heç bir hörmət doğura bilməzsiniz! Ot kökü üstə bitər. Hər millətə onun öz özəlliyinə görə hörmət edərlər! Daha başqa millətləri yamsılamasına, təqlid eləməsinə görə yox!

Siz filmdən söz açırsınız, ancaq mənim «Rusiyadan gələn qardaş» hekayəmdə ana evli, oğul-uşaq sahibi oğlunu ağacla döyür, oğlu heç səsini də çıxartmır. Bu təxəyyül məhsulu deyil, öz gözlərimlə gördüyümü, şahidi olduğumu yazmışam. Bu pisdir, ya yaxşıdır mübahisəsi açmaq, əsrlərlə öz ailə dəyərlərini qoruyub saxlayanlara ağıl öyrətmək qədər yanlışdır. Bu onların yaşam tərzi, əcdadları belə yaşayıblar, onlar da belə yaşayırlar. Sən istədiyin kimi yaşa, amma bax, gör, balaların həmən ailədən həyata atılanlar qədər mübariz, cəsur, dözümlü, saf ola bilirlərmi? Bu pisdir, bu qocaların ağsaqqal kultundan istifadə eləyib öz evli oğluna əl qaldırması biabırçılıqdır demək, bir avropalıya sənin öz evli oğluna əl qaldırmamağın biabırçılıqdır demək qədər yanlışdır.

Kanadada, İngiltərədə ali təhsil almış iranlı qonaqlarım gəlmişdi. Bakıda gəzdik, Lənkərana getdik, bizim yarı avropalı həyat tərzimiz onlar üçün maraqlı deyildi. Bu həyat tərzini bütünlüklə Avropada yaşamışdılarsa, nəyə görə də Azərbaycandakı yarım həyat tərzi onlar üçün maraqlı olmalıydı? Sonra onları rayona gətirdim, kəndə apardım. Onda atam sağ idi. Biz böyük ailəyik, səkkiz qardaş, iki bacıyıq. Uşaqlarımızı atamızın yanında qucağımıza götürməzdik, yoldaşlarımızla danışmazdıq, atam özü də bir başa gəlinlərinə nəsə deməzdi, nə sözü vardısa anama deyərdi.

Gedəndə mənə dedilər, bu taydakı millətin böyüklüyü, qüdrəti sizin ailə münasibətlərinizdədir. Nə qədər bu adətlərinizi qoruyub saxlasanız, o qədər də böyük olacaqsınız! Dayım qızı deyir, səndən böyük sürücü qardaşın uşaqlarının, yoldaşının yanında sənin başına qışqırırdı, mən deyirdim, vəssalam, hər şey bitdi, bu qardaşlar əbədilik düşmən olacaqlar. Amma siz heç nə olmamış kimi yenə də adi qaydada söhbət eləyirdiniz. Bizdə isə, deyək ki, qardaşım mənim başıma bir dəfə qışqırsa, ömrümün sonuna kimi onun üzünə baxmaram. Atan yaşlı kişidir, evdə əlli-altmış adam var idi, amma kişi adi bir əl işarəsi ilə, iki-üç sözlə hər şeyi yoluna qoyur, qaydaya salırdı. Evin sahibi sən, biz sənin evində qonağıq, amma sən oturubsan, hər işi qardaşların eləyir.

Sonralar İranda olanda, Tehrana, Təbrizə gedəndə də ancaq bu haqda danışırdılar, heyranlıqlarını dost-tanışları, qohumları ilə bölüşürdülər. İndi sizdən soruşuram, bu pisdirmi?

Hər işə nəticəsinə görə qiymət verirlər. Nə qədər bu kimi təbliğatlar, avropalılara oxşamaq üçün yaxa cırmalar, özümüzü qərblilər kimi aparmaq tərbiyəsi yox idi, cəmiyyət nə qədər saf, sağlam idi. Uşaqlar ağsaqqal, ağbirçək tərbiyəsi ilə, ailə nəzarəti altında böyüyürdülər. Cəmiyyətə də bu şüurla, tərbiyə ilə gəlirdilər. Alternativ fikir söyləyənləri yox, ağsaqqal üzünə ağ olanları nankorluqda qınayırdılar və bu gün də qınayırlar! Avropalı ola bilmirik, ola da bilmərik, öz adətlərimizdən də imtina eləyirik. Nəticəsi nə olur, Əli aşından da oluruq, Vəli aşından da! Avropadan demokratik ənənələri, fikir azadlığını, düşüncə özgürlüyünü nümunə götürmək əvəzinə niyə ancaq böyüklərə hörmət eləməməyi nümunə götürməliymişik?

Sizdən soruşuram, bu gün telefonda danışanda azından on dəfə «inşallah», bir o qədər də «bərəkalllah» demək, «Jiquli»sinin qabağını bir metr qaldırıb avtoşluq eləmək, tində dayanıb yoldan keçən qız-gəlinə söz atmaq, narkomaniya, əxlaqsızlıq, mənəviyyatsızlıq kimi bəlalara mübtəla olmaqdamı «qocaların təcrübəsi, məişət səviyyəsindən çıxmayan dünyagörüşü»nün nəticəsidir? Hansı ağsaqqal, bizə dedi, get, soyğunçuluq elə, quldurluq elə, onun –bunun malını ye, halalla haramda fərq qoyma, şərəfsizlik elə? Bircə dəfə də olsun dedilərmi? Demədilər, əksinə, ağsaqqallar qarğadılar, ağbirçəklər bu işləri tutsan «südümü sənə haram elərəm» dedilər. Və «avropalı xanım və cənablar»ın lağlağı hədəfi oldular, sizin südünüzü artıqlaması ilə qaytaracağıq, sənin üçün üç maşın süd göndərəcəyəm kimi əxlaqsızlar bəyanatlar verdilər.

Aydan arı, sudan duru o qocaların ətəyində namaz qılanda nə itirirdik? Həmən qocalar dünyalarını dəyişənə qədər kolxozdan mal-heyvan almaz, kolxoz malı yeməzdilər. Sahibi məlum deyil, haramdır, deyə. Balalarına ev tikmək üçün yer alanda ilk növbədə axtarıb o yerin sahibini, ya da onların sağ qalan nəvə-nəticələrini tapar, halallıq alardılar. Razılıq verməsəydilər, daha o yerdə ev tikməzdilər. Mən rayon mərkəzində yer almış, bir koma tikmişdim, amma yer sahibinin kim olduğunu bilmirdim. Atam bizə gələr və sənin yerin haramdır deyə bizdə namaz qılmazdı. Yalnız yerin sahibini tapıb halallıq alandan sonra bu yerdə ev tikməyimə icazə verdi. Bəs indi hektarlarla torpaq sahələri alanlar bu torpağın sahibinin kimlər olduğu ilə maraqlanırlarmı? Yediklərinin halal, haram olduğunun fərqinə varırlarmı? Sizcə bunlar ağsaqqal kultununmu fəsadlarıdır?

İmperiya dönəmində xəz dəriçiliyi inkişaf elətdirmək üçün Argentinadan yenot gətirib Yardımlı meşələrinə buraxdılar. Argentinada bu heyvanların artıb-çoxalmasının qarşısını alan, onların sayını tənzimləyən heyvanlar var, bizim meşələrdə isə yox. Yenotlar qısa müddətdə artıb çoxaldılar, Yardımlı, Lerik meşələrindəki bütün quşların nəslini kəsdilər. Nəticədə bu bölgə ekoloji faciə ilə üz-üzədir, yaşayış məntəqələrinə, meşələrə, çöllərə qurdlar, həşəratlar, çəyirtkələr daraşıb.

Avropada da cəmiyyəti normal idarə eləyən dövlət qurumları, normal işləyən mexanizmlər var. Orda insanlar böyük-kiçik prinsiplərinə əməl eləmədən də normal yaşaya bilərlər. Səndə isə cəmiyyəti idarə eləyən elə o böyük-kiçik prinsipidir, sabah olmasın, cəmiyyətdə bir anarxiya, xaos başlar ki, qarşısını almaq olmaz. İt yiyəsini tanımaz.

Mən uşaq olanda bizim kənddən olan kolxozun sürücüsü qonşu Bürzünbül kəndində qəzaya düşmüşdü. Maşın iyirmi-otuz metr yomalanıb əzilmiş, səkkiz nəfər də yaralanmışdı. Milisin, partiya rəhbərliyinin qılıncının dalının da, qabağının da kəsən vaxtıydı. Milis hardansa duyuq düşüb gələnə kimi adamlar yük maşınını, yaralıları necə gizlədilərsə, milis min nəfərə yaxın əhalisi olan kənddə kiçikdən böyüyə hamını dindirsə də, kənddə heç bir qəza olmadığını, kimsənin də yaralanmadığın dedilər. Yalnız milis gedəndən sonra yaralılar üçün həkim gətirdilər, bu kənddəki və qonşu kəndlərdəki ustalar yığışıb maşını əvvəlkindən də yaxşı təmir elədilər. Yəni heç nə güdmədən, yalnız insanlıq naminə cavan bir oğlanı xilas elədilər. Ağsaqqal tərbiyəsinin cəmiyyəti buydu.

Yazırsınız, «Azərbaycanda alternativ fikrə dözümsüzlüyün, hətta sənətdə, ədəbiyyatda yeni dəyərlərin yaranmamasının əsl səbəbi də ağsaqqal kultunun cəmiyyətdəki dominantlığıdır.» Nə cür yəni, indi sənətdə, ədəbiyyatda yeni dəyərlər yaratmağa bizə ağsaqqallarmı mane olurlar? İndi biz onların üzünə ağ olmağa başlasaq, onları saya salmasaq, nəqliyyatda onlara yer verməsək ədəbiyyatımızda dəyərlər aşıb-daşacaqmı? Bunlar əsassız iddialardır, bizə bir kimsə mane olmur, olanımız bu! Alternativ fikrə dözümsüzlüyə gələndə isə bu yaxınlardakı olayı xatırlayaq.

Alim Qasımov tamaşada seks göstərirlər deyə etirazını bildirib, səhnəni tərk eləmişdi. Bu onun fikri, onun baxışları. Bəs onda nəyə görə guya nəinki avropalı olanlar, avropalıları çoxdan geridə qoyan bir qisim yazarlarımız bu böyük sənətkarın üstünə düşdülər? Zordu, bəyənməyib də! Ay avropalı, sən bəyənirsən, o bəyənmir. Fikir, düşüncə, zövq özgürlüyü deyilən bir nəsnə var.

Burda söhbət tamaşanın pis, yaxşı, seksual və ya qeyri seksual olmasından getmir. Söhbət konkret bir şəxsdən və onun zövqündən gedir. Adam tamaşanı bəyənməyib və arxada danışmadan, dedi-qodu eləmədən, tamaşanı niyə bəyənmədiyini deyərək, salonu tərk eləyib. Bu onun haqqı. Sən bəyənirsən, sən get, bax. Bu da sənin haqqın. Alim əli tüfəngli gəlib qabağınızı kəsdi? Avropada, Amerikada təsadüfən, tam iş qəzasında döşü görünən, hərəkətləri seksual hərəkətlər kimi qələmə verilən azmı sənət adamı məhkəmələrə verilib, cərimələnib? Olmaya Alim sizi məhkəməyə verdi, teatra hücum çəkib, daha bu tamaşanı oynamayın dedi? Demək, sizcə alternativ fikrə belə barbar münasibətin səbəbi də cəmiyyətdəki ağsaqqal kultunun dominantlığı imiş?

Sevda xanım «gəncləri limitsiz borc hissi ilə yükləyən qocaları» harda gördünüz? Mən hara getdimsə orda ataları, anaları, qocaları əlləri göyə, ağızları dualı gördüm. Balaları üçün dua eləyirdilər. Böyük-kiçik yeri bilinməyən tək-tük ailələrdən başqa hardasa, hansısa qocanın gəncləri borc hissiylə yüklədiyini, boynuna minnət qoyduğunu görmədim.

Yazınızda özünüzdən yaşlılara yer vermədiyinizi az qala qürur hissi ilə qeyd eləyirsiniz. Bu sizin öz işiniz. Hələ bir yazınızın ruhundan ağsaqqallara ağ olmaq, onların kultunu dağıtmaq kimi istəyiniz də var. Bu da sizin öz işiniz. Amma bunu yaxşı iş kimi gənclərə də təlqin eləməyin. Yaxşı iş deyil, ona görə.

# 2870 dəfə oxunub

Müəllifin son yazıları

# # #