“Xəyalınız uçurduğunuz quşlara getməsin”

 “Xəyalınız uçurduğunuz quşlara getməsin”
10 iyun 2013
# 15:56

Məmləkətdə ciddi proseslərin getdiyi bir vaxtda bu mövzuya toxunmağa utanıram. Ancaq elə mətləblər var ki, zamanında açıqlanmalıdır.

Son günlər baş verənlərdən yorulmuşam. Söz-söhbətdən, qalmaqaldan nə qədər qaçmaq istəsən də mümkün olmur.

Mənə aid olan məqamlara tam aydınlıq gətirəndən sonra, bununla da məsələni bağlayıb yoluma davam edəcəyəm.

2009-cu ildə AYB-yə üzv oldum.

Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti tədbirlərindən birində R. Məcid Birliyə üzv olanları adbaad təbrik edib uğurlar dilədi, məndən başqa.

Az sonra bütün saytlar Birliyin sədri Anarın gənclərlə görüşüb, vəsiqələri xüsusi təntənə ilə təqdim etməsindən yazdı, məndən başqa hamı orda idi. Heç nə anlamadım.

“Niyə o təqdimetmədə mən yox idim?” – deyə Rəşad Məciddən soruşanda, “Səni mən təqdim etməmişəm, Gənc Ədiblər Məktəbinin xəttilə qəbul edilməmisən ki, sənədlərin bizdən əvvəl orda idi,” - dedi.

Bir müddət sonra “525-ci qəzet” gənclərə qayğı məqsədilə xüsusi buraxılışı gənclərin özünə tapşırdı. Məndən də təcili material istədilər, lakin qəzet çıxdıqdan sonra yazımı qəzetdə görməyib heç nə demədim. GƏM-in növbəti yığıncağında qəzetin müzakirəsi zamanı R.Məcid qəzetə məsul şəxslərə irad tutdu ki, niyə Elnaz Eyvazlının yazısını verməmisiniz, oxumuşdum, çox yaxşı yazı idi. Sonra da mənə müraciətlə:

- Ay Elnaz, hardandır bu “525” – də sənə ögey münasibət? – dedi.

Hələ də qəzetin baş redaktorunun verdiyi bu sualın məğzini aydınlaşdıra bilmirəm...

GƏM-in məzunlarına diplomların təqdimetmə mərasimində mənə yaxınlaşıb: “Hazırlaş, danışacaqsan,” – deyə sonda məzunlar adından danışmağımı istədiyini bildirdi. Lakin sonda çıxış üçün söz “gənc yazıçı Pərvinə” verildi…

Bir dəfə AYB-də Fikrət Qoca ilə rastlaşdım, “təqaüd almısanmı?” – deyə soruşanda almadığımı dedim. “Get Rəşadın yanına, ” – dedi.

Rəşad müəllim də məni görüb: “Fikrətin üstünə niyə getmisən, onsuz da adını yazmışdım da siyahıya,” – deyib adımı qarşısındakı siyahıya yazdı (?). Dalınca da ironiya ilə xatırlatdı ki, sən gənclik yaşını başa vurmusan, neynirsən e təqaüdü? (baxmayaraq ki, düz demirdi).

2011-ci ildə kitabımın (“Kişi etirafı”) təqdimat mərasiminə dəvət etdimsə də, AYB-nin gənclərlə iş üzrə katibi bu təqdimatda iştirak etmədi.

Bir çoxlarının bu gün başımıza qaxınc etdiyi kimi, nə kitabıma ön söz yazdırmaq üçün kimlərinsə dalınca düşdüm, nə “Natəvan” klubunda tədbir keçirib məsul şəxslərin o tədbirdə iştirakı ilə qürrələndim.

Bütün bunları ona görə demirəm ki, qəhrəmanam, xeyr, ona görə deyirəm ki, heç kim mənim üçün etdiklərinin müqabilində nankor olduğumu deyə bilməz!

Rəşad müəllim gəncləri necə pərvazlandırdığından, onlara etdiyi yaxşılıqlardan, sonra uçub gedən bu nankor quşların necə mayallaq aşmasına baxıb zövq almasından danışıb. Məhz bu məqamda üzümü Rəşad Məcidə tuturam: möhtərəm katib, qeyd etdiyiniz kimi, uşaqlıqdan quşlar “uçuzdurub” (uçurtmaq, uçurmaq yox, məhz uçuzdurmaq, dediyiniz kimi) onların pərvazlanması ilə fəxr etmisiniz. Sonra da bu pərvazlandırmalar AYB-də kimlərəsə etdiyiniz müxtəlif yaxşılıqlarda özünü göstərib. Tam səmimi deyirəm, adamın Allahı var, siz kimlər üçünsə, hətta çox işlər görmüsünüz. Bunu danmaq olmaz. Məsələn, onlar üçün etdiyinizin bir qismini mənim üçün kimsə etsə idi, heç vaxt ona arxa çevirməzdim, yalan nə deyim. Ancaq xoşbəxtlikdən nə yaxşı ki, bu, mənə qismət olmayıb.

Sizi çox gözəl başa düşürəm, ancaq siz də müxtəlif müsahibə və açıqlamalar verəndə mümkün qədər diqqətli olun, hamını bir-birinə qatmayın. Axı dediklərinizi, əslində kimlərə ünvanladığınızı siz daha yaxşı bilirsiniz...

Siz məni yazıçı kimi də qəbul etməyə bilərsiniz, baxmayaraq ki, bir zamanlar, yaxşı şeirlər yazdığımı deyirdiniz, ancaq bu, məni bir o qədər narahat etmir, çünki ləyaqətli insan olmaq yazıçı adına layiq olmaqdan daha önəmlidir.

Neynirsiniz edin, nə danışırsınız danışın, ancaq xəyalınız uçurduğunuz quşlara getməsin lütfən... (Axı istəmirəm o gün rastlaşdığımız kimi üz-üzə gələndə haqq-salamdan utanıb, üzümüzü yana çevirmək zorunda qalaq).

***

Zaman-zaman anladım ki, içimdəki azadlıq ehtirası mənə hər hansı bir qurumun üzvi kimi davam etməyə imkan vermir. Düşünürdüm ki, ədəbiyyat yaratmaq üçün hansısa quruma üzv olmaq mütləq deyil, AYB-dən kənarda da bir manat təqaüd almadan ədəbiyyat yaradan adamlar var.

Beləliklə, 2013-cü il mayın 30-da vəsiqəmi ərizə ilə birlikdə kadrlar şöbəsinə təqdim etdim.

P.S. İyunun 4-də eyni iclasda Şərif Ağayar AYB-dən xaric edilir, mənim də ərizəm əsasında bu günlərin AYB-ni tərk etməklə bağlı ilk qərarı qəbul olunsa, da, AYB-nin yayılan bəyanatında göstərilir ki, "Mediadan bildik ki, bir neçə cavan yazıçı da çıxmağa qərar verib. Nə ərizə yazıb, nə biletlərini təhvil veriblər. Adları keçən cavanlar da Yazıçılar Birliyindən təqaüd alıblar və yalnız təqaüd müddəti bitəndə və qanuna görə bu təqaüdün ikinci dəfə verilmədiyini bildikləri üçün dərhal Birlikdən çıxırlar". Lakin bu bəyanatdan əvvəl Ədalət Əsgəroğlu cəmi iki nəfərin ərizə verdiyini demişdi.( Eyni qurumdan bir-birinə zidd açıqlamalar necə verilir, anlamıram).

O ki qaldı təqaüdə, onu bizə heç kim cibindən verməyib. Bu dövlətdən bir vətəndaş olaraq bizə düşənin mindən birini almışıq. Təqaüdün şərtlərində var idimi ki, kim təqaüd alsa, istədiyi vaxt AYB-ni tərk edə bilməz?

AYB üzvi olduğum müddətdə birlik daxilində heç kimlə heç bir problem, çəkişmə yaşamadım, hiss etdiyim ayrı-seçkiliyə, haqsızlığa qarşı səs-küy qaldırıb özünü reklam kimi anlaşılar deyə, reaksiya verməməyə çalışdım. Artıq bu məsələlər mənim üçün bitdi. Qarşıda daha ciddi planlarım, arzularım var. Gedənlərə də, qalanlara da uğurlar! Qalanlar gedənləri yıxıb-sürümək əvəzinə, zamanla sübut etsinlər ki, gedənlər səhv etdi, heç olmasa, bizdən sonra gələnlərə xeyri olar!

# 2579 dəfə oxunub

Müəllifin son yazıları

# # #