İsa Hüseynov qolçomaq dediyi adamın nəvəsinə nə cavab verdi?

İsa Hüseynov qolçomaq dediyi adamın nəvəsinə nə cavab verdi?
5 iyun 2014
# 12:42

Kulis.Az Məti Osmanoğlunun İsa Hüseynovun 60 illiyinə yazılmış “Ömrün izləri” (“Azərbaycan” jurnalı, 1988, №7) yazısını təqdim edir.

Ömrün izləri

Onda elə bilirdim yazıçılar qeybdə – gözəgörünməz aləmdə yaşayırlar, yazdıqlarını qeybdən yazırlar və nə yazırlarsa, doğrudur. Oxuduqlarımın hamısına inanırdım. İnanırdım ki, həyat, dünyanın düzümü, təbiətin axar-baxarı mənim gördüyüm kimi deyil, onların yazdıqları, daha doğrusu, oxuduqlarım kimidir. Əlimə keçəni oxuyurdum. Təklənməyə, tay-tuşlarımdan aralanıb kitablardakı aləmə qovuşmağa, dünyanın kitablardakı ahənginə, düzümünə qarışmağa can atırdım...

On yaşım olardı. Evdə “Azərbaycan hekayələri” kitabını vərəqləyir, heyranlıqla yazıçıların şəkillərinə baxırdım. Əlimdəki kitaba göz qoyan anam birdən dilləndi:

- Bıy, bu bizim İsə Əfəndinin şəklidi!

Muğanlıların (mənim anam da, atam da İsa Hüseynovun dünyaya gəldiyi kənddə, Muğanlıda doğulub böyüyüblər) İsə Əfəndi kimi tanıdıqları İsa Hüseynovun yaradıcılığı ilə tanışlığım da həmin gündən başlandı. İnandım ki, bizim kənddən də yazıçı çıxa bilərmiş. Mən həmin gün onun “Başa düşə bilmirəm” hekayəsini oxudum, sonra isə bütün əsərlərini. Kəndimizin kitabxanalarında kitabı qalmadı, hamısını evimizə daşıdım. Maraqlısı da budur ki, onun kitablarında oxuduqlarımdan bəziləri nənəmin, anamın mənə söylədikləri idi.

İsa Hüseynovun o vaxt oxuduğum əsərlərindəki yolların əyri-üyrüsü, saqqız ağacları, qaramıx kolları, evlər, yurd yerləri mənə tanış idi. Qarayazının dərdi, Muğanlının günbatanında boz təpə üstündəki qəbiristanlıq mənə tanış idi – nənəm həmişə bu qəbiristanlığın yanından ötəndə ayaq saxlayar, dodağının altında haqq dünyasının adamlarına dua verərdi. Bunların hamısı yaddaşımın yaşıdı idi.

Dünyanın kitab düzümü ilə yaddaşımdakı dünyada uyğunluq tapandan sonra mənə elə gəlirdi ki, bizim kəndin nağılları bütün kəndlərin nağıllarından daha ağrılıdır, belə ağrını daşımaq bir ürəyin yükü deyil!

Və bir gün... Onda bir az böyümüşdüm. Yazıçı sözünə, yazıçı nağılının doğruluğuna da ilk dəfə İsa Hüseynovun əsərini – tərcümeyi-hal əvəzinə yazdığı “Ömrümdə izlər”i oxuyanda şəkk gətirdim. Bəlkə də onda ilk dəfə yazıçı yaradıcılığına “tənqidi” yanaşdım. (Bu haqda bir qədər sonra!)

Altmış yaşını haqlayan, mənim pərəstiş elədiyim sənətkarla üz-üzə oturmuşuq. Düzü, axır vaxtlar məni yazıçılar haqqında yazılanlardan daha çox onların öz yaradıcılıqları barədə fikirləri, həyata, ictimai proseslərə birbaşa münasibətləri maraqlandırır.

“Sərt realistlə” üz-üzə oturmuşuq, nədən başlayacağımı, hansı sualı verəcəyimi fikrimdə götür-qoy eləyirəm. Güzəştsiz, açıq söhbət eləməliyik. Söhbətimiz tutacaqmı? Mənim yaşım İsa Hüseynovun yaşının yarısı qədərdir. Ömür-gün, həyat, insanlar haqqında təsəvvürlərimiz bir-birini tamamlayacaqmı? Aramıza mübahisə düşsə, duruş gətirə biləcəmmi?

Həyəcanlanıram... Get-gedə düşüncələrimə qaranlıq çökür və hiss eləyirəm ki, qarşımdakı adam məndən ötrü qapalı bir dünyadır. Yaxşı ki, məni çox sorğu-suala tutmur – ikimiz də televizora baxırıq.

Birdən-birə qaranlıq çökmüş düşüncələrimin göy üzündə bir ulduz axır: “İdeal” romanından əmisi ilə təklikdə üzbəüz oturmuş Səməd Əmirlinin sözləri qırıq-qırıq beynimdə oyanır:

“Təhsil-tərbiyə yox, mühit yetirir insanı. Mühitim də belə qapalı! İncimə məndən, qurbanın olum, əmi, səni sarsıtmağa gəlməmişəm bura. İstəyirəm doğrudan da açıq, mərdanə danışaq, doğrudan da heç bir gizlin şey qalmasın aramızda. Bu saat sən qapalı dünyasan məndən ötrü... nəsə eşidirəm, görürəm, onda da bircə şeyi dərk eləyirəm: dünyadan xəbərim yoxdu!.. Ərköyün deyiləm, acam mən, əmi! Həqiqət acıyam!..”

- Söhbətimizi mətbəxdə eləyəcəyik, - deyir.

Əsərlərini mətbəxdə yazdığını, ümumiyyətlə, mətbəxdə işlədiyini bilirəm (bu onun özünəməxsus yaradıcılıq şakəridir), ona görə də təklifi mənə gözlənilməz görünmür – deməli, ciddi söhbət eləyəcəyik.

Mətbəxə keçirik.

- Mən bu söhbətə əmin Çıraq kişidən başlayacam, - deyir.

Və başlayır. Yenidən düşüncələrimin göy üzündə bir ulduz axır. Axıb-axıb “Ömrümdə izlər”in şəkk gətirdiyim cümlələrində qərar tutur:

“Tərcümeyi-halım”: kəndimizdə ilk bolşevik, ilk sovet sədri Səməd əmim və onun faciəli ölümü. Kəndimizdə “Kor İsa” adı ilə şöhrətlənmiş ilk kolxoz sədri və onun ölümü. İlk traktorçu – Bakı fəhləsi Qara Bayram və onun ölümü. Güllələnmiş qolçomaq Çırağın yurd yerində uşaqlıq və ilk gənclik dostum Hacı Eminovla söhbətlərim. Mənim gecələr Eminovlarda – “xalq düşməninin” ailəsində qalmağımdan narahat olan qohumlarım”.

Niyə yazıçının “uydurma” əsərlərinin – hekayələrinin, povestlərinin, romanlarının deyil, öz əli ilə yazdığı tərcümeyi-halının doğruluğuna şübhə eləmişəm? Məsələ bundadır ki, həmin Çıraq mənim babam olub, daha doğrusu, adı mənə qoyulan doğma babam Mətinin əmisi oğlu. Onlar da mənim yaddaşımın yaşıdıdırlar. Hər ikisi haqqında son xatirələr 1930-cu illərə aiddir. Əvvəlcə Çırağı Qazaxda, “Şəkər bəyin qalasında” güllələyiblər. Ağır gövdəli Çırağın cənazəsinin arvadı Güləndam neçə kilometr yolu gecə çiynində aparıb. Ona görə bu cəfaya qatlaşıb ki, ərini Şıxlı kəndinin qəbiristanlığında ləyaqətlə, adına layiq dəfn eləsinlər. Çıraqdan sonra Mətini sürgün eləyiblər. Bu onun gedər-gəlməz səfəri olub – nə kağızını alıblar, nə də sorağını. O vaxt tutulanlar çox olub və bizim kənddə – Muğanlıda “qolçomaqlıq bir sinif kimi” belə ləğv olunub. Ancaq mən hələ heç kəsin ağzından Hacıbayramoğluları – Məti və Çıraq haqqında “qolçomaq” kəlməsi eşitməmişəm. Sonralar 30-cu illərin qulluq adamlarının da çoxu tutulub və onların hansı sinfi ləğv etmək məqsədilə tutulduğunu bilən yoxdur...

Bunların İsa Hüseynovun 60 yaşına dəxli varmı? Bilmirəm.

Özüm də hiss eləmədən sanki tarixin dərinliyindən gələn xırıltılı səsin cazibəsinə düşürəm:

- Söhbəti ona görə buradan başlamıram ki, vaxtilə səhv eləmişəm, Çıraq kişini “qolçomaq” adlandırmışam. Əsas səbəb budu ki, müəyyən müddət keçəndən sonra yazıçı hökmən geri qayıdıb öz söhbətlərinə, yazı-pozusuna təzədən baxmalıdı. Hökmən geriyə baxmalıdı və nəticə çıxartmalıdı. Keçib gəldiyin etaplardan, çıxartdığın nəticələrdən yeni bir etap yaranır, bundan sonra təzə bir insan ömrü, yazıçı ömrü başlayır.

İndi hamı 1937-ci ildən danışır. Hamı keçmişə tənqidi yanaşır. Vay o gündən ki, insan axına düşə, düşdüyü axının məcrasından çıxa bilməyə...

Dünyanın bircə pozulmaz qanunu var ki, həyatdakı nemətləri yaradan insanın daxili gözəl olmasa, yaratdıqları da murdar olacaq. Nizamidən, Nəimidən, Nəsimidən bəri bütün mütəfəkkirlər qışqırırlar ki, sən daxilini kamilləşdirməsən, səndən insan olmaz – yaratdığın nemətlərin, yazdığın əsərlərin heç biri insanlığa layiq olmaz – təhrif olar. Bax məsələyə bu cür yanaşanda mən görürəm ki, 30-cu illər bəşər tarixində bir etap olub. Bu illərin dəhşətləri tək Hitlerin, Stalinin – iki qaniçənin adı ilə bağlı deyil, kütləvi haldı. Bəs niyə kütləvi haldı? Bu bəlanın kökü hardadı? Bu – bir-iki nəfərin iradəsi iləmi baş vermişdi? Bundan baş açan yoxdur. Məncə, həmin illərdə yer üzündə baş verən hadisələr arasında uyğunluğun əsas səbəbini müəyyənləşdirsək, onda danışmağa, konkret qərar veriməyə haqqımız olar. 37-ci ildə on yaşım hələ tamam olmamışdı. Gəzib-dolaşdığım yer Çırağın yurdu idi və eşitdiyim də o olmuşdu ki, bu yurdun sahibini güllələyiblər.

İndi düşünəndə ki, onu hansı qəbahətinə, hansı antiinsani hərəkətinə görə tutublar, günahı nə olub? – buna heç bir məntiqi cavab tapmaq olmaz. Mümkün deyil! Çünki o çox sadə bir adam olub, öz sürüsünə çobanlıq eləyib, bir kəsin cibinə girməyib, bir kəsin hüququnu tapdalamayıb, hökumətə, xalqına zərəri dəyməyib.

Yaşadığımız tarix göstərir ki, əlinin əməyi ilə qazandığı vara görə insanı həbs eləmək, hələ üstəlik də güllələmək birqat yox, beşqat yox, milyonqat cinayətdir. Biz hələ təzə-təzə dərk eləyirik ki, sinfi mübarizə anlayışı çox nisbi məfhumdur. Lenindən sonra bizdə sinfi mübarizə, proletariat anlayışları haqqında təsəvvür dəyişib, məzmununu itirib. Unudulub ki, ən böyük proletariat mənən ac olan insandır.

Paltarı, evi, çörəyi, üstəlik də qabiliyyəti olmayan adamların arasında mənəviyyatsızlar, pozğunlar, cinayətkarlar, beyinsizlər, ürəksizlər az deyildi. Həmin adamları “proletariat” adlandırıb, müqəddəsləşdirib, əlinə silah verib adı bəy, özü mənən ac olan adamların üstünə göndərəndə bu – ədalət üsyanı, xalq mübarizəsi olmur...

Yenə də xəyalım “Ömrümdə izlər”ə qayıdır:

“Atam, anamla məni özünün bacanağı və mənim gələcək qayınatam Məcid Nəsibovun evində qoyub kəndə qayıtdı. Məcid Nəsibovun simasında mən rayon masştabında ilk partiya işçisi ilə tanış oldum, onun saqqal buraxıb molla sifəti ilə Bitdiliyə getməsi və orada “Bitdili imamının dədəsini yandırması” haqqında macəralara qulaq asdım. Burada birinci dəfə mənim qarşımda geniş dünyaya pəncərə açıldı. Burada ilk dəfə “Gepo gəlir, Gepo gəlir” – sözlərini eşidib, küçəyə çıxıb, vaxtilə qolçomaq Çıraqla bərabər mənim dostumun atasını da həbs etmiş uca boylu, meşin pencəkli, qara sifətli adamı və onun taxta qoburlu mauzerini gördüm. O günlərdə mənim ürəyimdə, ruhumda nələr baş verdiyini mən çox sonralar dərk etdim. Bunlar – sonralar dərk etdiyim hadisələr də mənim tərcümeyi-halıma daxildir.”

Dünya heç vaxt uca boylu, meşin pencəkli, şər əməlli insanlardan xali olmayıb. Lakin o dövrün kinolarda gördüyüm, söhbətlərdə eşitdiyim meşin pencəkliləri mənim təsəvvürümdə simvollaşıb. İnsanın bəd əməli, qətlə yönələn niyyətləri, rəhmsiz hökmləri bu yazını yaza-yaza gözlərimdə meşin pencək geyinir...

İsa Hüseynov Azərbaycan ədəbiyyatının o nümayəndələrindəndir ki, ciddi yaradıcılığa başlayan gündən “meşin pencəklilərin” təqibi ilə üzləşib, onu, demək olar ki, bütün əsərlərinə görə məhşər ayağına çəkiblər, ittiham eləyiblər və hər dəfə də ona... öz yaradıcılığının əvvəlki dövrünü nümunə göstəriblər.

“Sizə nə olmuşdur? Əvvəlki əsərlərinizdə geniş həyat üfüqləri, mübarizə meydanı var idi. Burada isə nəinki qəhrəmanlarınız, heç oxucu xəyalı da tərpənməyə yer tapa bilmir.

Bizim arzumuz budur ki, bundan əvvəl yazdığınız əsərlərdə olduğu kimi, həyat adamları necə tərbiyə edirsə, siz də onu olduğu kimi göstərməyə çalışasınız. Həqiqi sənət, bilirsiniz ki, bütpərəstliyə ziddir. Onun yolu ancaq həqiqətpərəstlikdir. Sənətkarın böyük tərbiyəçilik vəzifəsi də o yerdə başlayır ki, həyatın müsbət təmayüllərini, təbii inkişaf xəttini dərindən dərk edib, müdafiə edir və mənfi təmayülləri aşkara çıxarıb lənətləndirir. Söz sənətində müdriklik, mürəbbilik üçün başqa yol yoxdur!”

Bu sözlər təxminən 30 il bundan əvvəl – 1959-cu ildə “Doğma və yad adamlar” romanının ilk fəsilləri işıq üzünə çıxanda mətbuatda dərc olunub.

Məsələ bundadır ki, İsa Hüseynov yaradıcılığı boyu heç kəsin arzusunu, göstərişini yerinə yetirməyib, daim inandığı həqiqətləri qələmə alıb, inamına xəyanət eləməyib, öz mənəvi prinsiplərindən gen düşməyib. Aydındır ki, belə yazıçını qərarla, təlimatla, göstərişlə tutduğu yoldan, inandığı həqiqətdən də döndərmək mümkün deyil.

“Ədəbiyyat və incəsənət xadimləri ideoloji mübarizənin kəskin sahələrindən birində çalışırlar. Partiya və xalq ideya silahımızı kütləşdirmək, bayrağımızı ləkələmək üçün göstərilən cəhdlərə – bu cəhdlər haradan irəli gəlirsə-gəlsin – dözməmişlər və dözməyəcəklər. Əgər yazıçı sovet gerçəkliyinə böhtan atırsa, sosializmə qarşı mübarizə aparmaqda ideoloji düşmənlərimizə kömək edirsə, o yalnız bir şey – ictimai nifrət qazanır”.

Bu sitat L.İ.Brejnevin 1971-ci ildə kommunist partiyasının XXIV qurultayındakı məruzəsindən götürülüb. Həmin dövrdə sovet cəmiyyət artıq o səmtə yön almışdı ki, həqiqəti söyləmək, sözün düzünü demək “bayrağımızı ləkələmək”, “ideoloji düşmənlərimizə kömək etmək” kimi başa düşülürdü. Qarşıya belə bir məqsəd qoyulmasa da, sanki ədəbiyyatdan yalan demək, xalqı yalana öyrətmək tələb olunurdu, düşüncələrin əyninə yenidən meşin pencək geydirilirdi. Ətrafındakı haqsızlıqları görən sağlam düşüncənin arxasını meşin pencəkli şüarlar, süni dəbdəbələr kəsdirmişdi.

Bizdə yuxarıların bu cür “müdrik buyruqları” həmişə öz sədaqətli tərəfdarlarını tapır. Azərbaycan yazıçılarının elə həmin il keçirilən V qurultayında bizim ədəbiyyatda da “bayrağımızı ləkələyən” əsərlər tapıldı. Ən istedadlı yazıçıların üstünə düşdülər. Yeni dərslər, yeni təlimatlar verilməyə başlandı. Həmin qrurultayın tribunasından belə qəribə müddəalar səsləndirildi:

“Tütək səsi”, “Saz”, “Kollu Koxa”, “Mənim nəğməkar bibim” kimi əsərlər, doğrudan da, həqiqi sənətkar ilhamının məhsuludur və bizim ürəyimizdə işıqlı hisslər oyadır. Elə buna görə də adam çox təəssüf edir ki, bu əsərlərin müəllifi olan İsa Hüseynov və Əkrəm Əylisli onların ardınca oxucuya “Quru budaq” və “Kür qırağının meşələri” kimi fikri-fəlsəfi əsasları dumanlı olan, oxucuda bədbinlik, məyusluq oyadıb inamını sarsıdan əsərlər yazırlar. Təəssüf edirsən ki, nə üçün minlərlə oxucu yanında sözü etibarlı sayılan İsa Hüseynov kimi bir istedad “Qobustan” jurnalında “Nərimanlaşdırma” kimi hərənin istədiyi şəkildə yoza biləcəyi dumanlı ifadə işlədir; Əjdər İbrahimovla birlikdə yazdığı ssenaridə Hacı Zeynalabdin Tağıyev kimi iri milyoneri və istismarçını Leninin sədaqətli şagirdi, sosialist inqilabının alovlu və mütəfəkkir təbliğatçısı Nəriman Nərimanovla bağlayır?!”

Qəribədir, cəmiyyətimizdə aşkarlıq, demokratiya başlanandan sonra hamı bir ağızdan tarixin qaranlıq səhifələrini işıqlandırmatın zəruriliyindən danışır. İndi məlum olur ki, biz hələ “Leninin sədaqətli şagirdini” belə onu yetirən xalqdan gizləməyə çalışmışıq. Əsərlərinin çoxu indiyə qədər ona görə çap olunmayıb ki, “bayrağımızı ləkə düşməyindən” qorxmuşuq - həqiqəti ləkə saymışıq.

O da qəribədir ki, Azərbaycanın ədəbi və ictimai mühitində aşkarlığın, demokratiyanın (əslində isə bu anlayışlarla pərdələnən anarxiyanın) ilk zərbələri də İsa Hüseynova dəydi. Özü də necə?

“Если все это И.Гусейнову приснилось, то не надо его будить – пусть продолжает спать. Так будет лучше ему и его окружающим. Но если подобная ересь трактуется серьезно, то надо принимать серьезные же меры, причем срочно, чтобы вовремя отлучить И.Гусейнова от печатного слова».

Bəli, biz fikrin, düşüncənin aşkarlığına belə – çox “mübariz” əhval-ruhiyyə ilə, yazıçını mətbu sözdən məhrum eləmək tələbilə başladıq. Özü də indiyə qədər xalqdan gizlədilmiş mənəvi sərvətlərə kütləvi halda ikinci həyat verildiyi, arxivlərin xalqın malına çevrildiyi bir dövrdə...

Həmin axşam xeyli söhbət elədik. Yəqin ki, bu söhbəti yazıb çap etdirəcəyəm.

İsa Hüseynovun mənzilin çıxıb küçədə dayanmışam. Minik gözləyirəm. Arada başımı qaldırıb yazıçının pəncərəsinə boylanıram, oradan işıq gəlir. Yəqin ki, televizorda “Projektor perestroyki”yə baxır. Bəlkə də... nə bilim...

Gözümü göyün üzündə dolandırıram. Göyün üzündə gözümə bir dənə də ulduz dəymir. Beynimdəsə bir ulduz axır:

“Vətənini tanımayan adam özünü də tanımır. Dünyaya niyə gəlib, qayəsi nədi? Heç nə bilmir. Doğru danışmaq istəyir, yalan çıxır. Ədalətli olmaq istəyir, ədalətsiz olur. Xeyir vermək istəyir, zərər verir. Nəticədə çaşır, doğrunu yalandan, ədaləti ədalətsizlikdən, xeyri şərdən seçəmmir, çılğınlaşıb hamıya, hər şeyə, o cümlədən vətəninə də, özünə də nifrət eləyir.

Vətənin itdiyi vaxtlarda “Vətən” deyən adamı öz xalqı da qəbul eləmir, əbləh, gic, dəli sayır, gülür, ələ salır. Allah bu bəladan saxlasın səni, oğul”. (“İdeal”dan)

# 3424 dəfə oxunub

Müəllifin son yazıları

# # #