Ulduz - Səma Muğannanın hekayəsi

Ulduz - Səma Muğannanın hekayəsi
12 iyul 2026
# 10:00

Kulis.az Səma Muğannanın "Ulduz" hekayəsini təqdim edir.

- Of, Ay Allah, bu gün hava yenə qaranlıqdır. Hardasız, ulduzlar? Axı siz mənə söz vermişdiniz ki, gələcəksiniz...

-.....

- Cavab verin, ulduzlar! Mən bu gün sizə toxunacaqdım! Niyə olmadı?

Ulduzlar cavab vermirdi. Bu balaca oğlan isə pəncərədən boylanaraq təəccüblə göy üzünə baxırdı. Onun adı Ulduz idi. Saçları qıvrım, qara, gözləri qəhvəyi... Bu balacanın hələ cəmi 6 yaşı vardı. Bəlkə də sənin gözündə..

6 yaşı olsa da, düşüncəsi yaşından çox böyük idi və o, heç vaxt böyümürdü. Bəzən həmyaşıdları onu görmürdü. O, digərlərindən çox fərqli idi. Aha... Gəlin, bu balaca oğlanın kiçik, amma ümman qədər böyük qəlbinin dərinliklərində gizlənən yol ilə tanış olaq. Hazırsan? Bir az səbirli ol... Sənin gözündə 5 yaşlı Ulduz, əslində, 15 yaşlı bir məktəbli, ya da 20 yaşlı... Bəlkə də heç biri.. Yaxşı, çox danışmayaq. Arxamca gəl..

2020-ci il. Bu gün qaranlıq dünyayla ilk tanışlığım...

- Salam! Tanrı... Mən qaranlıq bir suyun içindəyəm...Burada yalnız su var və dairəvi bir topun içindəyəm. Ey Tanrı, mənə söylə, bu gün mən gözlərimə qovuşacam?

- Bir dəqiqə.. Sən... Səni tanıyıram! Bura çox doğmadır... Doğrudan da, bir neçə müddətdən sonra mən anamı tanıyacam! Hə, eşitdim.. Necə? Bir neçə saatdan sonra anamla atamla tanış olacam? Görəsən, həqiqətdəki dünya necədir? Kimlərlə tanış olacam? Bir dəqiqə dayan... aaa, anam nəsə deyir. Eşitmirəm. Nədənsə, çox narahatdır... Niyə? Hər şey yolundadır axı..

Bu gün Tanrı Ulduzla Aysunu tanış edəcəkdi, amma bəzən gözlədiklərimizin əvəzində tamamilə fərqli olur..

Xəstəxana.

Sənə söz verirəm, ona çox yaxşı baxacam, qızım Aysu...

Mesaj: Tanrı...

- Deyəsən, yoldayam. Bir dəqiqə! Bu bıçaq nədir? Yox, yox! Ola bilməz! Anam buna icazə verməz...Dayanın! Əl vurmayın mənə.. Tanrı, yardım! Yardım!

- Aysu, qızım, səbirli ol, bu uşaq dünyaya gəlsə belə, sağlam olmayacaq.

- Siz nə danışırsız? O 6 aydır mənim. bətnimdədir... Biz onunla danışırıq, hətta adını belə düşünmüşəm.. Ulduz! Hə, hə ulduz! Siz bu alçaqlığı edə bilməzsiniz.

- Bağışla, qızım, amma yoldaşın oğlan olmasını istəmir...

- Mənə yoldaşım maraqlı deyil! Toxunmayın mənə!

- Deyəsən, anamı incidirlər. Bu əl-qol necə istifadə olunur? Aha, deyəsən, təpik atacam! Ana! Ana!!!

- Bax, bax, doktor, təpik atır. O da hiss edir! Xahiş edirəm, yalvarıram, toxunmayın ona!

- Aysu...

- .....

Aysu ayağa qalxıb xəstəxanadan çıxır. Yalın ayaqları tozlu küçənin kələ-kötür yollarında addımlayır. Bu gün onun son şansı idi.. Bəlkə də onun Ulduzu heç vaxt doğulmayacaqdı, bəlkə də doğulsa belə, Tanrı onların qovuşmasına belə izn verməyəcəkdi...

- Deyəsən, anam qaçır. Hə, qurtulduq.. Anacan, qaç, qaç, anacan! Qaç...Bizi qurtar!

- Yox.. Nəsə oldu.. Niyə belə qaranlıqdır? Su da yoxdur.. Nəfəs ala bilmirəm. Ana, anacan..kömək et...

Birdən şiddətli yağış başladı. Aysunun yalın ayaqları islanmış, bədəninə yapışmış sökülmüş libasıyla addımlayırdı, amma artıq gücü yetmirdi. Aysu bu gün o cəhənnəmdən özünü qurtarsa da, körpəsini qoruya biləcəkdimi?

Artıq qaranlıq idi. Ətrafda heç kəs yox idi. Aysunun gücü qalmamışdı. Qarşıda bir dənizin bağırtısını eşitdi. O, dənizə tərəf yaxınlaşdı.

- Ulduz... - Aysu əlini qarnının üzərinə qoyub sığalladı..

- Deyəsən, anam məni çağırır.. Mənim adım Ulduzdur? Ulduz nədir görəsən? Çox maraqlıdır. Yəqin ki, bu qaranlıq məkandan fərqli olar. Ana, kömək et, nəfəs ala bilmirəm...

Aysu diz çöküb, dərindən hönkürtü çəkdi. Zülmət, yağışın hayqırtısı, rüzgarın üzünə sərt, acımasız vurması belə onu incitmirdi.. Bu gün torpaqda qalanan od belə onu yandıra bilməzdi...

Dizlərindən axan qanlı su çirkli, sökülən libasını batırmışdı. O, yavaşca başını qaldırıb göy üzünə baxdı. Əsən əllərini qarnının üzərinə qoyub, sığalladı. Simasında acı bir təbəssüm yarandı və birdən var-gücü ilə qışqırdı: Ulduz!

- Mənim körpəm... Bilmirəm, istəyirəm adın Ulduz olsun. Bəlkə məni eşidirsən, duyursan, anlayırsan, bəlkə də heç anlamırsan, eşitmirsən.. Sən mənim bətnimə düşən gündən mənə ruh, işıq oldun. Bax, məhz həmin günü göyləri sevdim, bilirsən niyə? Çünki nə zaman göy üzünə baxsam, sən mənə cavab verirsən. Ancaq sənin yaşadığını, bu dünyaya qonaq gələcəyini heç kəs istəmir.. Hamısı o atana görədir...Atan.. Mənim balacam, sənə bu barədə danışmaq istəmirəm, amma bir az da səbirli ol, ananı dinlə.. Sən dünyaya gəldiyində mən olmayacam.. İndi sən qaranlıqdasan, ancaq bu işıqlı dünyaya addımladığında hər şeyi anlayacaqsan.. Bax, o vaxt mən olmayacam... Ancaq sən getmə, xahiş edirəm, yalvarıram, sən məni tərk etmə. Sən...

Bu an şiddətli yağışın damlaları güclənməyə başladı, dənizin dəhşətli hayqırtısı qopdu. Bu torpaq da onun qəddarlığının önünə keçə bilmədi...

- Gəlmədiniz... Bu qaranlıq, bu su.. Anacan... Ana... Hələlik... Bu dünyayla deyil, amma göylərlə görüşəcəyik. Mən səni görməsəm də, çox sevirəm.. Sevməyə də davam edəcəm...

Sənin oğlun Ulduz...

- Hey, balaca! Niyə orada dayanmısan? Bəlkə bu gün ulduzları saymaq istəyirsən?

- Yox... Artıq mən də onların yanındayam. Gedək, anam məni gözləyir.

# 312 dəfə oxunub

Oxşar xəbərlər

Ahmet Telli vəfat etdi

Ahmet Telli vəfat etdi

15:07 11 iyul 2026
Çürük qızıləhmədlər - Hekayə

Çürük qızıləhmədlər - Hekayə

11:30 11 iyul 2026
Atam və mən - Per Lagerkvistin hekayəsi

Atam və mən - Per Lagerkvistin hekayəsi

10:30 11 iyul 2026
Babamın dişi - İkinci Mahmudun hekayəsi

Babamın dişi - İkinci Mahmudun hekayəsi

16:51 6 iyul 2026
“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” - Artur Konan Doyl

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” - Artur Konan Doyl

14:30 6 iyul 2026
Boyunbağı - Gi de Mopassanın məşhur hekayəsi

Boyunbağı - Gi de Mopassanın məşhur hekayəsi

11:30 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər