Bu yazını yazarlar MÜTLƏQ OXUSUN

Bu yazını yazarlar   MÜTLƏQ OXUSUN
2 iyun 2014
# 14:49

Kulis.az filoloq, “Hədəf” kurslarının təhsil-tədris işləri üzrə direktoru Elxan Nəcəfovun “Yeni orfoqrafiya lüğətində mübahisəli məqamlar” yazısını təqdim edir.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində dəyişikliklər, yeni qaydalar və mübahisəli məqamlar

Yazı işi ilə məşğul olan insanlar həmişə orfoqrafiya qaydalarını izləmək və ona əməl etmək məcburiyyətindədir. Müstəqillik əldə etdikdən sonra dilimizin inkişafı ilə bağlı imzalanan əmr və sərəncamları orfoqrafiya qaydalarının təkmilləşməsinə şərait yaratdı və bu, yeni orfoqrafiya kitablarının çap olunmasına gətirib çıxartdı. Nəşr olunan hər bir kitab isə özü ilə bərabər bir çox mübahisələri də gətirdi. Elmi ağırlığını nəzərə aldıqda bu sahənin nə qədər çətin və məsuliyyətli iş olduğunu başa düşmək olar. Çünki dilimizə elm və texnikanın inkişafı ilə əlaqədar olaraq daxil olan və yaxud yeni yaranan sözlərin orfoqrafik qaydalara uyğunlaşdırılması həm təcrübə, həm də dəqiqlik tələb edir.

Bir çox sözlər uzun müddətdir ki, orfoqrafiya baxımından mübahisə mövzusu olaraq qalıb. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanaraq 2004 və 2013-cü illərdə çap olunub. 2004-cü ildə “Lider” nəşriyyatı tərəfindən çap olunan kitaba 80000-ə yaxın söz daxil edilmişdi. 2013-cü ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr edilən kitaba isə 110563 söz daxil edilib.

Çap olunmuş bu kitablar arasında bir çox fərqlər, yəni yeniliklər var. İkinci kitab bir çox mübahisələri həll etdi və əvvəlki kitabda gedən səhvləri aradan qaldırmaqla müəllimlər, mətbuat işçiləri və rəsmi qurumlarda yazı qaydaları ilə bağlı çaşqınlığı həll etməyə şərait yaratdı.

Bu iki nəşr arasındakı fərqləri və son nəşrdəki yenilikləri birlikdə izləsək, görərik ki, yeni lüğətimizdə xeyli dəyərli və lazımlı məqamlar var.

Belə ki;

2004-cü il nəşrində antena şəklində verilən söz 2013-cü il nəşrində isə anten kimi verilib.

2004-cü il nəşrində kompyuter şəklində verilən söz 2013-cü il nəşrində isə kompüter kimi verilib.

2004-cü il nəşrində kərbalayı şəklində verilən söz 2013-cü il nəşrində isə kərbəlayı kimi verilib.

2004-cü il nəşrində fel şəklində verilən söz 2013-cü il nəşrində isə feil kimi verilib.

2004-cü il nəşrində şeriyyət şəklində verilən söz 2013-cü il nəşrində şeiriyyət kimi verilib.

2004-cü il nəşrində cəfəngiyat şəklində verilən söz 2013-cü il nəşrində cəfəngiyyat kimi verilib.

2004-cü il nəşrində dzü-do şəklində verilən söz 2013-cü il nəşrində cüdo kimi verilib.

2004-cü il nəşrində həm genefond, həm də genofond şəklində verilən söz 2013-cü il nəşrində isə sadəcə genofond kimi verilib.

2004-cü il nəşrində həm kamod, həm də komod şəklində verilən söz 2013-cü il nəşrində sadəcə komod kimi verilib.

2004-cü il nəşrində həm minacat, həm də münacat şəklində verilən söz 2013-cü il nəşrində sadəcə minacat kimi verilib. Bununla bərabər münacatlı sözünə də yeni lüğətdə rast gəlmək olar.

2004-cü il nəşrində həm valyuta, həm də volyuta şəklində verilən sözlərə 2013-cü il nəşrində aydınlıq gətirilərək volyuta sözünün memarlıq sahəsinə aid söz olduğuna işarə edilib.

2004-cü il nəşrində metafora şəklində verilən söz 2013-cü il nəşrində metafor kimi verilib.

2004-cü il nəşrində nəqarət şəklində verilən söz 2013-cü il nəşrində nəqərat kimi verilib.

2004-cü il nəşrində ekspress şəklində verilən söz 2013-cü il nəşrində ekspres kimi verilib. Maraqlı budur ki, superekspress sözündə sonda iki ss saxlanılıb.

2004-cü il nəşrində cavahirat şəklində verilən söz 2013-cü il nəşrində cəvahirat kimi verilib.

2004-cü il nəşrində sürtgü şəklində verilən söz 2013-cü il nəşrində sürtkü şəklində düzəldilib.

2004-cü il nəşrində ötgün, ötgünlük şəklində verilən sözlər 2013-cü il nəşrində ötkün, ötkünlük şəklində düzəldilib.

2004-cü il nəşrində qarmaqarışıq şəklində verilən söz 2013-cü il nəşrində qarma-qarışıq şəklində düzəldilib.

2004-cü il nəşrində zirzibil şəklində verilən söz 2013-cü il nəşrində zir-zibil şəklində düzəldilib.

2004-cü il nəşrində ala-toran şəklində verilən söz 2013-cü il nəşrində alatoran şəklində düzəldilib.

2004-cü il nəşrində haqq-səy şəklində verilən söz 2013-cü il nəşrində haqq-say şəklində düzəldilib.

2004-cü il nəşrində yerfıntığı şəklində verilən söz 2013-cü il nəşrində yerfındığı şəklində düzəldilib.

2004-cü il nəşrində yerfısdığı şəklində verilən söz 2013-cü il nəşrində yerfıstığı şəklində düzəldilib.

Orta məktəb dərsliklərində müxtəlif siniflər üzrə vəsaitlərdə naqqaş yoxsa nəqqaş yazılması mübahisə mövzusu olan bu söz 2013-cü il nəşrində nəqqaş şəklində təsdiqlənib.

2004-cü il nəşrində birvariantlı -vari şəkliçisi 2013-cü il nəşrində -varı şəklində təsdiqləndi. Məsələn: bizvarı, qalxanvarı, buynuzvarı, çəlləkvarı və s.

Orta məktəb dərsliklərində orfoqrafiyası mübahisəli olan sözlərdən biri də keşməkeşli sözüdür. Belə ki bu söz müxtəlif dərsliklərdə kəşməkəşli, keşmekeşli şəklində verilməklə mübahisələr yaradıbdır. Həmin söz 2004-cü ilin lüğətində öz yerini tapmasa da, yeni 2014-cü il nəşrində keşməkeşli şəklində öz əksini tapmışdır.

Mürəkkəb sıra saylarının bitişik, yoxsa ayrı yazılması mübahisəsinə də son nəşrdə bir neçə nümunə ilə son qoyulub. Belə ki, həmin saylar sözlə yazıldıqda bitişik yazılır: altıyüzüncü, onbirinci və s.

Orta məktəb dərsliklərində və TQDK-nın qəbul qaydalarında orfoqrafiyası sətirdən sətrə (defissiz) şəklində düzgün qəbul edilən söz yeni lüğətdə defislə, yəni sətirdən-sətrə şəklində verilib.

2004-cü il nəşrində əksini tapmayan, orta məktəb dərsliklərində və TQDK-nın qəbul qaydalarında orfoqrafiyası alğı-satqı şəklində düzgün qəbul edilən söz yeni lüğətdə alqı-satqı şəklində verilib.

2013-cü il nəşrinə əsasən daha çox sabitləşmiş qaydalar mürəkkəb sözlərin və mürəkkəb adların yazılışında özünü göstərir. Mürəkkəb sözlərdə tərkibində anti, audio, auto, avia, avto, bio, elektro, faqo, foto, infra, hidro, makro, mikro, mono, nano, neyro, paleo, poli, psevdo, stereo, super, trans, ultra, vibro, video, zoo hissəcikləri olanlar bitişik yazılır. Məsələn: antihumanist, audiovizual, autosintetik, aviabilet, avto-nəqliyyat, biokorroziya, elektromaqnit, faqoprofilaktika, fotokamera, infrastruktur, hidrobiologiya, makromexanika, mikrorayon, monoqrafiya, nanotexnologiya, neyrocərrah, paloe-qrafık, polivitamin, psevdorealizm, stereometrik, supermarket, transfaktor, ultradəb, vibroakustika, videomontaj, zoomağaza.

Tərkibində eks (müstəqil söz köklərinə artırıldıqda), elmi, əks (müstəqil söz köklərinə artırıldıqda), kontr, külli, qeyri, ober, vitse sözləri işləndikdə defisdən istifadə olunur. Məsələn: eks-çempion, elmi-kütəvi, əks-hücum, əks-inqilab, külli-ixtiyar, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, vitse-admiral və s.

Yeni kitabda daha çox konkretləşən mürəkkəb adların yazılışıdır. 2013-cü il nəşrində mürəkkəb adların yazılışı daha çox nümunələrlə verilib və əvvəlki nəşrdən daha aydın izah olunub. Bir neçə nümunəyə diqqət edək;

Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin; respublika, şəhər, rayon tabeliyində olan idarə və təşkilatların; nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, institut, kollec, texnikum, muzey, teatr, siyasi partiya; yüksək dövlət vəzifələrinin tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) ilk hərfi böyük yazılır.

Məsələn:

Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycan Respublikasının Milli Məclisi

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Azərbaycan Milli İncəsənət Muzeyi

Ağstafa Rayon Təhsil Şöbəsi

Azərbaycan Dövlət Dram Teatrı

Azərbaycan Dövlət Nəşriyyatı

Azərbaycan Maliyyə-İqtisad Kolleci

Bakı Şəhər İcra Hakimiyyəti

Bakı Mədəniyyət və İncəsənət Texnikumu

Bakı Ali Neft Məktəbi

Beynəlxalq İnkişaf Assosiasiyası

Beynəlxalq Qırmızı Xaç Komitəsi

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı

Heydər Əliyev Mərkəzi

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi

M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası

M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası

Məhdud Məsuliyyətli Cəmiyyət

Naxçıvan Muxtar Respublikası

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

“Hədəf” Nəşriyyat Evi

“Şərq-Qərb” Nəşriyyat Evi

Yeni Azərbaycan Partiyası

Qeyd 1. Tərkibində gün sözü olan təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

Qeyd 2. Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri

tipli mürəkkəb adlarda sahə bildirən sözlər böyük, “nazir” sözü kiçik hərflə yazılır.

Qeyd 3. Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz

böyük, sonrakı sözlər kiçik hərflə yazılır. Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

Qeyd 2-də göründüyü kimi vəzifə adlarında naziri (Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri) sözü balaca hərflə yazılıb. Yuxarıda mürəkkəb adlara aid verilmiş nümunələrdə isə Azərbaycan Respublikasının Baş Naziri mürəkkəb adında fərqli məqam ortaya çıxır. Göründüyü kimi burada Naziri sözü böyük hərflə yazılıb. Elmi izahının mübahisə doğuracağını qəbul etsək də, bunu orfoqrafiya qaydalarında nəzərə almaq lazımdır.

Göründüyü kimi, yeni lüğət söz ehtiyatının çoxluğu və düzəlişləri ilə olduqca əhəmiyyətlidir. Amma bununla belə müəyyən mübahisəli məqamlar hələ də qalır. Belə ki, alqı-satqı sözünün alğı-satqı şəklində yazılması, fikrimcə, daha doğru olardı. Çünki cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəkilçilərinin artırılmalı olduğu qrammatik qaydaların tələbidir. Ona görə də burada sözün kökündə (al) l cingiltili samit olduğu üçün alğı-satqı olmalıdır.

Bundan əlavə, bir çox elmi ədəbiyyatda quruluşca sadə bağlayıcı hesab edilən yaxud, çünki, həmçinin hərçənd bağlayıcıları 2013-cü il nəşrində mürəkkəb bağlayıcılar hesab edilib. Mürəkkəb sözlərin tərkib hissələri baxımından yanaşıldıqda bu bağlayıcılar mənşə baxımından mürəkkəb hesab edilsə də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır.

Başqa bir məqam isə sətirdən-sətrə sözündə özünü göstərir. Bu söz son dövrlər orta məktəb dərsliklərində defis qoyulmadan ayrı-ayrı morfoloji və sintaktik suala cavab verən iki sadə söz kimi götürülür. Bunun izahı da olduqca məntiqli verilib. Həmin sözü cümlədə analoji olaraq digər sözlə əvəz edək. Məs:. Yazını sətirdən-sətrə keçirtdim. Yazını kitabdan kitaba köçürtdüm. Bu cümlələrdə “sətirdən-sətrə” sözü ilə “kitabdan kitaba” sözləri eyni funksiyaya malikdirlər. Əlbəttə kitabdan kitaba şəklində olanda defis qoymaq lazım olmadığı kimi, sətirdən sətrə olanda da defis qoymaq düzgün olmazdı.

Qeyd etmək lazımdır ki, kiçik qüsurlarına baxmayaraq, 2013-cü il nəşrini yazı işlərimizin orfoqrafik normalara uyğunlaşması baxımından əhəmiyyəti olduqca böyük olacaq. Ümid edirik ki, bu gözəl işin davamı olaraq mükəmməl bir “Orfoepiya lüğəti” də tezliklə nəşr edilib stolüstü kitablarımızdan birinə çevriləcəkdir.

# 9139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #