Kulis.Az tənqidçi Əsəd Cahangirin “Çağdaş Azərbaycan ədəbiyyatı” layihəsindən növbəti yazısını təqdim edir.
Elçin Hüseynbəylinin "Ədəbiyyat qəzet"inə baş redaktor təyin olunmasından sonra qəzetdə özünü göstərən yeniliklərdən biri tanınmış ədəbiyyat adamlarından götürülən müsahibələrdir. Təəssüf edirəm ki, bu müashiblər sırasında Xalq yazıçısı Elçin, Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı və digər görkəmlilər hələ də yoxdur, amma bu, artıq başqa söhbətin mövzusudur.
Əgər yadınızdadırsa, belə müsahibələrdən birini də Anar müəllimdən mən götürmüşdüm. "Deyirlər ki, niyə görəsən Anar müəllim son illər az yazır?" sualının yazıçının cavabı belə olmuşdu: "Mən yazıram, amma şərt o deyil ki, Məmmədqulu ilə Gülbadamın məhəbbətindən yazam". Bu cavabda Anar müəllimin biri açıq, digəri gilzi olmaqla iki eyhamı vardı: birincisi, o, "Anar bü gün yazmır", yaxud "inşa yazır" deyən və "Məmmədqulu ilə Gülbadamın məhəbbətindən" yazan bir çoxlarına (xüsusən də gənclərə) qarşılıq verirdi. İkincisi isə həm də vaxtilə özünün yazdığı məhəbbət romanlarına da münasibət ifadə edirdi. İstəyərəkdən, ya istəməyərəkdən. Hər halda cavabda bu da vardı.
Yaşın gətirdiyi müdrikliklə bağlı bu özünüinkar bir çox yaradıcı adamlarda olub. Tutaq ki, Selincer, yaxud İsa Muğanna bunu radikal formada eləmişdi, Anar isə mötədil formada deyir. Bu, onların ümumi xarakter fərqlərindən irəli gəlir. Selinceri tanımıram, amma yaxşı bilirəm ki, bütün zahiri sakitliyinə, hətta peyğəmbəranə həlimliyinə baxmayaraq, İsa Muğanna öz emosional quruluşu etibarilə, əslində, çox çılğın adam idi. Sadəcə daxili mədəniyyət və fitri kübar nəzakəti hesabına bu emosiyanı boğmağı da bacarırdı. Anar isə ümumən radikalizmi sevməyən bir adam, inqilabdan daha çox islahata üstünlük verən birisidir. Klassik sufi istilahları ilə desək, birincisi daha çox aşiq, ikincisi isə daha çox arifdir. Və indi biz burda "Hansı daha yaxşıdır?" məsələsini qoymuruq. Birincisi ona görə ki, zahiri fərqlərə baxmayaraq, bunlar daxilən bir-birinə bağlı şeylərdir - aşiq olmaq üçün arif, arif olmaq aşiq olmalısan. Yəni sevmək üçün bilməli, bilmək üçün sevməlisən. İkincisi isə hər şey yaxşıdır, bir şərtlə ki, həqiqi olsun.
Söhbət ki, eşqdən düşdü, sözü Füzuliyə verək. O, insan həyatını iki dövrə bölürdü: qeyslik və məcnunluq. Şairə görə, birinci dövrdə kişinin həyatının əsas qəhrəmanı qadın, ikinci dövrdə isə Allahdır. Füzuli modelindən istifadə etsək, Anarın yaradıcılığını da iki dövrə bölmək olar. Onun "Mən, sən, o və telefon", "Gün keçdi", "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" və sair əsərlərinin qəhrəmanı müasir qeyslərdir. Bu qeyslərin başında duran Zaur obrazı göstərir ki, ən böyük idealı beşmərtəbələr arasında "Qaz 24" sürmək olan bu qəhrəmanların biyabana düşmək, məcnunluq etməyə nə gücləri var, nə də həvəsləri. Təhminə obrazı isə məsələnin o biri tərəfini açır - müasir Beatriçenin belə kişini eşqin meracına qaldırması mümkünsüzdür. Təhminə təkbaşına altıncı qata qalxır, amma orda ölməzlik yox, ölümü tapır. Dante isə sadəcə olaraq xristian idi və Beatriçenin ilahi bələdçilik məsələsi Müqəddəs Məryəm kultundan doğan bədii uydurmaydı. Əslində, qadının tanrıya birbaşa çıxışı yoxdur. Onu "göydəki kişiyə" bağlayan yerdəki kişidir.
Təhminə məsələsində isə qadın təkdir. Bu üzdən müasir kişi kimi müasir qadının da düşüncəsinin son hüdudu ölümdür. Onlar ölümü aşıb ölməzliyə - Allaha qovuşa bilmirlər. Sufiyanə dillə desək, müasir aşiq-məşuqların fənaları var, bəqaları yoxdur. Çünki yerlə göyün, allahla insanın əlaqəsi pozulub. Anarın birinci dövr yaradıcılığına yekun vuran "Əlaqə" povestində söhbət mahiyyətcə bu əlaqəsizliyin doğurduğu faciədən gedir. Əlbəttə ki, yazıçının dünyagörüşünə uyğun olaraq, metafizik yox, kosmik planda. Ümumən Anar Aristotelin məşhur kitabxanasındakı metafizika bölməsini qəbul etmir. Onun inanc kontularının əhatə dairəsi kosmologiyadır. Kosmos və sonra nəhayətsiz, qeyri-müəyyən, şüursuz bir boşluq...
Yazıçının sözügedən müsahibəsində "İsa Muğanna öz son həqiqətini Odağüz (yəni Yupiter) planetində, Əkrəm Əylisli isə Eçmiədzin kilsəsində tapdı, bəs, sizin üçün son həqiqət nədir?" sualına "O həqiqət yoxdur" deyə cavab verməsi də bunu gösətirir. Bu cavabların heç biri ilə razı deyiləm, çünki bu elə sualdır ki, ona hərənin öz cavabı olmalıdır və təbiidir ki, mənim də öz cavabım var. Amma məhz Anarın cavabını yazıçı üçün daha səciyyəvi sayıram. Çünki İsa Muğanna variantı yazıçını dərhal peyğəmbərə, ən azı alimə, Əkrəm Əylisi (di)versiyası isə avtomatik olaraq siyasətçiyə çevirir və birincisi yuxarı qalxmaq, ikincisi isə aşağı enəmklə hər iki halda yazıçılıqdan çıxarır. Anar bu iksinin arasındakı qeyri-müəyyənlikdə qərar tutur.
Amma eşq ölməzdir və insanın cövhəridir. "Cövhərindən eyləmək cismi cüda" isə "asan deyil." Füzulidə bu eşq Leylidən (insandan) sonra metafizik qata - Allaha yönəlirdi. Eşq qarşı tərəfdən adekvat reaksiya tələb edir, Allah şüurdur və demək, Füzuli bu cavabı ondan ala bilirdi. Aldığı üçün də eşqin ikinci mərhələsində yaradılandan Yaradana keçirdi. Anarda isə eşq ikinci mərhələdə öz ünvanını Allahda yox, xalq və vətəndə tapır. Bu üzdən o, eşqin ikinci mərhələsində də yaradılanlar çevrəsində qalırdı, sadəcə fərddən xalqa, vətənə keçmək şərtilə. Çünki şüursuz kosmosdan cavab gəlmir, xalqdan isə gəlirdi. Bununla da yazıçının yaradıcılığının ikinci (məncə, daha ciddi!) mərhələsi başlayırdı.
Anarın Üzeyir Hacıbəyova ("Uzun ömrün akkordları"), Mirzə Cəlilə ("Qəm pəncərəsi"), Cavidə ("Cavid ömrü"), Axundova ("Sübhün səfiri") həsr etdiyi ssenarilər və Heydər Əliyevdən bəhs edən "Unudulmaz görüşlər" kitabı mahiyətcə bu iki mərhələ arasında bir körpüdür. Yazıçının "Molla Nəsrəddin" - dünən, bu gün" kitabı eyni işi artıq bir şəxs yox, eyni amalın daşıyıcıları olan çoxsaylı şəxslər miqyasında, Nazim Hikmətə həsr olunan "Kərəm kimi" kitabı ümumtürk mədəniyyəti kontekstində yerinə yetirir. Yazıçı xalqdan yazmazdan öncə onun ədəbi-mədəni və siyasi qaymaqlarından yazır. Onun təqdim və təsvirində bu şəxsiyyətlər sadəcə düha yox, məhz Azərbaycan (və yaxud ümumtürk!) xalqının dühalarıdır. "Baxın, mənim xalqım köklü ənənələrə malik, mədəni, qədim xalqdır. Farsların dediyi kimi, "türkəxər", rusların dediyi kimi "baran" deyil. Bu dühaları yetirən də xalqın mənəvi-intellektual potensialıdır." Yazıçı sözügedən əsərlərində məhz bu ideyanı həm özümüz, həm də dünyaya sətiraltı qatda bütün gücüylə bəyan edir.
O yuxarıfa adıkeçən kitabları ilə təkcə Azərbaycan yox, ümumtürk xalqlarının mənəvi lideri statusunu qazanır. Və bu anlamda onun Türk Dilində Danışan ölkələrin Yazarlar Qurumunun ilk başqanı seçilməsi tamamailə məntiqidir. Ümumən Azərbaycan xalqının tarixi-kulturoloji mahiyyətinin dünyaya (eləcə də özümüzə) təqdimi baxımından müasir yazıçılarımız arasında Anarın anoloqu yoxdur.
İstisna kimi, İsa Muğannanın "Məhşər", "Nizami", xüsusən də "İdeal" əsərlərini göstərmək olar. Lakin "İdeal"ın mürəkkəb üslubu, xüsusən də "quş dili"ndə yazılması üstündən otuz il keçməsinə baxmayaraq, onun nəinki dünyaya, hətta özümüzə təqdimində belə ciddi əngəl yaradıb. Öz-özlüyündə isə "İdeal" nəinki Azərbaycan, hətta XX əsr dünya nəsrinin zirvələrindən biridir. Kim əsərin ideyası, üslubu, fəlsəfəsini qəbul etmirsə bu, onun fərdi mənəvi, yaxud başa düşmürsə, bu, onun fərdi intellektual problemidir. Və bu problemin yaranmasını təəccüblü saymıram - 600 ildir Nəiminin nə dediyini bilməmişiksə, 30 ilə Muğannanın nə dediyini hardan bilək?
"Məhşər" romanı Muğannanın əbədiyyət axtarışlarının Nəsimi mərhələsiydisə, "İdeal" artıq Nəimi mərhələsidir. Çünki "İdeal" dahi hürifi mütəfəkkrinin "Cavidannamə"si ("Əbədiyyət kitabı") ilə nəinki birbaşa səsləşir, hətta onun çağdaş insan düşüncəsinə uyğun elmi-modern versiyasıdır. Muğanna "Məhşər"də hələ işin poeziyası ilə müəyyən qədər də olsa, ilgilidir və bu üzdən məhz şairi özünə qəhrəman seçməsi məntiqidir. "İdeal"da isə o artıq işin kökünə gedir - bulağın gözündən su içir. Nəimi ölməzliyə çatmağın yolunu ilahi dili deşifrovka etmək, Muğanna isə ana dilini dekonstruksiya etməkdə görür. Nəimi adəmoğullarının, Muğanna isə türk oğlunun böyüklüyündən danışır. Nəimi üçün bir panadəmizm, Muğanna üçün isə bir pantürkizm xasdır. Lakin hər iki halda məqsəd birdir - olməzlik. Nəimi ilahi dilin ucalığına qalxır, Muğanna ana dilinin dərinliyinə enir. Lakin hər iki halda onların düşüncəsi vertikal, yəni şaqulidir.
Anarın düşüncəsi vertikal yox, horizontal, yəni üfüqidir. Dünyanın yaranışından sonunna qədər hər şeyi özündə qapsayan, yerlə göyü birləşdirən belə totalitar, yaxud universal düşüncə ona yabançıdır. O daha realistdir. Nəinki Odağüzdə, hətta Yer üzündə belə universal səadətin (cənnət) varlığı onun üçün bir utopiyadır. ("Ağ qoç, qara qoç"). Onun peyğəmbərlik yox, vətəndaşlıq iddiası var. O, "ənəlhəq" (mən həqqəm) yox, "biz həqqik" deyir. O, Azərbaycan xalqı və türk xalqlarının həqiqətindən söz açır.
İsa Muğanna da, Əkrəm Əylisli də, Anar da son əsərləri ilə xalqa çıxırlar, amma radikal fərqlərlə. Muğanna xalqı ilahiləşirir, Əylisli heyvaniləşdirir ("Ətirşah Masan"dakı zoofiliya səhnələri, "Daş yuxular"da xalqa vurulan "verzila" etiketi və s.), Anar isə insaniləşdirir. O, son əsərlərində, xüsusən də "Yaşamaq haqqı" kitabında Azərbaycan xalqının tarixi və insani haqlarından danışır: biz kimik? üzləşdiyimiz sosial, siyasi, hərbi sorunların tarixi kökləri, daxili və xarici səbəbləri nədən qaynaqlanır? hardan gəlirik? hara gedirik? nə etməliyik? Vaxtilə Çar Rusiyası və kommuist rejimi, hazırda isə beynəlxalq siyasi aləmin ikili standartlarla yanaşmalarına baxmayaraq, biz varıq, olmuşuq və olacağıq! Bizim də yaşamaq haqqımız var! Yazıçının təkcə bu əsəri yox, son illərdə qələmə aldığı əsərlərdən qırmızı xətlə keçən başlıca yekunlaşdırıcı ideya budur.
Və bu mənada Anarın istər yaradıcılığının birinci, istərsə də ikinci dövründə yazdıqları doğrudan da inşadır. O gələcək Azərbaycan insanının mənəvi-intellektual bazasının təməl daşlarını qoyur - inşaatçı, memar işi görür.